Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-11/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), hakimlər Cəmilova Xəyalə Adil qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X12, Üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxxe” MMC-nə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia ərizəsi, iddiaçı “xxxxe” MMC-nin cavabdeh İddiaçı MMCnə qarşı dəymiş zərərinə ödənilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2-2(81)-746/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2-2(81)-746/2017 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə icarə predmeti olan kərpic zavodunun qanunsuz sahiblik və istifadədə saxlanıldığı 01.05.2007-ci il tarixdən 01.05.2017-ci il tarixədək olan dövr üçün ödənildiyi günə Azərbaycan manatına olan məzənnə ilə ******* ABŞ dolları məbləğində, zavodun əvvəlki vəziyyətə gətirilməsi üçün 450000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir (hakim V.Baxışova). Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2017-ci il tarixli iş № 2-2(103)-588/2017 qətnaməsi ilə birinci instansiya məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən və məruzəçi V.Məmmədov, hakimlər S.Seyidova və S.Hüseynov). Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 23.05.2018-ci il tarixli 2-2(102)- 162/2018 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2017-ci il tarixli, 2- 2(103)-588/2017 saylı qətnaməsi qismən, yəni, birinci instansiya məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə ******* ABŞ dolları məbləğinin tutulması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, İddiaçı MMC-nin iddia tələbi həmin hissədə rədd edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2017-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmiş, Cavabdeh MMC-dən onun təsisçisi olan X5 vəsaiti hesabına 391000 ABŞ dolları və 450000 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulması, kasasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov). İş üzrə 08.11.2018-ci il tarixli 2-2(102)-162/2018 saylı icra vərəqəsi verilmişdir. Sonradan A.Əliyev və Cavabdeh MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ayrı-ayrı şikayətlərlə müraciət edərək, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11.06.2019-cu il tarixli qərarı ilə İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə, 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 417.1.4-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15.11.2019-cu il tarixli 13- 2(102)-2(k)/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 23.05.2018-ci il tarixli 2-2(102)-162/2018 saylı qərarı və onunla əlaqədar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2017-ci il tarixli iş № 2-2(103)- 588/2017 qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı MMC cavabdeh “xxxxe” MMC-yə qarşı İddiaçı MMC-nin mülkiyyətində olan Beyləqan rayonu, Allahyarlı kəndində yerləşən kərpic zavodunun qanunsuz sahiblikdə və istifadəsində saxladığı 01 may 2007-ci ildən 01 may 2017-ci ilədək olan dövr üçün dəymiş ziyana görə ******* ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və zavodun bərpa edilərək əvvəlki vəziyyətə gətirilməsi üçün 450000 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsinə) müraciət etmişdir. Eyni zamanda, “xxxxe” MMC-nin cavabdeh İddiaçı MMC-nə qarşı qarşılıqlı iddia qaldıraraq xarab olmuş kərpiclərin dəyəri kimi 20000 ABŞ dolları maddi ziyanın, əsasız məhkəmələrə zaman və vəsait sərfinə görə 450000 manatın, işgüzar nüfuza və sövdələşmələrə xələl gəlməsinə görə ******* ABŞ dolları vəsaitin ödəniş gününə manat məzənnəsi ilə, cəmi 450000 manat, ******* ABŞ dolları vəsaitin ödəniş gününə manat məzənnəsi ilə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 21.06.2017-ci il tarixli qərardadı ilə “xxxxe” MMCnin təsisçisi X10 cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin istifadəsində Beyləqan rayonu Allahyarlı kəndi ərazisində 15,0 ha torpaq sahəsi və həmin torpaq sahəsində İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan kərpic zavodu vardır. İddiaçı MMC ilə “xxxxe” MMC arasında bağlanmış 01 aprel 2004-cü il tarixli icarə müqaviləsinə əsasən kərpic zavodu 01 may 2004-cü il tarixdən 3 il müddətinə cavabdeh “xxxxe” MMC-yə icarəyə verilmişdir. Həmin müqavilənin 4.6-cı maddəsində göstərilir ki, icarə müqaviləsinin müddəti 3 il müəyyən edilir, yəni 01 may 2007-ci ilə qədər. İcarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 01 aprel 2004-cü il tarixli 2 saylı əlavə ilə aylıq icarə haqqı 17000 ABŞ dolları (ƏDV və digər vergilər daxil olmadan) məbləğində müəyyən edilmişdir. İcarə müqaviləsi üzrə icarə müddəti başa çatdıqdan sonra icarəyə götürülmüş kərpic zavodu hazırda cavabdeh olan “xxxxe” MMC tərəfindən icarəyə verən İddiaçı MMC-yə qaytarılmamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edilərək icarə haqqı üzrə olan borclarını tam ödəmələri və kərpic zavodunun icarəyə verənə təhvil verilməsi tələb edilsə də, kərpic zavodu icarə müqaviləsində nəzərdə tutulan vaxtda və qaydada hazırlanaraq icarəyə verənə təhvil verilməmişdir. Sonradan müəyyən olunmuşdur ki, kərpic zavodunu icarəyə götürən cavabdeh “xxxxe” MMC-nin təsisçiləri icarəyə verən İddiaçı MMC-nin təsisçisi və direktoru olan Əlihüseyn Hüseynovun etibarından və onlara olan inamından sui-istifadə edərək müəssisənin bütün hüquqi sənədlərinin əslini, o cümlədən nizamnaməsini, torpaqdan daimi istifadə hüququna aid dövlət aktını, Kərpic zavodunun İddiaçı firmasının xüsusi mülkiyyətində olmasına dair mülkiyyət hüququ haqqında Şəhadətnaməni, Kərpic zavodunun texniki pasportunu və digər sənəd və blanklarım kərpic zavodunun istismarının təmin edilməsi zərurəti adı altında alaraq ələ keçirdikdən sonra İddiaçı MMC-nin “xxxxe” MMC-nin təsisçilərindən biri olan X1 dair onunla İddiaçı MMC-nin direktoru arasında notariatda qanunsuz alqı-satqı müqaviləsi bağlatdırmış və cəmiyyət X3 adına qeydiyyatdan keçirmişlər. Göstərilən hal müəyyən edildikdən sonra İddiaçı MMC-nin təsisçilərindən biri və faktiki mülkiyyətçisi olan X13 və müstəqil tələb irəli sürən digər üçüncü şəxslər tərəfindən Nəsimi rayon məhkəməsində iddia qaldırılmış və Nəsimi rayon məhkəməsinin 2(006)- 197/2009 saylı, 19 iyun 2009-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək təsisçilərin təsis paylarından cəmiyyətin digər iştirakçısının xeyrinə imtina etmələri barədə ərizələri (birtərəfli əqdlər) və həmin ərizələrin nəticəsi olaraq İddiaçı MMCnin nizamnaməsinə edilmiş dəyişikliklərlə bağlı 21.06.2016-cı il tarixli qərar və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X18 qeydiyyatı üzrə X20 aparılmış dövlət qeydiyyatı, 28 fevral 2008-ci il tarixdə İddiaçı MMC-nin direktoru və təsisçilərindən biri X8 ilə X10 arasında Bakı şəhər 1 saylı Dövlət Notariat Kontorunda reyestrdə 3M/02-154 № ilə qeyd edilmiş İddiaçı müəssisəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı MMC-nin təsisçilərinin pozulmuş hüquqları İddiaçı MMC-nin 18 fevral 2004-cü il tarixli nizamnaməsinə uyğun bərpa edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan sonra dəfələrlə yazılı və şifahi surətdə cəmiyyətin Beyləqan rayonu Allahyarlı kəndində yerləşən kərpic zavodunun icarəyə verənə təhvil verilməsi və icarə üzrə borcun ödənilməsi barədə cavabdehə müraciət olunsa da cavabdeh müxtəlif əsassız bəhanələrlə zavodun təhvil verilməsindən və icarə haqqı üzrə borcu ödəməkdən imtina etmişdir. 2014-cü ildə 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin 21 avqust 2014-cü il tarixli 2iqt (81 )-1947/2014 saylı qanuni qüvvədə olan qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək kərpic zavodunun cavabdeh “xxxxe” MMC-dən alınaraq icarəyəverən İddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir. Artıq 13 ildir ki, İddiaçı MMCnin mülkiyyətində olan kərpic zavodu cavabdeh “xxxxe” MMC-nin sahibliyində və istifadəsindədir. Kərpic zavodunun 3 il müddətində icarə müqaviləsi əsasında cavabdehə icarəyə verilməsinə baxmayaraq 10 ildir ki, əsassız olaraq müxtəlif tələblər və bəhanələrlə mülkiyyətçiyə qaytarılmır və bununla da mülkiyyətçinin qanunla qorunan hüquqları pozulmaqla ona külli məbləğdə maddi ziyan dəyir. Əgər kərpic zavodunun cavabdeh “xxxxe” MMC-yə aylıq 17000 ABŞ dolları məbləğində icarəyə verildiyi və icarəyə götürən tərəfindən müəyyən müddət ərzində həmin məbləğdə icarə haqqının ödənildiyini nəzərə alınmaqla cəmiyyətə dəymiş maddi ziyanın məbləği ******* ABŞ dolları məbləğində müəyyən edilir. Bundan əlavə kərpic zavodu on illər ərzində baxımsız qalaraq istifadəyə yararsız vəziyyətə düşmüşdür. Zavodun istehsalat sahəsinin istehsala yararlı vəziyyətə gətirilməsi və dam örtüyünün təmir edilməsi üçün aparılmış hesablamalara görə 450000 manat tələb olunur ki, bu vəsait də cavabdehdən tutulmalıdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçının icarə haqqı tələbi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə rədd edilmişdir. 01.12.2008-ci il tarixli protokol ilə zavodun üzərinə həbs qoyulan zaman zavodun içində sobalarda olan 200000 min kərpic bişməmiş qalmış və xarab olmuşdur (hər bir kərpicin qiyməti o vaxtkı dəyər ilə minimum 0,1 ABŞ dollarının manat ekvivalenti qiymətləndirilir - 200000 x 0.1 = 20000 ABŞ dollarının manat ekvivalenti). Halbuki zavod üzərində mübahisə olduğu zaman o işləyə bilərdi və mübahisələrdən sonra onun sahibi müəyyənləşərdi. 2008-ci ildə zavod alqı - satqı müqaviləsi ilə Cavabdeh MMC-nin təsisçilərindən olan X6 məxsus olmuşdur və barəsində Nəsimi rayon məhkəməsində məhkəmə çəkişməsi mövcud olmuşdur. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı əsassız iddiası üzrə uzun zaman məhkəmə prosesləri davam etmiş, məhkəmə proseslərinə külli miqdar vəsait və zaman sərf edilmişdir. Həmin məbləği Cavabdeh MMC 450000 manat dəyərində qiymətləndirir. Bundan əlavə İddiaçı MMC-nin əsassız və məhkəmələr tərəfindən rədd edilən iddiasına görə Cavabdeh MMC yersiz məhkəmə proseslərinə cəlb edilmiş, qəbul edilən məhkəmə qərarları dərc edildiyindən işgüzar nüfuza və əməkdaş təşkilatlarla biznes sövdələşmələrinə xələl gəlmişdir. Belə ki, cəmiyyətin iştirak etmək istədiyi tenderlər üzrə tələb olunan kriteriyalardan biri də, fəaliyyət göstərdiyimiz ərazidəki məhkəmələrdə bizə qarşı hər hansısa bir iddianın olub - olmaması barədə məlumatlandırmadır. Həmçinin Apelyasiya və Ali Məhkəmələrin qərarları kütləvi informasiya vasitələrində dərc edilir, həmin məlumatlardan saysız dərəcədə insanlar istifadə edərək, Cavabdeh MMC-yə qarşı iddia olduğu barədə məlumatlananda tikinti təşkilatına qarşı inam və etibar sarsılır və cavabdeh sifarişlərdən məhrum olur. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabehin nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında icarə münasibətlərinə xitam verilməsi və icarə münasibətlərinə xitam verilməsindən sonra icarə predmetinin cavabdehə saxlanılma halı baş verməmişdir. Zavodun tək təsisatçısı olan Əlihüseyn Hüseynov onu Allahverən Əliyevə notariusda alqı-satqı yolu ilə satmış, sonradan onun tək təsisçiliyi digər təsisçi tərəfindən məhkəmə qaydasında mübahisələndirilməklə, alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və bu çəkişmə müddəti ərzində zavodun üzərinə iddiaçının təsisçi hüququ bərpa edilən sahibi tərəfindən məhkəmə qaydasında həbs qoyularaq Beyləqan rayon İcra bölməsi tərəfindən icra edilmişdir. Həmçinin, Ə.Hüseynov barədə Ə.Əliyevi aldatdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə hökm çıxarılaraq məhkum edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 705-ci maddəsinə görə icarə predmetinin müqaviləyə xitam veridikdən sonra icarəçi tərəfindən qaytarılmaması zamanı, obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Halbuki cavabdeh nəinki icarə faydaları götürməmiş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 17.11.2008-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulduqdan sonra Beyləqan rayon İcra bölməsi tərəfindən iddianın təmin tədbiri icra edilərkən barəsində 01.12.2008-ci il tarixli protokol tərtib edilmiş, əmlaklar zavodun içərisinə yığılaraq qapısı bağlanmış, möhürlənmiş və zavodun icraçı direktoru Eyvaz Xıdırova saxlanca verilmiş, habelə mazurt yanacağı və elektrik enerjisi ilə işləyən zavoda 01.12.2008-ci ilıdən sonra heç bir enerji daşıyıcıları sərf edilməmiş, sayğaclar sərfiyyat yazmamış, müqavilələr bağlanmamış, zavod tam fəaliyyətsiz olmaqla dayanmış vəziyyətdə məhkəmə çəkişmələrinin bitməsini və öz real sahibinin müəyyənləşdirilməsini gözləmişdir. Zavodun hazırki rəhbərliyi indi də zavodun təsisçilərindən olan X9 müqavilənin etibarsız hesab etdirdiyi müddət üçün və öz ərizəsi ilə zavod üzərinə həbs qoydurduğu, onun fəaliyyətini qadağan etdirdiyi zaman üçün cavabehdən pul tələb edir. İddiaçı eyni tərəflər arasında eyni pul ilə 2015-ci ildə məhkəməyə müraciət etmiş, icarə müddəti ərzində dəymiş ziyana görə tələb etdiyi 2.040.000 ABŞ dollarının manat ekvivalenti hissəsində iddia təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəkməsi tərəfindən də bu tələb rədd edilmişdir. Ali Məhkəmənin 15.03.2016-cı il tarixli 2-2(102)-84/2016 saylı qərarı ilə müəyyən olunmuşdur ki, 17.11.2008-ci il tarixli qərardad ilə üzərinə həbs qoyulmuş əmlak iddiaçının icraçı direktoru E.Xıdırova tapşırılmış, həmin müddətdən sonra zavod üzrə hüç bir fəaliyyət həyata keçirilməmiş, zavod icra məmurlarının nəzarətində olmuşdur. Həmçinin əgər iddiaçının iddisında göstərildiyi kimi tərəflər arasında müqavilə münasibətləri varsa, onda MPM-nin 259.0.1-ci maddəsində göstərilənlərə əməl edilməli idi. Məhkəmə prosesi gedişində iddiaçının direktoru N.Mehdiyev və onun nümayəndəsi sübut etməyə çalışdılar ki, guya kərpic zavodu cavabdeh tərəfindən icarədara təhvil verilməmiş, faktiki olaraq özünün istifadə və sərəncamında qalmışdır. Halbuki Ali Məhkəmənin araşdırması zamanı sübut olundu ki, zavodun üzərinə hələ 01.12.2008-ci ildə həbs qoyulmaqla zavodun keçmiş dirktoru E.Xıdırova saxlanca verilmiş, onun tərəfindən uzun müddət mühafizə altında olmuş, mühafizə haqqı ona və digər iki gözətçiyə zavodun əmlakında payı olan A.Əliyev tərəfindən ödənilmiş. Həmçinin sonradan A.Əliyev məhkəmə qaydasında ödədiyi mühafizə muzdunun ona ödənilməsi barədə iddianı udmuşdur. Hazırda ona iddiaçı tərəfindən 48.855 manat vəsait ödənilməlidir və bu tələb indiyə qədər Beyləqan rayon İcra bölməsi tərəfindən icra edilməmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ilkin iddia tələbinin tam rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X10 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahlaratını dinləyərək, iş materiallarını araşdıraraq, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən verilçmiş 14.03.2001-ci il tarixli 000841 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Beyləqan rayonu Allahyarlı kəndində yerləşən kərpic zavodu İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 01 aprel 2004-cü il tarixli icarə müqaviləsi və müqaviləyə 2 saylı Əlavənin surətindən görünür ki, Beyləqan rayonu Allahyarlı kəndində yerləşən kərpic zavodu 01 may 2004-cü il tarixdən 3 (üç) il müddətinə aylıq icarə haqqı 17.000 ABŞ dolları olmaqla (ƏDV və digər vergilər daxil olmadan) "xxxx" MMC-yə icarəyə verilmişdir. Nəsimi rayon məhkəməsinin 2(006)-197/2009 saylı, 19 iyun 2009-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, həmin qətnamə ilə X9 iddia tələbi təmin edilmiş, təsisçilərin təsis paylarından cəmiyyətin digər iştirakçısının xeyrinə imtina etmələri barədə ərizələri (birtərəfli əqdlər) və həmin ərizələrin nəticəsi olaraq "İddiaçı" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliklərlə bağlı 21.06.2006-cı il tarixli qərar və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X18 qeydiyyatı üzrə X20 aparılmış 22.06.2006-cı il tarixli dövlət qeydiyyatı, 28 fevral 2008-ci il tarixdə "İddiaçı" MMC-nin təsisçisi X8 ilə X10 arasında Bakı şəhər 1 saylı Dövlər Notariat Kontorunda reyestrdə 3M/02-154 № ilə qeyd edilmiş "İddiaçı" müəssisəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, "İddiaçı" MMC-nin təsisçilərinin pozulmuş hüquqları "İddiaçı" MMC-nin 18 fevral 2004-cü il tarixli nizamnaməsinə uyğun bərpa edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 30.04.2012-ci il tarixli məktubundan görünür ki, zavodun icarədən geri qaytarılması və icarə haqqının ödənilməsi xahiş olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 21 avqust 2014-cü il tarixli 2iqt (81)- 1947/2014 saylı qanuni qüvvədə olan qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək kərpic zavodunun cavabdeh “xxxx” MMC-dən alınaraq icarəyəverən İddiaçı MMCyə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 2.040.000 icarə haqqının cavabdehdən tutulması tələbi rədd edilmiş və iddiçıya izah edilmişdir ki, iddiaçı əmlakın icarəçi tərəfindən qaytarılmaması və qeyri-qanuni sahiblikdə saxlanılması ilə əlaqədar dəymiş ziyanın tutulması barədə iddia qaldıra bilər. Birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, kərpic zavodu ötən müddət ərzində icarəçi tərəfindən zavodun mülkiyyətçisi "İddiaçı" MMC-nə qaytarılmamış, zavod “xxxx” MMC-nin təsisçisi X3 təyin etdiyi X15 təhvil verilmiş və onun təyin etdiyi mühafizəçilər tərəfindən mühafizə olunmuş, tərəflər arasında zavodun qanuni sahibinə geri qaytarılması ilə əlaqədar çoxsaylı məhkəmə mübahisələri ilə əlaqədar zavodun üzərinə həbs qoyulmuşdur. Nəticədə mülkiyyətçi mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edərək gəlir əldə etmək imkanından məhrum olmuş və iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Birinci instansiya məhkəməsi qeyd edilən normanın tələbini nəzərə alaraq hesab etmişdir ki, “xxxx” MMC tərəfindən "İddiaçı" MMC-nə ödənilməli olan illik icarə haqqının 204000 ABŞ dolları məbləğində olduğu nəzərə alınaraq tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verildiyi 01 may 2007-ci il tarixdən 01 may 2017-ci il tarixədək icarə predmetinin cavabdeh tərəfindən qaytarılmadığı 10 illik dövr üçün cəmi 2.040.000 ABŞ dolları məbləğində pulun icarəyəverənə dəymiş ziyanın kompensasiyası olaraq “xxxx” MMC-dən tutulması barədə iddiaçının tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda "İddiaçı" MMC-nin tələb etdiyi pul məbləği müqavilə münasibətlərindən irəli gəlmədiyindən və iddiaçı icarə müqaviləsinin müddəti bitdikdən sonra icarə predmeti olan əmlakın geri qaytarılmaması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsini tələb etdiyindən mübahisəyə iddia müddətinin tətbiq edilərək iddia tələbinin 3 illik iddia müddətinin keçməsi əsası ilə rədd edilməli olduğuna dair cavabdehin etirazı əsassızdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 01 aprel 2004-cü il tarixli icarə müqaviləsinin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəçi əmlakı qaytararkən icarəyə götürdüyü əmlakın texniki vəziyyətini qənaətbəxş, saz vəziyyətdə, əmlakın faktiki aşınma faizini nəzərə almaqla qaytarmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, icarə predmeti olmuş zavod uzun illər ərzində baxımsız qalaraq yararsız vəziyyətə düşmüşdür və zavodun təmir-bərpa xərcləri üçün 450.000 manat vəsait tələb olunur. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi zavodun bərpa edilərək əvvəlki vəziyyətə gətirilməsi üçün 450.000 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində 01.12.2008-ci il tarixdə zavodun üzərinə həbs qoyularkən zavodun içində sobalarda olan 200.000 min kərpicin bişməmiş qalması nəticəsində xarab olmasına görə (hər bir kərpicin qiyməti o vaxtkı dəyər ilə minimum 0,1 ABŞ dollarının manat ekvivalenti qiymətləndirilir - 200 000 x 0.1 = 20 000 ABŞ dollarının manat ekvivalenti) kərpiclərin dəyəri kimi 20.000 ABŞ dolları maddi ziyanın qarşı tərəfdən tutulmasını xahiş etmiş, bu tələblə bağlı məhkəməyə Beyləqan rayon İcra Şöbəsinin 01.12.2008-ci il tarixli protokolu təqdim edilmişdir. Həmin protokoldan görünür ki, icarə predmeti olan kərpic zavodunun üzərinə Nəsimi rayon Məhkəməsinin 2(006)-3282/2008 saylı 17.11.2008-ci il tarixli iddianı təmin etmə tədbiri görülməsi barədə qərardadına əsasən həbs qoyulmuş, üzərinə həbs qoyulmuş əmlaklar icraçı direktor X15 təhvil verilmişdir. Həmin protokolda üzərinə həbs qoyulmuş əmlaklar qeyd edilmiş, əmlaklar siyahıya alınarkən sobalarda kərpic olduğuna dair protokolda hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının bu tələbi ilə bağlı iş materillarında sübutlar olmadığından tələb əsassız hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinə əsasən, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Qeyd edilən normanın tələbinə əsasən Cavabdeh MMC yalnız rədd edilmiş iddia tələbi üzrə məhkəmə tərəfindən görülmüş iddianı təmin etmə tədbiri nəticəsində dəymiş ziyanı İddiaçı MMC-dən tələb edə bilərdi. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində İddiaçı MMC tərəfindən Cavabdeh MMCnə qarşı qaldırılmış əsassız iddialarla bağlı məhkəmələrə zaman və vaxt sərfinə görə 450.000 manat xərc çəkildiyini, işgüzar nüfuza və sövdələşmələrə xələl gəlməsinə görə 2.020.000 ABŞ dollarıziyan dəydiyini göstərsə də, bu məbləğlərlə bağlı məhkəməyə heç bir sübut (müqavilələr, qəbzlər və sair) təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə qarşı qaldırılmış iddiaların əksər hissəsi məhkəmələr tərəfindən əsaslı hesab edilərək təmin edildiyindən qarşılıqlı iddia tələbi əsassız məhkəmələrə zaman və vəsait sərfinə görə 450.000 manat pulun və işgüzar nüfuza və sövdələşmələrə xələl gəlməsinə görə 2.020.000 ABŞ dolları vəsaitin İddiaçı MMC-dən tutulması hissəsində də əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsində ilkin iddianın təmin edilmiş hissəsi ilə aşağıdakı əsaslara görə razılaşmır. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.08.2014-cü il tarixli, 2 iqt(81)1947/2014 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilmiş, Beyləqan rayonu, Allahyarlı kəndində yerləşən İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan kərpic zavodu cavabdeh “xxxxe” MMC-dən alınaraq icarəyəverən İddiaçı MMC-nə təhvil verilmiş, iddia qalan hissəsində - kərpic zavodunun icarəyə götürənin icarəsində və sahibliyində olduğu bütün müddət üçün ödənilməmiş icarə haqqı olaraq ******* ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməmişdir. Bakı Apelyasiya məhkəməsinin 27.10.2015-ci il tarixli, 2-2(103)-434/2015 saylı qətnaməsi ilə İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21.08.2014-cü il tarixli, 2 iqt (81) 1947/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.03.2016-cı il tarixli, 2-2(102)-84/2016 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya məhkəməsinin 27.10.2015-ci il tarixli, 2-2(103)-434/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)117/2012 saylı, 31.10.2012-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə həmin cinayət işi üzrə mülki iddiaya baxılarkən "İddiaçı" MMC və "Cavabdeh" bağlanılmış 01.04.2004-cü il tarixli icarə müqaviləsinə istinad edilmiş, tərəflər arasında həmin müqavilə əsasında icarə münasibətləri yarandığı məhkəmə tərəfındən müəyyən edilmişdir. Məhkəmə hökmü ilə "Cavabdeh" MMC-nin təsisçiləri tərəfındən "İddiaçı" MMC-nin təsisçilərindən Əlihüseyn Hüseynova ödənilmiş 612000 ABŞ dolları və ya 489000 manat 01.04.2004-cü il tarixli icarə müqaviləsi üzrə ödənilmiş 3 illik icarə haqqı kimi qəbul edilərək Ə.Hüseynova qarşı irəli sürülmüş mülki iddia həmin hissədə təmin edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfındən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd edilənləri nəzərə alınaraq məhkəmə hesab etmişdir ki, “İddiaçı" MMC-nin 01.04.2004-01.04.2007-ci illər üçün hesablanmış 612.000 ABŞ dolları icarə haqqı üzrə borcun "Cavabdeh" MMC-dən tutulmasına dair tələbi həmin məbləğin "İddiaçı" MMC-nin təsisçilərindən Əlihüseyn Hüseynova ödənildiyi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən iddia icarə haqqının ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, 28.02.2008-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, "İddiaçı" MMC-nin təsisçilərindən Əlihüseyn Hüseynov İddiaçı MMC-nin nizamnamə kapitalındakı 100% payını 106750 manata X2. Yuxarıda adı çəkilən Nəsimi Rayon Məhkəməsinin 19.06.2009cu il tarixli, 2(006)-197/2009 saylı, 01.06.2010-cu il tarixdə qanuni qüvvəyə minmiş qətnaməsi ilə X9 iddia tələbi təmin edilmiş, təsisçilərin təsis paylarından cəmiyyətin digər iştirakçısının xeyrinə imtina etmələri barədə ərizələri (birtərəfli əqdlər) və həmin ərizələrin nəticəsi olaraq "İddiaçı" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliklərlə bağlı 21.06.2006cı il tarixli qərar və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X18 qeydiyyatı üzrə X20 aparılmış 22.06.2006-cı il tarixli dövlət qeydiyyatı, 28 fevral 2008-ci il tarixdə "İddiaçı" MMC-nin təsisçisi X8 ilə X10 arasında Bakı şəhər 1 saylı Dövlər Notariat Kontorunda reyestrdə 3M/02-154 nömrə ilə qeyd edilmiş "İddiaçı " müəssisəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, "İddiaçı " MMC-nin təsisçilərinin pozulmuş hüquqları "İddiaçı" MMC-nin 18 fevral 2004-cü il tarixli nizamnaməsinə uyğun bərpa edilmişdir. Eyni zamanda, Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2008-ci il tarixli, 2(006)- 3282/2008 saylı qərardadı ilə işə məhkəmədə baxılarkən iddiaçı X13 iddianın təmini tədbiri barədə ərizə vermiş, məhkəmənin qeyd olunan qərardadı ilə ərizə təmin olunmuş, «xxxx» MMC-nin və onun mülkiyyətində olan Beyləqan rayonu, Allahyarlı kəndində yerləşən torpaq sahəsi və Kərpic zavodunun hər-hansı formada özgəninkiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış və həmin müəssiənin bütün daşınar və daşınmaz əmlakları siyahıya alınmaqla onların üzərinə həbs qoyulmuş, qərardadın icrası «xxxx» MMC-nin hüquqi şəxs kimi bu və ya digər formada özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Yanında Kommersiya X18 Qeydiyyatı İdarəsinə (Ərazi Bölməsinə), «xxxx» MMC-nin daşınmaz əmlaklarının özgəninkiləşdirilməsinin qadağan edilməsinə aid hissədə Azərbaycan Respublikası DƏDRX-nə (Ərazi İdarəsinə), həmin müəssisənin bütün əmlaklarının siyahıya alınmasına aid hissədə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beyləqan rayon Məhkəmə İcraçıları Şöbəsinə həvalə edilmişdir. 37 saylı borclunun əmlakının üzərinə həbs qoyulması və siyahıya alınması haqqında protokola əsasən Beyləqan rayon MN və Mİ qrupu tərəfindən İddiaçı MMC mülkiyyətində olan müəssisənin bütün əmlakları siyahıya alınmış, əmlak üzərinə həbs qoyulmuş, siyahıya alınmış və üzərinə həbs qoyulmuş əmlaklar borclu İddiaçı MMC-nin icraçı direktoru X15 tapşırılmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.03.2016-cı il tarixli, 2-2(102)-84/2016 saylı qərarında qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2011-ci il tarixli, 5(006)-423/2011 saylı qərarı ilə 99611 saylı cinayət işi üzrə İddiaçı MMC-nin X4 məxsus orta bazar qiyməti 1509795,16 manat təşkil edən 34 təsis payı və İddiaçı MMC-nin həmin dəyərdə əmlakı üzərinə həbs qoyulmuşdur. Digər tərəfdən apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin 2008-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandıqdan sonra zavodun faktiki olaraq «xxxx» MMC-nin istifadəsində olması faktına aydınlıq gətirilməsi barədə 16 iyul 2015-ci il tarixli qərarı ilə verdiyi göstərişini nəzərə alaraq şahid qismində E.Xıdırovu dindirmiş və E.Xıdırov ifadəsində zavodun 2008-ci ildən etibarən onun mühafizəsində olduğunu, icra məmurları tərəfindən zavodun əmlakının üzərinə həbs qoyulduqdan sonra orada heç bir fəaliyyətin həyata keçirilmədiyini, hər hansı bir fəaliyyətin həyata keçirilməsinə icra məmurları tərəfindən icazə verilmədiyini göstərmişdir. Məhkəmələrin gəldiyi nəticəyə görə iddiaçının 2008-ci ildən, yəni mübahisəli əmlakın üzərinə həbs qoyulmasından sonrakı dövr üçün (iddia qaldırılan tarixədək, yəni 2014-cü il tarixədək) cavabdehdən icarə haqqı tələb etməsi barədə tələbi əsaslı sayıla və təmin oluna bilməz. Bununla yanaşı qeyd etmişdir ki, müqavilənin müddətinin bitdiyi 01.05.2007ci il tarixdən icarəyə verilən əmlakın üzərinə həbs qoyulduğu 2008-ci il tarixədək tərəflər arasında icarə münasibətlərinin davam etməsi qəbul edilsə belə, iddiaçının həmin müddət üçün icarə haqqının ödənilməsi barədə tələbi də təmin edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ******* ABŞ dolları məbləğində icarə haqqının tutulmasının təmin edilməməsi hissəsində preyudisiallığını nəzərə alaraq hesab edir ki, iddia tələbi kərpic zavodunun qanunsuz sahiblik və istifadədə saxlanıldığı 01.05.2007-ci il tarixdən 01.05.2017-ci il tarixədək müddətdə ******* ABŞ dolları məbləğində dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi zavodun əvvəlki vəziyyətə gətirilməsi üçün 450000 manat pulun cavabdehdən tutulması hissəsini təmin edərək haqlı olmamışdır və ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi kərpic zavodunun 2008-ci ildən cavabdehin istifadəsində olmadığını, ondan hər hansı fayda əldə etmədiyini, həmin əmlakın həbsdə olması səbəbindən, icra məmurunun tapşırığı əsasında əmlakın mühafizəsinin həyata keçirdiyi faktının müəyyən edildiyini nəzərə almamışdır. Yuxarıda adı çəkilən qanuni qüvvəsini almış məhkəmə qərarları ilə kərpic zavodunun on illər ərzində baxımsız qalaraq istifadəyə yararsız vəziyyətə düşdüyü cavabdehin təqsiri üzündən baş vermədiyi sübüt olunur və cavabdeh buna görə məsuliyyət daşıya bilməz. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində qarşılıqlı iddia münasibətdə dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməyərək haqlı olmuşdur, ona görə birinci instansiya məhkəməsinin qərarı qarşılıqlı iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin qətnaməsi ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə 30 manat dövlət rüsümunun tutulması hissəsində ləğv edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyun 2017-ci tarixli, 2-2(81)-746/2017 saylı qətnaməsi qismən – ilkin iddianın təmin edilmiş hissəsində - Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə icarə predmeti olan kərpic zavodunun qanunsuz sahiblik və istifadəsində saxlanıldığı 01.05.2007-ci il tarixdən 01.05.2017-ci il tarixədək olan dövr üçün ödənildiyi günə Azərbaycan manatına olan məzənnə ilə ******* ABŞ dolları məbləğində, zavodun əvvəlki vəziyyətə gətirilməsi üçün 450000 manat pulun tutulması hissəsində ləğv edilməli və ilkin iddia tələbi təmin edilməməlidir, qətnamə 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilməlidir, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinin tələbindən də görünür ki, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2-2(81)- 746/2017 saylı qətnaməsi qismən – ilkin iddianın təmin edilmiş hissəsində - Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə icarə predmeti olan kərpic zavodunun qanunsuz sahiblik və istifadədə saxlanıldığı 01.05.2007-ci il tarixdən 01.05.2017-ci il tarixədək olan dövr üçün ödənildiyi günə Azərbaycan manatına olan məzənnə ilə ******* ABŞ dolları məbləğində, zavodun əvvəlki vəziyyətə gətirilməsi üçün 450000 manat pulun tutulması hissəsində ləğv edilsin və ilkin iddia tələbi təmin edilməsin. Qətnamə 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Xəyalə Cəmilova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-11/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-11/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver