Məhkəmə qərarları › İş №2-2(103)-1097/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1097/2021

15.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1097/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçı Nümayəndə1 MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə iddiaçı Nümayəndə1 MMC-nin Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli, e-2-2(113)-449/2021 nömrəli qərardadından verilən şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehə əsassız ödənilmiş 93564,86 manat vəsaitin və ödənilmiş 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus daşınan, daşınmaz əmlakların üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli, e-2-2(113)-449/2021 nömrəli qərardadı ilə iddiaçı Nümayəndə1 MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçının nümayəndəsinin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Nümayəndə1 MMC şikayət verərək, Bakı Kommersiya Məhkəmsinin 05.08.2021-ci il tarixli, e-2-2(113)-449/2021 nömrəli qərardadının ləğv edilməsini, iddiaçının iddianın təmin etməyə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə ərizəni rədd edərkən qeyd etmişdir ki, iddiaçı Nümayəndə1 MMC tərəfindən iş materiallarına cavabdeh "xxxx" MMC-yə aid daşınar və daşınmaz əmlaklarına həbs qoyulmasına dair hər hansı ilkin sübut əlavə etməmişdir. Həmin hissə ilə bağlı bildirirlər ki, cavabdehə məxsus əmlaklara dair məlumatlar (bank hesabları, daşınar və daşınmaz əmlaklar barədə və sair) kommersiya sirri təşkil edən məlumatlar olduğundan həmin məlumatların Nümayəndə1 MMC tərəfindən əldə edilməsi mümkün deyildir. Həmçinin qeyd edirlər ki, iddianın təmin tədbiri haqqında qərardadın icrası Ədliyyə Nazirliyinin İcra şöbələri tərəfindən təmin edilir və hazırda icra şöbələrində elektron icra informasiya sistemi istifadəyə verilmişdir. İcra məmuru iddianın təmin tədbiri qərardadını icra edərkən, cavabdehin əmlakları barədə məlumatı həmin elektron sistemdən əldə edə və iddia tələbi həcmində həbsin qoyulmasını təmin edə bilər. Bu hal isə, cavabdehə məxsus əmlaklarına dair sübutların təqdim edilməsi zərurətini aradan qaldırır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-449/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 15.09.2021-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli, e-2-2(113)- 449/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1-ci maddəsində cavabdehin əmlakı üzərinə həbs qoyulması ardıcıllığı nəzərdə tutulmuşdur. İddiaçı hazırkı ərizəsində daşınar əmlaklara yanaşı, cavabdehin eyni zamanda daşınmaz əmlakları üzərinə həbs qoyulmasını xahiş edir. Halbuki MPM-nin 158-ci maddəsinə əsasən, daşınmaz əmlaklar üzərinə həbsin qoyulması üçüncü növbədə, əvvəlki növbələr üzrə cavabdehin əmlakları olmadığı təqdirdə mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində cavabdehin mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyulmasının hansı zərurətdən irəli gəldiyi kifayət qədər əsaslandırılmadığından ərizənin rədd edilməsi barədə qərardad qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli, e-2-2(113)-449/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Nümayəndə1 MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli, e-2-2(113)-449/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar