Məhkəmə qərarları › İş №2-2(103)-1101/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1101/2021

27.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1101/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-ə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 23.07.2021-ci il tarixli, e-2-2(113)-3124/2021 saylı qətnaməsindən (hakim Ü.Həsənova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə haqqı üzrə yaranmış 134.181,31 manat borcun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdehin dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 23.10.2020-cı il tarixə dövlət büdcəsinə 134.181,31 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3124/2021, 23.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-2(113)-3124/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 23.07.2021-ci il tarixlie-2-2(113)-3124/2021 nömrəli qətnaməsini ləğv edərək, "xxxx" MMC barəsində hesablanmış 134181,31 manat məbləğində icarə haqqı üzrə borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən Dövlət rüsumunun ödənilməsi haqqında məlumat daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq bilavasitə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqlarına aid edildiyindən, vergi orqanı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 27.10.2021-ci il tarixə təxirə salınmışdır, heç bir tərəf məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 23.07.2021ci il tarixli e-2-2(113)-3124/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında 24.06.2003-cü il tarixli 327 nömrəli sərəncama əsasən Yasamal Rayon İcra Hakimiyyətinin 30.04.2003-cü il tarixli, 117 d saylı razılıq məktubu, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyi, Cavabdeh MMC-nin 02.04.2003-cü il tarixli 08 saylı müraciəti və rayon polis idarəsinin A.Salamzadə küçəsindəki 1055 saylı məhəllədə yeni inzibati binasının tikintisini öz üzərinə götürməsini nəzərə alaraq, Zərgərpalan küçəsi 110 saylı ünvandakı inzibati binasının yerləşdiyi sahə və Ş.Qurbanov, S.Əsgərova, Q.İsmayılov, Ş.Əzizbəyov küçələrinin kəsişməsindəki 425-ci məhəllədə ümumi 0,76 ha torpaq sahəsi yaşayış binaları kompleksinin layihələşdirilməsi və tikinti üçün həmin MMC-yə icarəyə verilmişdir. 24 noyabr 2003-cü il tarixli 0253 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən məlum olur ki, icarəyəverən (Bakı şəhər İcra Hakimiyyəti) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24.06.2003-cü il tarixli 327 saylı Sərəncamı və 06.11.2003-cü il tarixli, 11308 saylı inşaat pasportuna əsasən Zərgərpalan küçəsi 110 saylı və Ş.Qurbanov, S.Əsgərova, Q.İsmayılov, Ş.Əzizbəyov küçələrinin kəsişməsindəki 425-ci məhəllədə yerləşən 7600 kv m torpaq sahəsini icarə əsasında icarəçinin (Cavabdeh MMC) 49 il müddətinə istifadəsinə verir. İcarəçi isə onu qəbul edir. İcarəçi hər il 34.856.640 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən ödənişlər hüquqi şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməlidir. Həmin müqavilə icarəyəverən və icarəçinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlərlə təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış ləğvetməyə dair bildirişə əsasən Bakı şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında bağlanmış 0253 saylı 24.11.2003-cü il tarixli müqaviləyə Bakı şəhər İcra Hakimiyyəti başçısının 03.12.2010-cü il tarixli 458 saylı sərəncamına əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməli olduğuna dair iş üzrə gəldiyi nəticə ilə razılaşsa da məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi ilə razılaşmır və hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. İş materiallarından göründüyü kimi, cavabdehlə bağlanmış 24 noyabr 2003-cü il tarixli 0253 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 2010-cu ildən xitam olunduğundan həmin müqavilə üzrə cavabdehin icarə haqqı borcunun ödənilməsi ilə bağlı öhdəliyi həmin tarixdən sonra 5 il ərzində tələb edilmədiyi üçün tələbetmə müddətinin bitməsi əsası ilə xitam olunmuşdur. Buna görə də həmin borcun tutulması barədə iddia təmin edilə bilməz. Bundan əlavə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. İddiaçı tərəfindən cavabdehin icarəsinə verilmiş torpaq sahəsi üzərində hər hansı tikili olmadığına dair məhkəməyə sübut təqdim edilmədiyindən qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğu təsdiq olunmur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 23.07.2021-ci il tarixli e-2-2(113)-3124/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23.07.2021-ci il tarixli e-2-2(113)-3124/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar