Məhkəmə qərarları › İş №2-2(103)-1083/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1083/2024

11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1083/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar söz: subroqasiya qaydasında pul tələbi, delikt. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3322/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə ********** saylı sığorta şəhadətnaməsindən görünür ki, X4 (sığortalı) sahibliyində olan **-BS-*** dövlət qeydiyyat nömrəli, “Mercedes Benz” GLA 200 minik markalı avtomobil "xxxx" ASCdə (sığortaçı) xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək sığorta məbləği 45.000 manat məbləğində müəyyən edilməklə əmlak sığortası növü üzrə sığortalanmışdır.

2. BB140045 nömrəli X2 Şəhadətnaməsinə əsasən 77- BS-639 dövlət qeydiyyat nömrəli, “Mercedes Benz” GLA 200 minik markalı avtomobil X6 mülkiyyətindədir.

3. X6 verdiyi etibarnamədən müəyyən edilir ki, X8 aid **-BS-*** dövlət qeydiyyat nömrəli, “Mercedes Benz” GLA 200 minik markalı avtomobili idarə etməyi X7 etibar etmişdir. xx.xx.2021-ci il tarixli etibarnamə 8 ay 1 gün müddətinə (xx.xx.2022-ci il tarixə) verilmişdir.

4. ********** saylı sığorta şəhadətnaməsinə 2 saylı əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən sığorta obyekti olan **-BS-*** dövlət qeydiyyat nömrəli, “Mercedes Benz” GLA 200 minik markalı avtomobilin qeydiyyat nömrəsi **-FA-*** müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin (təhqiqatçı Kazımlı Fərid) cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ilə 29 iyun 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə R.Rza küçələrinin kəsişməsində yerləşən, Cavabdeh1 MMC tərəfindən tikinti işləri aparılan ərazidə baş vermiş yanğın faktında cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərara əsasən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə R.Rza küçələrinin kəsişməsində yerləşən, Cavabdeh1 MMC tərəfindən tikinti işləri aparıılan ərazidə yanğına səbəb kənarda düşmüş az kaloriyalı alışma mənbəyi olmuşdur. Hadisə nəticəsində X5 məxsus “Mercedes Benz GLA” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi ziyan dəymişdir. Yoxlamanın gedişində keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4987 saylı məhkəmə yanğın-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə R.Rza küçələrinin kəsişməsində yerləşən, Cavabdeh1 MMC tərəfindən tikinti işləri aparılan ərazidə yaranmış yanğının izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə baş vermiş yanğının mənbəyi, tikinti meydançasında yerləşən konteynerlərin ara hissəsində quraşdırılmış taxta materialdan olan hasarın aşağı hissəsndə yer səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik kabelinin yerləşdiyini, həmin kabelin təhqiqat zamanı onun cərəyandaşıyıcı damarları üzərində elektrik qəza hallarının yaranması üçün xarakterik olan (qısaqapanma, yüksək keçid müqaviməti və s.) əlamətlərin aşkar edilmədiyini, həmçinin mənbə zonasından götürülmüş nümunələrinin tədqiqatı zamanı neft məhsullarının izlrinin olmadığını nəzərə aldıqda yanğın kənardan düşmüş hansısa az kaloriyalı alışdırma mənbəyinin (alovsuz yanan tütün məmulatlarından olan siqaretin) təsirindən baş vermişdir. Yoxlama gedişində keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2017 saylı təkrar məhkəmə yanğın-texniki ekspertizasının rəyində isə göstərilmişdir ki, tədqiqat obyektində təmir-bərpa işləri aparıldığı üçün hadisə yerinin ilkin vəziyyətdə ekpertə təqdim edilməsi, bununla da baxış keçirərək yanğın izlərinin əyani surətdə müayinə edilməklə iş üçün zəruri halların, o cümlədən yanğının mənbə və səbəbinin müəyyən edilməsi mümkün olmamışdır.

6. xx.xx.2023-cü il tarixli CM367/22 nömrəli sığorta aktına əsasən etibarnamə əsasında sığortalı X1 **-FA-*** dövlət qeydiyyat nömrəli, “Mercedes Benz” GLA 200 minik markalı avtomobili yanğın və partlayış hadisəsi nəticəsində maddi zərərə məruz qalmışdır.

7. "xxxx" MMC tərəfindən tərtib edilmiş akta əsasən **-FA-*** dövlət qeydiyyat nömrəli, “Mercedes Benz” GLA 200 minik markalı avtomobilin ehtiyat hissələrinə tələb olunan xərc 37320 manat, təmir-xidmət işlərinin dəyəri 5800 manat olmaqla, cəmi 43.120 manat təşkil edir.

8. xx.xx.2023-cü il tarixli AZ0016956 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən 40.000 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X4 "xxxx" ASC-də (ABB) (Əcəmi filialı) olan hesabına ödənilmişdir.

9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş vermiş yanğın hadisəsi ilə əlaqədar 0822 nömrəli materialdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2017 nömrəli ekspert rəyi ilə konteynerlərin arxa hissəsində quraşdırılmış taxta materialdan olan hasarın üst hissəsindən keçən elektrik xəttinin üzərində hər hansı elektrik təbiətli qəza halına xas olan izlər aşkar edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/9043 nömrəli ekspert rəyi ilə isə baş vermiş yanğınla əlaqədar qüvvədə olan hansı normativ aktların tələblərinin və kimlər tərəfindən pozulması sualına cavab olaraq yanğının səbəblərinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir.

10. Fotoşəkillərdən görünür ki, ağ rəngli, “Mercedes Benz GLA" markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı minik avtomobil yanmışdır və yararsız vəziyyətdədir.

11. "xxxx" ASC Cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 MMC-yə pretenziya məktubu ilə müraciət edərək, sığorta hadisəsi üzrə tələb olunan pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

12. Məhkəmə iclasında iş materiallarında olan CD-disklərə baxış keçirilərkən foto şəkillərdən müəyyən edilmişdir ki, avtomobil yanmışdır və yararsız vəziyyətdədir, eyni zamanda videoyazılarla müəyyən edilir ki, gecə saatlarında müəssisədə baş verən yanğın hadisəsi zamanı yanğın duracaqda park vəziyyətində olan nəqliyyat vasitələrinə keçmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 MMC-yə qarşı sığorta ödənişi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-dən müştərək qaydada 40.000 manat məbləğində sığorta ödənişi və 210 manat məbləğində dövlət rüsumunun, cəmi 40.210 manat pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 00:10 radələrində D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus yarımtikilinin ərazisində "xxxx" MMC-nin sifarişinə əsasən Cavabdeh1 MMC tərəfindən tikinti işləri aparılan ərazidə yanğın baş vermişdir. Yanğının qonşuluqda yerləşən "xxxx" MMC-nin ərazisinə keçməsi nəticəsində sonuncunun yanında yerləşən duracaqda park vəziyyətində olmuş və hadisə anına “avtonəqliyyat vasitələrinin tam sığortası” sığorta sinifi üzrə "xxxx" ASC tərəfindən sığortalanmış, X3 mülkiyyətində olan “Mercedes Benz GLA 200 minik” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq tamamilə yararsız vəziyyətə düşmüşdür. “Mercedes Benz GLA 200 minik” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə cəmiyyət tərəfindən 40.000 manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********* saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Mercedes Benz GLA 200 minik” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş AR Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 04 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən 29 iyun 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə R.Rza küçələrinin kəsişməsində yerləşən, "xxxx" MMC-yə məxsus yarımtikilinin ərazisində Cavabdeh1 MMC tərəfindən tikinti işləri aparılan ərazidə baş vermiş yanğın nəticəsində “Mercedes Benz GLA 200 minik” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş 30 iyun 2022-ci il tarixli “Əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair akt” dan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Mercedes Benz GLA 200 minik” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 43120 (qırx üç min yüz iyirmi) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Mercedes Benz GLA 200 minik” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 40.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

15. Sonradan iddiaçı sonuncu iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə ilə müraciət edərərk, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən müştərək qaydada 40.000 manat məbləğində sığorta ödənişi və 211.68 manat məbləğində dövlət rüsumunun, cəmi 40.211.68 manat pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh1 MMC-nin vəkili iddiaya qarşı etiraz təqdim etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, hadisədə Cavabdeh1 MMC-nin təqsiri müəyyən edilməmişdir. Bu hal Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısının 04 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Sözügedən qərarda göstərilmişdir ki, 03 fevral 2023-cü il tarixdə FHN-nin Əməliyyat-İstintaq İdarəsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2022-ci il tarixli, 10/4987 saylı məhkəmə yanğın-texniki ekspertizasının rəyi ilə müəyyən edilir ki, “... yanğın kənardan düşmüş az kaloriyalı alışdırma mənbəyinin (alovsuz yanan tütün məmulatlarından olan siqaretin) təsirindən baş vermişdir. Həmçinin yoxlama zamanı toplanmış materialla, alınmış izahatlarla ekspertiza rəyləri ilə və sənədlərlə müəyyən edilmişdir ki, 29 iyun 2022-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhərinin Nəsimi rayonunun D.Əliyeva küçəsi ilə R.Rza küçələrinin kəsişməsində yerləşən Cavabdeh1 MMC tərəfindən tikinti işləri aparılan ərazidə yanğına səbəb kənardan düşmüş az kaloriyalı alışdırma mənbəyi olmuşdur. Bundan başqa, yanğın hadisəsinin tədqiqi ilə əlaqədar aparılmış ekspertizaların rəylərindən göründüyü kimi Cavabdeh1 MMC tərəfindən tikinti aparılan ərazidə yaranmış yanğının izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə baş vermiş yanğının mənbəyi, tikinti meydançasında yerləşən konteynerlərin arxa hissəsində quraşdırılmış taxta materialdan olan hasarın aşağı hissəsində yer səviyyəsində olmuş, müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik kabeli yerləşmiş, həmin kabelin tədqiqatı zamanı onun cərəyandaşıyıcı damarları üzərində elektrik qəza hallarından yaranması üçün xarakterik olan (qısaqapanma, yüksək keçid müqaviməti və s.) əlamətlər aşkar edilməmiş, həmçinin mənbə zonasından götürülmüş nümunələrin tədqiqatı zamanı neft məhsullarının izləri olmamışdır. Daha sonra aparılmış ekspertiza tədqiqatları zamanı isə baş vermiş hadisənin mənbə və səbəblərini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, baş vermiş yanğında cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilməlidir ki, sözügedən qərar qanuni qüvvəsini almaqla yanaşı, hazırda da qüvvədə olaraq, ləğv edilməmiş, habelə mübahisələndirilməmişdir. Bu isə Cavabdeh1 MMC-nin baş vermiş hadisədə təqsirinin olmamasına dəlalət edir. Belə olan halda, Cavabdeh1 MMC hazırkı iş üzrə cavab verməli şəxs ola bilməz. Çünki, Cavabdeh1 MMC baş vermiş hadisədə hər hansı bir formada məsuliyyət daşımır və bu MMC 04 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın nəticə hissəsinə əsasən zərər vuran şəxs deyildir, yəni hadisə MMC-nin hərəkət və ya hərəkətsizliyindən baş verməmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3322/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

19. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 00:10 radələrində D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən cavabdeh "xxxx" MMC-nin sifarişinə əsasən digər Cavabdeh1 MMC tərəfindən tikinti işləri aparılan ərazidə yanğın baş vermişdir. Yanğın nəticəsində ərazinin yaxınlığında yerləşən duracaqda saxlanılan və “avtonəqliyyat vasitələrinin tam sığortası” sığorta sinifi üzrə iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış, “Mercedes Benz GLA 200 minik” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 40.000 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırkı halda iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbini cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-yə qarşı yönəltdiyi halda sığorta ödənişi almış şəxsə dəymiş zərərə görə cavabdehlərin məsuliyyət daşımalı olmasını sübuta yetirə bilməmişdir. Belə ki, birincisi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısının cinayətin işin başlanmasının rədd edilməsi barədə qərarından da göründüyü kimi yanğın hadisəsinin araşdırması nəticəsində yanğının cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-nin təqsirli hüquqazidd əməlləri nəticəsində baş verməsi müəyyən edilməmişdir. Əksinə qərardan və yoxlama materiallarından da göründüyü kimi xx.xx.2022-ci il tarixli, 10/4987 saylı məhkəmə yanğın-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, yanğın kənardan düşmüş az kaloriyalı alışdırma mənbəyinin (siqaretin) təsirindən baş vermişdir. Elektrik kabellərinin cərəyandaşıyıcı damarları üzərində elektrik qəza hallarının yaranması üçün xarakterik olan (qısaqapanma, yüksək keçid müqaviməti və s.) əlamətlər isə hadisə yerində aşkar edilməmişdir. Odur ki, Yanğın hadisəsinin və belə olan halda mübahisəli avtomobilə dəymiş zərərin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC tərəfindən törədilmiş hüquqazidd təqsirli əməl nəticəsində baş verməsi iş materiallarına əsasən öz təsdiqini tapmadığından cavabdehlərin dəymiş zərərə görə Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə əsasən məsuliyyət daşımaları istisna olunur. Bununla yanaşı iddiaçının iddia tələbinin qanuni əsası kimi istinad etdiyi Mülki Məcəllənin 1108-ci maddəsinin məzmunundan göründüyü kimi yüksək təhlükə mənbəyinin fəaliyyəti (o cümlədən tikinti fəaliyyəti və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) fiziki və ya hüquqi şəxslər təqsirli olubolmamasından asılı olmayaraq daşıyırlar. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı halda yanğın hadisəsi tikinti sahəsi ərazisində yaransa da, həmin hadisənin Cavabdeh1 MMC tərəfindən həyata keçirilən tikinti fəaliyyəti, yəni yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində baş verməsi müəyyən edilmir. Əksinə AR FHN-in Əməliyyat-İstintaq İdarəsinin yoxlama materiallarına əsasən hadisənin gecə saatlarında baş verdiyi, həmin saatlarda tikinti sahəsində ancaq gözətçinin olması, yəni hər hansı tikinti fəaliyyətinin aparılmaması, eləcə də yanğının tikinti sahəsinin arxasında quraşdırılmış hasarın aşağı hissəsindən başlaması müəyyən edilmişdir.

20. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 21.1, 21.2, 883.1, 926.1, 936.1, 936.5, 1096.1, 1097.1, 1108.1-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3322/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İşin hallarından müəyyən edilir ki, baş vermiş yanğın hadisəsi ilə bağlı AR Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən araşdırma aparılmış və 04 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda 29 iyun 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə R.Rza küçələrinin kəsişməsində yerləşən, "xxxx" MMC-yə məxsus yarımtikilinin ərazisində Cavabdeh1 MMC tərəfindən tikinti işləri aparılan ərazidə baş vermiş yanğın nəticəsində “Mercedes Benz GLA 200 minik” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəydiyi müəyyən edilmişdir. Göründüyü kimi yanğının "xxxx" MMC-yə məxsus yarımtikilinin ərazisində Cavabdeh1 MMC tərəfindən tikinti işləri aparılan ərazidə baş verməsi AR Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin qanuni qüvvəsini almış qərarı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2 və 6.5-ci bəndlərinin tələblərinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı həmin qurğular müvafiq qaydalara və digər normativ sənədlərə uyğun olaraq istismar edilməlidirlər; elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər, elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək və nasaz elektrik qurğularından istifadə etmək qadağan olunur. “Ticarət, və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 3.19.3 və 3.19.4-cü bəndlərinin tələblərinə əsasən qısaqapanma, artıq yükləmədən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozulmalardan mühafizə aparatlarının saz olmasına müntəzəm nəzarət etmək, bütün elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatının olmasına elektrik qurğularının vəziyyətinə cavabdeh olan şəxslər borcludurlar. Hazırkı halda iş materiallarında olan ekspert rəyinə əsasən yanğının kənardan atılan az kaloriyalı alışdırma mənbəyinin (siqaretin) təsirindən baş verdiyi müəyyən edilsə də, naqillərin və elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatının olmaması nəticəsində baş verməsi mübahisəsizdir və az kaloriyalı alışdırma mənbəyinin (siqaretin) belə böyük yanğına səbəb olması bilavasitə naqillərin və elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatının olmamasının nəticəsidir. İstinad edilən qanunvericilik aktlarının tələbləri elektrik qurğularınında, naqillərdə yanğın və alışmaya səbəb olan təhlükəli amillərin qarşısının alınması üçün onların mühafizəedici aparatlarla təchiz edilməsinin zəruriliyini təsbit edir. Bu baxımdan həm tikinti aparılan obyektin sahibi, həm də tikintini aparan hüquqi şəxsin məsuliyyəti istisna edilmir. Belə ki, cinayət hüququndan fərqli olaraq mülki hüquq zərərvuranın (hüququ pozan şəxsin) təqsir prezumpsiyasını (latınca «praesumptio» — güman etmək mənasını ifadə edir) müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə hüququ pozan şəxs (zərərvuran) özünün təqsirsizliyini sübut edənə kimi, onun təqsirli olması güman edilir, yəni əksi sübut edilənə kimi şəxs mülki hüquq pozuntusu törətməkdə təqsirli sayılır. Məsuliyyətdən azad olmaq üçün zərərvuran (hüququ pozan şəxs) təqsirinin olmamasını sübut etməlidir. Deməli, sübutetmə yükünü öhdəliyi pozmuş şəxs çəkir, yəni təqsirin olmadığını öhdəliyi pozmuş şəxs sübuta yetirir. Təqsir prezumpsiyasına görə zərərçəkən tərəf zərərvuranın (hüququ pozan şəxsin) təqsirini sübut etməyə borclu deyildir. Zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranışı nəticəsində onun hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Amma təqsir prezumpsiyası zərərçəkəni məhkəməyə zərərvuranın təqsirli olmasını təsdiqləyən sübutlar təqdim etmək imkanından və hüququndan məhrum etmir. Zərərçəkən ona zərər vurulması faktını sübuta yetirməlidir. Belə ki, zərər vurulması faktını hamıdan əvvəl zərərçəkən bilir. (Ян Шапп. Основы гражданского право Германии. Учебник. М., 1996, с.110-120.). Qeyd edilənlər hazırkı halda iddia tələbinin əsas hüquqi əsaslarını təşkil edən Mülki Məcəllənin 21, 936.1, 936.2, 936.5, 1096, 1097, 1108.1-ci maddələrinin Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2 və 6.5-ci bəndlərinin və “Ticarət, və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 3.19.3 və 3.19.4-cü bəndlərinin tələbləri və mülki hüquq nəzəriyyəsində “təqsir” anlayışının nəzəri əsasları ilə əlaqəli şəkildə sistemli olaraq təhlil edilməli olduğunu göstərir. Lakin məhkəmə işi hərtərəfli araşdırmadan və işin hallarıına düzgün hüquqi qiymət vermədən formal əsaslarla iddianın təmin edilməsi üçün hüquqi əsasların olmadığı qənaətinə gəlmiş, yuxarıda istinad edilən qaydaların tələblərini Mülki Məcəllənin 21, 936.1, 936.2, 936.5, 1096, 1097, 1108.1-ci maddələri və mülki hüquqda “təqsir” anlayışının nəzəri əsasları ilə əlaqəli şəkildə təhlil etməmişdir. Bununla da məhkəmə iş üzrə müəyyən edilmiş faktlar və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 926.1.-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı "xxxx" ASC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

27. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3322/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə, saat 00:10 radələrində D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən cavabdeh "xxxx" MMCnin sifarişinə əsasən digər Cavabdeh1 MMC tərəfindən tikinti işləri aparılan ərazidə yanğın baş vermişdir. Yanğın nəticəsində ərazinin yaxınlığında yerləşən duracaqda saxlanılan və “avtonəqliyyat vasitələrinin tam sığortası” sığorta sinifi üzrə iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış, “Mercedes Benz GLA 200 minik” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 40.000 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırkı halda iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbini cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-yə qarşı yönəltdiyi halda sığorta ödənişi almış şəxsə dəymiş zərərə görə cavabdehlərin məsuliyyət daşımalı olmasını sübuta yetirə bilməmişdir. Belə ki, birincisi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısının cinayətin işin başlanmasının rədd edilməsi barədə qərarından da göründüyü kimi yanğın hadisəsinin araşdırması nəticəsində yanğının cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-nin təqsirli hüquqazidd əməlləri nəticəsində baş verməsi müəyyən edilməmişdir. Əksinə qərardan və yoxlama materiallarından da göründüyü kimi xx.xx.2022-ci il tarixli, 10/4987 saylı məhkəmə yanğın-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, yanğın kənardan düşmüş az kaloriyalı alışdırma mənbəyinin (siqaretin) təsirindən baş vermişdir. Elektrik kabellərinin cərəyandaşıyıcı damarları üzərində elektrik qəza hallarının yaranması üçün xarakterik olan (qısaqapanma, yüksək keçid müqaviməti və s.) əlamətlər isə hadisə yerində aşkar edilməmişdir. Odur ki, Yanğın hadisəsinin və belə olan halda mübahisəli avtomobilə dəymiş zərərin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC tərəfindən törədilmiş hüquqazidd təqsirli əməl nəticəsində baş verməsi iş materiallarına əsasən öz təsdiqini tapmır.

29. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməmiş olsaydı bu hal AR Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin xx.xx.2024 tarixli cinayət işinin başlanmasının rədd ediməsi barədə qərarında, həmçinin həmin iş üzrə keçirilmiş məhkəmə yanğın-texniki ekspertizasının rəyində qeyd olunardı. Sözügedən qərarla yalnız yanğının Cavabdeh1 MMC-nin tikinti apardığı ərazidə baş verməsi müəyyən edilir. Həmin qərar qanuni qüvvəsini almış və iddiaçı tərəfindən həmin qərardan prokurora, yuxarı prokurora və məhkəməyə şikayət verilməmişdir. Ona görə də AR MPM 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmə müəyyən edilmiş halı yenidən araşdıra bilməz. Qeyd olunan əsaslara görə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymır.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3322/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar