Məhkəmə qərarları › İş №2-2(103)-1087/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1087/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1087/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1588/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3855,09 manat (üç min səkkiz yüz əlli beş manat doqquz qəpik) məbləğində əsas borc, 1734,79 manat (min yeddi yüz otuz dörd manat yetmiş doqquz qəpik) məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 5589,88 manat (beş min beş yüz səksən doqquz manat səksən səkkiz qəpik) məbləğində pul vəsaiti və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində xərcin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1588/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 3855,09 manat (üç min beş yüz əlli beş manat doqquz qəpik) borc, 200 (iki yüz) manat cərimə və 100 (yüz) manat mediasiya xərci olmaqla, 4155,09 manat (dörd min yüz əlli beş manat doqquz qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1588/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəməyə ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ödəniş cədvəlinə diqqət yetirilərsə aydın olar ki, xx.xx.2018- ci il tarixli “borcun etirafı və ödəniş qaydası” haqqında müqavilə etibarsızdır. Belə ki, ödəniş cədvəli qanunverciliyə uyğun formada tərtib edilməmiş və lazımi qaydada təsdiq edilməmişdir. Tərəfinzdən ilkin iddia üzrə iddiaçıya ödənişləri və ödəniş tarixlərini (o cümlədən aylar üzrə hansı vaxtlarda edilmiş ödənişləri və son ödəniş tarixini) əks etdirən ödəniş cədvəllərinin, ödəniş qəbzlərinin və eyni zamanda dəbbə pulunun hesablanması barədə cədvəlin təqdim edilməsi xahiş edilsə də yuxarıda qeyd etdiyi səbəblərdən qərəzli olaraq təqdim edilməmişdir. Heç bir hüquqi əhəmiyyəti olmayan (müəyyən olunmuş formada tərtib edilməyən və lazımi qaydada təsdiqlənməyən) ilkin iddiaçı tərəfindən təqdim edilən ödəniş cədvəlinə diqqət yetirilsə ödənişlərin belə Cavabdeh tərəfindən ödənilmədiyi aydın olar. Çünki ödəniş cədvəlindəki aylar üzrə ödəniş xronologiyasına baxılsa ödənişlərin müxtəlif şəxslər tərəfindən edildiyi açıq-aydın görünər. Mühüm hallardan biri də budur ki, həmin ödəniş cədvəlinin məhz xx.xx.2018-ci il tarixli “borcun etirafı və ödəniş qaydası” haqqında müqavilə ilə bağlı olub-olmaması barədə bilinmir. Həqiqətən bu ödənişlər həmin müqavilə üzrə keçirilibmi? X4, İsayev Fərhad, Cəbrayıl Əliyev, İlkin Nurəliyev, Ələkbər Gülalıyev və digər şəxslər tərəfindən ödənildiyi görünür. Cavabdeh tərəfindən mübahisələndirilən müqavilə üzrə hər hansı bir məbləğdə ödəniş həyata keçirilməyib. İlkin iddia üzrə iddiaçı bunu təsdiq edən hər hansı sübut və ya ödəniş qəbzi təqdim edə bilməyib. Bütün bunlar onu göstərir ki, ilkin iddia üzrə iddiaçı yalnız müqavilə təqdim edərək ilkin iddia üzrə cavabdehdən pul tələb edir. Halbuki bu borcun yaranması mənbəyi (necə və hansı şəkildə yaranması) barədə hər hansı bir sübut təqdim etmir, məhkəmə iclasında iddiaçının nümayəndəsinə verilmiş suallar cavabsız qalmışdır. Təqdim edilən ödəniş cədvəlinə əsasən (əgər buna sübut demək olarsa) ödənişlərin digər şəxslər tərəfindən edildiyi açıq aydın görünür. Ödəniş cədvəlinin həmin müqavilə ilə birbaşa əlaqəli olub-olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə tərəfindən qeyd edilən sübutlara qiymət verilməmişdir. Kommersiya mübahisəsi üzrə iş materiallarında ilkin iddia üzrə İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi verilərkən iddia ərizəsinə əlavə edilmiş əmək müqaviləsi bildirişi mövcuddur. Həmin əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-də merçendayzer vəzifəsində çalışmışdır. Buradan da aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “borcun etirafı və ödəniş qaydası” haqqında müqavilə üzrə borc əmək münasibətlərindən yaranmışdır. Əmək müqaviləsi bildirişi bunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu sözü gedən qərarında qərara almışdır: - Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir; - Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iş üzrə ədalətli məhkəmə araşdırması aparılmamış, borcun yaranma mənbəyi aydınlaşdırılmamışdır. Belə ki, təkcə bu hal araşdırılsaydı işin həqiqi tərəfi üzə çıxmış olardı. Lakin Bakı Kommersiya Məhkəməsi tərəfindən kobud pozuntuya yol verilmişdir. İşin faktiki hallarından da göründüyü kimi ilkin iddia üzrə Cavabdeh borcunun yaranması mənbəyi barədə sübutun ilkin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi xahiş edilmişdir, lakin məhkəmə iclasında iştirak edən İddiaçıMMC-nin nümayəndəsi tərəfindən qərəzli olaraq bu barədə hal-hazırdək hər hansı bir sübut təqdim edilməmişdir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, verilmiş vəsatətlər təmin edilməmiş, qüvvədə olan prosessual normalar düzgün tətbiq edilməmişdir. Bu hissədə Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbini pozan məhkəmə cavabdehin hüququnu qoruyaraq ədalətsiz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

15. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

16. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.

17. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

18. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində mahiyyəti üzrə düzgündür.

22. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən borclu kreditora 9780,09 manat borcun yarandığını tam etiraf etmiş, 48 aya 9780,09 manat borcun yarandığı, həmin məbləği xx.xx.2024-cü il tarixinədək hər ay 203,75 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Borclu tərəfindən müqavilə üzrə öhdəliklər qismən icra edilmiş və onun 3855,09 manat məbləğində qalıq borcu yaranmışdır.

23. İddia tələbinin bir hissəsini cavabdehdən 3855,09 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması təşkil edir.

24. Cavabdeh borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin onun tərəfindən imzalanmadığını bildirmiş və bununla bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/894 saylı ekspert rəyində borcun etirafı və ödəniş qaydası haqqında xx.xx.2018-ci il tarixli müqavilədə “borclu” bölməsində “Cavabdeh” sözlərinin qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunduğu qeyd edilmişdir.

25. Məhkəmə qanunvericilik normalarını, cavabdehin borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh borca görə 3855,09 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin digər hissəsini 1734,79 manat cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

26. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu sözü gedən qərarında qərara almışdır: - Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.

27. Cavabdehin mövqeyinə görə qeyd edilən qərara əsasən tərəflər arasında borcun etirafı haqqında müqavilə bağlana bilməzdi. Bununla əlaqədar qeyd edilməlidir ki, adıçəkilən qərar işçinin işəgötürənə vurduğu ziyanla bağlı hüquq münaibətləri ilə bağlı olduğundan və hazırkı iş üzrə tərəflər arasında borc hüquq münasibətləri yarandığından məhkəmə tərəfindən haqlı olaraq həmin qərar işə tətbiq edilməmişdir.

28. Apellyasiya şikayətində növbəti dəlil kimi ödənişlərin edilməsi barədə iddiaçı tərəfin sübutların təqdim edilməsi barədədir. Cavabdeh bu barədə məhkəmədə vəsatət vermişdir. Cavabdeh bu ödənişləri etmədiyini bildirir.

29. Cavabdehin bu mövqeyi mübahisənin həlli baxımından hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçı 9780,09 manat borcdan yalnız 3855,09 manat hissəsini tələb etmişdir. İddiaçı ödənilmiş borcu tələb etmədiyindən bu borcun kim tərəfindən ödənilməsi işin nəticəsinə təsiri yoxdur.

30. Cavabdeh şikayətdə qeyd edir ki, digər şəxslər ödənişi ediblər.

31. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

32. Qeyd edilən maddənin tələbinə əsasən üçüncü şəxslərin borclunun əvəzinə öhdəliyi icra etməsi mümkündür. Ona görə bu hal mübahisə predmeti olan müqavilənin etibarsızlığına təsir etmir. Cavabdeh şikayətdə müqavilənin etibarsızlığına istinad etmişdir.

33. Cavabdeh şikayətdə israrla borcun yaranma mənbəyi barədə sübutun iddiaçı tərəfindən təqdim edilmədiyini bildirir. Cavabdehin bu etirazı mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazdır.

34. Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

35. Cavabdehin qeyd edilən maddənin tələbinə əsasən mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

36. Dəbbə pulunun hesablanması qaydası müqavilədə təsbit edildiyindən iddiaçı tərəfindən əlavə sübutun təqdim edilməsinə zərurət yoxdur.

37. Qeyd edilənlərə əsasən borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən məhkəmənin iddianı qismən təmin etməsi barədə gəldiyi nəticə qanunvericiliyin tələbinə uyğundur. Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərinə riayət etmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1588/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar