Məhkəmə qərarları › İş №2-2(103)-1094/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1094/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1094/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - iddiaçı) nümayəndələri X2 və X1, cavabdeh "xxxx" ASC-nin (bundan sonra - cavabdeh) nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçının cavabdehə qarşı icarə haqqı borcunun ödənilməsi tələbinə dair qarşı ilk, cavabdehin iddiaçıya qarşı icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı kimi ödənilmiş pul vəsaitinin qaytarılması tələblərinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-752/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsindən hər iki tərəfin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 30.11.2020-ci il tarixə mövcud olan icarə haqqı borcu üzrə 71.100 manat məbləğdə vəsaitin onun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, aralarında bağlanmış 12.01.2018-ci il tarixli 419 nömrəli icarə müqaviləsinə 31.01.2020-ci il tarixdən xitam verilməsi, iddiaçıya 12.01.2018-ci il tarixdən dekabr 2019-cu il tarixədək icarə haqqı kimi artıq ödənilmiş 65.175 manat məbləğdə pul vəsaitinin iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, cavabdehdən 30.11.2020-ci il tarixə olan 71.100 manat məbləğdə icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 419 nömrəli 12.01.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı onun tərəflər arasında bağlanmış “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 12.01.2018-ci il tarixli 419 nömrəli müqavilə ləğv edilən hissədə ləğv edilib, həmin hissədə qarşılıqlı iddianın rədd edilməsini, cavabdeh ləğv edilib, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmənin tərəflər arasında icarə obyekti olmuş torpaq sahəsinin həmin sahədə tikinti işlərinin aparılması məqsədilə icarəyə verilməsi barədə müqavilənin mahiyyəti ilə ziddiyyət təşkil edən mövqeyi tamamilə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə bununla bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Qanunvericilikdə özəlləşdirilmiş tikililər, qurğular və ya müəssisələrin (obyektlər) yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə verilməsi nəzərdə tutulmamışdır. Qanunvericiliyə əsasən qeyd olunan torpaq sahələri yalnız icarə əsasında hüquqi və fiziki şəxslərin istifadəsinə verilə bilər. Hazırkı halda Cavabdeh ASC dövlət mülkiyyətində olmuş əmlak kompleksini özəlləşdirdiyindən, qanunvericiliyə əsasən həmin kompleksin altında yerləşən torpaq sahəsinə dair hüquqların icarə müqaviləsi və ya həmin sahənin özəlləşdirilməsi yolu ilə rəsmiləşdirilməsi iddiaçının hüququ deyil, vəzifəsi olmuşdur. Özəlləşdirilmiş tikililər, qurğular və ya müəssisələrin (obyektlər) yerləşdiyi torpaq sahəsi yalnız özəlləşdirildikdən sonra həmin sahə üzərində icarə müqaviləsinə xitam verilə bilər. Cavabdeh ASC-nin icarə müqaviləsinin bağlanması ilə bağlı qarşılıqlı iddiada qeyd etdiyi hallar onun tərəfindən icarə müqaviləsinin bağlanmasında şəxsi məqsədlərini əks etdirir və həmin halların icarə müqaviləsinin mahiyyətinə hər hansı aidiyyəti yoxdur. Qeyd olunan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh ASC-yə həmin sahədə hər hansı tikinti işlərinin aparılması və ya inzibati bina tikilməsi üçün ayrılmamışdır. Cavabdeh ASC torpaq sahəsini icarəyə götürməkdə məqsədinin həmin sahədə tikinti işləri aparmaq olduğunu qeyd etsə də, onun tərəfindən icarəyə verilmiş torpaq sahəsində hər hansı tikilinin inşasına müvafiq razılığın (rəyin) alınması ilə bağlı aidiyyəti orqanlara müraciət etməsi, həmin müraciətlərin nəticəsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, hazırkı mübahisənin predmeti torpaq icarəsi ilə bağlı olduğu üçün torpaq qanunvericiliyinin normaları tətbiq edilməlidir. Belə ki, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Müqavilənin 5.3-cü bəndi müqavilənin dəyişdirilməsi və ləğv edilməsi üçün ayrı qayda müəyyən etmişdir və bu halda icarəyə verənin razılaşıb-razılaşmamasından asılı olmayaraq icarə müqaviləsinə 31.01.2020-ci il tarixdən xitam verilməlidir. Lakin, müqavilənin bu bəndinə məhkəmə tərəfindən ümumiyyətlə qiymət verilməmişdir. Məhkəmə tərəfindən müqavilənin yalnız 7.2-ci bəndinə istinad edilmiş və göstərmişdir ki, həmin bənddə icarəçinin hər hansı bir əsasla müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərdə tutulmamışdır. Halbuki, həmin bəndin 3-cü və 5-ci hissələrində göstərilmişdir ki, icarəçi tərəfindən icarə haqqı iki ardıcıl müddətdə ödənilmədikdə müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. İcarəçi tərəfindən icarə haqqının iki ardıcıl və daha çox müddətdə ödənilməməsi öhdəliyin icrasından birtərəfli qaydada imtina edilməsi kimi başa düşülməlidir. İcarəyə verilmiş 3.950 kv.m. torpaq sahəsindən yeraltı strateji kommunikasiya xətləri, tunellər keçir və buna görə də həmin ərazidə əsaslı tikinti işləri aparılması qeyrimümkündür. Orada tikinti işləri aparmaq üçün həmin kommunikasiya xətlərinin yeri mütləq dəyişdirilməlidir. Bunun üçün də müvafiq orqanların razılığı və külli miqdarda vəsait lazımdır. Bu səbəbdən də həmin sahə yalnız tikili olmayan boş bir ərazi kimi saxlanılmalıdır. Bundan əlavə, həmin ərazini tam hasarlamaq da mümkün deyil. Çünki, oradan keçən yeraltı xətlərə müvafiq orqanlar tərəfindən mütəmadi olaraq baxış keçirilir və həmin xətlərin mühafizə zonası saxlanılmalıdır. Bütün bu keyfiyyətlər torpaq sahəsinin bazar dəyərinin aşağı düşməsinə səbəb olur. Lakin icarə müqaviləsi bağlanan zaman Dövlət Xidməti tərəfindən torpaq sahəsi ilə bağlı qeyd olunan hallar bildirilməmiş və icarə haqqı müəyyən edilərkən həmin torpaq sahəsinin bazar dəyəri yüksək göstərilmişdir. Bank da bu halları bilmədən həmin icarə haqqı ilə razılaşmış və iki ilə yaxın bazar dəyərinə uyğun hesablanmamış yüksək məbləğdə icarə haqqı ödəmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflərin nümayəndələri öz şikayətlərini müdafiə edib, ona uyğun izahat verərək, qarşı tərəfin şikayətini qəbul etməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə adıçəkilən dövlət xidmətinə keçmişdir. İşdən müəyyən edilir ki, iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 12.01.2018-ci il tarixli 419 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Xətai rayonu Babək prospekti 1C ünvanda yerləşən əmlak kompleksinin yerləşdiyi 3.950 kv.m. torpaq sahəsi icarəçinin istifadəsinə verilmişdir. Müqavilənin: 3.1-ci bəndinə əsasən, illik icarə haqqının məbləği 71.100 manat, aylıq icarə haqqı 5.925 manat məbləğdə müəyyən edilmişdir; 7.2-ci bəndində müqaviləyə vaxtından əvvəl xitam verilməsinə yol verilən hallar sadalanmışdır: tərəflərin qarşılıqlı razılığı ilə; torpaq sahəsinə dövlətin və ya bələdiyyənin ehtiyacı olduqda; bu müqavilənin 2.2,5.2, 5.3, 6.1-ci bəndləri icarəçi tərəfindən pozulduqda; tərəflərin biri müqavilə şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə; icarəçi tərəfindən iki ardıcıl müddətdə icarə haqqı ödənilmədikdə. Müqavilənin müddəti 12.01.2018-ci il tarixdən 12.01.2033-cü il tarixədək müəyyən edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 10.01.2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya məktub ünvanlanaraq tərəflər arasında 12.01.2018-ci il tarixdə bağlanmış müqaviləyə xitam verilməsi təklif edilmişdir. Məktubda həmçinin 2019-cu il dekabr ayından cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin dayandırıldığı bildirilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 19.02.2020-ci il tarixli məktuba görə, icarəçinin mülkiyyətində olan əmlak kompleksinin bir hissəsinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə qarşılıqlı razılaşma əsasında "xxxx" ASC-yə bağışlanması notarial qaydada rəsmiləşdirildikdən sonra müraciətlərdə qaldırılmış məsələ ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir. Cavabdehin iddiaçıya ünvanlanmış 20.08.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, cavabdehin 2019-cu ilin dekabr ayından etibarən icarə haqqı üzrə ödənişləri dayandırdığı üçün icarə müqaviləsinin 5.3-cü bəndini rəhbər tutaraq (icarə haqqı ardıcıl 2 ay ərzində ödənilmədikdə icarə müqaviləsinə xitam verilir) Dövlət Xidməti ilə bağlanmış müqaviləyə 01.02.2020-ci il tarixdən xitam verilmiş olduğunu hesab edir. “Torpaq icarəsi haqqında” AR Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir; 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər; 677.1.4. əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur; 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər; 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə;

686. Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur; 721.1. Əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər; 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmir, iddiaçının şikayəti ilə qismən razılaşır. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin apellyasiya şikayətinə münasibətdə bildirir ki, torpaq sahəsinə görə icarə haqqı məbləği tərəflər arasında bağlanmış icarə müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmişdir, müqavilə hazırda da qüvvədədir, icarə haqqı borcunun məbləğinin 71.100 manat təşkil etməsi işin mübahisəsiz halıdır. Digər tərəfdən, icarəçi tərəfindən icarə haqqı iki ardıcıl müddətdə ödənilmədikdə müqaviləyə vaxtından əvvəl xitam verilə bilmə qanunvericiliklə icarəyə verənin hüququ kimi təsbit olunmuşdur və müqavilənin cavabdehin istinad etdiyi bəndləri də məhz bu anlamda təfsir olunmalıdır. İcarəçi tərəfindən icarə haqqının iki ardıcıl və daha çox müddətdə ödənilməməsi öhdəliyin icrasından birtərəfli qaydada imtina edilməsi kimi də başa düşülməməlidir. Çünki, belə imtinaya Mülki Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməlidir ki, bu şərtlərə də iş üzrə əməl olunmur. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının təhlili göstərir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsidir. İşdən görünür ki, mübahisəli müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmamış, cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı aşkar edilməmiş, tərəflər müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişməmişdir. Şikayətin icarəyə verilmiş 3.950 kv.m. torpaq sahəsindən yeraltı strateji kommunikasiya xətlərinin, tunellərin keçdiyi və buna görə də həmin ərazidə əsaslı tikinti işləri aparılmasının qeyri-mümkünlüyü barədə dəlili də cavabdehin lehinə təsir etmir. Belə ki, ən peşəkar sahibkarlıq subyektlərindən biri sayılan bank olaraq mübahisəli icarə müqaviləsini bağlayarkən cavabdehin qeyd olunan halları yoxlamaması onun məsuliyyət hüdudları daxilindədir. Eyni qiymət icarə haqqı müəyyən edilərkən həmin torpaq sahəsinin bazar dəyərinin yüksək göstərilməsi, cavabdehin bu halları bilmədən həmin icarə haqqı ilə razılaşması və iki ilə yaxın bazar dəyərinə uyğun hesablanmamış yüksək məbləğdə icarə haqqı ödəməsinə dair dəlillərinə də aiddir. İddiaçının apellyasiya şikayətinə gəldikdə isə, işdə olan, cavabdehin özəlləşdirdiyi əmlak kompleksinin 19.12.2014-cu il tarixli 11/1037 nömrəli texniki pasportuna görə, həmin kompleksin ümumi tikilialtı torpaq sahəsi 319,2 kv.m-dir, RX ******* nömrəli çıxarışa əsasən isə, həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Lakin işdən görünür ki, cavabdeh qarşılıqlı iddia ilə 12.01.2018-ci il tarixli 419 nömrəli icarə müqaviləsinə xitam verilməsini tələb edərkən sözügedən tikilialtı sahənin hüquqi statusunun ləğvdən sonrakı vəziyyəti barədə ərizədə heç bir qeyd etməmiş, məhkəmə də bu fakta diqqət etmədən, müqaviləyə bütövlükdə xitam vermişdir. Halbuki, cavabdehin mülkiyyətində olan əmlak kompleksinin altında yerləşən 319,2 kv.m. torpaq sahəsinə görə icarə haqqı, müqavilənin bütövlükdə ləğvi barədə tərəflərin qarşılıqlı razılaşması yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığı müddətdə, hər bir halda ödənilməlidir. Odur ki, işin bu halında, həmin torpaq sahəsinə dair tərəflər arasında icarə müqaviləsinin dəyişdirilməsi ilə bağlı razılıq olmadığından və cavabdehin qarşı iddiası da müqavilənin tam ləğvi ilə əlaqəli olduğundan, onun iddiası eyni hissədə qismən də təmin oluna bilməz (MPM-in 218.3-cü maddəsi). Üstəlik, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlardan da məlum olmuşdur ki, tərəfin özündə də bu məsələ ilə bağlı aydın təsəvvür və münasibət yoxdur.

MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanunsuz və əsassızdır, iddiaçının apellyasiya şikayəti həmin hissədə qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə müqavilənin ləğv edilməsi hissədə ləğv edilməli, eyni hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və qarşılıqlı iddia qeyd olunan hissədə rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, iddiaçının şikayəti təmin edilməli, cavabdehin şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-752/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi qismən - 12 yanvar 2018-ci il tarixli 419 nömrəli icarə müqaviləsinin ləğv edilməsi hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və qarşılıqlı iddia eyni hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti təmin edilsin. "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar