Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1092/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6098/2022 nömrəli iş üzrə 12 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı (cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) məhkəməyə müraicət edərək, onun "xxxx" filialı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli SMN- 00001-13/20A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 6.283,02 manat əsas borc, 1.908,32 manat faiz borcu, 1.536,06 manat dəbbə borcu, ümumilikdə 9.727,4 manat məbləğdə borcun, ilk mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 18,28 manat dövlət rüsumu və 0,4 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun cavabdeh MMC-dən onun xeyrinə tutulması, onunla cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli SMMG-00001-13/20A nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Ağdaş rayonu Məşəd kəndində 0,2 ha torpaq sahəsi və onun üzərində olan 88,5 kv.m. ümumi, 74,5 kv.m. əsas, 14 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh MMC-dən tutulması, qeyriyaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadın əsaslarına görə, “Mülki Qanunvericiliyin yuxarıda göstərilən normasında (Mülki Məcəllənin 423-cü maddəsi) imperativ qaydada müəyyən edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddiaçı qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl etmədən, həmin normanın qeyd olunan şərtlərinə əməl etmədən bilavasitə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh1nə xx.xx.2020-ci il tarixli SMN-00001-13/20A saylı kredit müqaviləsinin ləğv edilməsi barədə təklif irəli sürməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədən məhkəməyə verildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. ... Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanun normalarının tələblərindən görünür ki, bütün növ kommersiya mübahisələri üzrə tərəflərin mediasiya prosesində iştirakı məcburidir. Kommersiya mübahisəsi üzrə tərəflər yalnız müvafiq mediasiya prosesində iştirak etdikdən sonra mediator tərəfindən tərtib edilmiş sənədi əlavə etməklə məhkəməyə müraciət edə bilər. Lakin mediator tərəfindən tərtib edilmiş sənəd iddia ərizəsinə əlavə olunsa da, həmin sənəddən görünür ki, iddia tələbi üzrə yalnız kredit borcunun ödənilməsi hissəsində ilkin mediasiya prosesi keçirilmiş, tələbin digər hissələri ilə bağlı ilkin mediasiya prosesi keçirilməmişdir.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda (Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qayda) prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşımaqla, bununla bağlı iddiaçının cavabdehə göndərdiyi bildirişin forması hər hansı əhəmiyyət kəsb etməməkdədir. Başqa sözlə, əgər müvafiq bildirişdə cavabdehin öz öhdəliyinə əməl etmədiyi irəli sürülərək bu halın davam edəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə bəyanat (iradə ifadəsi) yer alırsa və bu bildirişi almış cavabdeh mübahisənin məhkəmə müstəvisinə çıxmaması üçün hər hansı aktiv hərəkət nümayiş etdirmirsə, sözügedən qaydaya əməl olunmadığına dair gəlinən qənaət yalnız formal yanaşma kimi qiymətləndirilə bilər. Bu mənada hesab edir ki, borc məbləği ödənilməyəcəyi halda müqavilənin xitam olunması ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə bağlı müraciət ediləcəyi barədə cavabdehin məlum olan ünvanına bildiriş göndərmiş və cavabdehdən hər hansı cavab almadığı (cavabdehin öz ünvanında yaşayıb-yaşamamasından asılı olmayaraq) üçün məhkəmədə iddia qaldırmış iddiaçı həmin qaydaya əməl etmiş hesab olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MPM-in 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddiaçı qanunvericiliyin qeyd olunan imperativ göstərişlərinə əməl etmədən birbaşa məhkəməyə müraciət etmişdir, onun cavabdehə xx.xx.2022-ci il tarixli bildirişi isə Mülki Məcəllənin 423.2-ci maddəsində təsbit olunan təklifi ehtiva etmir. MPM-in 152.1.6-ci maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6098/2021 nömrəli iş üzrə 12 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı Bank "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1092/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1092/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver