Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1085/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2608/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən abonent kodu 131829 olan qeyri-yaşayış sahəsinə hesablanmış 4.104 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.07.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında münasibətlər “Su təchizatı və tullantı suları haqqında” AR Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” və tərəflər arasında bağlanmış 01.08.2013-cü il tarixli 19424106 nömrəli “Su təchizatı və kanalizasiya xidmətlərinə dair” müqavilə ilə tənzimlənir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacın mexaniki hissəsinin işləmədiyi müəyyən edilmişdir. Sayğacın dəyişdirilməsi üçün 02.05.2018-ci il tarixdə iş əmri yaradılmış və nasaz Alfasu-20 markalı, zavod nömrəsi 50105957 və plomb nömrəsi B148935 olan su sayğacı 02.05.2018-ci il tarixdə çıxarılaraq, yoxlamadan keçirilməsi məqsədilə X1 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasına göndərilmişdir. Laboratoriyada müayinə nəticəsində sayğacın hesablama mexanizmində müdaxilə aşkar edilmiş və bu barədə 11.05.2018-ci il tarixli 05957/0034839 nömrəli rəy tərtib edilmişdir. Həmin rəy əsasında “Sudan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsinə uyğun olaraq 4.104 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Sayğaca müdaxilə faktı Cavabdeh ASC-nin X1 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının rəyi ilə öz təsdiqini tapmışdır. Laboratoriya rəyinin nəticəsinə əsasən sayğacın hesablama mexanizmində müdaxilənin aşkar edilməsi bir daha onu sübut edirki sayğaca müdaxilə olunmuşdur. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə iş üzrə sübutları qiymətləndirməmiş və iş üzrə sayğaca müdaxilə faktını obyektiv araşdırmaq üçün ekspertiza təyin etməmiş, nəticədə maddi hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. Digər tərəfdən birinci instansiyası məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sayğaca müdaxilə faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab edilməsi barədə gəldiyi nəticə də tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci bəndində göstərilir ki, aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. Hazırki iş üzrə də iddiaçı tərəf cavabdeh tərəfin əməkdaşları tərəfindən obyektin su təchizatı sisteminə baxış keçirməsinə etiraz etməmişdir. Bundan əlavə də, obyektdə sudan səmərəsiz istifadə halı, qanunun müddəalarının pozulması halı öz təsdiqini tapmış və bunun qarşısı qanunvericiliyin tələblərinə uyğun alınmışdır. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşin mübahisəsiz hallarına görə, 11.05.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən cavabdehə məxsus obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə quraşdırılmış smart-tipli su sayğacının istismara və təmirə yararsız olması aşkar olunmuş, bu barədə 11.05.2018-ci il tarixli 05957/0034839 nömrəli rəy tərtib edilmiş, həmin rəy əsasında “Sudan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsinə uyğun olaraq iddiaçıya 4.104 manat məbləğdə dəymiş ziyan hesablanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, su təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan su sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2608/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1085/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1085/2021
18.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver