Məhkəmə qərarları › İş №2-2(103)-1076/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1076/2022

06.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1076/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərikimya” İB) “göstərilmiş stansiya xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2411/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2020-ci il tarixdən 02 fevral 2022-ci il tarixə qədər Cavabdeh MMCyə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1670057,17 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1626 manat məbləğinin, ümumilikdə 1671683,17 manat məbləğinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 01 yanvar 2020-ci il tarixdən 02 fevral 2022-ci il tarixə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, "xxxx" QSC-nin Güzdək və Biləcəri stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilibgötürülməsi”, “dalan yolundan istifadə”, “ADYyə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə cavabdehə 1670057,17 manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə 12 noyabr 2020-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir.

3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən mübahisəli vaqonların Cavabdeh MMC-nin istifadəsində olunması və stansiyalarda yerləşdirilməsi barədə heç bir sübut təqdim edilməmişdir. Cərimə tətbiq edilən vaqonlara dair sahiblik və istifadə hüququ “Azərkimya” İB-dədir. Cavabdeh MMC mülkiyyətində olan 40 ədəd vaqonu icarə hüququ ilə tam səlahiyyətlə “X3 Fze” Şirkətinə, “X3 Fze” şirkəti "xxxx" şirkətinə, "xxxx" şirkəti isə “Azərkimya” İB-yə icarəyə vermişdir. 2016-cı ilin aprel ayından 40 ədəd vaqon “Azərkimya” İB-nin sərəncam hüququ istisna olmaqla bütün səlahiyyətləri olmuş, 2016-cı il tarixindən bu günədək mülkiyyətçiyə iddiaçı tərəfindən vaqonların istismarı ilə əlaqədar nə pretenziya, nə cərimə tətbiq edilməmişdir. Hazırda da vaqonlar icarə müqavilsinə əsasən “Azərkimya” İB-nin istifadəsində və sərəncamındadır. Cavabdeh MMC-nin mülkiyyətində olan vaqonları “Azərkimya” İB tərəfindən icarə hüququ ilə istifadəsində olan zaman heç kimin razılığını almadan 14 ədədi “Azərkimya” İB-nin öz təşəbbüsü ilə Güzdək yük stansiyasına, 11 ədədi isə Biləcəri stansiyasının çeşidləmə parkına yerləşdirilmişdir. Hazırki mübahisə ilə bağlı Cavabdeh MMC yalnız vaqonların mülkiyyətçisi qismində çıxış edir. İcarəyə verilmiş vaqonlar icarə müddətinin bitməsinə baxmayaraq geri qaytarılmamış, müxtəlif stansiyalarda istifadə olunmaqdadır. Cavabdeh tərəfindən isə yük göndərilməmiş və ya alınmamışdır. Cavabdeh MMC ilə Azərikimya İB arasında heç bir müqavilə bağlanmamışdır. “Azərikimya” İB ilə arasında bağlanmış müqavilənin müddəti 2016-cı ilin dekabr ayında bitsə də, tərəflər arasında mövcud razılaşmaya əsasən öhdəlik müqavilənin bitməsi ilə deyil, vaqonların icarədara təhvil verilməsi ilə xitam kimi müəyyənləşdirilmişdir. Həmçinin, 92 saylı sənədlərin tərtib olunmasına dair sənədlər, yol cədvəli, yol vərəqəsi, vaqonların hansı qaydada stansiyaya daxil edilməsinə dair sübutlar təqdim edilməmişdir. Həmçinin, boşdayanmaya görə 546000 manat məbləğində cərimənin hansı qaydada hesablanması, oxa düşən yükə görə pul məbləğinin hesablanması üçün də əsaslar olmalıdır. Cavabdeh MMC-nin vaqonların mülkiyyətçisi olması mübahisəsiz halıdır və iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud deyildir. Vaqonalar “SOCAR”ın Marketinq İdarəsinin istifadəsində olmuşdur. Buna görə də, vaqonlar cavabdehin mülkiyyəti olsa da, tələb olunan məbləğin cavabdehdən tələb edilməsinin hüquqi əsasına dair sübutlar təqdim edilməmişdir.

4. Üçüncü şəxs “Azərikimya” İB-nin nümayəndəsi bildirir ki, “Azərikimya İB” ilə Cavabdeh MMC arasında müqavilə münasibətləri olmamışdır. Vaqonlardan “SOCAR”ın Marketing İdarəsi tərəfindən istifadə edilmiş, həmin vaqonlarla mallar aparılıbgətirilmiş, sifarişi də onlar vermişdir. Vaqonları çıxarmaq üçün də “SOCAR”ın Marketing İdarəsi bununla bağlı qərar verməlidir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2411/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

6. İddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edərək, iddianın təmin edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

13. Həmin Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

14. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

15. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

16. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.

20. Belə ki, iddiaçının bildirdiyinə görə tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarətdir.

21. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

22. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

23. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

24. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.

25. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir.

26. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.

27. Belə ki, qeyd olunan maddədən də görünür ki, tapşırıq müqaviləsi üzrə öhdəlik ilk növbədə vəkalət alanın üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra vəkalət verənin muzd ödəmək öhdəliyi yaranır.

28. İşdə olan xx.xx.2020-xx.xx.2022-ci illər ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" QSC cəmi 1670057,17 manat yığım məbləğləri hesablamışdır. Həmin yığım məbləğləri əsasən boş vaqonun (özəl və icarədə olan) dayanmasına və ADDY-na məxsus vaqonun istifadəsinə görə hesablanmışdır.

29. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, arayışda ADDY-na məxsus vaqonun istifadəsinə görə qeydi texniki yalnışlıqdır və hazırda tələb olunan yığım məbləğləri yalnız boş vaqonun (özəl və icarədə olan) dayanmasına görə hesablanmışdır.

30. Göründüyü kimi iddaçı yığım məbləğlərini yalnız boş vaqonların dayanmasına görə hesablamışdır.

31. Bununla belə iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh MMC "xxxx" QSC-yə 07 dekabr 2020-ci il tarixli məktub ünvanlayaraq MMC-yə məxsus çənvaqonların mümkün qədər tez bir müddətdə təmir edilərək, şirkətin istifadəsinə verilməsini xahiş etmişdir.

32. "xxxx" QSC həmin məktuba cavab olaraq Cavabdeh MMC-yə 28 dekabr 2020-ci il tarixli məktub ünvanlamış, lakin çən-vaqonların təmir edilərək şirkətin istifadəsinə verilməsi ilə bağlı məsələyə heç bir münasibət bildirməmiş, yalnız borc öhdəliyi ilə bağlı sənədlərə istinad etmişdir.

33. Daha sonra Cavabdeh MMC "xxxx" QSC-yə 21 iyun 2021-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, ...“Sizə daha öncəki müraciətlərimizdə də bildirdiyimiz kimi, şirkətimizə məxsus 40 ədəd çən-vaqon artıq uzun müddətdir ki, depo təmiri edilmədiyinə görə istifadəsiz qalmaqda və buda azmış kimi şirkətimizə "xxxx" QSC tərəfindən şirkətimizdən asılı olmayan səbəblərdən istifadəsiz qalmış çən-vaqonların dayanmasına görə şirkətimizə qarşı cərimə iddiası irəli sürülməsinə alət olmaqdadır. Bütün yuxarıda deyilənləri nəzərə alaraq, "xxxx" QSC və şirkətimiz arasında çənvaqonların təmir edilməsinə dair müvafiq müqavilənin bağlanması və şirkətimiz tərəfindən təmirlə əlaqədar xərclər ödəndikdən sonra şirkətimizə məxsus çənvaqonların mümkün qədər tez bir müddətdə təmir edilərək şirkətimizin istifadəsinə verməsinə dair aidiyyatı instansiyalara göstəriş vermənizi, eləcə də yaranmış vəziyyətdən çıxış yollarının müəyyənləşdirilməsi məqsədi ilə şirkətimiz və müvafiq olaraq "xxxx" QSC-nin səlahiyyətli nümayəndələri arasında görüşün təşkil edilməsinə köməklik göstərmənizi Sizdən xahiş edirik”.

34. Həmin məktuba cavab olaraq "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda isə qeyd edilmişdir ki, “Bildiririk ki, ADY-nin stansiya yollarında şirkətinizə aid yalnız 25 ədəd çən vaqonu yerləşir və onlardan 14 ədədi Güzdək stansiyasında, 11 ədədi isə Biləcəri stansiyasında boş dayanmışdır (vaqon nömrələri və stansiyalara daxilolma tarixləri əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları" QSC-nin Nizamnaməsi”nin 3.2.7-ci, 3.2.28-ci və 3.2.29-cu yarımbəndlərinə əsasən dəmir yolunda vahid texniki normativlərin və tələblərin tətbiq edilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq yük və sərnişin daşımalarına dair razılaşdırılmış tariflərin müəyyən edilmiş qaydada tətbiq edilməsi və göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə, tariflər üzrə güzəştlərin müəyyən edilməsi ADY-nin əsas fəaliyyət istiqamətləri kimi təsbit edilmişdir. Həmçinin, vaqonların planlı təmir vaxtının bitməsi ilə əlaqədar, o cümlədən müəyyən nasazlıqlar aşkar edildikdə təmirə açılması Azərbaycan Dövlət Dəmir Yolu rəisinin 2007-ci il 10 dekabr tarixli 46/S nömrəli əmri ilə təsdiq edilmiş “Vaqon müayinəçisinin təlimatı’nın 2.1.7-ci yarımbəndində göstərilən qaydada həyata keçirilir. Qeyd edirik ki, şirkətinizə məxsus vaqonların planlı təmir vaxtı bitdiyinə görə təmirin həyata keçirilməsi və istismar müddətinin uzadılması məqsədilə ADY ilə Cavabdeh MMC arasında "Vaqonların təmir edilməsi xidməti barədə” müqavilə bağlanaraq sözügedən vaqonlar təmir edilməsi üçün ADY-nin tabeçiliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli idi. Sözügedən çən vaqonlarından Güzdək və Biləcəri stansiyalarının ümumi istifadə yollarında boş dayanmasına görə yığım ADYnin xx.xx.2017-ci il tarixli 44/S nömrəli əmri ilə təsdiq olunmuş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları"nın 3.4-cü bəndinə əsasən tənzimlənərək ümumi istifadə yollarında özəl və ya icarədə olan boş vaqonların hər hansı səbəbdən dayanmasına görə gəldiyi gün hesab edilməklə hər vaqon/gün üçün hər oxa görə 10 manat məbləğində tutulur. “Azərbaycan Dəmir Yolları" QSC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2009cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən dəmir yolu daşımalarında, o cümlədən, beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir”.

35. “Akapella" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanan 14 iyul 2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Şirkətimizə "xxxx" QSC tərəfindən ünvanlanmış elektron qaimə (Seriya EBBE №549085 - xx.xx.2021 -ci il) ilə əlaqədar bildirmək istəyirik ki, hesablanmış cərimə (ümumi istifadə yollarmda dayanmaya görə) daha əvvəl də dəfələrlə digər analogi hesablara dair bildirdiyimiz kimi, tamamən əsassızdır. Belə ki, şirkətimizə məxsus vaqonların təmir edilib dövriyyəyə buraxılmama səbəbi şirkətimizin iradəsi xaricindədir. Bizə ünvanlamış olduğunuz №71654 saylı xx.xx.2021-ci il tarixli məktubla vaqonlarımızın təmir edilməməsində şirkətimizlə "xxxx" QSC arasında təmir müqaviləsinin olmadığı səbəb göstərilmiş və buna cavab olaraq şirkətimiz tərəfindən "xxxx" QSC-yə ünvanladığı №13/M-21 saylı xx.xx.2021-ci il tarixli məktubla sözü gedən müqavilənin bağlanmasında bizə köməklik etmənizi xahiş etməmizə baxmayaraq nəinki müqavilə imzalanmasına dair bir addım atılmış, tam əksinə şirkətimizə dayanmadan əsassız cərimələr yazılmasına davam edilməkdədir. Bu halda şirkətimizə vaqonların ümumi istifadə yollarında dayanmasına görə cərimə hesablanması tərəfimizdən qəbul edilməzdir və heç bir halda tərəfimizdən sözü gedən əsassız cərimələrin ödənilməsi həyata keçirilməyəcəkdir. Sizə daha öncə də bildirdiyimiz kimi, şirkətimizin fəaliyyəti bizə məxsus çən-vaqonların təmir edilərək dövriyyəyə buraxılmaması səbəbindən ciddi zərərlərlə üzləşməkdədir və "xxxx" QSCnin şirkətimizin bu vəziyyətdən çıxmasına köməklik etməməsi hətda tam əksinə daha da vəziyyəti çətinləşdirmə səyləri ümumilikdə şirkətimizin fəaliyyətinin sonlandırılmasına yönəlik bir həmlədir. Biz dəfələrlə şirkətimizə məxsus vaqonların təmir edilərək yükdaşımalara cəlb edilməsi, müvafiq olaraq şirkətinizin fəaliyyətinin dirçəlməsi və ödəniş qabiliyyətliliyinin bərpası üçün "xxxx" QSC-yə müraciət etmişik amma cavab olaraq hər dəfə yeni əsassız cərimə tətbiqinə dair bildirişdən başqa heç bir dəstək şirkətimizdə verilməmişdir. "xxxx" QSC-nin şirkətimizə məxsus çənvaqonları təhkim stansiyasında (Güzdək) saxlanılması əvəzinə israrla Biləcəri stansiyasında saxlayaraq əsassız cərimə tətbiq etmə cəhdi bir daha yaranmış problemin həlli deyil bilavasitə süni olaraq qabardılması istiqamətində atılan addımdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq şirkətimizə qarşı sərgilənən açıq aydın qərəzli yanaşmanın sonlandırılması, şirkətimiz tərəfindən "xxxx" QSC-nin ünvanına göndərilən məktubların cavablandırılması və eyni zamanda əsassız olaraq şirkətimizə hesablanmış cərimələrin ləğv edilməsinə dair aidiyyatı instansiyalara göstəriş vermənizi Sizdən xahiş edirik”.

36. Həmin məktuba cavab olaraq "xxxx" QSC tərəfindən “Akapella" MMC-yə ünvanlanan 23 iyul 2021-ci il tarixli məktubda bildirilmişdir ki, “xx.xx.2019-cu il tarixindən etibarən Cavabdeh MMC tərəfindən Güzdək stansiyasında ona məxsus özəl vaqonların saxlanılması üçün hər hansı ümumi və qeyri -ümumi istifadəli yol icarəyə götürülməmişdir. Şirkətinizə məxsus 14 çən vaqonu Güzdək stansiyasında xx.xx.2019-cu il tarixindən və 11 çən vaqonu Biləcəri stansiyasında xx.xx.2017-ci il tarixindən boş dayanmışdır. Vaqonların stansiya yollarında səmərəsiz dayanması ilə əlaqədar dəfələrlə müraciət etməyimizə baxmayaraq vaqonların dəmir yolundan asılı olmayan səbəblərdən gözləməsi davam edir. Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Dəmir Yolları" QSC sədrinin xx.xx.2017-ci il tarixli, 44/S nömrəli əmri ilə təsdiq olunmuş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nın 3.4 bəndinə əsasən ümumi istifadə yollarında özəl və ya icarədə olan boş vaqonların hər hansı səbəbdən dayanmasına görə yığım, gəldiyi gün hesab edilməklə hər vaqon/gün üçün hər oxa görə 10.00 manat yığım tətbiq olunur. Cavabdeh MMC-yə məxsus özəl çən vaqonların Güzdək və Biləcəri stansiyalarının ümumi istifadə yollarında boş dayanmasına görə yığım tətbiq edilməkdədir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Akapella" MMC-yə məxsus özəl çən vaqonların Güzdək və Biləcəri stansiyalarının ümumi istifadə yollarında boş dayanmasına görə yığım tətbiq edilib”.

37. Göründüyü kimi Cavabdeh MMC dəfələrlə "xxxx" QSC-yə müraciət edərək, ona məxsus vaqonların artıq uzun müddətdir ki, depoda təmiri edilmədiyinə görə istifadəsiz qaldığını bildirmiş və şirkətlər arasında çən-vaqonların təmir edilməsinə dair müvafiq müqavilənin bağlanması və şirkət tərəfindən təmirlə əlaqədar xərclər ödəndikdən sonra şirkətə məxsus çən-vaqonların mümkün qədər tez bir müddətdə təmir edilərək şirkətin istifadəsinə verməsini xahiş etmiş, bu sahədə inhisarçı olan "xxxx" QSC isə əvvəlcə buna münasibət bildirməmiş, daha sonra isə tərəflər arasında müqavilənin bağlanmadığını əsas gətirərək, təmirdən imtina etmişdir. Halbuki, bundan əvvəl cavabdeh dəfələrlə ona müqavilə bağlamaq barədə təkliflərlə çıxış etmişdir.

38. Bu isə onu deməyə əsas verir ki, hazırda boş vaqonların dayanmasına görə tələb olunan yığım məbləğləri məhz iddiaçının özünün hərəkətsizliyi və inhisarçı orqan kimi öz funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranmışdır. Yəni iddiaçı həmin vaqonları cavabdehin ona ilk müraciətindən sonra vaqonları təmir edərək, sonuncunun istifadəsinə versəydi, hazırda boş vaqonların dayanmasına görə yığım məbləğləri də hesablanmazdı.

39. Eyni zamanda, nəzərə alınır ki, cavabdehin müraciətlərinə cavab olaraq iddiaçı müqavilənin bağlanmasını təklif etməmiş və bununla bağlı real hərəkətlər etməmiş, cavab məktublarında ümumiyyətlə vaqonların təmiri ilə bağlı müqavilə bağlanılmasına istinad etməmiş, yalnız bir cavab məktubunda qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanaraq sözügedən vaqonlar təmir edilməsi üçün ADY-nin tabeçiliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli idi.

40. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları" QSC-nin Nizamnaməsi”ndən də görünür ki, lokomotivlərə, vaqonlara və konteynerlərə texniki xidmətin göstərilməsi, planlı və cari təmirin həyata keçirilməsi, eləcə də yuyulma işlərinin aparılması cəmiyyətin fəaliyyət istiqamətlərinə aiddir (3.2. və 3.2.10-cu bəndlər).

41. Göründüyü kimi "xxxx" QSC vaqonlara təmirin həyata keçirilməsi sahəsində inhisarçı subyekt olduğuna görə cavabdeh həmin vaqonları başqa hər hansı üçüncü şəxsə də təmir etdirə bilməzdi.

42. Məhkəmə iclasında iddiaçının nqmayəndəsi də bu faktı etiraf etdi.

43. Beləliklə yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırda tələb olunan vaqonların boşdayanmasına görə borc mələğləri məhz iddiaçının öz hərəkətsizliyi ucbatından yaranmışdır.

44. İşin qeyd hallarını və Mülki Məcəllənin 5.3. 16.1, 425.1, 425.2, 560.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı öz hüquqlarından sui-istifadə etmiş və boş dayanmış vaqonları təmir etmək əvəzinə, həmin vaqonların boş dayanmasına görə yığımların tutulmasını tələb etmişdir.

45. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı boş vaqonların dayanmasına görə yığımların cavabdehdən tutulmasını tələb edə bilməz. Ona görə də, iddia tələbləri rədd edilməlidir.

46. Birinci instansiya məhkəməsi də iddianın rədd edilməsi nəticəsinə gəlmiş, lakin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərini səhv qiymətləndirmişdir.

47. Belə ki, birinci istansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC-yə məxsus 40 ədəd dəmiryol sisternləri 01 aprel 2016-cı il tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nə əsasən “X3 FZE” şikətinə icarəyə verilmiş, habelə, 01 aprel 2016-cı il tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi” ilə icarədar – “X3 FZE” şirkəti tərəfindən "xxxx" DMMC-yə icarəyə verilmişdir. Hər iki müqavilənin 9-cu bəndində qeyd olunmuşdur ki, müqavilə 1 aprel 2016-cı ildən qüvvəyə minir və 31 dekabr 2016-cı ilə qədər qüvvədə olacaq, lakin tərəflərin öz vəzifələrini tam yerinə yetirikdən sonra ləğv ediləcək.

48. Buna görə də məhkəmə hesab etmişdir ki, xidmətlərin göstərilməsi sübuta yetirildiyi təqdirdə həmin öhdəliklərin icrasının təmin edilməsi əmlakın həmin dövrdə faktiki istifadəçisi, yəni xidmətləri qəbul etdiyi şəxsə qarşı qaldırılmalı olduğu halda, mülkiyyətçiyə qarşı qaldırılmışdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlə qeyd olunan hüquqi şəxslər arasında icarə müqaviləsinin bağlanması və cavabdehə məxsusu vaqonlardan həmin hüquqi şəxslər tərəfindən istifadə etməsi, habelə cavabdehin istinad etdiyi digər dəlillər, yəni 92 saylı sənədlərin tərtib olunmasına dair sənədlər, yol cədvəli, yol vərəqəsi, vaqonların hansı qaydada stansiyaya daxil edilməsinə dair sübutlar təqdim edilməməsi ilə bağlı dəlillər hazırki mübahisənin həllinə təsir etmir.

50. Belə ki, qeyd olunan icarə müqavilələrinin etibarlığı şübhə doğurmasa da, habelə cavabdehin istinad etdiyi digər dəlillər bu növ mübahisələrin həllində əsaslı olsa da, cavabdehin yuxarıda istinad olunan məktublarında həmin hallara istinad edilməmiş, yəni cavabdeh həmin məktublarda ona məxsus vaqonlardan digər şəxslərin istifadə etməsini bildirməmiş, habelə vaqonların dəmiryol stansiyasına daxil olması ilə bağlı müvafiq sənədlərin təqdim edilməsini tələb etməmişdir.

51. Bu hallar isə təsdiq edir ki, cavabdeh həmin vaqonların kim tərəfindən istifadə etməsi və dəmiryol stansiyasına daxil olması ilə bağlı hallara etiraz etməmiş və qəbul etmişdir.

52. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbləri birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallara əsasən rədd edilə bilməz. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2411/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar