Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-108/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliklərin icrası, pul tələbi, podrat müqaviləsi, istinad edilən hüquq. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “3.029.257 manat məbləğində pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3405/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi arasında bağlanmış xx.xx.2019-cu il tarixli ümumi tikinti işləri üçün 056-12.19 nömrəli müqaviləyə əsasən: Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə Azərbaycan və Qırğızıstan Dostluq adına Bişkek şəhəri, Bayik Baatır küçəsi/Masaliyev prospekti ünvanında yerləşən yeni parkın tikintisi üzrə işləri Sifarişçinin göstərişi ilə yerinə yetirməyi, sifariçi isə görülən işləri qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş qiyməti ödəməyi öhdəsinə götürür.
2. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində işlərin başa çatdırılması üçün son tarix sentyabr 2020 müəyyən edilmişdir.
3. "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli ümumi tikinti işləri üçün 021 nömrəli müqaviləyə əsasən:
4. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə Bişkek şəhəri, X1, Moldokulov küçəsi, 2,24 ha ərazidə yerləşən 550 təhsil yeri üçün yeni bir təhsil məktəbinin inşası ilə bağlı əlavə iş yerinə yetirməyi öhdəsinə götürür və müştəri görülən işləri qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş qiyməti ödəməyi öhdəsinə götürür.
5. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində işlərin başa çatdırılması üçün son tarix 10 may 2020-ci il müəyyən edilmişdir.
6. xx.xx.2020-ci il tarixli 02 nömrəli ümumi tikinti işləri üçün müqaviləyə 1 nömrəli əlavə razılaşmaya əsasən icraçı bu əlavə razılaşma üzrə bütün işlərin icrasını xx.xx.2020-ci il tarixinədək başa çatdırmağı öhdəsinə götürür.
7. "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğızstan Respublikasındakı Səfirliyi arasında xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixədək qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktına əsasən Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyinin "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixinə borcu cəmi 3.029.257 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən 3 029 257 ABŞ dolları məbləğində əsas borcun və 3364 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi 04 mart 2014-cü il tarixdə Çuy vilayətində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətnə **********0118 vergi identifikasiya nömrəsi ilə hüquqi şəxin dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Bundan başqa 26 fevral 2014-cü il tarixli Nizamnamə Qırğızıstan Respublikasının qanunvericiliyə uyğun olaraq hazırlanmış və Məhdud Məsuliyyətli "xxxx" şirkətinin fəaliyyətini tənzimləyir. Daha sonra Qırğızıstan Respublikası Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında Qırğızıstan – Azərbaycan Dostluq Parkının və Bişkek şəhərində məktəbin layihələndirilməsi və tikintisinin müəyyənləşdirilməsi haqqında sazişi bağlanmışdır. Sazişə əsasən 07 oktyabr 2019-cu il tarixdə Bişkek şəhərində imzalanmış humanitar əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın üçüncü iclasının Protokolunun 2.9-cu bəndini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumət Qırğızıstan və Azərbaycan Dostluq Parkının layihələndirilməsini və tikintisini maliyyələşdirir (bundan sonra Parl adlandırılacaq) və Bişkükdə 550 şagird yerli məktəbin dizayn və tikinti maliyyəsi üçün ümumilikdə 8 062 000.0 (səkkiz milyon altmış iki min) ABŞ dolları təşkil edən maliyyə yardımı aşağıdakılarından ibarət olmuşdur: - Park və məktəbin dizayn və smeta sənədlərinin hazırlanması üçün 162 000.0 (yüz altmış iki min) ABŞ dolları; - Parkın salınması üçün 4.000.000.0 (dörd milyon) ABŞ dolları. - Məktəb tikintisi üçün 3.900.000.0 (üç milyon doqquz yüz min) ABŞ dolları Sazişə uyğun olaraq parkın və məktəbin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 056- 12.19 nömrəli Ümumi tikinti işləri üçün müqaviləyə əsasən İcraçı Sifarişçın tapşırığı ilə Azərbaycan və Qırğızıstan Dostluq adına Bişkek şəhəri, Baytik Baatik küçəsi / Masaliyev prospekti ünvanında yerləşən yeni parkın tikintisi üzrə işləri Sifarişçinin göstərişi ilə yerinə yetirməyi, Sifarişçi isə görülən işləri qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş qiyməti ödəməyi öhdəsinə götürür. Digər Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 021 nömrəli Ümumi tikinti işləri üçün müqaviləyə əsasən İcraçı Sifarişçın göstərişi ilə Bişkek şəhəri, X1 Moldokulov küçəsi, 2,24 hektar ərazidə yerləşən 550 təhsil yeri üçün 1 təhsil məktəbinin inşası ilə bağlı əlavə iş yerinə yetirməyi öhdəsinə götürür və müştəri görülən işləri qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş qiyməti ödəməyi öhdəsinə götürür. Hər iki müqavilənin 7.1-ci maddəsinə əsasən işlərin nəticələrinin yekun təhvil verilməsi və onların qəbulu iş başa çatdıqdan sonra 7 (yeddi) iş günü müddətində hər iki tərəf tərəfindən imzalanan Bitirmə aktı ilə sənədləşdirilir. Hər iki müqavilənin 6.1-ci maddəsinə əsasən sifarişçi hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış işlərin növbəti mərhələsinin qəbuluna dair aktı imzaladığı gündən yeddi iş günü ərzində yerinə yetirilmiş işin haqqını ödəməyi öhdəsinə götürür. Hər iki müqavilənin 9.3-cü maddəsinə əsasən İcraçı bu Müqavilədə nəzərdə tutulmayan səbəblərə görə müqavilə şərtlərini pozduğu təqdirdə, Sifarişçi müqavilənin məbləğindəki gecikmələrin hər günü üçün ödənilməli olan məbləğdən 0,05 % miqdarında cərimə tutmaq hüququna malikdir, lakin 5%-dən çox deyil. Hər iki müqavilənin 9.4-cü maddəsinə əsasən, Sifarişçi bu Müqavilə üzrə işin dəyərini gecikdirdikdə, İcraçı Müqavilənin məbləğinin ödənilməsində gecikdirilən hər gün üçün Sifarişçidən 0,1 % məbləğində cərimə ödəməsini tələb etmək hüququna malikdir, Lakin 10 %-dən çox deyil. "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra olunsa da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən öz üzərinə düşən öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində xx.xx.2021-ci il tarixədək qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktına əsasən, yuxarıda qeyd olunan hər iki müqavilə üzrə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin "xxxx" MMC-nə xx.xx.2021-ci il tarixinə olan borcu 3 029 257 (üç milyon iyirmi doqquz min iki yüz əlli yeddi) ABŞ dolları təşkil etmişdir. Beləliklə dəfələrlə müraciət edilməyinə baxmayaraq Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin "xxxx" MMC-nə olan 3 029 257 (üç milyon iyirmi doqquz min iki yüz əlli yeddi) ABŞ dolları borcu bu günədək ödənilməmişdir. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli və 10 yanvar 2020-ci il tarixli müqavilələrdə müqavilə tərəfləri “icraçı” və “sifarişçi” kimi göstərilsə də, tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə görə həmin müqavilələri podrat müqaviləsinə uyğun hesab edir. Ona görə də hazırki mübahisəyə podrat haqqında müddəaların tətbiq edilməsi qənaətindədir.
10. İddiaçının nümayəndəsi məhkəməyə vəsatət ilə müraciət edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə başqa cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3405/2024 saylı qərardadı ilə vəsatət təmin edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə başqa cavabdeh qismində cəlb edilmişdir.
11. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin iddia müddətinin tətbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 056-12.19 nömrəli və xx.xx.2020-ci il tarixli 02 nömrəli müqavilələrin dördüncü hissələrinə və bu müqavilələrin əlavələrinə əsasən onların müddətləri müvafiq olaraq xx.xx.2020 və xx.xx.2020-ci il tarixinə kimi olduğu və iddia müddətinin keçməsinin məhkəmənin iddiadan imtina etməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikasının Xarici işlər və Maliyyə nazirliklərinə qarşı müqavilə öhdəliklərinin icrası hissəsində yaranmış borc öhdəliyinin ödənilməsi tələbinə dair e-2-2(113)-3405/2024 nömrəli kommersiya mübahisəsi vardır. Həmin iddia tələbinə etiraz edərək qeyd olunan tələb əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı “MEADİ" MMC cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 3 029 257 ABŞ dolları məbləğində əsas borcun və 3364 manat ödənilmiş dövlət rüsumunun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçının imzaladığı 2019-cu il 24 dekabr tarixli podrat müqaviləsinin predmeti olan görülən işlərə və xidmətlərə nisbətdə 3 il nəzərdə tutulmuş iddia müddətini üzrlü hal ilə bağlı hər hansı bir açıqlama olmadan ötürdüyü görünür. Bu səbəbli hala əsaslanaraq iddiaçı iddia müddətini buraxdığı üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Eyni zamanda iş materiallarından aydın olur ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin səbəbləri və həmin səbəbləri təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan iddiaçının məhkəmə tərəfindən işin mahiyyəti üzrə araşdırılması qanunvericiliyin tələblərinə ziddir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında iddia müddətinin əhəmiyyəti göstərilərkən aşağıdakı səbəblərə istinad edilərək qeyd olunur ki, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilən hallardan da açıq şəkildə müəyyən olunur ki, tərəfin iddia müddətini ötürərək Maliyyə Nazirliyinə qarşı sözügedən tələbi irəli sürməsi qanunvericinin mövqeyinə ziddir və əsaslandırılması mümkünsüz hesab edilməlidir. İddia tələbinin dövlət büdcəsinə yönəldiyini və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin hər il üzrə təsdiq edildiyi və dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunma zəruriliyi nəzərə alındıqda, hazırkı iş üzrə iddia müddətinin tətbiqi xüsusi önəm daşıyır. Bununla yanaşı Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qeyd edilən tikintinin aparılması məqsədilə vəsaitin ayrılması təmin edildiyindən, habelə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı bir müqavilə bağlanmadığından hazırkı iş üzrə Nazirlik heç bir öhdəlik daşımır və cavabdehlər siyahısından çıxarılmalıdır. Göstərilənlərə əsasən iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “müqavilədən irəli gələn öhdəliklər üzrə mübahisələr” barədə iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
13. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddia müddətinin tətbiqi barədə ərizəsi onunbla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər və Maliyyə nazirliklərinə qarşı müqavilə öhdəliklərinin icrası hissəsində yaranmış borc öhdəliyinin ödənilməsi tələbinə dair e-2-2(113)-3405/2024 nömrəli kommersiya mübahisəsi vardır. Belə ki, iddiaçı “Meadi" MMC cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 3 029 257 ABŞ dolları məbləğində əsas borcun və 3364 manat ödənilmiş dövlət rüsumunun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən tutularaq '‘Meadi’’ MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Göründüyü kimi iddiaçı iddia müddətini buraxdığı üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. İddia tələbinin dövlət büdcəsinə yönəldiyini və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin hər il üzrə təsdiq edildiyi və dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunma zəruriliyi nəzərə alındıqda, hazırkı iş üzrə iddia müddətinin tətbiqi xüsusi önəm daşıyır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3405/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında yazılı qaydada bağlanmış podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, tikinti işlərinin qalıq dəyərinin ödənilməməsindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikasının mülki qanunvericiliyi podrat müqaviləsi ilə bağlı müddəaları tətbiq edilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə cavabdehlərin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, tərəflər arasında podrat müqavilələri bağlanmış və müqavilənin bağlanması, qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı işdə olan sənədlərlə də təsdiq edilmişdir. Buna görə də iddiaçının bu cür tələb irəli sürmək üçün əsaslar mövcüd olmuşdur. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizələrində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətinin keçdiyini bildirmişlər. İddiа müddəti keçdiyi üçün iddia təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğu qeyd edilmişdir. İş materialları ilə müəyyən olunur ki, hər iki müqavilə üzrə işlərin bitməsi müddəti kimi 10 may 2020-ci il və 20 sentyabr 2020-ci il tarixləri müəyyən edilmişdir. Tərəflər arasında qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı isə xx.xx.2021-ci il tarixində imzalanmışdır. Beləliklə, iddia müddətinin axımı müqavilə müddətlərinin bitdiyi tarixlərində hesablanaraq müəyyən edilir ki, hər müqavilə üzrə müvafiq olaraq may və sentyabr 2023-cü il tarixində, hətda tərəflər arasında imzalanmış qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktının imzalanması tarixindən hesablandığı halda xx.xx.2024-cü il tarixində iddia müddətinin axımı başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir.
16. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385.1, 752, 753, 755, 769, 372.1, 373.2, 375.2-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-3405/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsi iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tətbiq etməklə kobud şəkildə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, Azərbaycan və Qırğızıstan Dostluq adına Bişkek şəhəri, Baytik Baatik küçəsi, Masaliyev prospekti ünvanında yerləşən yeni parkın tikintisi üzrə işlərə və Bişkek şəhəri, X1, Moldokulov küçəsi, 2,24 hektar ərazidə yerləşən 550 təhsil yeri üçün 1 təhsil məktəbinin tikintisinə görə Azərbaycan Respublikasının Qırğızstan Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 056-12.19 nömrəli və xx.xx.2020-ci il tarixli, 021 nömrəli Ümumi tikinti işləri üçün müqavilələrdə tərəflər arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə hər hansı bir müddəa öz əksini tapmamış, tərəflər arasında müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmamışdır. Beləliklə qeyd olunanlardan göründüyü kimi məhkəmə "xxxx" MMC-nin Qırğızsatan Respublikasında təsis olunmasını və orada fəaliyyət göstərməsini nəzərə almamış, mübahisəyə Qırğızstan Respublikasının Mülki Məcəlləsinin normalarını tətbiq etməli olduğu halda bunu etməmişdir. İş materiallarında olan aktlara, ödəniş qəbzlərinə, cavabdehlər tərəfindən iddia müddətinin tətbiq olunması ilə bağlı təqdim edilmiş ərizələrə və eyni zamanda cavabdehlərdən Xarici İşlər Nazirliyinin nümayəndəsinin məhkəmədə vermis olduğu izahata əsaslansaq Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 056-12.19 nömrəli vəxx.xx.2020-ci il tarixli 021 nömrəli ümumi tikinti işləri üçün müqavilələr üzrə görülmüş işlərə görə "xxxx" MMC-nə 3 029 257 ABŞ dolları məbləğində ödənilməmiş borcun qalması işin mübahisəsiz halıdır. Eyni zamanda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3405/2024 nömrəli qətnaməsində cavabdehlərin iddia müddətinin tətbiq etməsi ilə bağlı ərizələri əsas gətrməklə məhkəmənin iddia müddətinin tətbiq etməklə iddianın rədd etməsi də, Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 056-12.19 nömrəli və xx.xx.2020-ci il tarixli 021 nömrəli ümumi tikinti işləri üçün müqavilələr üzrə görülmüş işlərə görə "xxxx" MMC-nə 3 029 257 ABŞ dolları məbləğində ödənilməmiş borcun qalmasını bir daha sübut etmişdir. Məhkəmə iddianı rədd edərəkən qətnaməsini onunla əsaslandırmışdır ki, “məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. İş materialları ilə müəyyən olunur ki, hər iki müqavilə üzrə işlərin bitməsi müddəti kimi 10 may 2020-ci il və 20 sentyabr 2020-ci il tarixləri müəyyən edilmişdir.Tərəflər arasında qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı isə xx.xx.2021-ci il tarixində imzalanmışdır. Beləliklə, iddia müddətinin axımı müqavilə müddətlərinin bitdiyi tarixlərində hesablanaraq müəyyən edilir ki, hər müqavilə üzrə müvafiq olaraq may və sentyabr 2023-cü il tarixində, hətda tərəflərlər arasında imzalanmış qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktının imzalanması tarixindən hesablandığı halda xx.xx.2024-cü il tarixində iddia müddətinin axımı başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsindən göründüyü kimi iddia müddətlərin axımını ilk öncə müqavilə müddətlərinin bitdiyi may və sentyabr 2023-cü il tarixində, daha sonra isə qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktının imzalandığı xx.xx.2024-cü il tarixindən də hesablamış və iddianın xx.xx.2024-cü il tarixdə verildiyini əsas gətirərək hər iki halda iddia müddətinin keçməsi qənatinə gəlmişdir. Kommersiya mübahisəsinin faktiki hallarına və Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən istinad edərək hesab edirik ki, iddia müddətlərin axımını müqavilələrin müddətlərinin bitdiyi may və sentyabr 2023-cü il tarixinə istinadən hesablana bilməz və həmin tarixlərə istinad edərək iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsi yol verilməzdir. Bununla bağlı məhkəməsinin qətnaməsinə etirazımız iki hissədən ibarət olmaqla aşağıdakı kimi əsaslandırırıq. Birinci növbədə onu bildiririk ki, "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyi arasında xx.xx.2019cu il tarixindən xx.xx.2021-ci il tarixədək qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktına əsasən Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyinin "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixinə borcu cəmi 3.029.257 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Beləliklə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyi "xxxx" MMC-nə borcu olması barədə xx.xx.2021-ci il tarixli aktı imza etməsi borcu etiraf etməsini göstərən hərəkət kimi dəyərləndirməli və həmin müddətdən iddia müddətinin axımının kəsilməsi kimi qiymətləndirilməlidir. Bundan başqa bildirmək istəyirik ki, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehlərin verdiyi ərizələrə istinad edərkən qanunsuzluğa yol vermis, əslində həmin ərizələrdə nəzərdə tutulmayan hala istinad etmişdir. Belə ki, iş materiallarında olan cavabdehlər tərəfindən təqdim edilmiş ərizələrdə iddia müddətinin axımının 10 may 2020-ci il və 20 sentyabr 2020-ci il tarixlərində hesablanmışdır. Halbuki məhkəmənin qətnaməsindən görsənən mövqeyindən və işin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdə borcun cəmi 3.029.257 ABŞ dolları məbləğində müəyyən edilməsi ilə bağlı aktı imzalamaqla iddia müddətinin axımını kəsmiş olmuşlar. Məhkəmə isə qeyd olunan halı nəzərə almamış, öz mövqeyinin əksinə olaraq xx.xx.2021-ci il tarixdən sonrakı müddətə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmədiyi halda öz təşəbbüsü ilə iddia müddətini tətbiq etməklə kobud şəkildə qanun pozuntusuna yol vermişdir. Beləliklə qeyd olunanlardan göründüyü kimi məhkəmə yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddətini tətbiq etməli olduğu halda, xx.xx.2021-ci il tarixdən sonrakı müddətə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmədiyi halda iddia müddətini tətbiq etmişdir ki, bu zaman qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. İkinci növbədə onu bildiririk ki, yuxarıda sadalanan işin faktiki hallarına və qanunvericiliyin sadalanan normalarına istinad edərək qəbul etdik (məhkəmənin qətnaməsindəki mövqeyini də nəzərə almaqla) ki, Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 056-12.19 nömrəli və xx.xx.2020ci il tarixli 021 nömrəli ümumi tikinti işləri üçün müqavilələr üzrə görülmüş işlərə görə "xxxx" MMC-nə 3.029.257 ABŞ dolları məbləğində ödəninləməmiş borcun tələb edilməsi ilə bağlı müddətin axımı xx.xx.2021-ci il tarixdən kəsilmişdir. "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğızstan Respublikasındakı Səfirliyi arasında xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixədək qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktına əsasən Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyinin "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixinə borcu cəmi 3.029.257 ABŞ dolları məbləğində müəyyən edilmiş, lakin borcun hansı müddətdə ödənilməsi ilə bağlı heç bir qeyd aktda öz əksini tapmamışdır. Bu zaman dövriyyə Mülki Məcəllənin 377-ci dövriyyə girmiş olur ki, həmin maddədə iddia müddətinin axımı ilə bağlı bir neçə hal nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyi tərəfindən "xxxx" MMC-nə sonuncu dəfə ödəniş xx.xx.2020-ci il tarixdə edilmiş, "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğızstan Respublikasındakı Səfirliyi arasında xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixədək qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı xx.xx.2021-ci il tarixdə tərtib olunmuşdur. Bundan sonra "xxxx" MMC dəfələrlə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyinə və Qırğızıstan Respublikasının müxtəlif dövlət orqanlarına müraciətlər edir. Pulun ödənilməsini və işlərin təhvil alınmasını xahiş edir. Lakin Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyindən müraciətlərə heç bir cavab verilmir. Məhkəmə işə baxarkən və iş üzrə iddia müddətinin tətbiq edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən iddia müddətinin axımının hansı tarixdən başlamasına əhəmiyyət verməmiş, müddət axımının iddiaçının MM-in 377.1-ci maddəsinin tələbinə görə, öz hüququnun pozulduğunu bildiyi, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2021-ci il tarixli, 14/2-2266-21 nömrəli məktubu ilə tanış olduqdan sonra başlamalı olduğuna əhəmiyyət verməmişdir. Məhkəmənin iş üçün mühüm əhəmiyyət kəsb edən faktı araşdırmaması və əhəmiyyət verməməsinin nəticəsi qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
20. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
21. Beynəlxalq Xüsusi Hüquq haqqında Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə podratçının təsis edildiyi və fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir.
22. Qırğızıstan Respublikası Mülki Məcəlləsinin:
211-ci maddənin tələbinə əsasən iddia müddəti hüququ pozulmuş şəxsin iddiası üzrə hüququn müdafiəsi müddətidir. 212-ci maddənin tələbinə əsasən ümumi iddia müddəti 3 il müəyyən edilmişdir. 215-ci maddənin tələbinə əsasən məhkəmə iddia müddətinin keçməsindən asılı olmayaraq mülki işi baxılmaq üçün icraata qəbul edir. İddia müddəti yalnız işdə iştirak edən şəxslərin yazılı ərizəsi əsasında məhkəmə qərarı qəbul edilənə qədər tətbiq edilir. İddia müddətinin keçməsi iştirak edən şəxslərin yazılı ərizəsi əsasında məhkəmənin iddia ərizəsinin təmin edilməməsi barədə qərar çıxarması üçün əsas kimi müəyyən edilib. 216.2-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. 296-cı maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) digər şəxsin xeyrinə müəyyən fəaliyyəti həyata keçirməyi, məsələn, əmlak verməyi, iş görməyi, pul ödəməyi və s., yaxud hər hansı hərəkətdən çəkinməyi öhdəsinə götürür, kreditorun isə borcludan öz öhdəliyinin icrasını tələb etmək hüququ var. 297-ci maddəsinə əsasən öhdəliyin yaranma əsasları aşağıdakılardır: Müqavilə, Elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması, əldə edilməsi və əqli fəaliyyətin digər nəticələri əsasında, Digər şəxslərə vurulmuş zərər, Vəfat etmiş şəxsdən qalmış vərəsəlik əsasında. 623-ci maddəsinə əsasən podrat müqaviləsinə əsasən bir şəxs (podratçı) digər şəxsin (sifarişçi) göstərişi əsasında müəyyənləşdirilmiş müddət ərzində şərtləşdirilmiş işi görməyi və onun nəticələrini sifarişçiyə təhvil verməyi öhdəsinə götürür, sifarişçi isə işi qəbul etməyi və işin dəyərini ödəməyi öhdəsinə götürür.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 385-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı "xxxx" MMC tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3405/2024 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia ərizəsi təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, borcun yaranması tərəflər arasında yazılı qaydada bağlanmış podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, tikinti işlərinin qalıq dəyərinin ödənilməməsindən irəli gəlir. Tərəflər arasında podrat müqavilələri bağlanmış və müqavilənin bağlanması, qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı işdə olan sənədlərlə də təsdiq edilmişdir. Buna görə də iddiaçının bu cür tələb irəli sürmək üçün əsaslar mövcüd olmuşdur. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, Qırğızıstan Respublikası MM-in 212-ci maddəsində nəzərdə tutulmuş ümumi 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizələrində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətinin keçdiyini bildirmişlər. İddiа müddəti keçdiyi üçün iddia təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğu qeyd edilmişdir. İş materialları ilə müəyyən olunur ki, hər iki müqavilə üzrə işlərin bitməsi müddəti kimi 10 may 2020-ci il və 20 sentyabr 2020-ci il tarixləri müəyyən edilmişdir. Tərəflər arasında qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı isə xx.xx.2021-ci il tarixində imzalanmışdır. Beləliklə, iddia müddətinin axımı müqavilə müddətlərinin bitdiyi tarixlərində hesablanaraq müəyyən edilir ki, hər müqavilə üzrə müvafiq olaraq may və sentyabr 2023-cü il tarixində, hətta tərəflərlər arasında imzalanmış qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktının imzalanması tarixindən hesablandığı halda xx.xx.2024-cü il tarixində iddia müddətinin axımı başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Bu hal isə, yəni iddiaçının iddia müddətini ötürməsi Qırğızıstan Respublikası MM-in 212-ci maddəsinə əsasən iddianın rədd edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə milli qanunvericilik normalarını tətbiq etməklə yalnış qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən mübahisələrin yaranacağı təqdirdə hansı ölkənin qanunvericiliyinin tətbiq edilməsi göstərilməsə də qeyd olunan hal Beynəlxalq Xüsusi Hüquq haqqında qanunun tələblərinə əsasən tənzimlənmişdir. Qanunun 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə podratçının təsis ediliyi və fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Göründüyü kimi, məhkəmə hazırkı mübahisəyə podratçı təşkilatın təsis edildiyi, yəni Qırğızıstan Respublikasının qanunvericiliyini tətbiq etməli olduğu halda etməmişdir. Qeyd olunanlara əsasən və Beynəlxalq Xüsusi Hüquq haqqında qanunun 25.1-ci maddəsinə istinadən məhkəmə kollegiyası hazırkı mübahisəyə Qırğızıstan Respublikasının qanunvericiliyinin tətbiq edilməsini zəruri sayır.
27. Apellyasiya şikayətinin dəlili kimi iddiaçı qeyd etmişdir ki, iddia müddətinin axımı müqavilələrin və üzləşmə aktının tarixindən deyil, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2021-ci il tarixli məktubunun tarixindən hesablanmalıdır. Kollegiya apellyatorun bu dəlili ilə razılaşmır və bildirir ki, tərəflər arasındakı münasibətləri qeyd olunan məktub deyil, müqavilə tənzimləyir. Müqavilə üzrə nəzərdə tutulmuş borcun ödənilməsi şərtləri isə tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən müəyyən edilir. Ona görə də iddiaçı həm müqavilə, həm üzləşmə aktına münasibətdə iddia müddətini ötürmüş, qanunvericilikdə nəzərdə tutulmuş hüquqlardan vaxtında istifadə etməmiş, nəticədə hüquqlarının prosessual formada müdafiəsi imkanını itirmişdir.
28. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olsa da maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ona görə də qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3405/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3 029 257 ABŞ dolları məbləğində əsas borcun və 3364 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nə ödənilməsinə dair ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.