Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1084/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2077/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Firması Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun İddiaçı firmasının xeyrinə tutulması, tərəflər arasında bağlanmış 10 avqust 2023-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.1 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı firmasına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 4000 manat icarə haqqı və 10.000 manat mənəvi zərərin İddiaçı fırmasının xeyrinə tutulması, tərəflər arasında bağlanmış 10 avqust 2023-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2077/2024 saylı qətnaməsi ilə iddiaçı qismən təmin edilmiş, İddiaçı Firması ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, Cavabdeh 2833 manat məbləğində icarə haqqı borcunun, dövlət rüsumunun əvəzi olaraq 27 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı firmasına ödənilməsi qət edilmişdir.
4. xx.xx.2024-cü il tarixdə cavabdeh MMC “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayətini məhkəmə təqdim etmişdir. Həmçinin müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 2077/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)- 2077/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
6. Hazırda cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2077/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və işin məhkəmə aidiyyəti üzrə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı firması arasında xx.xx.2023- cü ildə icarə müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh öhdəliklərin icrası ilə məşğul olmamışdır. Cavabdehin biznes sahəsində tanışı olub və həmin şəxslər Bakı şəhərinin müxtəlif yerlərində müxtəlif ticarətlə məşğul olmuşdur. O zaman həmin şəxslər İddiaçı firmasına müraciət edərək ona məxsus ünvan 2 ünvanında yerləşən 94.1 kv.m. sahəsi olan yarımzirzəmini alqı-satqı mağazası kimi icarəyə götürmək istədiyini bildirmişlər. Sonradan cavabdeh öyrənmişdir ki, İddiaçı firmasına məxsus sahə "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş sahə olmuş və o zaman firma tərəfindən banka müraciət edilərək obyektin icarəyə verilməsi xahiş olunmuş və bank xx.xx.2023-cü il tarixli məktubu ilə “Uğur ” firmasının mülkiyyətində olmuş Bakı şəhəri Nəsimi rayonu , Vidadi küçəsi140 ünvanında yerləşən 94.1 kv.m. qeyri-yaşayış sahəsi Pakistan vətəndaşı Mehmood Ansara 1 il müddətinə icarəyə verilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmin vaxtı və ondan əvvəl cavabdeh heç vaxt firmanın rəhbərləri və digər şəxslərlə tanış olmamışdır. Cavabdeh qətnaməni vaxtında ala bilməmişdir. İş üzrə vəkillə əlaqələri kəsildiyindən, qəbul edilmiş qətnamənin sürətini ala bilməmişdir. Sonradan o məhkəməyə müraciət edərək iş üzrə qətnamənin surətini tələb etmiş və xx.xx.2024-cü ildə məhkəmədən iş üzrə qətnamənin sürətini qəbzə imza etməklə almışdır. Məhkəmə öz qərardadında göstərmişdir ki, guya iş üzrə qəbul edilmiş qətnamə xx.xx.2024-cü il tarixli e-2-2(113)-2077/2024-saylı xx.xx.2024-cü il tarixində “Elektron Məhkəmə informasiya sisteminə, o cümlədən cavabdehin vəkilinin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verilmişdir. Cavabdehin məhkəmə prosesindən sonra vəkili ilə münasibətləri kəsilmiş və onunla əlaqə saxlaya bilməmişdir. Sonradan cavabdeh məhkəməyə gəlmiş və həmin vaxtı ona məlum olmuşdur ki , iş üzrə qəbul edilmiş qətnamə xx.xx.2024-cü ildə tam formada imzalansada, lakin həmin qətnamə nədənsə cavabdehin ünvanına göndərilməmişdir. Məhkəmənin qətnaməni qəbul etdikdən sonra qısa müddətdə apellyasiya şikayətini gecikdirilmiş kimi göstərməsi düzgün deyildir. Həmin vaxta kimi cavabdehin elekton imzası olmamışdır. Ona görə də buraxılmış müddət üzürlü hesab edilməklə bərpa edilməsi barədə qərar qəbul edilməsi və apellyasiya şikayətinin baxılması üçün aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2077/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 360-cı maddəyə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
Məhkəmənin mövqeyi
10. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
11. İddiaçı Firmasının direktoru Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə etiraz göndərərək, etirazının təmin olunmasını və Cavabdeh qıznın Bakı Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-2077/2024 saylı qərardadından verdiyi şikayətin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2077/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2- 2(113)-2077/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixində “Elektron Məhkəmə” İnformasiya sisteminə, o cümlədən cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilməklə cavabdehə rəsmi qaydada verilmişdir. Odur ki, MPM-in 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən başlayaraq hesablanmalıdır.
14. Beləliklə, işin yuxarıda göstərilən halları ilə müəyyən edilir ki, cavabdeh hazırkı apellyasiya şikayətini qətnamədən qətnaməni rəsmi qaydada aldıqdan 2 ay sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməklə həmin qətnamədən apelyasiya şikayətini vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır.
15. İddiaçı müddətin bərpa edilməsi üçün əsas kimi nümayəndəsi və vəkili ilə iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra əlaqəsinin kəsilməsinə və cavabdehin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetinin olmamasına, qətnamənin isə onun ünvanına çatdırlmamasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən Vəkil adına verilmiş, etibarnamədə Cavabdeh adından məhkəmə aktlarının və sənədlərinin alınması, habelə apellyasiya şikayəti verilməsi səlahiyyətləri nəzərdə tutulmuş və etibarnamə xx.xx.2027-ci il tarixədək qüvvədədir. Buna baxmayaraq cavabdeh yalnız 2 ay sonra – 26 avqust 2024-cü il tarixində apellyasiya şikayətini elektron sistemə yerləşdirməklə şikayət vermə müddətini buraxmış və müddətin bərpa edilməsi barədə ərizəsində müddətin buraxılmasının apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən və onun iradəsindən asılı olmayan obyektiv amillərlə bağlı olmasını əsaslandırmamışdır.
16. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, məhkəmə aktı qəbul edildikdən sonra cavabdehin vəkillə əlaqəsinin kəsilməsi müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz.
17. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2077/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.