Məhkəmə qərarları › İş №2-2(103)-1084/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1084/2025

25.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1084/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair kommersiya işi üzrə raça( sözlər: icbari sığorta, subroqasiya, delikt, təqsir( Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 sədrliyi ilə, hakimlər X3 və ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2870/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. RAZ********** seriyalı “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən sığortaçı "xxxx" ASC sığortalı X1 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi, daşınmaz əmlakın icbari sığortası növü üzrə yanğın, ildırım düşməsi, elektrik naqillərində baş verən qısaqapanma və s. sığorta risklərindən 25614 manat sığorta məbləği həcmində sığortalamışdır.

2. 01.11.2024-cü il tarixli, CFİ-0119/2024 - AKT318/24 saylı sığorta aktına əsasən sığortalı X2 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2024-cü il tarixdə yanğın hadisəsinin baş verdiyi, dəymiş ziyanın 17714 manat, azadolma məbləği 250 manat olmaqla, hesablanmış sığorta ödənişinin 17464 manat müəyyən edildiyi qeyd olunmuşdur.

3. "xxxx" ASC tərəfindən icra edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X2 17459,63 manat məbləğində ödəniş edilmişdir.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı V.Süleymanovun 2 oktyabr 2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanında yerləşən, X2 məxsus təndirxanada baş vermiş yanğın faktında cinayət tərkibi olmadığından, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.

5. X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə öz ticarət fəaliyyətini həyata keçirmək məqsədləri üçün icarəyə verir.

6. Həmin müqavilənin: - 2.2.5-ci bəndinə əsasən sahədə sanitar-gigiyenik, yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarına riayət etmək; - 2.2.7-ci bəndinə əsasən icarəyə verənin qabaqcadan yazılı surətdə verilmiş razılığı olmadan sahəni üçüncü şəxslərə ikinci əldən icarəyə və ya istifadəyə verməmək, əsaslı tikinti, rekonstruksiya, yenidənqurma işlərini aparmamaq icarəçinin vəzifələrinə aiddir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5248 saylı məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, X2 məxsus təndirxanada yanğın izlərinin nisbi analizinə görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, təndirxanaya həyət tərəfdən daxil olduqda sağ tərəfdə tavan səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik lampası, elektrik xətlərinin yerləşdiyini və hadisə ərəfəsində təndirxanada elektrik qurğularının (elektrik lampalarının, kassa aparatının, 2 ədəd soyuducunun və dondurucunun) işlək vəziyyətdə, yəni elektrik şəbəkəsinin gərginlik altında olduğunu nəzərə aldıqda, yanğın təndirxananın tavanına yaxın sahə ilə çəkilmiş elektrik naqillərində yaranmış hansısa qəza (qısaqapanma, yüksək keçid müqaviməti, artıq yüklənmə və s.) hallarından baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ N03-2002) 3.19.4-cü bəndinin tələbi pozulmuşdur. ünvan 3 ünvanında yerləşən, X2 məxsus təndirxananın daxili elektrik qurğuları yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatlarla təmin edilmədiyinə görə, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının (YTQ N03-2002) 3.19.4-cü bəndinin tələbi 1.2-ci bəndə görə, təndirxananın yanğın təhlükəsizliyinə və elektrik təsərrüfatının saz vəziyyətdə saxlanılmaqla təhlükəsiz istismar edilməsinə cavabdeh şəxs(lər) tərəfindən pozulmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.459,63 manat məbləğində sığorta ödənişinin və 142,38 manat məbləğində dövlət rüsumunun, cəmi 17.602,01 manat məbləğində pulun tutulub onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsində olan və ünvan 4 ünvanında yerləşən "xxxx" ASC ilə bağlanmış “daşınmaz əmlakın icbarı sığortası” müqaviləsinə əsasən sığorta təminatı almış daşınmaz əmlak obyektində yanğın hadisəsi baş vermişdir. Həmin obyektə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 17459,63 manat məbləğində sığorta ödənişi edilmişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən cavabdehin obyektin istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda yanğın təhlükəsizliyi haqqında qanunvericiliyin tələblərinə riayət etmədiyi və bunun nəticəsində yanğın hadisəsinin baş verdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 17459,63 manat məbləğində sığorta ödənişinin cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu da cavabdehdən tutulmalıdır.

10. İddia tələbinə cavabdeh tərəfindən etiraz təqdim edilmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, müqavilədə yanğın və texniki təhlükəsizlik qaydalarına əməl etməli olduğu göstərilsəydi belə, bu bütövlükdə obyektdə baş verə biləcək yanğın və digər xoşagəlməz hallara görə cavabdeh olmağı anlamına gəlmir. Obyekt cavabdehdən əvvəl uzun müddət eyni sahədə (çörək sexi kimi) fəaliyyət göstərmiş, onun təmiri və şəraiti çox zəif olmuşdur, heç də standartlara cavab verməmişdir. FHN araşdırmasından görünür ki, yanğın hadisəsi obyektin elektrik şəbəkəsində yaranmış nasazlıqdan baş vermişdir. Cavabdeh mülkiyyətçi ilə bağladığı hər hansı müqavilədə, nə də hər hansı şifahi razılaşmada obyektin elektrik xətlərinə qulluq etmək kimi bir öhdəlik daşımamışdır. Əksinə cavabdeh obyektdə fəaliyyət göstərdiyi zaman əsasən qazla çalışan təndirdən istifadə etmişdir, bəzən enejidə nasazlıq yaranmış, cavabdeh bu halın aradan qaldırılmasını dəfələrlə şahidlərin yanında mülkiyyətçidən xahiş etmişdir. O, isə nasazlığı aradan qaldırılacağını, təmir işləri görəcəyini bildirmişdir. Lakin sahənin təmiri köhnə olduğu üçün onun yüngül xərclə aradan qaldırılması qeyri-mümkün idi, əsaslı vəsait hesabına həmin yeri mülkiyyətçi təmir edə bilərdi və etməli idi. İşdə olan sübutlardan da görünür ki, yanğın hadisəsi saat 23:00 radələrində - yəni işdən sonra baş vermişdir. Belə olan halda iddiaçının ondan vurmadığı zərərə görə pul tələb etməsi absurd və qanunsuzdur. Şirkət mülkiyyətçiyə ödənişi etdikdən sonra bütün hallarda yox, subroqasiya üçün əsas olduğu halda mülkiyyətçinin hüququndan istifadə etməklə hazırki iddia ilə çıxış edə bilərdi. Hazırki halda sığorta hadisəsinin baş verməsinə və zərərə görə məsuliyyət daşımadığına görə şığortaçı şirkətin ona qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da yaranmamışdır.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2870/2025 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə mülkiyyətçi arasında icbari sığorta müqaviləsindən irəli gələn münasibətlər yarandığından iddiaçının tələbinin qanuni əsası kimi “İcbari sığortalar haqqında” Qanunun normalarına istinad olunmalıdır. Çünki Mülki Məcəllənin 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları göstərilmişdir. Həmin əsaslar içərisindən iddiaçının iddia tələbinə uyğun gələn əsas 25.1.3-cü maddəsində göstərilmişdir. Həmin Qanunun 25.1.3-ci maddəsinə görə isə iddiaçının o zaman, cavabdehə qarşı subroqasiya hüququ yaranardı ki, sığortalanmış təndirxana, sığortalı C.Hüseynovun xəbəri olmadan Cavabdeh tərəfindən istifadə edilmiş olardı. Lakin iş materiallarından və tərəflərin izahatlarından mülkiyyətçi C.Hüseynovla icarəçi Cavabdeh arasında icarə müqaviləsi olduğu, yəni mülkiyyətçinin cavabdehin istifadəsindən məlumatlı olduğu və buna razı olduğu müəyyən edilmişdir. Belə olan halda isə Cavabdeh ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə etmək hüququ olduğundan, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələb etmə hüququ yaranmamışdır.

13. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2870/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbi üzrə tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından müəyyən olunur ki, sonradan “İcarədar” adlanacaq, X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 2.2.5-ci bəndinə əsasən yanğın təhlükəsizliyinə cavabdehlik icarəçi Cavabdeh həvalə olunmuşdır. Beləliklə, X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 2.2.5-ci maddəsinə əsasən yanğın təhlükəsizliyinə cavabdehliyi Cavabdeh daşıması işin mübahisəsiz halıdır. Mülki qanunvericilikdə “təqsirsiz məsuliyyət” prinsipi də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan aşağıdakı hallar aydınlaşdırılmamışdır: obyekt icarəyə verilərkən bağlanılan icarə müqaviləsinin 2.2.5-ci bəndində obyektin yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsin icarəçi olaraq müəyyən edilməsi və Cavabdeh yuxarıda qeyd edilən “Qaydalar”ın, müqavilənin müvafiq bəndinin və istinad edilmiş digər qanunvericilik aktlarının normalarının tələbləri baxımından yanğın hadisəsinə görə məsuliyyət daşıyıbdaşımaması. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə cavabdeh tərəfindən etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi xarakterli normativ aktlara istinad etsə də, məhkəmənin iddianı rədd edərkən əsaslandığı sübutlara və qanunvericiliyə nəyə görə əsaslanmalı olmamasını, xüsusi sahəvi qanununvericilik olan “İcbari sığortalar haqqında” Qanunun nəyə görə tətbiq edilməli olmamasını açıqlaya bilməmişdir. Halbuki mübahisənin xarakterinin icbari sığorta münasibətlərindən irəli gəlməsi işin mübahisəsiz halıdır. Məhkəmənin də qətnamədə göstərdiyi kimi iddiaçının subroqasiya hüququnun yaranması üçün heç bir əsas mövcud deyil. Bundan əlavə, obyektdə baş vermiş yanğın hadisəsinə onun heç bir aidiyyəti olmamışdır. O, obyekti qazdan istifadə etməklə, təndirxana kimi istifadə etmişdir. Nə qanunvericiliyə, nə də icarəçi ilə bağlanan hər hansı müqaviləyə əsasən onun obyektdə təmir işləri aparmaq səlahiyyəti və vəzifəsi olmamışdır. Aidiyyatı dövlət orqanının tərtib etdiyi qərardan da göründüyü kimi yanğın hadisəsi obyektdə axşam saatlarında (işdən sonra) elektrik xəttində yaranmış nasazlıq səbəbindən baş vermişdir. Yəni onun faliyyəti ilə baş vermiş nəticə arasında heç bir səbəbli əlaqə olmamışdır. İcarə predmeti olmuş obyekti istifadəyə yararlı şəkildə təhvil verməli olan icarəyə verən bu öhdəliyini icra etməmiş, dəfələrlə şahidlərin yanında lampalarda qısa qapanma halları barədə məlumat versə də, aradan qaldıracağını və usta çağıracağını bildirmiş, amma vədinə əməl etməmişdir. Məhkəmə Kollegiyasından iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2870/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisəli hüquq münasibətlərinə səhvən “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsini tətbiq etmişdir. Həmin norma mülki məsuliyyətin icbari sığortası zamanı yaranan subroqasiya tələblərinə dair mübahisələrdə tətbiq edilir. Hazırkı subroqasiya tələbi isə mülki məsuliyyətin icbari sığortasından deyil, daşınmaz əmlakın icbari sığortasından irəli gəlir. Ona görə də bu mübahisə qeyd olunan norma əsasında həll edilə bilməzdi.

17. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 676. Kirayəyə verənin məsuliyyəti 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; ...

Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. ... 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

19. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8. İcbari sığorta müqaviləsi 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. ... Maddə 9. İcbari sığorta şəhadətnaməsi 9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. ... Maddə 23. Sığortaçının hüquq və vəzifələri

23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: ... 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; ... Maddə 35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və təyinatı 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. ... Maddə 36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: ... 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; ...

20. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 7. Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquq və vəzifələri ... Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək; 2) öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq; ...

21. Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları ... 1.2. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ticarət, ictimai iaşə müəssisələrinin baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri inzibatı heyəti və ya sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar. ... 3.5.3. Elektrik qurğularının vəziyyətinə cavabdeh olan şəxslər borcludurlar: 3.5.3.1. Elektrik avadanlıqlarının və elektrik şəbəkələrinin vaxtında profilaktiki baxışını və planlı-xəbərdaredici təmirinin təşkili, habelə yanğını və alışma törədə bitən hallarının vaxtında aradan qaldırılmasını təmin etmək; 3.5.3.2. Zonaların və ətraf mühit şəraitinin yanğın və partlayış təhlükəli təsnifatından asılı olaraq kabel elektrik naqillərinin, mühərriklərinin, işıqlandırıcılarının və digər elektrik avadanlıqlarının düzgün seçilməsinə nəzarət etmək. 3.5.3.3. Qısa qapanmalardan, artıq yüklənmələrdən, artıq d-li və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının saz olmasına müntəzəm surətdə nəzarət etmək. 3.5.4. Bütün elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatı olmalıdır. ...

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ...

Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyənləşdirmədiyindən, onun qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

27. Mübahisə iddiaçı sığorta şirkəti tərəfindən sığortalı X2 ödənilmiş sığorta məbləğinin cavabdehdən subroqasiya qaydasında tələb edilməsi ilə bağlıdır. Ödəniş, iddiaçı ilə C. Hüseynov arasında bağlanmış daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə (yanğına) görə edilib.

28. İddiaçı iddia edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin istifadəçisi olub. Cavabdeh yanğın təhlükəsizliyi qaydalarına riayət etmədiyi üçün sığorta hadisəsi baş verib və dəymiş zərərə görə məsuliyyət daşıyır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 25.1.3-cü maddəsinə əsaslanmaqla yanlışlığa yol verib. Həmin maddə mülki məsuliyyətin icbari sığortasına aiddir. Lakin hazırkı müqavilə daşınmaz əmlakın icbari sığortasına dairdir. Buna görə də, mübahisə Qanunun 25-ci maddəsi ilə deyil, Qanunun 23.1.6-cı maddəsinə uyğun olaraq Mülki Məcəllənin 936-cı maddəsi əsasında həll edilməlidir.

30. Subroqasiya tələbi müstəqil tələb deyil, zərərçəkən şəxsin zərər vurana qarşı tələb hüququnun sığortaçıya keçməsidir. Bu halda, sığortaçının tələb irəli sürməsi üçün ilkin olaraq cavabdehin zərərin vurulmasında təqsirli olması müəyyən edilməlidir. İddiaçı subroqasiya qaydasında tələb irəli sürdüyü üçün təkcə sığorta hadisəsinin baş verməsini və ödəniş etməsini sübut etməklə kifayətlənməməli, həm də sığortalı C. Hüseynovun cavabdehdən zərərin ödənilməsini tələb etmək üçün əsasının olduğunu sübuta yetirməlidir.

31. C. Hüseynov ilə Z. Əhmədova arasında bağlanmış icarə müqaviləsinin 2.2.5ci bəndinə əsasən, yanğından mühafizə qaydalarına riayət etmək icarəçinin vəzifəsidir. Lakin bu müddəa, yanğına görə qeyd-şərtsiz məsuliyyətin cavabdehə aid olduğu anlamına gəlmir. “Yanğın təhlükəsizliyi haqqında” Qanuna (§20) əsasən, bu qaydalara riayət etmək ümumi bir vəzifədir. Müqavilədə bu vəzifənin təkrarlanması, avtomatik olaraq cavabdehin məsuliyyətini yaratmır.

32. İcarəçinin (cavabdehin) yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə bağlı məsuliyyəti iki fərqli müstəvidə qiymətləndirilməlidir: ictimai-hüquqi məsuliyyət (dövlət və üçüncü şəxslər qarşısında) və mülki-hüquqi (müqavilə) məsuliyyət (icarəyə verən qarşısında). Bu iki məsuliyyət dairəsi bir-birindən dəqiq fərqləndirilməlidir.

33. "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunu ictimai təhlükəsizliyi təmin etməyə yönəlmiş imperativ (məcburi) normaları müəyyən edir. Bu Qanuna əsasən, mülkiyyət formasından asılı olmayaraq, bütün vətəndaşlar və hüquqi şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə borcludurlar. Bu öhdəlik ümumi vəzifə xarakteri daşıyır və pozulduqda inzibati və ya cinayət məsuliyyəti yarada bilər.

34. İcarəyə verən və icarəçi arasındakı münasibətlər isə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Mülki Məcəllənin 443-cü maddəsi öhdəliklərin pozulması nəticəsində yaranan zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Burada əsas məsuliyyət meyarı zərərin məhz müqavilə öhdəliyinin pozulması nəticəsində yaranmasıdır.

35. Mülki məsuliyyətin yaranması üçün zərərçəkən tərəf (subroqasiya halında sığortaçı) zərərin məhz icarə müqaviləsi çərçivəsindəki öhdəliyin pozulması nəticəsində yarandığını sübut etməlidir. Yanğın icarəçinin müqavilədəki vəzifəsini pozması nəticəsində deyil, binanın konstruktiv qüsuru (məsələn, nasaz elektrik naqilləri) səbəbindən baş veribsə, məsuliyyət icarəçidən (cavabdehdən) icarəyə verənə keçir.

36. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində aparılmış təhqiqat zamanı yanğının gecə saat 23 radələrində, təndirxananın işləmədiyi vaxtda baş verdiyi müəyyən edilmişdir. Eyni zamanda həmin vaxt təndirxanada elektrik cərəyanına qoşulu vəziyyətdə kassa aparatının, soyuducunun və dondurucunun olduğu müəyyən edilir.

37. Təhqiqat çərçivəsində keçirilmiş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyində (§ 7) yanğının təndirxananın tavanına yaxın sahə ilə çəkilmiş elektrik naqillərində yaranmış hansısa qəza (qısaqapanma, yüksək keçid müqaviməti, artıq yüklənmə və s.) hallarından baş verməsi üçün xarakterik olduğu, təndirxananın daxili elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatlarla təmin edilmədiyi göstərilmişdir.

38. İcarə münasibətlərində icarəyə verən əşyanın bütün icarə müddəti ərzində icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmasına görə məsuliyyət daşıyır. İcarəçi isə icarəyə götürülmüş əşyadan düzgün və müqaviləyə uyğun istifadə etməyə borcludur. İcarəçi əşyanın müqavilə üzrə istifadəsi (adi istifadə) nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımasa da əşyadan müqaviləyə uyğun olmayan şəkildə istifadə nəticəsində əşyanın pisləşməsi üçün məsuliyyət daşıyır (Mülki Məcəllə, maddə 682).

39. Ekspert rəyindən göründüyü kimi yanğın elektrik avadanlıqlarından düzgün olmayan istifadə nəticəsində deyil, binanın tavana yaxın hissəsindən keçən elektrik naqillərində yaranmış hansısa qəza nəticəsində baş vermişdir. İcarəyə verilmiş sahənin tərkib hissəsi olan, sonradan kirayəçi tərəfindən əlavə edilməmiş elektrik naqillərinin müvafiq tələblərə cavab verməməsi kirayəçinin yox, kirayəyə verənin məsuliyyət dairəsinə daxildir. Çünki əmlak elektrik təchizatı ilə icarəyə verildiyi üçün onun bütün icarə müddəti ərzində istifadəyə yararlı və təhlükəsiz vəziyyətdə olmasına görə icarəyə verən məsuliyyət daşıyır.

40. Baş vermiş yanğın hadisəsi cavabdehin yox, iddiaçının hüquq sələfi olan icarəyə verənin məsuliyyət dairəsinə daxil olan vəzifələrin icra edilməməsi ilə bağlı olduğundan cavabdehə qarşı sığortaçı tərəfindən subroqasiya qaydasında irəli sürülmüş iddia əsassızdır və rədd edilməlidir.

41. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402, 404, 405 və 406-cı maddələrinin tələblərini rəhbər tutaraq, q ə t e t d i:

Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2870/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2870/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar