Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1096/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X15 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 və X7 cəlb edilməklə) qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3238/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh “X18 Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “Ford Transit Xüsusi Təyinatlı'’ markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olan 22393 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157,18 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3238/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən İddiaçı məxsus “Ford Transit Xüsusi Təyinatlı” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq 10914 (on min doqquz yüz on dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,60 manat (yetmiş altı manat altmış qəpik) olmaqla, cəmi 10990,60 (on min doqquz yüz doxsan manat altmış qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh “X18 Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3238/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, iddiaçıya məxsus avtomobilə qarşılıqlı təsir nəticəsində, yəni Kolinə məxsus avtomobil digər - Kamaz markalı avtomobilin təqsiri nəticəsində, iddiaçıya məxsus avtomobillə toqquşmuşdur. Lakin məhkəmə zərərin ödənilməsi öhdəliyini yalnız Kolinin üzərinə qoymuşdur. Bununla da MMnin 1108.3-cü maddəsinin tələbləri pozulmuşdur. Qanunverici zərərin ödənilməsi öhdəliyinin yaranması üçün təqsirin təsdiqini şərt olaraq müəyyən etmişdir. Hazırkı işdə isə yol nəqliyyat hadisəsinə təqsirli şəxslərin təqsiri və təqsirin dərəcəsi inzibati xəta haqqında qərarla müəyyən edilməli idi. Təqsir müəyyən edilmədiyi halda, təqsirdən irəli gələn mülki öhdəlik müəyyən edilə bilməzdi. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı olaraq “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edildiyi təqdirdə, baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı inzibati xəta haqqında qərar qəbul edilməli və həmin qərarla təqsirli şəxslərin dairəsi müəyyən edilməli idi. Yəni baş vermiş yol-nəqliyyat hadisəsində kimin təqsirli olması inzibati xəta haqqında qərarla müəyyən edilməli idi. Lakin işə baxan məhkəmə Kolin əməkdaşının təqsirli olmasını inzibati xəta haqqında qərarla deyil, “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarla müəyyən etmişdir. Bununla da qanunsuz sübuta istinad etmişdir. Cavabdeh-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (bundan sonra: Kolin) əməkdaşı X6 baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri onun tərəfindən “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin, 1-ci hissəsinin tələbinin pozulması ilə yaranmışdır. Burada təqsirin yaranması üçün fiziki şəxsin xəsarət alması şərt olmuşdur, yəni fiziki şəxs xəsarət almasaydı X8 təqsir müəyyən edilməyəcəkdi. Həmçinin də xəsarət alan şəxslə barışması, xəsarət alan şəxsin şikayətçi olmaması, ona dəyən zərərin ödənilməsi, bununla da cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi X6 təqsirini istisna edir. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı olaraq inzibati xəta haqqında qərar qəbul edilməmişdir. Göründüyü kimi, Kolinin əməkdaşının baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olması təsdiq edilməmişdir. Kolinin əməkdaşı baş vermiş yol nəqliyyat hadisəsində təqsirli deyilsə, Kolinin dəymiş zərərin əvəzini ödəmə öhdəliyi sübut edilmir. İşin hallarında qeyd edilir ki, Kolinə məxsus avtomobil, başqa yəni “Kamaz 5511" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti qaydalarını pozması nəticəsində qəza törətmişdir. Lakin, işə baxan məhkəmə iddiaçıya dəyən zərərin ödənilməsini yalnız Kolinin üzərinə qoymuş, “Kamaz 5511" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 əməlinin təqsirli olmasına münasibət bildirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
7. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
10. Həmin Məcəllənin 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
11. Həmin Məcəllənin 458.1-ci maddəsinə görə kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
12. Həmin Məcəllənin 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir
16. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. İş materiallarından müəyyən olunur ki, 13 iyun 2022-ci il tarixdə X2 İnşaat Turizm Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində olan “HOWO ZZ3327N3847E” markalı, 99-JT749 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə qarşıdan əks istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi “Kamaz 5511” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra iddiaçının mülkiyyətində olan “Ford Transit” markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X6 ilk dəfə cinayət törətməsi, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi və digər hallar nəzərə alınaraq, onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Ford Transit” markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 4836 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
25. İddia tələbi iddiaçıya məxsus nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olan 22393 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir.
26. Vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1724 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiq edilən 2001-ci il buraxılışlı “Ford Transit Xüsusi Təyinatlı" yük markalı, ** ZS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla, təxminən 15750,0 (22500,0 m - 30%) manat müəyyən edilmişdir. Dəymiş zərərin bir qismi (4836 manat) "xxxx" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya ödənilmişdir.
27. Qeyd edilən işin halları iddiaçı tərəfindən təqdim edilən qərar, sığorta ödənişini təsdiq edən sənəd, ekspert rəyi və digər sübutlarla müəyyən edilmişdir.
28. Məhkəmə hesab etmişdir ki, iddiaçı əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğundan, cavabdeh isə həmin zərəri ödəmək vəzifəsi daşıdığından "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 4836 manat sığorta ödənişi nəzərə alınmaqla, iddia qismən təmin edilməli, Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən İddiaçı məxsus “Ford Transit Xüsusi Təyinatlı” markalı, 90-ZS831 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq 10914 (on min doqquz yüz on dörd) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
29. Apellyasiya şikayətində məhkəmənin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara preyudisiallıq qaydasına görə əsaslanması qanuna zidd hesab edilmişdir. Cavabdehin mövqeyinə görə inzibati xəta haqqında qərarla təqsir müəyyən edilməli idi.
30. Halbuki xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsinin əsası əməldə cinayət tərkibinin olmaması deyil, əksinə təqsir müəyyən edilərək, bəraətverici əsas olmayan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi olmuşdur. Bu halda iş materiallarının inzibati xəta haqqında icraatın aparılması üçün göndərilməsi zərurəti aradan qalxmış olur.
31. Qeyd edilən qərarla X9 və X3 hadisənin baş verməsində təqsirləri müəyyən edilmişdir. Cavabdeh şikayətdə Mülki Məcəllənin 1108.3-cü maddəsinin tətbiq edilməli olduğuna istinad etmişdir.
32. Mülki Məcəllənin 1108.3-cü maddəsin əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
33. İddiaçının mülkiyyətində olan avtomobilin sürücüsünün qarşılıqlı təsir nəticəsində cinayət hüquq pozmasına yol verməsi xx.xx.2022-ci il tarixli qərarla müəyyən edilməmişdir. Onun hadisənin baş verməsində təqsiri olmamışdır. Ona görə iş üzrə Mülki Məcəllənin 1108.3-cü maddəsinin tətbiq edilməsi üçün əsaslar yaranmamışdır.
34. Qeyd edilənlərdən görünür ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış, sübutun yolverilməzliyi barədə hüquqi əsaslar müəyyən edilməmişdir.
35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3238/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.