Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-108/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh X2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC ilə X5 arasında xx.xx.2018-ci il tarixli əməkdaşlıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən iddiaçı ona məxsus olan restoranı işlətmək və gəlirin tərəflər arasında bölüşdürülməsi üçün cavabdehə verməyi, cavabdeh isə restoranı işlətməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən restorandan əldə ediləcək gəlirdən 67% pay iddiaçıya, 33% pay isə cavabdehə çatmalı idi. Eyni zamanda, sazişə əsasən İddiaçı MMC tərəfindən 15.000 manat dəyərində avtomobil, eləcə də nağd şəklində 3.000 məbləğində pul cavabdeh Keşkekçi Yavuza verilmişdir. Sözügedən pul vəsaitləri –15.000 manat və 3.000 manat məbləğində pul vəsaitləri restoranın mənfəətindən Keşkekçi Yavuza düşən paydan İddiaçı MMC-yə qaytarılmalı idi. Saziş bağladıqdan bir müddət sonra tərəflər arasında birgə fəaliyyətlə bağlı münasibətlər pozulmuşdur.
2. Eyni zamanda, tərəflər arasında əvvəllər də yuxarıda göstərilən əməkdaşlıq sazişindən irəli gələn məhkəmə mübahisəsi olmuş və həmin mübahisə üzrə qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(107)-968/21 nömrəli qətnaməsi ilə İddiaçı MMC–nin Keşkekçi Yavuza qarşı 3000 manat məbləğində pulun qaytarılması barədə iddiası təmin edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, 15.000 manat dəyərində avtomobil və 3.000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilməsi sübuta yetirilmiş faktdır. Birgə fəaliyyətin pozulması halında iddiaçının vermiş olduğu 18.000 manat pulun cavabdehdə qalmasını şərtləndirən başqa hallar yoxdur. Eyni zamanda həmin qətnamə ilə Şəki-Tikinti-4” MMC-nin avtomobilin qaytarılması tələbinə dair iddiasınin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və məhkəmə həmin hissədə gəldiyi nəticəni mübahisəli avtomobilin cavabdehin xüsusi mülkiyyətində olması, avtomobillə bağlı tərəflər arasındakı razılaşmanın mübahisələndirilməməsi, həmçinin iddia tələbində avtomobilin dəyərinin qaytarılmasının tələb edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 22.500 manat məbləğində borcun və 157,5 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir.
4. İddiaçı bildirir ki, müqavilə imzalandıqdan sonra cavabdeh bir neçə dəfə restorana gəlib tikinti-təmirlə bağlı müəyyən göstərişlər, dizaynlar vermiş və Türkiyəyə getmişdir. Cavabdeh Türkiyədən 2019-cu ilin fevral ayında qayıtmişdır. Təxminən mart aylnda restoranın mətbəxində olarkən görmüşdür ki, mətbəxə isti su çəkilməmişdir. Bundan sonra cavabdehin iş bacarmadığı ona məlum olmuşdur. Belə ki, restoranda bütün dizayn işlərinə cavabdeh rəhbərlik edirdi. Restoranın açılışı gecikdiyindən, cavabdeh müvəqqəti olaraq Oğuz rayonu Xal-Xal kəndində olan obyektini işlətməsini təklif etmiş, o da təklifi qəbul etmiş və 2019-cu ilin aprel-may aylarında həmin obyekti işlətməyə başlamışdır. 06 iyun 2019-cu il tarixdən sonra cavabdehi tapa bilməmiş, onun yerini bilməmiş, zəng etdikdə isə zənginə cavab verməmişdir. Nəhayət 2019-cu ilin iyul ayında onu Bakı şəhərində dəniz kənarında tapmış və bildirmişdir ki, cavabdehlə aralarında olan müqavilənin müddəti başa çatmamış, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.
5. Cavabdeh iddiaya etiraz etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, dəyəri 15000 manat hesablanmış “Brilliance V5” modelli avtomobil və 3000 manat pul iddiaçı tərəfindən cavabdehə köhnə işindən ayrılmasının və işsiz qaldığı müddətin qarantı olaraq verilmişdir. Müqavilə şərtlərindən birinə əsasən restoranda həyata keçirilən təmir və tikinti işlərinin iddiaçının nəzarəti altında cavabdeh tərəfindən həyata keçirilməsi, müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi öz əksini tapmışdır. Lakin müqavilə müddətində restoran fəaliyyətə başlamamış və tərəflər arasındakı münasibətlər təxminən xx.xx.2019-cu il tarixdən pozulmuşdur. İddiaçı əsassız olaraq restoranın fəaliyyətə başlamamasında cavabdehi günahlandırmışdır. Cavabdeh müqavilə bağlandıqdan sonra 06 iyun 2019-cu il tarixinədək iddiaçıya məxsus obyektlərdə çalışmışdır. Belə olan halda iddiaçı cavabdehlə aralarında olan müqaviləyə xitam verilməsini tələb etdiyindən artıq öhdəlik üzrə icra etdiklərini geri tələb edə bilməz. Müqavilənin şərtlərindən və məzmunundan aydın olur ki, müqavilə üzrə cavabdehin vəzifələri restoranın tamamilə işlədilməsi üçün cavabdehə verildikdən sonra yaranmağa başlayır. Lakin restoran yalnız 2022-ci il tarixdə fəaliyyətə başlamışdır. Belə olan halda cavabdeh tərəfindən müqavilə üzrə hər hansı öhdəliyin icra edilməməsindən söhbət gedə bilməz. Hazırkı vəziyyətdə müqavilənin yalnız bir bəndində cavabdehin məsuliyyət daşıya biləcəyi hal mövcuddur ki, bu da restoranda aparılan tikinti və təmir işləri ilə bağlıdır. Hansı ki, müqavilədə həmin “tikinti və təmir işləri”nin də Tərəf 1-in nəzarəti altında aparılması göstərilmişdir. Restoranın işlək vəziyyətdə cavabdehə təhvil verilməməsinin məsuliyyətini iddiaçı daşımışdır. Ümumiyyətlə, tərəflər arasında müqavilə bağlandıqdan qısa müddət sonra pandemiya və iddiaçının digər maliyyə problemləri səbəbindən restoranda təmirtikinti işləri də dayanmışdır. Tərəflər arasında müqavilə təsdiqləndikdən sonra əldə olunan razılaşmaya əsasən 3 ay müddətində tikinti işlər qurtarmalı və restoran fəaliyyətə başlamalı idi. Restoran mart ayında açılmalı olduğu halda iddiaçının təqsirli hərəkətləri səbəbindən tikinti işləri yekunlaşdırılmamış və restoran fəaliyyətə başlamamışdır. Restoran 2022-ci ildə fəaliyyətə başlamış, 2018-ci ildə tərəflər arasında bağlanan müqavilənin müddəti isə 2 il təşkil etmişdir. Göründüyü kimi, 2020-ci ildə müqavilənin müddəti bitsə də restoran həmin dövrdə hələ fəaliyyətdə olmamışdır. 2022-ci ildə restoranın fəaliyyətə başlaması qeyd olunan müqavilənin 6.1-ci bəndi üzrə öhdəliklərin icrasını qeyri-mümkün etmiş və burada cavabdehin təqsiri olmamışdır. Tərəflər arasında münasibətlər təxminən 2019-cu ilin ortalarında pozulmuşdursa, restoranın həmin tarixdən 3 il sonra fəaliyyətə başlaması birbaşa onu göstərir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməməsi özündən asılı olmayan hallar səbəbindən iddiaçının təqsirindən baş vermişdir. Xüsusilə nəzərə almaq lazımdır ki, cavabdeh hal-hazırda öhdəliyini icra etməyə hazırdır və boyun qaçırmır. Belə ki, xx.xx.2018-ci il tarixli Əməkdaşlıq Sazişinin 5.1-ci bəndindən də görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə bu müqavilənin dəyişdirilməsi, əlavə edilməsi və qüvvədən düşməsi, qanunla və ya bu müqavilə ilə müəyyənləşdirilmiş hallarda və ya başqa bir şəkildə Tərəf 2 öz öhdəliklərini yerinə yetirilməsi anınadək bu müqavilə ləğv edilə bilməz. Yəni müqavilənin ləğv edilməsi yalnız Tərəf 2-nin öhdəliklərini qəsdən yerinə yetirməkdən boyun qaçırması zamanı mümkündür. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli Əməkdaşlıq (tərəfdaşlıq) Sazişinin 3.1, 6.1, 6.2-ci bəndlərindən görünür ki, 15.000 manat məbləğində dəyərləndirilən avtomobilin əvəzi gələcəkdə restoranın fəaliyyətindən əldə ediləcək gəlir hesabına Tərəf 1-ə geri qaytarılmalı idi. Müqavilədə geri qaytarılma ilə bağlı bundan başqa şərt müəyyən olunmamışdır. Əgər cavabdehin təqsirli hərəkətlərindən restoranın fəaliyyətə başlamasında maneçilik yaransa idi, o zaman qeyd edilən pulun tutulması məsələsini müzakirə etmək olardı. Lakin Şəkidə restoranın fəaliyyətə başlaması üçün cavabdeh Qəbələdə yerləşən “Köşəm" restoranındakı işindən imtina etmiş və uzun müddət işsiz qalmışdır. Bu nöqteyinəzərdən Tərəf 1 avtomobili qarant kimi Tərəf 2-yə verərək ilkin razılıq əldə etmişlər. Əks halda müqaviləyə başqa şərt daxil edilərdi və gələcəkdə hər hansı mübahisə yaranacağı təqdirdə avtomobilin dəyərinin qaytarılmasının başqa qaydaları müəyyən olunardı. Hər bir halda iddiaçının avtomobili cavabdehin adına keçirməsi, onu Şəkidə öz restoranın idarəçiliyinə cəlb etmək niyyətindən irəli gəldiyi şübhəsizdir. İddia ərizəsində avtomobilin başqa səbəbdən cavabdehin adına keçirdiyi qeyd edilsə də, bu hal tamamilə əsassızdır. Əgər tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn etimad başqa niyyətə söykənsə idi, birmənalı olaraq avtomobil cavabdehin adına keçirilməzdi və etibarnamə vasitəsilə onun istifadəsinə verilərdi. Hər bir halda iddiaçı müqavilə bağlanarkən bütün riskləri nəzərə almış və buradan yalnız bir fikir meydana çıxır ki, avtomobilin cavabdehin mülkiyyətinə verilməsində məqsəd borc vermək olmamış və sırf onu digər işindən uzaqlaşdıraraq yeni restoranın fəaliyyətinə cəlb etməyin qarantı kimi çıxış etmişdir. İddaçı "xxxx" MMC cavabdeh X2 qarşı həm Şəki Rayon Məhkəməsinə, həm də hazırkı Məhkəməyə eyni tələblə müraciət etmişdir. Belə ki, hər iki iş üzrə iddiaçı eyni müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi səbəbindən cavabdehdən pul tələb etmişdir. Bu baxımdan Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)-136/2020 nömrəli mülki işdə iddiaçının irəli sürdüyü tələblə hazırkı iş üzrə iddia tələbi eynilik təşkil edir. Bu hal MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2-ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraata xitam verilməsi üçün əsas yaratmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-1968/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X1 15.000 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 157,50 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qət edilmişdir.
7. Cavabdeh X5 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və iddiaçının nümayəndəsi X6 isə apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
13. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
14. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
15. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
16. Həmin Məcəllənin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.
17. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
20. Belə ki, iddianın predmeti xx.xx.2018-ci il tarixli əməkdaşlıq sazişi üzrə ödənilməli olan lakin ödənilməyən pul vəsaitinin ödənilməsi təşkil edir. Lakin Mülki Məcəllədə əməkdaşlıq sazişi adlı müqavilə nəzərdə tutulmamışdır. Bununla yanaşı mülki qanunvericilikdə belə razılaşma və ya müqavilə üzrə kommersiya fəaliyyətinin həyata keçirilməsi qadağan olunmamışdır.
21. Mülki Məcəllənin 390.1-ci maddəsində də göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Ona görə də kollegiya hesab edir ki, iddiaçı əməkdaşlıq sazişinə istinad edərək öhdəliyin icra olunmasını (Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən) tələb etməkdə haqlı hesab oluna bilər.
23. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə əməkdaşlıq sazişi adlandırılsa da, müqavilənin şərtlərindən müəyyən edilir ki, həmin müqavilə Mülki Məcəllənin 390.4-cü maddəsində göstərilmiş qarışıq müqavilədir.
24. Çünki, müqavilənin 3.1-ci bəndi (restoranı işlətmək və gəlirin tərəflər arasında bölüşdürülməsi) birgə kommersiya fəaliyyətinə aid ünsürləri, müqavilənin 6.2-6.4-cü bəndləri isə borc müqaviləsinə aid ünsürləri əhatə edir.
25. Belə ki, Sazişin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə Tərəf 1 Tərəf 2-yə buraxılış ili 2013-cü il olan, ağ rəngli, “Brilliance V5” modelli, BAN nömrəsi LSYYDBDB2DC051289 olan avtomaşını (qiyməti 15.000 manat) və 3 min manat nağd şəklində ödəniş edir.
26. Sazişin 6.3-cü bəndinə əsasən bu müqavilənin 6.2-ci bəndində göstərilən ümumi məbləğ 18.000 manat restoranın mənfəətindən Tərəf 2-yə məxsus olan 33%-dan borc olaraq Tərəf 1-in xeyrinə tutulur.
27. Sazişin 6.4-cü bəndinə əsasən müqavilənin müddəti bitdikdən sonra Tərəf 2-nin ödənilməmiş borcu qalarsa, Tərəf 1 həmin borcun ödənilməsini birbaşa tələb edə bilər.
28. Hazırki işdə də iddiaçı məhz həmin bəndlərə istinad edərək, cavabdehdən pulun tutulması tələbini irəli sürmüşdür.
29. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir.
30. Belə ki, həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
31. Hazırki işdə də cavabdehdən borcun tutulması üçün əsaslar mövcuddur.
32. Belə ki, əməkdaşlıq sazişi çərçivəsində iddiaçı tərəfindən cavabdehə dəyəri 15.000 manat təşkil edən avtomaşının və 3000 manat məbləğində nağd pulun verilməsi işin mübahisəsiz halıdır. Çünki cavabdeh həmin halları etiraf edir.
33. Eyni zamanda, tərəflər arasında əvvəllər yuxarıda göstərilən əməkdaşlıq sazişindən irəli gələn məhkəmə mübahisəsi olmuş və həmin mübahisə üzrə qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(107)-968/21 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Keşkekçi Yavuza qarşı 3000 manat məbləğində pulun qaytarılması barədə iddiası təmin edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, 15.000 manat dəyərində avtomobil və 3.000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilməsi sübuta yetirilmiş faktdır. Birgə fəaliyyətin pozulması halında iddiaçının vermiş olduğu 18.000 manat pulun cavabdehdə qalmasını şərtləndirən başqa hallar yoxdur. Eyni zamanda həmin qətnamə ilə Şəki-Tikinti-4” MMC-nin avtomobilin qaytarılması tələbinə dair iddiasınin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və məhkəmə həmin hissədə gəldiyi nəticəni mübahisəli avtomobilin cavabdehin xüsusi mülkiyyətində olması, avtomobillə bağlı tərəflər arasındakı razılaşmanın mübahisələndirilməməsi, həmçinin iddia tələbində avtomobilin dəyərinin qaytarılmasının tələb edilməməsi ilə əsaslandırmışdır.
34. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də iddiaçıya məxsus dəyəri 15.000 manat təşkil edən avtomaşının cavabdehdə olması faktı müəyyən olunmuşdur.
35. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində isə təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Bu baxımdan iddiaçıya məxsus dəyəri 15.000 manat təşkil edən avtomaşının cavabdehdə olması faktı qəbul edilməlidir.
37. Bununla yanaşı cavabdeh bildirir ki, iddiaçı həmin avtomobil ona borc olaraq deyil, cavabdehin köhnə işindən ayrılmasının və işsiz qaldığı müddətin qarantı olaraq verilmişdir. Eyni zamanda restoranın razılaşdırılmış vaxtda fəaliyyətə başlamaması onun deyil, iddiaçının təqsirindən baş vermişdir.
38. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır.
39. Belə ki, tərəflər arasında bağlanmış sazişin 6.3-cü bəndinə əsasən bu müqavilənin 6.2-ci bəndində göstərilən ümumi məbləğ 18.000 manat restoranın mənfəətindən Tərəf 2-yə məxsus olan 33%- dan borc olaraq Tərəf 1-in xeyrinə tutulur.
40. Sazişin 6.4-cü bəndinə əsasən müqavilənin müddəti bitdikdən sonra Tərəf 2-nin ödənilməmiş borcu qalarsa, Tərəf 1 həmin borcun ödənilməsini birbaşa tələb edə bilər.
41. Göründüyü kimi iddiaçı tərəfindən həmin pul və avtomobilin cavabdehə məhz borc olaraq verilməsi müqavilə şərtlərində açıq-aydın öz əksini tapmışdır. Əks halda sazişin 6.4-cü bəndi olmazdı.
42. Restoranın kimi təqsiri ucbatından razılaşdırılmış vaxtda fəaliyyətə başlamaması isə mübahisənin həlli baxımından hazırda əhəmiyyət kəsb etmir.
43. Çünki tərəflər arasında bağlanmış sazişin 6.4-cü bəndində birmənalı şəkildə müəyyən olunmuşdur ki, müqavilənin müddəti bitdikdən sonra Tərəf 2-nin ödənilməmiş borcu qalarsa, Tərəf 1 həmin borcun ödənilməsini birbaşa tələb edə bilər.
44. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ödənilməmiş 15.000 manat məbləğində borcun cavabdehdən tutulması tələb etməkdə tam haqlıdır.
45. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi ilə bağlı cavabdehin dəlilləri də əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinin tələblərinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.3-cü maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Hazırki işin də halları ondan ibarətdir ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən mümkün hesab edilmiş və ərizə icraata qəbul olunmuşdur. Məhkəmənin icraatına qəbul edilmiş iddia ərizəsinin geri qaytarılması isə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Bundan başqa, pretenziya qaydasına riayət olunması mübahisələrin məhkəməyə çıxarılmadan tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunmasına imkan yaradır. Lakin hazırki işdən əvvəl tərəflər arasında eyni müqavilədən irəli gələn məhkəmə mübahisəsi olmuşdur. Eyni zamanda, iş Bakı Kommersiya Məhkəməsinə daxil olduqdan sonra mediasiya qaydasına əməl olunmuşdur. Göründüyü kimi cavabdehin istinad etdiyi hallar formal mülahizələrdən ibarətdir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Lakin hazırki mübahisənin predmeti borcun tutulmasından ibarət olduğu halda, tərəflər arasında baş tutan digər mübahisəsinin predmeti avtomobilin geri qaytarılmasından ibarət olmuşdur. Göründüyü kimi iddiaların predmeti fərqlidir.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn