Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1081/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-yə qarşı borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-131/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, 21.11.2019-cu il tarixli K3640 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən 280.096,65 manat əsas borc, 46.080,16 manat faiz borcu, 6.155,68 manat cərimə borcu olmaqla, cəmi 332.332,49 manat borcun, 21.11.2019-cu il tarixli K3641 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən 198.970,19 manat əsas borc, 32.923,27 manat faiz borcu, 5.612,11 manat cərimə borcu olmaqla, cəmi 237.505,57 manat borcun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh Qanuni nümayəndə mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 nömrəli mənzilə yönəldilməsi, sözügedən mənzilin hərracdan ilkin satış qiyməti 722.000 manat məbləğdə müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin ona olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehlərin ona olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə qaydada tutularaq onun hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat məbləğdə xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən 21.11.2019-cu il tarixli K3640 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən 280.096,65 manat əsas borc, 46.080,16 manat faiz borcu, 823,19 manat cərimə borcu olmaqla, cəmi 327.000 manat məbləğdə borcun və 21.11.2019-cu il tarixli K3641 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən 198.970,19 manat əsas borc, 32.923,27 manat faiz borcu, 606,54 manat cərimə borcu olmaqla, cəmi 232.500 manat məbləğdə borcun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh Qanuni nümayəndə mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 nömrəli mənzilə yönəldilməsi, sözügedən mənzilin ilkin satış qiymətinin (likvid dəyərinin) 650.000 manat məbləğdə müəyyən edilərək, açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat məbləğdə xidmət haqqı və həmçinin dövlət rüsumu kimi ödənilmiş 29,45 manat məbləğdə pulun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının xərci 200 manat məbləğdə pulun 196,36 manatının cavabdehlərdən birgə qaydada, 3,64 manatının isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 250 manat məbləğdə pulun 245,45 manatının cavabdehlərdən birgə qaydada, 4,55 manatının isə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında imzalanmış kredit müqaviləsində qeyd edilir ki, müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Buna görə də borc alanın kredit müqaviləsi üzrə öz vəzifələrini yerinə yetirməməsi nəticəsində Banka zərər vurulmuşdur və bu zərər tam həcmdə ödənilməlidir. Məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin, borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni iddiaçının apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə yalnız cərimə borcunun tutulması tələbinə dair iddia rədd olunan hissədə apellyasiya şikayətinin dəlilləri baxımından yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işdən müəyyən edilir ki, 21.11.2019-cu il tarixli GL3640 nömrəli kredit limiti müqaviləsinə görə, iddiaçı tərəfindən "xxxx" MMC-yə 21.11.2029-cu il tarixədək illik 25% ödəmək şərti ilə kredit limiti üzrə gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik 40% (gündəlik 0,1111%) cərimə faiz dərəcəsi ilə 10.000.000 manat məbləğdə kredit limiti verilməsi barədə razılığa gəlmişlər. 21.11.2019-cu il tarixli K3641 nömrəli maliyyələşdirmə üçün ərizəyə (21.11.2019-cu il tarixli GL3640 nömrəli kredit limiti müqaviləsinə əsasən kredit əməliyyatı üzrə) əsasən, "xxxx" MMC iddiaçıdan 21.05.2022-ci il tarixə qədər kreditin nominal illik dərəcəsi 16% (illik cərimə faizi 15%, gündəlik 0.04167%) olmaqla 217.000 manat məbləğdə birdəfəlik kredit götürmüşdür. 21.11.2019-cu il tarixli K3641 nömrəli kredit müqaviləsinə qoşma olan ödəniş cədvəlinə görə, "xxxx" MMC iddiaçıya olan 217.000 manat əsas borcu 30 ay ərzində (21.11.2019-23.05.2022) 47.829,35 manat faiz borcu ilə birlikdə (ümumilikdə 264.829,35 manat olmaqla) ödəməlidir. 21.11.2019-cu il tarixli K3640 nömrəli maliyyələşdirmə üçün ərizəyə (21.11.2019-cu il tarixli GL3640 nömrəli kredit limiti müqaviləsinə əsasən kredit əməliyyatı üzrə) əsasən, "xxxx" MMC“ iddiaçıdan 21.11.2022-ci il tarixə qədər kreditin nominal illik dərəcəsi 16% (illik cərimə faizi 15%, gündəlik 0.04167%) olmaqla 300.000 manat məbləğdə tranşlarla kredit götürmüşdür. 21.11.2019-cu il tarixli K3640 nömrəli kredit müqaviləsinə qoşma olan ödəniş cədvəlinə görə, "xxxx" MMC iddiaçıya 300.000 manat əsas borcu 36 ay ərzində (21.11.2019-21.11.2022) 79.845,93 manat faiz borcu ilə birlikdə (ümumilikdə 379.845,93 manat olmaqla) ödəməlidir. 25.12.2020-ci il tarixli 9/3682 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən, "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 21.11.2019-cu il tarixli GL3640 nömrəli kredit limiti müqaviləsi və tərkib hissəsi olan 21.11.2019-cu il tarixli K3640 nömrəli maliyyələşdirmə üçün ərizə şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 08.06.2020-ci il tarixə olan borcu 280.096,66 manat əsas, 12.967,39 manat faiz borcu olmaqla, ümumilkdə 293.064,05 manat məbləğdə müəyyən olmuş, "xxxx" MMC-yə müqavilə üzrə cərimə hesablanması mümkün olmadı. "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 21.11.2019-cu il tarixli GL3640 nömrəli kredit limiti müqaviləsi və tərkib hissəsi olan 21.11.2019-cu il tarixli K3641 nömrəli maliyyələşdirmə üçün ərizə şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 08.06.2020-ci il tarixə olan borcu 198.970,19 manat əsas, 9.455,97 manat faiz borcu olmaqla, ümumilkdə 208.426,16 manat məbləğində müəyyən olmuş, "xxxx" MMC-yə müqavilə üzrə cərimə hesablanması mümkün olmadı. Maliyyələşdirmə ərizələri üzrə kreditin illik cərimə faizi 15%, gündəlik 0,04167%, kreditin müddəti bitdikdən sonra isə illik 31%, gündəlik 0,0861% müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş 09.03.2021-ci il tarixli PB/PBL-OUT00311- 2021 nömrəli maliyyə arayışına görə, "xxxx" MMC-nin 04.03.2021-ci il tarixə iddiaçı qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: K3640 nömrəli kredit müqaviləsinə əsasən 280096,65 manat əsas borc, 46.080,16 manat faiz borcu, 6.155,68 manat cərimə borcu olmaqla, cəmi 332332,49 manat. Gecikmə gününün sayı - 340; K3641 nömrəli kredit müqaviləsinə əsasən 198.970,19 manat əsas borc, 32.923,27 manat faiz borcu, 5.612,11 manat cərimə borcu olmaqla, cəmi 237.505,57 manat. Gecikmə gününün sayı - 340. 21.11.2019-cu il tarixli Z3713 nömrəli zaminlik müqaviləsinə əsasən, kreditor iddiaçı ilə borc alan "xxxx" MMC ilə illik 25% olmaqla, 21.11.2029-cu il tarixədək 10.000.000 manat məbləğdə kredit limiti verilməsi barədə müqavilə bağlanmış və kreditin təminatı kimi zamin Qanuni nümayəndə borc alanın müqavilə üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən aldığı pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdehlər müqavilə üzrə iddiaçıya olan bütün borcları, o cümlədən dəbbə pulu borcunu ödəməlidirlər. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, cavabdehlərin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə (dəbbə pulu) ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası, cərimənin əsas borc məbləğinə nisbətini, həm kreditorun, həm də borclunun əsaslı mənafelərini, əsas borcun cavabdehlər tərəfindən tam şəkildə ödənilmədiyini, eləcə də bu sahədə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddiaçının tutulmasını tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmamaqla, əsas borc məbləğinin onda birindən də azdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin həmin dəbbə pullarını tənasübsüz surətdə yüksək hesab edərək, 823,19 və 606,54 manata azaltması qanuni, əsaslı və ədalətli olmamışdır. Odur ki, iddia tələb olunan cərimə məbləğləri hissədə tam təmin olunmalı idi. MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə dəbbə pulu rədd edilən hissədə qanunsuz və əsassızdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissədə işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə həmin hissədə ləğv edilməli, eyni hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qeyd olunan hissədə təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-131/2021 nömrəli iş üzrə 20 may 2021ci il tarixli qətnaməsi qismən - 640 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 823,19 manat, 641 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 606,54 manat cərimə məbləğinin tutulması hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, eyni hissədə iddia təmin edilsin və 640 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 6.155,68 manat, 641 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 5.612,11 manat məbləğdə cərimə cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova