Məhkəmə qərarları › İş №2-2(103)-1093/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1093/2024

29.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1093/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X2 cavabdeh “X8 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3677/2024 saylı qətnaməsindən cavabdeh “X8 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. “X8 Kompleksi” MMC-ninTərtər filialı tərəfindən möhürlə təsdiq edilmiş 31 mart 2022-ci il tarixli akta əsasən X5 tərəfindən 49 adda fermerə ümumilikdə 135 ha riper işləri, 29 aprel 2022-ci il tarixli akta əsasən X5 tərəfindən 145 adda fermerə ümumilikdə 184,84 ha İ ağır ziq-zaq mala, 353,71 ha İİ ağır ziq-zaq mala və 62,83 ha diskli mala işləri görülmüş, həmin aktlara Tərtər filialının aparıcı aqronomu X3, sahə aqronomu X6, aqronom-entomoloqu X4 və ərazi nümayəndələri imza etmişlər. Cavabdehin Tərtər filialında 2022-ci ildə fermerlərə göstərilən xidmətlərin dəyəri haqqında məlumata əsasən, İ ağır ziq-zaq mala 18 manat, İİ ağır ziq-zaq mala 16 manat, diskli mala 20 manat, riper şum 37 manat təşkil edir.

2. Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı cavabdeh “X8 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15280 manat məbləğində pulun və ödənilmiş 210 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçının 2 ədəd “Belarus MTZ1221” markalı traktoru mövcuddur və həmin traktorlarla torpaq sahlərində əkin işləri görür. İddiaçı cavabdehin Tərtər filialı ilə şifahi razılaşaraq onların müxtəlif işlərini görmüş, xx.xx.2022-ci il tarixdə filialın direktoru Qanuni nümayəndələ cavabdehin müqavilə bağladığı torpaq sahələrində hər hektarı 37 manat ödəməklə riperlə şumlama, hər hektarı 18 manat olmaqla İ ağır ziq-zaq mala işləri, hər hektarı 16 manat olmaqla İİ ağır ziq-zaq mala işləri və hər hektarı 20 manat olmaqla diskləmə işləri görmək barədə razılığa gəlmişdir. Bundan sonra, iddiaçı özünə və digər şəxslərə məxsus traktoru olan traktorçularla işləri görməyə başlamış, 135 ha riperlə şumlama, 185 ha İ ağır ziq-zaq mala, 354 ha İİ ziq-zaq mala və 62 ha diskləmə işləri görmüşdür. Bu işləri görmək üçün “X15” deyilən ərazidə Mikayıl adlı şəxsin yanacaq doldurma məntəqəsindən 6700 manat dəyərində dizel yanacağı alıb işlətmiş, 2022-ci ilin aprel ayının axırlarınadək bütün işləri yerinə yetirmişdir. Razılaşmaya tam əməl etdiyinə görə iddiaçı cavabdehin Tərtər filialından ödəməli olduqları 15280 manat pulu istəmiş, filialın direktoru Fəqani Babışov 15280 manat pulun ödənilməsi üçün bütün sənədləri Bakı şəhərinə göndərdiyini bildirmişdir. Bundan sonra, dəfələrlə iddiaçı F.Babışovdan pulun ödənilməsini tələb etsə də, bu günədək cavabdeh tərəfindən pul ödənilməmişdir. İddiaçı eyni zamanda pulu ala bilmədiyinə görə istifadə etdiyi dizelin dəyərini də ödəyə bilməmişdir. “X8 Kompleksi” MMC-nin rəhbərliyinə edilən yazılı müraciətə xx.xx.2023-cü il tarixdə cavab verilmişdir ki, aqrotexniki xidmətlərin göstərilməsini təsdiq edən təhvil-təslim aktlarının tərtib edilməsinə, faktiki göstərilmiş aqro-texniki xidmətlərin miqdarı və dəyəri müəyyən edilmədiyinə görə qeyd edilən xidmətlərin dəyərinin ödənilməsi mümkün olmamışdır. Halbuki iddia ərizəsinə əlavə edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı 49 nəfər müxtəlif fermerə cəmi 135 ha torpaq sahəsində riper işləri və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 145 nəfər müxtəlif fermerə cəmi 184,84 ha torpaq sahəsində İ ziq-zaq işləri, 353,71 ha torpaq sahəsində İİ ziq-zaq işləri və 62,83 ha torpaq sahəsində diskli mala işləri görmüşdür. Həmçinin görülən işlərə görə hər bir fermerlə akt tərtib edilmiş və "X8 Kompleksi" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmişdir.

3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 1204/2024 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-3677/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X8 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətindən 15.238,08 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh filialının təhviltəslim aktlarına möhür vurulması səlahiyyətinin olmadığını bildirsə də, təhvil-təslim aktlarında möhürün olmaması özü-özlüyündə həmin aktların qeyri-mötərbər olması ilə nəticələnmir. Belə ki, qanunverici möhürdən istifadəni Mülki Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla əqdin forması ilə bağlı əlavə tələb kimi tərəflərin iradəsindən asılı etmişdir. Mülki Məcəllənin 331.2-ci maddəsinə əsasən, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Digər tərəfdən, həmin aktlar filialın rəhbəri ilə yanaşı filialının aparıcı aqronomu X3, sahə aqranomu X6, aqronomentomoloqu X4 və ərazi nümayəndələri tərəfindən də imza edilmişdir. Bu mənada iddiaçının cavabdehin filialının müvafiq hərəkətləri həyata keçirmək səlahiyyətinə etimadı qanunla qorunur. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, cavabdeh filialın rəhbəri barəsində xidməti araşdırma aparıldığını qeyd etsə də, bununla bağlı hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Lakin göstərilməlidir ki, hüquqi şəxsin filialının rəhbəri hətta ona verilmiş səlahiyyətlərdən kənarlaşsa belə, bu hərəkətlərin nəticələri üçün hüquqi şəxs məsuliyyət daşıyır. İddiaçı yuxarıda qeyd edilən maddələrdən irəli gələn muzdun ödənilməsi hüququnu realizə edir və hazırkı iş üzrə qeyd olunan normaların dispozisiya şərtləri mövcuddur. Muzdun məbləği ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən 135 ha riper işləri (1 ha üçün qiymət 37 manat; 37*135), 184,84 ha İ ağır ziq-zaq mala (1 ha üçün qiymət 18 manat; 18*184,84), 353,71 ha İİ ağır ziq-zaq mala (1 ha üçün qiymət 16 manat; 16*353,71) və 62,83 ha diskli mala (1 ha üçün qiymət 20 manat; 20*62,83) işləri görülmüş, həmin işlərin dəyəri isə 15238,08 (37*135+18*184,84+16*353,71+20*62,83) manat təşkil edir. Beləliklə, məhkəmə qeyd etmişdir ki, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

6. Cavabdeh “X8 Kompleksi” MMC həmin qətnamədən apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Baki Kommersiya Məhkəməsinin 2-2(113)-3677/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə heç bir yazılı müqavilə bağlamamışdır. Halbuki iddiaçı da cavabdeh kimi vergi ödəyicisidir və vergi qanunvericiliyi hər hansı bir ödənişin icra edilməsi üçün kontragentə elektron qaiməfakturanın göndərilməsini məcburi tələb kimi qoymuşdur, elektron qaimənin göndərilməsi üçün məcburi tələblərdən biri də müqavilənin nömrəsinin qaiməyə daxil edilməsidir. Bu səbəbdən "X8 Kompleksi" MMC vergi ödəyicisi olaraq bütün müqavilələri yalnız yazılı şəkildə bağlayır və yalnız elektron qaimə əsasında ödəniş edir. Məhkəmə öz qətnaməsində iddiaçı ilə aralarında şifahi müqavilə münasibətlərinin olduğunu qeyd etsə də, faktiki olaraq, şifahi müqavilə ilə bağlı qanunvericiliyin müəyyən etdiyi tələblərdən heç biri mövcud olmamışdır. Belə ki, "X8 Kompleksi" MMC nin müqavilə bağlamağa səlahiyyətli olan şəxslərindən heç biri iddiaçı ilə müqavilə bağlamaq niyyətində olmamış, bu niyyəti hər hansı bir şəkildə büruzə etməmiş, bundan əlavə, iddiaçının gördüyünü iddia etdiyi işlərdən məlumatı belə olmamışdır. İş üzrə materiallara diqqət etdikdə görmək olur ki, iddiaçı ilə hər hansı münasibət yaradan yeganə şəxs Fəqani Babışov olmuşdur ki, bu şəxsin də "X8 Kompleksi" MMC-nin adından müqavilə münasibətlərinə girməyə və müqavilə bağlamağa səlahiyyəti yoxdur. İş materiallarına əlavə edilmiş Tərtər filialının əsasnaməsindən filialın direktorunun səlahiyyətlərinin həcmi görünür və aydın olur ki, bu səlahiyyətlərdən kənara çıxaraq hər hansı hərəkətlərin edilməsi qanunsuzdur. Bu səbəbdən, Fəqani Babışovun Cəmiyyətin adından istifadə edərək iddiaçını müəyyən işlərə cəlb etməsi, o cümlədən filialın möhüründən istifadə edərək aktlara möhür qoyması Cəmiyyətin iddiaçı ilə müqavilə bağlamaq niyyətində olmasının göstəricisi deyil. Əmək fəaliyyəti zamanı törətdiyi qanunsuzluqlarla bağlı xx.xx.2023-cü il tarixində Tərtər filialının direktoru Fəqani Babışovla bağlı yoxlama başlanılmış və adıçəkilən şəxs direktor vəzifələrinin icrasından kənarlaşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq anlamaq mümkündür ki, iddiaçı ilə şifahi podrat müqaviləsinin digər tərəfi "X8 Kompleksi" MMC deyil, Fəqani Babışovdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. İddiaçı X5 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə iclasında iddiaçı X5 apellyasiya şikayətinə etirazına uyğun izahat verərək şikayətin rədd edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasında iştirak etmədi. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

11. Mülki Məcəllənin: -43.1-cü maddəsinin tələblərinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. - 53.1-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 763.1-ci maddəsinə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

12. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı X5 cavabdeh “X8 Kompleksi” MMC-nin Tərtər filialı ilə aralarında bağlanmış şifahi müqaviləyə əsasən cavabdehin sifarişi əsasında müxtəlif adlı xidmətlər (şumlama, mala çəkmə və s.) göstərdiyini (işlər gördüyünü), cavabdeh tərəfindən isə ona muzd ödənilmədiyini əsas göstərərək görülmüş iş və xidmətlərin dəyəri olan 15280 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

18. Cavabdeh isə iddiaçı ilə aralarında xidmət müqaviləsinin bağlanmamasına, Tərtər filialının rəhbərinin belə bir səlahiyyətə malik olmamasına istinad edərək, iddianın rədd olunmasını xahiş edir.

19. Göründüyü kimi tərəflər arasında müqavilənin bağlanması və cavabdeh tərəfindən işlərin (xidmətlərin) görülməsinin (göstərilməsinin) sifariş edilməsi iş üzrə mübahisəli haldır.

20. İddiaçı cavabdehlə aralarında müqavilə münasibətlərin mövcudluğunu və həmin müqavilə əsasında cavabdehin sifarişi ilə işlərin görülməsini (xidmətlərin göstərilməsini) sübuta yetirmək üçün cavabdehin Tərtər filialının direktoru tərəfindən imzalanmış və üzərinə filialın möhürü vurulmuş aktları, gördükləri işlərin (göstərdikləri xidmətlərin) dəyərini sübuta yetərmək üçün isə eyni qaydada imzalanmış və möhürlənmiş “Göstərilən xidmətlərin dəyəri barədə məlumatı” məhkəməyə təqdim etmişdir. Bununla bağlı kollegiya ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 53-cü maddəsinin tələblərindən də göründüyü kimi hüquqi şəxsin filialı onun struktur bölməsi olmaqla hüquqi şəxs statusu yoxdur. Filial hüquqi şəxs olmadığından özünəməxsus mülki hüquq qabiliyyətinə malik deyil, yəni müstəqil olaraq həyata keçirdiyi mülki hüquqlara, o cümlədən öz əmlakına, eləcə də hüquqi şəxs tərəfindən onun balansına verilmiş əmlak üzərində sərəncam vermək hüququna malik deyil, eləcə də mülki vəzifələr, o cümlədən müqavilə öhdəliklərini icra etmək vəzifəsi daşımır. Filial mülki dövriyyədə müstəqil olaraq iştirak edə bilmədiyindən filialın fəaliyyəti nəticəsində əldə olunan bütün hüquqlar filialın aid olduğu hüquqi şəxsə məxsusdur, eləcə də daşıdığı bütün vəzifələr də həmin hüquqi şəxs tərəfindən icra edilməlidir. İş materiallarına əlavə edilmiş 15 aprel 2019-cu il tarixdə təsdiqlənmiş “X9 və Tədarükü Məntəqəsi” Filialının Əsasnaməsinin 5.4-cü bəndində də göstərilmişdir ki, “Baş Təşkilat” “Filial”ın öhdəliklərinə görə tam məsuliyyət daşıyır.

21. Odur ki, cavabdehin Tərtər filialı mülki hüquq münasibətlərində cavabdehin adından iştirak etdiyindən mübahisəli aktlar filial tərəfindən mülki dövriyyənin müstəqil iştirakçısı qismində deyil, hüquqi şəxsin struktur bölmələri qismində, yəni hüquqi şəxsin adından imzalanmışdır. Odur ki, həmin aktlar iddiaçı ilə cavabdehin arasında müqavilə münasibətlərinin olmasını və həmin müqavilə əsasında cavabdeh tərəfindən işlərin(xidmətlərin) görülməsinin (göstərilməsinin) sifariş edilməsini təsdiq edir.

22. Filialın rəhbəri Fəqani Babışovun sifarişləri öz adından verməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, aktlar filialın direktoru olan F.Babışovla yanaşı filialın aqronomları tərəfindən də imzalanmış və üzərinə filialın möhürü vurulmuşdur. Odur ki, F.Babışovun həmin aktı fiziki şəxs qismində deyil, filialın vəzifəli şəxsi qismində imzalaması şübhə doğurmur. Filialın rəhbəri barədə xidməti araşdırma aparılması barədə cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür. Hazırkı halda iddiaçı kontragent tərəfindən cavabdehin filialı tərəfindən imzalanmış və möhürlənmiş aktların mötəbərliyini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlıdır. Bu baxımdan hüquqi şəxsin onun filialının rəhbəri barəsində araşdırma aparılmasına istinad etməklə filial rəhbəri tərəfindən imzalanmış və üzərinə möhür vurulmuş sənədin mötəbərliyini mübahisələndirməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından vicdanlılıq prinsipinin tələblərinə cavab vermir.

23. Beləliklə, filial rəhbəri barədə araşdırma aparılması təsdiq edilsə belə, göstərilən hal cavabdehi vicdanlı kontragent qarşısında yaranmış öhdəliklərin icrasından azad etmir.

24. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında şifahi şəkildə bağlanmış xidmət və podrat müqaviləsinin ünsürlərini birləşdirən qarışıq müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı X5 cavabdeh “X8 Kompleksi” MMC-nin sifarişi ilə xidmətlər göstərmiş və işlər görmüş, cavabdeh isə görülmüş işlərə və göstərilmiş xidmətlərə görə iddiaçıya muzd ödəməmişdir. Odur ki, iddiaçının Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən muzdun ödənilməsini tələb etmək hüququ yaranmışdır.

25. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 15.238,08 manat məbləğində muzdun tutulması hissəsində iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh “X8 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3677/2024 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar