Məhkəmə qərarları › İş №2-2(103)-1088/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1088/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1088/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3061/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. "xxxx" ASC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəyə götürən) arasında imzalanmış 01 avqust 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, ASC-nin keçmiş Mexaniki Təmir sexinin korpusunda olan Metal model sahələrinə aid olan hissəsini İcarəyə götürən müxtəlif çeşiddə mexaniki emal işlərini həyata keçirmək üçün icarəyə götürərək, burada özünəməxsus avadanlıqları (1 ədəd Frez dəzgahı – COLET 160) quraşdıraraq fəaliyyət göstərəcək və ASC-nin sifarişi ilə xüsusi şərtlər əsasında ona haqqı ödənilən işlər görəcək, xidmətlər göstərəcəkdir. Müqavilə əsasında nəzərdə tutulmuş icarə haqqı və ya digər xərclər ayda bir dəfə icarəyə götürən tərəfindən ödənilməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən “İcarəyə götürən” ümumi sahəsi S=150m2 olan icarə sahəsinə görə icarə haqqını ƏDV ilə birlikdə müəyyən edilmiş 200 AZN məbləği ASC-nin kassasına hesabat ayının 25-i tarixinə kimi nəğd və ya köçürmə yolu ilə ödəməyə borcludur. Müqavilənin (İcarə müqaviləsinin şərtləri) 1.1-ci bəndinə əsasən icarəyə götürülən sahədə “icarəyə götürən” yalnız müxtəlif çeşiddə mexaniki emal işlərini həyata keçirmək üçün istifadə edir və bu sahədə mövcud qanunvericiliyə zidd və ya icarəyə verənin iqtisadi maraqlarına zidd fəaliyyət göstərməməlidir, icarəyə verilmiş sahədə dəyişiklik etmək, ancaq icarəyə verən tərəfin razılığı ilə həyata keçirilə bilər, eyni zamanda icarəyə götürdüyü ərazilərdə olan avadanlıqların qorunub saxlanmasına cavabdehdir. Müqavilənin 1.8-ci bəndinə əsasən müqavilə müddəti başa çatdıqda və ya müqavilə ləğv edildikdə icarəyə götürən icarəyə götürdüyü sahəni ASC-nin sədrinin müavininə müvafiq aktla istifadəyə yararlı vəziyyətdə təhvil verdikdən və icarəyəverənə olan borclarını tam ödədikdən sonra bu müqavilə öhdəliyindən tam azad olur. Müqavilənin 1.10-cu bəndinə əsasən bu müqavilə xx.xx.2017ci ildən xx.xx.2018-ci il tarixinədək qüvvədədir.

2. Cavabdeh MMC tərəfindən təqdim edilmiş video çəkilişlərdən görünür ki, birinci videoda dəzgah yeni quraşdırıldığı vaxtdır, işlək vəziyyətdədir, ətrafında maneə olan əşyalar yoxdur, ikinci videoda isə dəzgahın ətrafına kənar əşyalar və başqa maneələr yığılmış, sexin dəzgahın yerləşdiyi hissəsinin ətrafı bağlanmışdır.

3. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, dəzgahın ətrafında və üzərində olmuş kənar əşyalar götürülmüş, avadanlığın ətrafı boşaldılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və 80 ay ərzində icarə haqqına görə yaranmış 16.000 manat borcun və 138 manat dövlət rüsumunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “ünvan 1 ünvanda yerləşən keçmiş Mexaniki Təmir sexinin korpusunda Metal model sahələrinə aid olan hissəsini xx.xx.2017ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-yə icarəyə vermişdir. Həmin gündən “İcarəçi” özünə məxsus “COLET-160” markalı frez dəzgahını qeyri-yaşayış sahəsində quraşdıraraq oradan istifadə edir. İcarə müqaviləsində göstərilmişdir ki, "xxxx" ümumi sahəsi S=150 kv.m olan icarə sahəsinə görə icarə haqqını ƏDV ilə birlikdə müəyyən edilmiş 200 manat məbləği ASC-nin kassasına hesabat ayının 25-i tarixinə kimi nağd və ya köçürmə yolu ilə ödəməyə borcludur (Bənd 2.1). Müqavilə müddəti başa çatdıqda və ya müqavilə ləğv edildikdə "xxxx" icarəyə götürdüyü sahəni ASC-nin sədrinin müavininə müvafiq aktla istifadəyə yararlı vəziyyətdə təhvil verdikdən və “İcarəyəverənə” olan borclarını tam ödədikdən sonra bu müqavilə öhdəliyindən tam azad olur. Cavabdeh MMCnin rəhbərliyinə dəfələrlə icarə haqqını və ƏDV-ni ödəməsi tələb edilsə də, bir müddət vaxt istəmiş, sonradan isə icarə haqqını ödəməmişdir. Bundan sonra cavabdeh MMC-yə həmin vaxtda yaranmış cəmi 15817 manat icarə haqlarının 10 gün müddətində ödənilməsini təmin edərək, “COLET-160” markalı frez dəzgahını sexin ərazisindən çıxarılması barədə hüquqi şəxsin qeydiyyata alındığı ünvana xx.xx.2024-cü il tarixdə pretenziya/xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh MMC xx.xx.2024-cü il tarixdə pretenziyanı rəsmi olaraq qəbul etsə də, icarə haqqını könüllü ödəməkdən yayınmış və icarə müqaviləsinin ləğv edilməsinə dair münasibət bildirməmişdir. Daha sonra cavabdeh MMC-nin elektron ünvanına pretenziya və iddia ərizəsinin sürəti göndərilmişdir. Hal-hazırda isə ASC-yə cavabdeh MMC-nin 16.000 manat borcu vardır.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 427.3, 442.1, 675, 700.1-ci maddələrinə istinad olunmuşdur.

7. Cavabdeh iddia tələbinə münasibətdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən cavabdeh öz hesabına emal üçün lazım olan texnikanı 200000 avro ödəyərək almışdır. Müqaviləyə əsasən cavabdeh onlara 1 ton üçün 500 manat olmaqla ayda 200 ton çuqun emal etməli idi. Lakin onlar müqavilənin şərtlərini pozaraq həmin məbləği ödəməmişlər. Buna əsasən cavabdehin onlara icarə haqqı olaraq ödəməli olduğu 200 manat ödəməmişdir. İddiaçı tərəf onun texniki avadanlıqlarının yerləşdiyi yeri zəbt etmiş, onun çox baha qiymətə aldığı texnikanın yararlı hissələrini götürmüşdür. Cavabdehə işləmək imkanı verməmişlər. İddiaçı tərəf daxili qərar çıxararaq onun texnikasını metalloma vermək qərarına gəlmişdir. 01 oktyabr 2015-ci ildə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya 200 manat ödəməli idi. Lakin bunun üstündən 9 il keçmişdir. İddiaçı həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373, 375.2-ci maddələrinin tələblərini də pozmaqla iddia tələbi də irəli sürmüşdür. Beləliklə iddiaçının iddiası ilə razı deyil, cavabdehin ona heç bir borcu yoxdur, əksinə iddiaçı cavabdehə xeyli miqdarda vurduğu zərərə görə pul vəsaiti ödəməlidir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3061/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ASC-nin keçmiş Mexaniki Təmir sexinin korpusunda olan Metal model sahələrinə aid olan hissəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə nəzərdə tutulmiş icarə haqqı məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq icarə haqqının dəyərini tələb etmək hüququ olsa da, iddiaçı tərəf MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymamışdır. Ona görə ki, iddiaçı MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdehlə bağlanmış icarə müqaviləsinin müddəti 2018-ci ildə bitdikdən sonra hər il ardıcılıq olaraq cavabdehə müraciət edərək, icarə haqqını və ƏDV-ni ödənilməsini, həmçinin icarə sahəsində ona aid olan avadanlıqların çıxarılmasını tələb etdiyini qeyd etmişdir. Bu isə o deməkdir ki, iddiaçı müqavilənin tərəfi olaraq İcarəyəverən kimi müqavilənin müddətinin uzatmaq niyyətində olmamış, xx.xx.2018-ci il tarixindən sonra tərəflər arasında icarə münasibətləri davam etməmişdir. Çünki cavabdehə məxsus dəzgah iddiaçının sexində olsa da, cavabdeh həmin sexdən istifadə etməmiş, onun dəzgahının ətrafına və üzərinə kənar əşyalar qoyularaq istifadəsinə maneə yaradılmış, həmçinin müqavilə müddəti başa çatdıqdan sonra iddiaçı dəzgahın çıxarılmasını tələb etmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatda da qeyd etmişdir ki, icarə müqaviləsi bağlandıqdan sonra o, həmin avadanlıqdan ümumiyyətlə istifadə etməmişdir. Təqdim edilən video çəkilişlərdən göründüyü kimi icarə obyektində olan dəzgahın ətrafı başqa maneələrlə əhatə olunmuş, dəzgahın istifadəsi mümkünsüz olmuş, həmin çəkilişdən sonra iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdə avadanlığın (dəzgahın) ətrafında olan kənar əşyalar və maneələr götürülmüşdür. Bu səbəbdən iddiaçının cavabdehdən müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tarixindən sonra icarə haqqını tələb etməsi əsassızdır. Həmçinin iddiaçının icarə müqaviləsinin ləğvi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında icarə müqaviləsi xx.xx.2018-ci il tarixdə başa çatdığından və müqavilə müddəti uzadılmadığından həmin müqavilə qüvvədən düşdüyü üçün onun ləğv edilməsinə zərurət qalmamışdır. Cavabdeh MMC iddia müddətinin tətbiqi barədə ərizəsində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətinin keçdiyini bildirmiş, iddiа müddəti keçdiyi üçün iddianın təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğunu qeyd etmişdir. Məhkəmə Cavabdeh MMC tərəfindən təqdim edilmiş ərizəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixində bitmiş, daha sonra tərəflər müqavilə müddətinin uzadılmasında maraqlı olmamış, faktiki olaraq icarə münasibətləri davam etməmiş, yəni həmin müqavilə üzrə icarə haqqının ödənilməsi barədə tələblər üzrə iddia müddətinin axımı xx.xx.2018-cü il tarixdə başlanmış, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır.

10. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, iddia ərizəsində və ona edilən etirazda göstərilənləri qanunda nəzərdə tutulmuş qaydada araşdırmamış və həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Müqavilənin icrasından tərəflər birtərəfli imtina etməmişlər və bu barədə razılığa dair sənəd iş materiallarında mövcud deyildir. Ona görə də icarə müqaviləsi ləğv edilmədiyi üçün müqavilənin ləğv edilməsinə dair Məhkəməyə müraciət olunmuşdur. Məhkəmə, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 1-ci və 5-ci bəndlərinə, Mülki Məcəllənin 421.3-cü, 374.1-ci maddəsinə və İcarə müqaviləsinin 1.8-ci bəndinə əsaslanmamışdır. İcarəçi, icarə müqaviləsinin şərtlərini pozduğuna görə icarəyə verən icarə müqaviləsinin ləğv edilməsinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İş materiallarında müqaviləyə xitam verilməs haqqında tərəflərin heç birinin ərizəsi mövcud deyildir və icarə müqaviləsində göstərilmişdir ki, müqavilə müddəti başa çatdıqda və ya müqavilə ləğv edildikdə "xxxx" icarəyə götürdüyü sahəni ASC-nin sədrinin müavininə müvafiq aktla istifadəyə yararlı vəziyyətdə təhvil verdikdən və “İcarəyəverənə” olan borclarını tam ödədikdən sonra bu müqavilə öhdəliyindən tam azad olur (Bənd 1.8). Həmin Qanunun göstərilən normasına əsasən müqavilənin müddəti davam edir. Bununla yanaşı Müqavilənin həmin bəndinə görə icarəsi üzərinə düşən öhdəliklərdən azad oluna bilməz. hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir (Maddə 374.1). İcarə müqaviləsində göstərilmişdir ki, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər (Maddə 13, bənd 5) İcarəyə verənin, İcarə müqaviləsinin şərtlərinə əməl etməsinə və icarəyə götürdüyü qeyri-yaşayış sahəsində avadanlıqlarını çıxartmasına dair İcarəçiyə edilən təklifini, cavabdehin isə müqaviləyə xitam verildiyini bildirməsə də, Məhkəmə, özbaşına olaraq İcarə müqaviləsinə xitam verildiyini bildirərək, həmin İcarə müqaviləsinin 1.8-ci bəndinə, “İcarə haqqında” qanunun 13-cü maddəsinin 5-ci bəndinə və Mülki Məcəllənin 374.1-ci maddəsinə əhəmiyyət verməmişdir. Məhkəmə, tərəflərin icarə müqaviləsinin ləğv edilmədiyinə dair izahatına və müqavilənin ləğv edilməsinə dair iş materiallarına hər hansı bir sübutların olmadığını müəyyən etsə də, qanunsuz olaraq həmin müqavilənin ləğv edildiyini qeyd etmişdir. Hesab edir ki, icarə müqaviləsində göstərilən ödəliklər və iş materiallarına əlavə edilən sənədlər işin nəticəsinə uyğun gəlmədiyinə görə həmin qətnamə qanuni və əsasslı sayıla bilməz. İş materiallarında görünür ki, İcarəyəverən mülkiyyətində olan qeyri-yaşayış sahəsini qanunda nəzərdə tutulmuş qaydada təsdiq edilmiş icarə müqaviləsi ilə icarəyə verilmiş və icarəçi həmin sahəni müqaviləyə uyğun olaraq təhvil alaraq istifadəsində olan avadanlığı həmin sahədə quraşdırmışdır. Məhkəmə isə iş materiallarında olan sübutlara qiymət vermək əvəzinə cavabdehin yanlış məlumatlarına əsaslanmaqla yanaşı “İcarə haqqında” qanunun və Mülki Məcəllənin tələblərinə əməl etməmişdir. Halbuki, icarə müqaviləsinin müddətinin bitməsini tərəflər bildirməmiş və iş materiallarında bu barədə heç bir sənəd mövcud deyildir. İcarəçi yalnız İcarəyəverəndən əmlaklarının çıxarılmasına möhlət istəmişdir və məhkəmə iclasında tək istəyinin avadanlığı parçalamadan satıb iddiaçıya pul ödəyib icarəyə verilmiş sahədən çıxmaq olduğunu göstərmişdir. Eyni zamanda məhkəmə iclasında yenidən 6 ay möhlət istəmişdir. Məhkəmə isə göstərilənləri aydınlaşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

14. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.1-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq

15. Mülki Məcəllənin: - 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. -380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. – 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -685.2-ci maddəsinə görə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: -685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; -685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. -697.1.-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. -697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. -700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər.

16. “İcarə haqqında” AR Qanununun: -13.5-ci maddəsinə görə müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.

17. MPM-in: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

18. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

20. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmişdir. Kollegiya göstərilən halı, eləcə də iddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməli, cavabdehdən iddiaçının xeyrinə 7200 manat məbləğində pul vəsaiti tutulmalı, qalan hissədə iddia rədd edilməlidir.

25. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “ünvan 1 ünvanında yerləşən keçmiş mexaniki təmir sexinin bir hissəsini Cavabdeh MMC-yə icarəyə verməyi, cavabdeh isə sexin icarəsinə görə aylıq ƏDV daxil 200 manat məbləğində icarə haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən icarə sahəsi cavabdehin istifadəsinə verilmiş, cavabdeh isə özünə məxsus avadanlığı həmin sahədə yerləşdirmiş,lakin müqavilə bağlandığı tarixdən etibarən icarə haqqını ödəmək öhdəliklərini icra etməmişdir. Cavabdehə məxsus avadanlıq hal-hazıradək icarə obyektində saxlanılır.

26. Hazırda iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və 80 aylıq müddət üçün icarə haqqının cavabdehdən tutulmasını tələb edir.

27. Məhkəmə kollegiyası ilk növbədə iddianın müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli müqaviləyə xx.xx.2018-ci il tarixdə müqavilə müddətinin qurtarması əsası ilə icarə müqaviləsinə xitam verilməsi barədə qənaətə gəlmişdir.

28. Halbuki “İcarə haqqında” AR Qanununun 13.5-ci maddəsinin tələblərinə əsasən icarə müqaviləsində müəyyən edilmiş icarə müddəti bitdikdə müqaviləyə avtomatik olaraq xitam verilmir. Əksinə tərəflərdən birinin müqavilənin xitam verilməsi barədə ərizə verildiyi hallar istisna olmaqla müqavilənin müddəti eyni müddətə uzadılmış hesab edilir. Hazırkı halda isə müqavilənin müddəti bitdikdə tərəflərdən hər hansı birinin müqaviləyə xitam verilməsi barədə ərizə verməsi iş materialları ilə müəyyən edilmir.

29. Digər tərəfdən avadanlığın icarə sahəsindən çıxarılması barədə cavabdehə dəfələrlə müraciət etməsi, bununla bağlı tərəflər arasında dəfələrlə danışıqların aparılması barədə iddiaçının verdiyi izahata münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birincisi, iddiaçının pretenziya məktubu göndərildiyi tarixədək icarə sahəsinin boşaldılması barədə cavabdehə yazılı qaydada müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının izahatlarına əsasən həmin müraciətlərin tarixləri və dəqiq dəqiq məzmunu (müqavilənin ləğvinə yönəldilib-yönəldilməməsi) barədə hər hansı nəticəyə gəlmək mümkün deyil. İkincisi, icarə sahəsinin boşaldılması barədə iddiaçının ehtimal olunan müraciətlərindən sonra cavabdehin uzun müddət ərzində icarə sahəsini boşaltmaması, iddiaçının isə icarə sahəsinin boşaldılması barədə rəsmi bildirişlər göndərməməsi, məhkəməyə müraciət etməməsi və sahənin boşaldılması üçün hər hansı digər tədbirləri görməməsi, tərəflər arasında icarə münasibətlərinin hər iki tərəfin razılığı ilə davam etməsinə dəlalət edir. Odur ki, iddiaçının cavabdehin tərəflər arasında icarə sahəsinin boşaldılması barədə əvvəlki müraciətlərinin icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə iradəsinin ifadəsi kimi qiymətləndirilməsi üçün əsaslar yoxdur.

30. Bununla yanaşı o da qeyd edilməlidir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə avadanlığın icarə sahəsindən çıxarılması barədə iddiaçıya pretenziya məktubu göndərmişdir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, bildirişin göndərildiyi tarixə cavabdehin icarə müqaviləsi üçün 6 illik icarə haqqı borcu mövcud olmuş, başqa sözlə desək cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, həmin məktubla iddiaçı icarə müqaviləsinin ləğv edilməsi niyyəti barədə iradəsini qarşı tərəfə çatdırmaqla Mülki Məcəllənin 421.2-ci maddəsində göstərilən qaydada müqaviləni birtərəfli qaydada ləğv etməkdə haqlı olmuşdur.

31. Beləliklə, müqavilənin ləğv edilməsi hissəsində iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir.

32. İddianın icarə haqqı tələbinə dair hissəsinə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, icarə sahəsi müqavilənin bağlandığı vaxtdan tarixdən etibarən icarəçinin istifadəsinə verilmiş və cavabdeh həmin vaxtdan özünə məxsus olan avadanlığı icarə sahəsini yerləşdirmişdir.

33. Digər tərəfdən avadanlıqdan bir gün də istifadə etməməsi, ona icarə sahəsindən istifadə etməsinə maneələr yaradılması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, icarə haqqı icarəçinin icarə obyektindən istifadə etməsinə görə deyil, icarə obyektinin icarəverən tərəfindən icarəçinin sahibliyinə və istifadəsinə təqdim edilməsinə görə ödənilən haqdır. Odur ki, icarə obyektinin qüsurları nəticəsində icarə obyektindən istifadə edilməsinin qeyri-mümkün olması halları istisna olmaqla icarəçinin icarə obyektindən faktiki istifadə etməməsi onu icarə haqqını ödəmək öhdəliyinin azad etmir.

34. İkincisi, hazırkı halda cavabdehə məxsus avadanlığın icarə sahəsinə yerləşdirilməsi və hal-hazıradək həmin avadanlığın həmin sahədə qalması icarəçinin icarə sahəsindən istifadə etməsinə dəlalət edir.

35. Üçüncüsü, icarə sahəsindən istifadə etməsinə iddiaçının maneələr yaratması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh iddiaçının onun icarə sahəsinə daxil olmasına icazə verməməsini iddia etsə də, həmin halı, o cümlədən avadanlığın icarə sahəsində saxlandığı 7 illik müddət ərzində iddiaçının icarə sahəsindən və avadanlıqdan istifadəsinə maneələrin törədilməsi ilə bağlı iddiaçıya etiraz etməsi, öz narazılığını hər hansı formada bildirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi videoyazılara münasibətdə isə qeyd edilməlidir ki, həmin videoyazılara əsasən yalnız avadanlılığın ətrafında digər mal-materialların yerləşdirildiyi görünür ki, həmin mal-materiallarının kim tərəfindən yerləşdirilməsini, eyni zamanda həmin mal-materialların avadanlığın işləməsi üçün maneə törətməsini müəyyən etmək qeyri-mümkündür. Əksinə həmin videoyazının aparılması faktı özü-özlüyündə cavabdehin icarə sahəsinə daxil olmasına və belə olan halda sahədən istifadə etməsinə hər hansı maneənin olmamasını təsdiq edir.

36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, icarə sahəsi cavabdehin istifadəsinə verildiyindən və cavabdehin həmin sahədən istifadəsinə hər hansı maneələrin olması, eləcə də cavabdehin icarə sahəsini iddiaçıya qaytarması isə iş materiallarına əsasən öz təsdiqini tapmadığından iddiaçı icarə müqaviləsinin bağlandığı tarixdən müqavilənin ləğv edildiyi tarixədək - xx.xx.2024-cü il tarixədək olan müddət üçün Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə haqqının, icarə müqaviləsinə xitam verildikdən sonra icarə sahəsi icarəyə verənə qaytarılmadığından həmin tarixdən iddia ərizəsinin verildiyi tarixədək olan müddət üçün isə Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən kompensasiya qismində icarə haqqı ödənilməsini tələb etməkdə haqlıdır.

37. Bundan əlavə kollegiya onu da qeyd edir ki, cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində hər ay üçün icarə haqqının həmin ayın 25-dək icarəyə verənə ödənilməli olması nəzərdə tutulmuş, yəni aylıq icarə haqqının ödənilməsi öhdəliyinin icrası müddəti müəyyənləşdirilmişdir. Belə olan halda isə Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən hər ay üçün icarə haqqının ödənilməsi tələbi üzrə iddia müddətinin axımı icra müddəti bitdiyi tarixdən növbəti gündən, yəni müvafiq ayın 26-dan başlamışdır. Digər tərəfdən müvafiq tələblər üzrə iddia müddətinin axımı başladığı tarixdən etibarən cavabdeh tərəfindən icarə haqqı borcundan hər hansı ödəniş edilməmiş və ya borc başqa formada etiraf edilməmiş, yəni iddia müddəti ərzində iddia axımının kəsilməsi üçün əsas olan hər hansı hal baş verməmişdir. Göstərilən hallar isə ona dəlalət edir ki, iddia qaldırınadək olan son 3 ildən əvvəlki dövr üçün icarə haqqı tələbi üzrə iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır.

39. Odur ki, iddiaçının iddia qaldırılmamışdan əvvəlki 3 illik (36 aylıq) dövr üçün icarə haqqı tutulması hissəsində iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 7200 (36x200 manat) manat məbləğində icarə haqqı tutulmalı, qalan hissədə isə iddia iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, icarə müqaviləsi ləğv edilmiş hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 7200 manat məbləğində pul vəsaiti tutulmalı, qalan hissədə iddia rədd edilməlidir.

41. İddia verilərkən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri MPM-in 119.1-ci maddəsinə əsasən tərəflər arasında bölüşdürülməli və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

42. Apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3061/2024 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 7200 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar