Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1092/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: pul tələbi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-3447/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Əmək müqaviləsinə xitam verilməsi barədə xxxxxxx0007X0 nömrəli əmək müqaviləsi bildirişinə görə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 a, tərəflərin birinin təşəbbüsü ilə İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə xitam verilmişdir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə xxxxxxx0008X0 nömrəli əmək müqaviləsi bildirişinə görə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 a, tərəflərin birinin təşəbbüsü ilə İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə xitam verilmişdir.
3. Əmək müqaviləsinin bağlanması ilə bağı xxxxxxx000700 nömrəli əmək müqaviləsi bildirişinə görə Cavabdeh ilə xx.xx.2022-ci il tarixində əmək müqaviləsi (məşğulluq təsnifatı üzrə: Baş mühasib, əmək müqaviləsi üzrə: baş mühəndis) bağlanmışdır.
4. Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000800 nömrəli əmək müqaviləsi bildirişinə görə Cavabdeh ilə xx.xx.2022-ci il tarixində əmək müqaviləsi (məşğulluq təsnifatı üzrə: İcraçı Direktor, əmək müqaviləsi üzrə: Direktor) bağlanmışdır.
5. İddiaçı və cavabdeh arasında bağlanmış əmək müqavilələrinə əsasən cavabdehin direktor kimi əmək haqqı məbləğinin 1000 manat, baş mühasib kimi əmək haqqının məbləğinin 400 manat olması razılaşdırılmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsassız olaraq şəxsi kartına köçürülmüş 6375.25 manat, işsizlik üzrə 109.64 manat, icbari tibbi sığorta üzrə 479.72 manat, məcburi dövlət sosial sığorta haqları üzrə 5006.11 manat, bank əməliyyatlarına görə 63.75 manat, bank komissiyası və mühasibatlıq şirkətinə ödənilmiş 944 manat, vergi ödəmələri vaxtında ödənilmədiyi üçün MMC-yə hesablanmış 4918.42 manat olmaqla ümumilikdə 17896.89 manat məbləğində dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız olaraq şəxsi kartına köçürülmüş 6375.25 manat, işsizlik üzrə 109.64 manat, İTS üzrə 479.72 manat, məcburi sosial ayırma üzrə 5006.11 manat, bank əməliyyatlarına görə 63.75 manat, bank komissiyası və mühasibatlıq şirkətinə ödənilmiş 944 manat, vergi ödəmələri vaxtında ödənilmədiyi üçün iddiaçıya hesablanmış 4918.42 manat olmaqla, ümumilikdə 17896.89 manat məbləğində dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 31 mart 2022-ci il tarixində İddiaçı MMC-nin “baş mühasib”i vəzifəsinə təyin edilmişdir. “baş mühasib” vəzifəsinə 400 AZN vəzifə maaşı müəyyən edilmişdir. Tərəflər arasında əldə olunmuş razılığa əsasən İddiaçı MMC-nin təsisçilərinin qərarı ilə Cavabdeh 500 AZN vəzifə maaşı müqabilində 10 may 2022-ci il tarixdən Cəmiyyətin direktor vəzifəsinə təyin edilmişdir. Tərəflərin razılığına əsasən, Cavabdeh həm direktor olmaqla mühasibat işlərini də həyata keçirməli idi. Cavabdeh direktor olduğu müddətdə vəzifələrindən sui-istifadə edərək özünə Direktor vəzifəsinə görə 1000 AZN əmək haqqı müəyyən etmiş və “baş mühasib” ştatını olduğu kimi saxlamışdır. Eyni zamanda vəzifəsindən sui-istifadə edərək öz şəxsi maşının aylıq yanacağının dəyərini müəsisənin vəsaiti hesabına həyata keçirmişdir. Bundan başqa şirkətə daxil olmuş vəsaitlər hesabına müxtəlif formalarda öz xeyrinə, şəxsi kartına vəsaitlər ödəmişdir. Audit yoxlaması nəticəsində məlum olmuşdur ki, cavabdeh tərəfindən hər ay təsisçiyə təqdim edilmiş bank çıxarışları həqiqəti əks etdirməmiş, cavabdeh tərəfindən özünə ödənilmiş əmək haqqı adı altında əlavə vəsaitlər öz əksini tapmamışdır. Audit rəyindən həmçinin mühasib tərəfindən görülmüş işlərin natamam olmaları, hesabatların yanlış tərtib edilmələri məlum olmuşdur. Cavabdeh müvafiq araşdırmalardan narahat olaraq təsisçinin razılığı və qərarı olmadan “direktor” vəzifəsi üzrə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə, “baş mühasib” vəzifəsi üzrə əmək müqaviləsinə isə audit yoxlamasının aparılmasından narahat qalaraq heç bir səlahiyyəti olmadan, heç kimə məlumat vermədən, özbaşına və heç bir təhvil-təslim aparılmadan xx.xx.2023-cü il tarixində xitam vermişdir. Cavabdeh tərəfindən özünə əsassız olaraq aşağıdakı vəsaitlər köçürülmüş və əlavə xərclərə səbəb olmuşdur: 2022-ci ilin may ayı üzrə 200 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 53.14 manat, icbari tibbi sığorta üzrə 8.50 manat, işsizlik sığortası üzrə 2.13 manat, 2022-ci ilin iyun ayı üzrə 300 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 81.72 manat, icbari tibbi sığorta üzrə 13.07 manat, işsizlik sığortası üzrə 3.27 manat, 2022-ci ilin iyul ayı üzrə 200 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 53.14 manat, icbari tibbi sığorta üzrə 8.50 manat, işsizlik sığortası üzrə 2.13 manat, 2022ci ilin avqust ayı üzrə 1625.25 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 606.36 manat, icbari tibbi sığorta üzrə 97.02 manat, işsizlik sığortası üzrə 24.25 manat, 2022-ci ilin sentyabr ayı üzrə 3800 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 1081.72 manat, icbari tibbi sığorta üzrə 173.07 manat, işsizlik sığortası üzrə 43.27 manat, 2022-ci ilin oktyabr ayı üzrə 250 manat məbləğində əlavə vəsait, həmin vəsaitə görə sosial ayırmalar üzrə 67.43 manat, icbari tibbi sığorta üzrə 10.79 manat, işsizlik sığortası üzrə 2.70 manat, bütün bu əməliyyatlara görə 63.75 manat bank komissiyası ödənilmişdir. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən ümumilikdə 8771.20 manat məbləğində zərər dəymişdir. Cavabdeh öz vəzifələrini də tam icra eləməmiş, dövlət büdcəsinə məcburi ödənişləri etmədiyindən Vergi orqanı tərəfindən müvafiq sərəncamlar verilərək şirkətin hesabından vəsaitlər, hesablanmış faizlərlə birlikdə silinmişdir. Halbuki işçilərə əmək haqqı ödənilərkən həmin əmək haqlarından tutulmalar edilməli və dövlət büdcəsinə ödənilməli idi. Beləliklə, şirkət hesabından işsizlik üzrə 109.64 manat, İTS üzrə 479.72 manat, məcburi sosialayırma üzrə 5006.11 manat məbləğində vəsait silinmişdir. Cavabdeh hesabat dövrü zamanı heç kəsi öncədən məlumatlandırmadan, özbaşına əmək fəaliyyətinə xitam verməsi Şirkəti vergi və sosial hesabatlarla bağlı pis vəziyyətə qoymuşdur. Hesabatların verilməsi, dövlət büdcəsinə ödənilməli olan ödəmələrin edilməsi üçün Şirkət məcburən mühasibatlıq şirkəti ilə müqavilə bağlamalı olmuş, əlavə 944 manat məbləğində zərərə uğramışdır. Həmçinin dövlət büdcəsinə ödənilməli olan vergi ödəmələri vaxtında ödənilmədiyi üçün MMC-yə 4918.42 manat məbləğində faiz üzrə vergi borcu hesablanmışdır. Cavabdeh əsassız olaraq şəxsi kartına köçürülmüş 6375.25 manat məbləğində vəsait, işsizlik üzrə 109.64 manat, İTS üzrə 479.72 manat, məcburi sosial ayırma üzrə 5006.11 manat, bank əməliyyatlarına görə 63.75 manat bank komissiyası və mühasibatlıq şirkətinə ödənilmiş 944 manat, vergi ödəmələri vaxtında ödənilmədiyi üçün MMC-yə hesablanmış 4918.42 manat faiz borcu olmaqla MMC-yə 17896.89 manat zərər vurulmuşdur.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-3447/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı MMC-də baş mühasib, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər direktor vəzifəsində işləmiş, direktor kimi əmək haqqının məbləği 1000 manat, baş mühasib vəzifəsinin icrası ilə bağlı əmək haqqının məbləği isə 400 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən əmək haqqının məbləğinin azaldılaraq hər iki vəzifənin icrası ilə bağlı ümumilikdə 500 manat ödənilməli olduğu halda, cavabdehə əsassız olaraq artıq məvacib ödənildiyini, bundan əlavə, cavabdehin öz bank hesabına əmək haqqından əlavə ödənişlər edildiyini, bu səbəbdən həmin vəsaitlərin geri qaytarılmalı olduğunu göstərir. Məhkəmə əmək haqqı məbləğinin əmək müqaviləsindən göstərilən məbləğdən aşağı olması barədə iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, materiallarda olan əmək müqavilələrində əmək haqlarının məbləği tərəflər arasında razılaşdırılmış, sonradan həmin müddəalarla bağlı əmək müqavilələrinə dəyişiklik edilməsi ilə bağlı tərəflər arasında razılığın olması barədə sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən MMC-nin vəsaitinin əsassız olaraq mənimsənildiyini bildirir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia ərizəsini ikinci hissədə də əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh üzərinə düşən öhdəlikləri vaxtında icra etməyərək, dövlət büdcəsinə edilməli olan ödəmələri vaxtında icra etməmiş, MMC-yə 4918.42 manat məbləğində faiz borcu hesablanmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin iddiaçı MMC-də əmək müqaviləsi üzrə işlədiyi dövrdə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər) dövlət büdcəsinə yaranmış borclar mütəmadi olaraq (xx.xx.2022-ci il tarixdə 224 manat ödəniş, qalıq borc 0 manat, xx.xx.2022-ci il tarixdə 2350,95 manat ödəniş, qalıq borc 0 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat ödəniş, artıq ödəmə 549,77 manat, xx.xx.2022-ci ildə ödənişlər edildikdən sonra artıq ödəmə - 59,97 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat ödəniş edilmiş, artıq ödəmə 551,55 manat, xx.xx.2022-ci ildə ödəniş – 2440 manat, artıq ödəmə - 5,64 manat, xx.xx.2023-cü ildə 2500 manat ödəniş edilmiş, artıq ödəmə - 13,27 manat, xx.xx.2023-cü ildə 1283,80 manat, artıq ödəmə - 460,53 manat) ödənilmişdir. İddiaçı cavabdeh tərəfindən ona ödənilən əmək haqlarından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənilmədiyini bildirsə də, iddiaçı MMC-nin təqdim etdiyi bank hesab çıxarışlarından, habelə MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, MMC tərəfindən DSMF, İşsizlikdən sığorta fondu, İcbari Tibbi Sığorta Fonduna həmin dövr üzrə mütəmadi ödənişlər edilmiş, cavabdehin işdən azad edildiyi dövrə həmin fondlara hər hansı borcu olmamışdır. İddiaçı həmçinin vergi öhdəliklərinin vaxtında icra edilməməsi ilə bağlı onun barəsində müvafiq vergi orqanı tərəfindən hər hansı tədbirinin görülməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia ərizəsini üçüncü hissədə də əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehin hesabat dövrü zamanı heç kəsi öncədən məlumatlandırmadan, özbaşına əmək fəaliyyətinə xitam verməsi Şirkəti vergi və sosial hesabatlarla bağlı pis vəziyyətə qoymuş, hesabatların verilməsi, dövlət büdcəsinə ödənilməli olan ödəmələrin edilməsi üçün Şirkət məcburən mühasibatlıq şirkəti ilə müqavilə bağlamalı olmuş, əlavə 944 manat məbləğində zərərə uğramışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatında mühasibatlıq şirkətinə 944 manat deyil, 500 manat ödənildiyini bildirmiş, iddia ərizəsində bu hissədə yanlışlığa yol verildiyini göstərmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən mühasibatlığın bərpası xidməti ilə bağlı iddiaçı MMC ilə "xxxx" MMC arasında razılıq əldə edilmiş, xidmət haqqının 500 manat olması razılaşdırılmışdır. Həmin razılaşma üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyin nəticəsinə görə Cavabdeh müəssisə tərəfindən hesablanmış aylıq əmək haqqı məbləği 1000 manat, ödənilməli məbləğ 899 manat, il üzrə Cavabdeh artıq köçürülən məbləğ 2485,25 manat təşkil edir. Məhkəmə həmin rəyi mötəbər sənəd kimi qəbul etmir. Belə ki, rəydə göstərilən məlumatların hansı qaydada alınması, göstərilən hesablamaların hansı qaydada aparılması göstərilməmişdir. Bundan əlavə, materiallardan görünür ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, xx.xx.2023-cü il tarixdə mühasibatlıq xidmətlərinin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Məhkəmə hesab edir ki, işçi, habelə qanuni təmsilçi olmuş cavabdeh tərəfindən iddiaçıya hər hansı zərərin vurulması faktı öz təsdiqini tapmadığı üçün göstərilən xərcin cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilə bilməz
14. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 21, 23, 49.3, 49.5, 91-2.5-ci, 1096, 1099-cu, AR ƏM-nin 3.5, 43.4, 46.6, 154.1, 154.2, 156.1, 175.3, 175.5 maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)- 3447/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3447/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi maddi hüquq normalarını pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə düzgün olaraq hüquqi şəxsin təsisçiləri ilə hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs arasındakı münasibətlərdə mülki Məcəllənin müvafiq normalarına istinad etsədə nədənsə Əmək məcəlləsinin normalarını tətbiq etmişdir. Kollegiyanın diqqətinə çatdırırıq ki, hüquqi şəxsin təsisçiləri ilə hüquqi şəxsin direktoru arasındakı münasibətlər, o, cümlədən direktorun təyin edilməsi və azad edilməsi Əmək Məcəlləsi ilə deyil, Mülki Məcəllə ilə tənzimlənir. 1-ci instansiya məhkəməsi Hüquqi şəxsin təsisçisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli İddiaçı MMC-nin Ştat Cədvəlini nəzərə almadan, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Audit rəyini nəzərə almamış, direktorun maaşının əsasını və məbləğini müəyyən etməmişdir. Kollegiyanın diqqətinə çatdırırıq ki, təsisçi ilə direktor arasında əmək müqaviləsi bağlanmamışdır. ƏMAS sisteminə yerləşdirilən əmək müqaviləsi cavabdehin özünün özü ilə bağladığı müqavilə olmuşdur. Məhkəmə bu fakta hüquqi qiymət verməmişdir. Cavabdehin səlahiyyətlərdən sui-istifadə edərək hüquqa zidd tərtib etdiyi, imzaladığı əmək müqaviləsini mötəbər sübut kimi qeyd etməklə yalnış nəticəyə gəlmişdir. Məhkəmə cavabdehin özü üçün müəyyən etdiyi qanunsuz əmək haqqından (1000+400=1400 manat) belə artıq vəsaiti əmək haqqı adı altında öz hesabına ödəməsinə hüquqi qiymət verməmişdir. Məhkəmə təsisçinin qərarı olmadan cavabdehin səlahiyyətlərindən suiistifadə edərək hüquqa zidd olan əmək müqaviləsinə (direktor) xitam verməsinə münasibət bildirməmişdir. Məhkəmə direktorun əmri olmadan (həmin vaxt direktor təyin edilmədiyi halda, yəni şirkət direktorsuz idi) cavabdehin mühasib vəzifəsindən azad olmasına münasibət bildirməmişdir. Məhkəmə mühasibin gəlir vergisi bəyannaməsini vermədiyindən vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi və maliyyə sanksiyası ilə üzləşməsinə, cavabdehin günahı ucbatından cəmiyyətin zərərə uğramasına münasibət bildirməmişdir. Məhkəmə işçi işəgötürən arasındakı mübahisə ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə deyil yalnış olaraq 175.3, 175.5-ci maddələrinə istinad etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. 49.4-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması 49.5-ci maddəsinə əsasən hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. 91-2.5-ci maddəsinə əsasən kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 43.4-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 175.3-cü maddəsinə əsasən işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. 175.5-ci maddəsinə əsasən hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-3447/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı MMC-də baş mühasib, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər direktor vəzifəsində işləmiş, direktor kimi əmək haqqının məbləği 1000 manat, baş mühasib vəzifəsinin icrası ilə bağlı əmək haqqının məbləği isə 400 manat müəyyən edilmişdir. İş materiallarında olan əmək müqavilələrində əmək haqlarının məbləği tərəflər arasında razılaşdırılmış, sonradan həmin müddəalarla bağlı əmək müqavilələrinə dəyişiklik edilməsi ilə bağlı tərəflər arasında razılığın olması barədə sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin iddiaçı MMC-də əmək müqaviləsi üzrə işlədiyi dövrdə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər) dövlət büdcəsinə yaranmış borclar mütəmadi olaraq (xx.xx.2022-ci il tarixdə 224 manat ödəniş, qalıq borc 0 manat, xx.xx.2022-ci il tarixdə 2350,95 manat ödəniş, qalıq borc 0 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat ödəniş, artıq ödəmə 549,77 manat, xx.xx.2022-ci ildə ödənişlər edildikdən sonra artıq ödəmə - 59,97 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat ödəniş edilmiş, artıq ödəmə 551,55 manat, xx.xx.2022-ci ildə ödəniş – 2440 manat, artıq ödəmə - 5,64 manat, xx.xx.2023-cü ildə 2500 manat ödəniş edilmiş, artıq ödəmə - 13,27 manat, xx.xx.2023-cü ildə 1283,80 manat, artıq ödəmə - 460,53 manat) ödənilmişdir. İddiaçı cavabdeh tərəfindən ona ödənilən əmək haqlarından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənilmədiyini bildirsə də, iddiaçı MMC-nin təqdim etdiyi bank hesab çıxarışlarından, habelə MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, MMC tərəfindən DSMF, İşsizlikdən sığorta fondu, İcbari Tibbi Sığorta Fonduna həmin dövr üzrə mütəmadi ödənişlər edilmiş, cavabdehin işdən azad edildiyi dövrə həmin fondlara hər hansı borcu olmamışdır. İddiaçı həmçinin vergi öhdəliklərinin vaxtında icra edilməməsi ilə bağlı onun barəsində müvafiq vergi orqanı tərəfindən hər hansı tədbirinin görülməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.
25. Apellyasiya şikayətinin dəlilləri kimi təsisçi ilə direktor arasında əmək müqaviləsinin bağlanmaması, cavabdehin səhvi ucbatından cəmiyyətə zərər vurulması, birinci instansiya məhkəməsi tərəfindən audit rəyinin nəzərə alınmamasını irəli sürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb. Təsisçi ilə direktor arasında əmək müqaviləsinin bağlanmaması iddiaçının hər hansı hüququnun pozuntusuna gətirib çıxarmır, belə ki, direktor məhz təsisçilərin iradə ifadəsini əks etdirən təsisçilərin ümumi yığıncağının qərarı əsasında seçilib, bu qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçib. Cavabdehin səhvi ucbatından iddiaçı müəssisəyə zərər vurulması iş materialları ilə müəyyən edilmir, bundan əlavə, direktor tərəfindən hüquqi şəxsə vurulacaq ziyanın əsasları və həddi AR MM 49.4-cü maddəsində müəyyənləşib, bu normada qeyd olunan hallarla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməyib. Audit rəyi həm birtərəfli tərtib edildiyinə, həm də heç bir maliyyə-mühasibatlıq sənədinə əsaslanmadığına görə mötəbər sübut hesab edilə bilməz. Mövcud şəraitdə iddia tələbinin təmin edilməsi ədalət mühakiməsinin ən önəmli prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinin pozulması ilə nəticələnər. Belə ki, sübutlar kifayət qədər aydın və təkzibedilməz olmalı, tərəflərin qarşılıqlı münasibətlərini dəqiq müəyyən etməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə bu meyarlara cavab verən mötəbər sübutlar təqdim edilməmişdir. Əmək qanunvericiliyinin tətbiqi məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı müəssisədə direktor kimi fəaliyyət göstərməsindən əlavə həm də işçi (mühasib) kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur, onun işçi kimi müəssisədəki statusuna münasibətdə birinci instansiya məhkəməsi tərəfindən əmək qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. İddiaçının həm iddia ərizəsində, həm apellyasiya şikayətində qeyd etdiyi dəlillər sadəcə formal mülahizələrə əsaslanmışdır.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-3447/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.