Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1084/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh MMC-ə qarşı əldən çıxmış faydanın tutulmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 07.07.2021-ci il tarixli, e-2-2(113)- 2766/2021 saylı qətnaməsindən (hakim Ülkər Həsənova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 26 avqust 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 №-li kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 54.233.43 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 26 avqust 2015-ci il tarixli 23- BİZ-2-0-437-15 №-li kredit müqaviləsinə əsasən iddiaçıdan illik 14%-lə 60 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 2021-ci il aprelin 26-dək cavabdehin 26 avqust 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 №-li kredit müqaviləsi üzrə iddiaçıya əldən çıxmış fayda olaraq illik 5 %-lə ümumilikdə cəmi 54.233,43 ABŞ dolları borcu hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-2(113)-2766/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 54.233,43 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci tarixli, e-2-2(113)-2766/2021 saylı qətnaməsi ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh MMC-i arasında 26 avqust 2015-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.8-ci maddəsinə əsasən kreditin ödənilməsi tarixi kimi 31 avqust 2020-ci il tarixi müəyyənləşdirilmişdir. Kredit müqaviləsinin 1.13-cü maddəsinə əsasən kreditin ödənilməsi qaydası belə müəyyən edilmişdir-hesablanmış faizlər və əsas borc kredit müddətinin sonunda, yəni 31 avqust 2020-ci ildə ödənilməlidir. Kredit müqaviləsinə 1.8 və 1.13-cü maddələrini daxil etməklə Bankın özü kreditin (faizlərin və əsas borcun) tam ödənilməsi müddətinin 31 avqust 2020-ci il kimi, müəyyənləşdirmiş və razılaşmışdır. Bu isə o deməkdir ki, cavabdehdən 26 avqust 2015-ci ildən 26 aprel 2021-ci il tarixinə olan müddət üçün əldən çıxmış faydanın ödənilməsini tələb etməyə iddiaçının hüquqları yoxdur. "xxxx" İKB ASC-i 2019-cu ildə cavabdehlər Cavabdeh MMC-ə, X5, X6 və X7 qarşı “borc tələbi və tutmanın İpoteka predmetinə yönəldilməsi tələbi ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət etmişdir. Xətai rayon məhkəməsinin (hakim İ.N.Abbasova) 21.06.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 59483.48 ABŞ dolları məbləqində faiz borcu "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın X2 Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1038.6 kv.m. olan qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması qət edilmişdir. (Bu yönəltmə yalnız faiz-59483.48 ABŞ dollarına aiddir və 701 640 ABŞ dolları məbləqində əsas borcun ödənilməsinə aid deyildir.) Beləliklə sübut olunur ki, hələ kreditin ödənilməsi müddətinin başa çatmasına bir ildən də artıq müddət qalmasına baxmayaraq iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəməyə müraciət etməsi onun əldən çıxmış faydanın tələb etməsi hüququnu istisna edir. Bakı Apelyasiya Məhkəməsi MK-nın 28.11.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 701 640 ABŞ dolları məbləqində əsas borcun, 59483.48 ABŞ dolları məbləqində faiz borcun, cəmi 758 394.88 ABŞ dollarının tutulması, tutmanın X2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr. Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680.7 kv.m. olan qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr. Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1038.6 kv.m. olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq Bankın kreditinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, tutmanın X3 və X4 ipoteka ilə yüklü edilmiş əmlakına ona görə yönəldilməmişdir ki, girov qoyulmuş X3 və X6 məxsus evlər söküldyündən əmlaklar mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərari ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə sübut olunur ki, götürülmüş kredit və ona hesablanmış faizlər ipoteka ilə yüklü edilmiş əmlaklar hesabına, müqavilə üzrə ödənilməli olan müddətdən 31 avqust 2020-ci il tarixindən öncə ödənilmişdir, iddiaçının bütün xərcləri məhkəmə qətnaməsinə əsasən qaytarılmışdır və iddiaçı heç bir zərər çəkməmişdir. Bundan əlavə iddiaçı əldən çıxmış fayda kimi də heç bir maddi zərər çəkməmişdir. Belə ki, "xxxx" İKB ASC-i 2019-cu ildə Xətai rayon məhkəməsinə müraciət edərkən verilmiş kreditin faizi qismində cavabdehdən 59483.48 ABŞ dolları məbləqində faiz borcunu da tələb etmiş və onun bu tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Bununla da sübut olunur ki, kreditə görə iddiaçı heç bir maddi zərərə və əldən çıxmış faydaya məruz qalmamışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-2(113)-2766/2021 saylı qətnaməsi qismən ləğv edilməli, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iddiası 4533,93 ABŞ dolları pulun tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 26 avqust 2015-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 31.08.2020-ci il tarixədək illik 14 % dərəcəsi ilə 5.000.000 ABŞ dolları kredit verilmişdir. İşdəki məhkəmə aktlarından görünür ki, cavabdeh müqavilə şərtlərini pozaraq kredit üzrə ödənişləri vaxtında həyata keçirmədiyindən iddiaçı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırmış, həmin mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 03.09.2020-ci il tarixdə yekun məhkəmə qərarı qəbul edilmiş, həmin qərarla iddiaçı “Nikoyl" İKB ASC-nin iddiasının qismən təmin edilərək 26 avqust 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilmiş, kredit müqaviləsinə əsasən 05 may 2017-ci il tarixə ödənilməmiş 701640 ABŞ dolları məbləğində əsas, 56754,88 ABŞ dolları məbləğində faiz borcu, cəmi 758394,88 ABŞ dollarının, 300 manat məhkəmə xərclərinin Cavabdeh MMC-dən tutularaq “Nikoyl" İKB ASC-yə ödənilməsi, tutmanın X9 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 934740 (doqquz yüz otuz dörd min yeddi yüz qırx) manat məbləğində müəyyən edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.11.2019-cu il tarixli 2(103)- 12378/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən verilmiş 20.03.2021-ci il tarixli, 01/1792 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17/68- 160200-16 saylı, 04.03.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş: 1) Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Dərnəgül qəsəbəsindən yerləşən ümumi sahəsi 1680.7 kv.m olan qeyri-yaşayış binası; 2) Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsində ümumi sahəsi 1038.6 kv.m olan qeyri-yaşayış binası hərracın yekunları barədə 29/11 saylı, 09.04.2021-ci il tarixli və 29/12 saylı, 09.04.2021-ci il tarixli protokollara əsasən tələbkar (iddiaçı) tərəfindən əldə edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən 26 aprel 2021-ci il tarixinə cavabdehin 28 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya əldən çıxmış fayda olaraq hesablanmış ümumi borcu 54.233.43 ABŞ dolları təşkil edir. İddianın hüquqi əsasını aşağıdakı norma təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, hazırkı halda iddiaçının kredit öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən tələb etdiyi 54.233.43 ABŞ dolları 26.04.2021-ci il tarixədək 17 ay üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 28.11.2019-cu il tarixli 2(103)- 12378/2019 saylı qətnaməsi ilə cavabdehdən tutulmuş 701640 ABŞ dolları əsas, 56754,88 ABŞ dolları faiz borcu olmaqla, cəmi 758394,88 ABŞ dollarına illik 5 %-lə hesablanmış məbləğdir. Məhkəmə kollegiyası iddiaçının əldən çıxmış fayda tələbinin əsaslı olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da hesab edir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası həmin normanın tələbinə görə yalnız əsas borc məbləğinə hesablanmalı və bu halda, müqavilə şərtlərinə əsasən öhdəliyin icra müddətinin bitdiyi tarixə ödənilməli olan faiz məbləği nəzərə alınmamalıdır. Belə ki, faizə faiz hesablanması qanunla qadağan edildiyindən iddia yalnız 701640 ABŞ dolları əsas borc tələbinə 17 ay üçün illik 5 %-lə hesablanmış 49699,5 ABŞ dolları əldən çıxmış faydanın tutulması hissəsində əsaslı hesab edilməli, faiz məbləğində hesablanmış 4533,93 ABŞ dolları pulun tutulması hissəsində isə rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-2(113)- 2766/2021 saylı qətnaməsi qismən ləğv edilməli, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iddiası 4533,93 ABŞ dolları pulun tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-2(113)-2766/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iddiası 4533,93 ABŞ dolları pulun tutulması hissəsində rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1084/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1084/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver