Məhkəmə qərarları › İş №2-2(103)-110/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-110/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-110/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli e-2-2(113)-87/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, sonradan tələbini dəyişərək tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli, 2017/00438-01 saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli, 2017/00438-01 N-li kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 9001,16 ABŞ dolları əsas borc, ona hesablanmış 3990,56 ABŞ dolları faiz borcu, 11640 ABŞ dolları dəbbə pulu, kredit müqaviləsinin müddəti bitdikdən sonra mərkəzi bankın uçot dərəcəsi əsasında hesablanan 381,20 ABŞ dolları faiz borcu, cəmi 25012,92 ABŞ dolları borcun, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 600 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması; tələbin cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113 kv.m ümumi, 50.2 kv.m yaşayış və 62.8 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına cəmi 25 012.92 ABŞ dolları borcun, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 600 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC -yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-2(113)-87/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 9001,16 ABŞ dolları məbləğində əsas borc, 3990,46 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış 381,20 ABŞ dolları məbləğində faizlərin, cəmi 14.372,82 ABŞ dolları, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti və ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul vəsaitinin tutularaq “Finoko“BOKT ASCyə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50.2 kv.m. yaşayış və 62.8 kv. m. yardımçı sahədən ibarət 4 otaqlı 23 nömərli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 72.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı BOKT ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılması, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul məbləğinin 100 (yüz) manat hissəsi İddiaçı BOKT ASC, qalan 100 (yüz) manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli, e-2-2(113)-87/2021 nömrəli qətnaməsini qismən ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi, faiz borcunun 2841,16 ABŞ dolları tutulması, cərimə borcu hissəsində iddia tələbinin rədd edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin real bazar dəyərinə uyğun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən faiz borcları düzgün hesablanmamış, cərimə borcları isə şişirdilmişlər. Qeyd olunan məsələ məhkəmə baxışı zamanı düzgün araşdırılaraq, hüquqi qiymət verilməmişdir. Bundan başqa iddia tələbində faiz məbləği ilkin olaraq 2841 ABŞ dolları qeyd edilsə də, məhkəmə mühasibatlıq ekspertizası zamanı cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra həyata keçirilmiş ödənilşlər nəzərə alınmadığı üçün faiz borcu 3990 ABŞ dolları kimi müəyyən edilmiş, həmin rəyin əsasında isə iddiaçı tərəfindən iddia həcmi artırılmışdır. Bundan başqa məhkəmə tərəfindən 1000 ABŞ dolları cərimə məbləği tutulması da əsassız olmuşdur. Bundan başqa müstəqil qiymətləndirici tərəfindən ipoteka predmetinin dəyəri 80000 manat, likvid dəyəri isə 72000 manat göstərilsə də, məhkəmə bazar dəyərini deyil, likvid dəyəri əsas götürmüşdür. Müstəqil qiymətləndirici rəyi də əsaslı olmamışdır. Belə ki, 2017-ci ildə kredit verilən zaman da ipoteka predmetinin dəyəri 72000 manat göstərilmişdir. 4 il ərzində daşınmaz əmlakın dəyərinin artımının nəzərə alınması qiymətləndirici rəyinin düzgün olmadığını sübut edir. İşə apellyasiya qaydasında baxılması 12.01.2022-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də cavabdeh məhkəmə iclasında hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli e-2-2(113)-87/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda qətnamə faiz və cərimə borcunun tutulduu və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinə dair hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsaslar yoxdur. İşin sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı BOKT ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında 31 may 2017-ci il tariхli, 2017/00438-01 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə 12.000 ABŞ dolları məbləğində illik 24%-lə kredit verilmişdir. 3.1-ci bəndinə uyğun olaraq borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Dəbbə pulu müqavilə üzrə kreditin verildiyi müddət ərzində , kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. 4.1-ci bəndinə əsasən müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmkir küçəsi, 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m ümumi, 50,2 kv.m yaşayış və 62,8 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 23 nömrəli fərdi yaşayış evi ipoteka qoyulmuşdur. İşə birinci instansiya qaydasında baxılarkən ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmış, "xxxx" MMC tərəfindən verilmiş 31.05.2020-ci il tarixli, LP-050/20 saylı və 09.02.2020-ci il tarixli, LP-015/21 saylı rəylərə əsasən müəyyən olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat, likvid dəyəri 72.000 manat təşkil edir. Cavabdehin vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə- mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 19.10.2020-ci il tarixli 9/3228 saylı ekspert rəyi ilə müqavilənin müddətinin bitdiyi tarixə cavabdehin İddiaçı BOKT ASC-yə olan əsas borcunun 9001,26 ABŞ dolları, faiz borcunun 3.990,56 ABŞ dolları olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlara, ekspert rəyinə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386-cı, 442, 443.1, 448.1-ci, 739cu maddələrə istinad edərək iddianı qismən təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiymətinin bazar qiyməti əsasında deyil, likvid qiymət əsasında müəyyən edilməsini mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı normalara əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunidir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmeti olan mənzilin likvid dəyəri "xxxx" MMC tərəfindən qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin həmin rəylə razılaşmaması üçün hər hansı əsas olmamışdır. Cavabdeh nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyərinin daha artıq olduğuna dair hər hansı sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, faiz və cərimə borcu düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edildiyindən və məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar olmadığından faiz borcunun şişirdildiyinə dair apellyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində ödənişlərin gecildirilməsinə görə borcalanın müqavilə məbləğinin 0,1 faizi məbləğində faiz ödəməli olduğu nəzərdə tutulduğundan cavabdehdən 1000 ABŞ dolları dəbbə pulu borcu tutulması hissəsində də qətnamə qanuni və əsaslı hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli e-2- 2(113)-87/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli e-2-2(113)-87/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar