Məhkəmə qərarları › İş №2-2(103)-11/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-11/2024

28.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-11/2024 28.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi Açar söz: dəymiş ziyanın ödənilməsi, icarə haqqı tələbi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3436/2022 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı icarəyə verən, Cavabdeh MMC “icarəyə götürən” olmaqla imzalanmış 42 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən tikintidə istifadə edilən Füzuli rayonu Əhmədalılar kəndində qeydiyyatda olan qeydiyyat nişanı **-FZ-*** nömrəli avtomobilini Əlavə 1-də qeyd olunan məbləğ qarşısında icarəyə götürənə icarəyə verir. İcarə müddəti avtomobilin “icarəyə götürən” tərəfindən, “icarəyə verən”in ünvan 1 ünvana, yenidən işlədiləcək şəkildə demontaj edilərək təslim edildiyi tarixdə bitir.

2. İddiaçı və Cavabdeh MMC arasında imzalanmış 28 iyul 2021-ci il tarixli və 42 nömrəli icarə müqaviləsinə Əlavə 1-də **-FZ-*** qeydiyyat nişanlı avtomobilin 1500 manata icarəyə verilməsi tərəflər arasında razılaşdırılmışdır.

3. Cəbrayıl RPŞ DYPB-nin rəisi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli arayışda 3. X1 idarə etdiyi Mitsubishi L200 minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Mahmudlu kəndində əzilməsi qeyd olunmuşdur.

4. xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda xx.xx.2002-ci il tarixində Mitsubishi L200 minik markalı **-FZ-*** nömrəli nəqliyyat vasitəsini idarə edən X3 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir.

5. X2 Cəbrayıl rayon polis şöbəsinə verdiyi izahatında xx.xx.2022-ci il tarixində saat 12 radələrində etibarnamə ilə idarə etdiyi Mitsubishi L200 markalı **-FZ-*** dövlət nömrə nişanlı maşınla Cəbrayıl rayonu Şükürbəyli kəndi ərazisində idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə dəydiyini, avtomobilin əzildiyini bildirmişdir.

6. "xxxx" MMC tərəfindən tərtib edilmiş Mİ-123701 nömrəli iş kartının məzmunundan görünür ki, **-FZ-*** nömrəli nəqliyyat vasitəsinin təmir və ehtiyat hissələrinin dəyişdirilməsi 25216,82 manat hesablanmışdır.

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müraciət əsasında verilmiş xx.xx.2022-ci il tarixli **********592700 nömrəli cavab məktubunda Cavabdeh MMC ilə X4 arasında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanması, həmin əmək müqaviləsinin qüvvədə olması qeyd olunmuşdur.

8. X5 Xidməti tərəfindən verilmiş **********2 nömrəli 09 avqust 2022-ci il tarixli cavab məktubunda Cavabdeh MMC tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişində X1 Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixində işə götürülməsi, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndi ilə əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuşdur.

9. 20 sentyabr 2022-ci il tarixli 9/6667 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyində qeyd olunmuşdur ki, tədqiq edilən 2008-ci il buraxılışlı “Mitsubishi” markalı, 90- FZ- 460 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkənə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 17.500 manat müəyyən edilir. Ekspertizanın aparılma qiyməti 100 manat qeyd olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mitsubishi L200 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş 26.000 manat maddi ziyanın, 28 yanvar 2022-ci il tarixdən 18 fevral 2022-ci tarixədək müddətində 1500 manat icarə haqqının, əldən çıxmış fayda kimi 3750 manat maddi ziyanın, 200 manat mediasiyaya ödənilmiş rüsumun ümumilikdə 31450 manat pulun Cavabdehndən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 iyul 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Mitsubishi L200 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sahibkarlıq məqsədi ilə Cavabdehnə icarəyə verimişdir. Razılaşmaya görə müqaviləni ləğv etdirmək istəyən tərəf 15 gün qabaq qarşı tərəfə məlumat verməli və müqavilə bitdikdən sonra rəsmi təhvil- təslim aktına əsasən qaytarılmalı idi. Lakin 18 fevral 2022-ci il tarixdə avtomobil cavabdeh şirkətin əməkdaşı X4 tərəfindən onun təqsiri ucbatından qəzaya uğramış və avtomobil yarasız vəziyyətə düşmüşdür. Bu barədə qüsur aktı alınmış və ziyanın məbləği 26.000 manatdır. Cavabdeh 28 yanvar 2022-ci il tarixdən qəza baş verən 18 fevral 2022-ci tarixə olan 20 gün müddətində icarəsini ödəməmişdir. Bundan başqa mediasiyaya müraciət edilən günədək yəni 18 fevral 2022-ci il tarixdən 12 aprel 2022-ci tarixədək olan müddətdə həmin avtmobili icarəyə hər ay 1500 manat icarəyə verdiyi halda əldən çıxmış fayda kimi 3750 manat ziyan dəymişdir. Borcun ödənilməsi üçün müraciətlər olunmuş, lakin öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Nəhayət 12 aprel 2022-ci il tarixdə vurulmuş ziyanın ödənilməsi məqsədilə cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Sözügedən xəbərdarlıq cavabdehə müvafiq qaydada təqdim olunmuş, lakin xəbərdarlığa heç bir münasibət bildirilməmiş, həmçinin borcun ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3436/2022 nömrəli xx.xx.2024 tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdehndən “Mitsubishi L200” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş maddi zərərə görə 17.500 manat, icarə haqqı 1.000 manat, 200 manat mediasiya xərci tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza xərci 100 manat Cavabdehndən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh MMC arasında nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. İcarə müddətində Cavabdeh MMC-nin işçisi tərəfindən idarə edilən zaman icarədə olan avtomobil işıq dirəyinə dəyərək qəza törədilmişdir. Qeyd olunanlara əsasən məkəmə iş üzrə keçirilmiş ekspert rəyini də əsas götürərək hesab edir ki, iddiaçıya məxsus minik avtomobilinə maddi ziyan vurulması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi 26.000 manat maddi zərərin vurulması hissəsində qismən sübuta yetirildiyindən 17.500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 28 yanvar 2022-ci il tarixdən 18 fevral 2022-ci tarixədək olan müddət üçün 1500 manat icarə haqqının ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə nəqliyyat vasitəsinin 1500 manata icarəyə verilməsi razılaşdırılmışdır. Məhkəmə aylıq icarə haqqının 1500 manat olmasını nəzərə alıb iddianın həmin hissədə qismən təmin edilməsini, 28 yanvar 2022-ci il tarixdən 18 fevral 2022-ci tarixədək olan müddət üçün 1.000 manatın cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbini əldən çıxmış fayda kimi 3.750 manat maddi zərərin cavabdehdən tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir.

14. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 21,23, 385, 386, 442, 443, 448, 449.1, 700.1, 1096, 1099-cu maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

15. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3436/2022 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə proseslərində iştirak etmədiyimizdən və iş üçün mühüm əhəmiyyət kəsb edən sübutlar məhkəməyə təqdim olunmamışdır ki, nəticədə məhkəmə həmin məqamları aydınlaşdırmadan yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçı iddia edir ki, guya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün icarə haqqı ödənilməmiş və bu müddət üçün 1000 manat icarə haqqı tələb edilmiş və məhkəmə iddianı həmin hissədə təmiş etmişdir. Bununla bağlı bildirmək istəyirik ki, iddiaçı məhkəmə yalan məlumat vermiş, əsl həqiqəti gizlətmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli çekdən görünür ki, fevral ayı üçün 1500 manat pul vəsaiti xx.xx.2022-ci il tarixdə Zəhra Dəmir tərəfindən İddiaçı ödənilmişdir. Avtomobilə dəymiş ziyanla bağlı hissədə bildirmək istəyirik ki, iddiaçı tərəfindən məhkəməyə yalnış məlumatlar verilmiş və iş üçün mühüm əhəmiyyət kəsb edəcək mühüm məqamlar aydınlaşdırılmamışdır. Belə ki, hadisədən sonra tərəflərin iştirakı ilə avtomobilə baxış keçirilmiş və dəyən zərərin həcmi 2 000 manat müyyən edilmişdir. Həmin pul xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi tərəfindən İddiaçı ödəniılmişdir. Lakin cavabdeh bütün bunları gizlədərək məhkəməyə bu barədə heç bir məlumat verməmişdir. Digər yandan hesab edirik ki, avtomobilin qiyməti və ona dəymiş ziyan məqsədyönlü və süni şəkildə şişirdilmişdir ki, həmin qiymətlər reallığı əks etdirmir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

18. Cavabdehin nümayəndəsi və vəkili öncəki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradəifadəsidir. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3436/2022 saylı qətnaməsi “Cavabdehndən 1000 manat məbləğində icarə haqqının tutulması” hissəsində ləğv edilməlidir.

23. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh MMC arasında nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. İcarə müddətində Cavabdeh MMC-nin işçisi tərəfindən idarə edilən zaman icarədə olan avtomobil işıq dirəyinə dəyərək qəza törədilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən maddi ziyanın əvəzi olaraq 17.500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş ekspertizalar üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 9/3157 nömrəli, xx.xx.2023-cü il tarixli, 9/7283 nömrəli, xx.xx.2024-cü il tarixli, 9/9805 nömrəli ekspertiza rəyləri də birinci instansiya məhkəməsində verilmiş ekspert rəyini təsdiq etmişdir. Lakin birinci instansiya məhkəməsində iştirak etməyən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə 2000 və 1500 manat məbləğləri özündə əks etdirən qəbzləri əlavə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarə haqqı 1500 manat və maddi ziyanın məbləğindən 2000 manat iddiaçıya ödənilmişdir. İddiaçı məhkəmə iclaslarında bu faktı təsdiqləmiş, lakin ödənişlərin təyinatının avans kimi müəyyən edilməsini bildirmişdir. Qeyd olunan işin müəyyən edilmiş hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən maddi ziyanın əvəzi olaraq 17 500 manat deyil 15 500 manat məbləğində pul tutulmalıdır. İddia tələbinin ikinci hissəsi ilə bağlı kollegiya qeyd edir ki, 28 yanvar 2022-ci il tarixdən 18 fevral 2022-ci tarixədək olan müddət üçün 1.000 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənildiyi işdə olan sübutlara və tərəflərin izahatlarına əsasən öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə təmin edilə bilməz.

24. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh avtomobilə dəyən zərərin həcminin 2000 manat məbləğində qiymətləndirmiş, AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə internet resurslarından çıxarışlar təqdim etmişdir. Ancaq məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, müvafiq sənədlərdə nəqliyyat vasitələrinin qeyd edilən hissələrinin orginal olduğunu təsdiq edən sübut təqdim edilməmiş, bu fakt iş materiallarında mövcud olan hər hansı bir sübutla da öz təsdiqini tapmamışdır. Halbuki, iş materiallarında avtomobilə dəyən zərərin 17 500 manat müəyyən edilməsi barədə ekspert rəyləri mövcuddur, ekspert rəyini təkzib edəcək hər hansı arqument və ya dəlil cavabdeh tərəfindən məhkəməyə bəyan edilməmişdir. Məhkəmə kollegiyası onu da bildirir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş “Mitsubishi L200” markalı nəqliyyat vasitəsinin dəyəri barəsində internet resurslarından çıxarış da ekspert rəyləri ilə eynilik təşkil edir. Kollegiya qeyd edir ki, öhdəliyin yaranma əsaslarından biri deliktdir və cavabdeh iddiaçıya məxsus əmlaka vurduğu ziyana görə tam həcmdə mülki məsuliyyət daşıyır. Cavabdehin həmin məsuliyyətdən azad edilməsi ilə bağlı hər hansı əsas müəyyən edilmir. Ona görə də məhkəmə kollegiyası vurulmuş ziyanın həcmi ilə bağlı hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

25. Belə olan halda məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddia icarə haqqının tutulması hissəsində ləğv edilməli, maddi zərər hissəsində dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmaıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3436/2022 saylı qətnaməsi “Cavabdehndən 1000 manat məbləğində icarə haqqının tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia ərizəsi təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3436/2022 saylı qətnaməsi “Cavabdehndən “Mitsubishi L200” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş maddi zərərə görə 17.500 manat məbləğində pulun tutulması” hissəsində dəyişdirilsin, həmin hissədə maddi zərərin məbləği 15 500 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 150 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 93 manat məbləğində dövlət rüsumunun 70 manat məbləğində hissəsi cavabdehə aid edilsin, 23 manat məbləğində hissəsi iddiaçıdan cavabdehin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar