Məhkəmə qərarları › İş №2-2(103)-1105/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1105/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1105/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi, xidmət müqaviləsi, borclunun icranı gecikdirməsi, hüquqi yardım xərci Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 sədrliyi ilə, E və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Zenfira Qabil qızı Bağırovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5086/2025 saylı qətnaməsindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli NVƏ/24 nömrəli xidmət müqaviləsi bağlanmışdır. İddiaçı qanuni əsaslarla ona məxsus texnikanı müqavilə müddətində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tələb olunan müddətlərdə “Ağdam-Ağdərə-Kəlbəcər xətti” layihəsində xidmətə verməyi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti isə xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və ona xx.xx.2024-cü il tarixli 01 nömrəli əlavə ilə texnika kimi “ZİL- 131” yük markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, aylıq xidmət haqqı kimi ƏDV xaric 5500 manat razılaşdırılmış, xidmət haqqının təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 30 iş günü ərzində bank köçürməsi yolu ilə həyata keçirilməsi şərtləşdirilmişdir

2. İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli NVƏ-ND/24 saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçıya məxsus bir ədəd “Mitsubishi” markalı 99-NF159 dövlət nömrə nişanlı avtomobil aylıq icarə haqqı vergi xaric 2500 manat olmaqla icarəyə verilmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən icarəçi bu müqavilənin Əlavə 1-də qeyd edilmiş xidmət haqlarını icarəyə verən tərəfindən təqdim edilmiş və icarəçi tərəfindən təsdiqlənmiş forma-2 və ya akt əsasında növbəti ayın 10-a kimi ödəyəcək. Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi və xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə 8243 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 344,45 manat məbləğində pulun və ödənilmiş 103 manat dövlət rüsumu, 1000 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il 2-2(113)-5086/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyul 2022-ci il tarixli icarə müqaviləsi, 27 may 2024-cü il tarixli xidmət müqaviləsi üzrə əsas borca illik 5% ilə hesablanmış 44,04 manat pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Məhkəmə xərclərini bölüşdürərkən birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir.

3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində 8243 manat əsas borc tələb etsə də, həmin borc ödənildiyindən iddianı bu hissədə müdafiə etmir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli NVƏ/24 nömrəli xidmət müqaviləsinin 3.7-ci bəndi ilə xidmət haqqının növbəti ayın ilk 30 iş günü, xx.xx.2024-cü il tarixli NVƏ-ND/24 nömrəli icarə müqaviləsinin 3.5-ci bəndi ilə icarə haqqının növbəti ayın 10-a kimi ödənilməsi razılaşdırılsa da, faktiki olaraq işgüzar münasibət fərqli olmuş, iddiaçı tərəfindən uzun müddət borc tələb edilməmiş, cavabdehin hissə-hissə ödənişlərinə razı olunmuş, yalnız xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə borcun ödənilməsi tələb edilmişdir. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqini istisna edir. İddiaçının xx.xx.2025-cü il tarixdə pulun tələb edilməsi barədə (10 may 2025-ci il tarixədək ödənilməsi) pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmaqla borcun ödənildiyi xx.xx.2025-ci il tarixə qədər 39 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 44,04 manat (8243 manat x 5% / 100 / 365 gün (1 günün faizi) x 39 gün (gecikdirilən gün sayı) təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 44,04 manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ödənilmiş 103 manat dövlət rüsumunun, 1000 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 116,9 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 87 saylı müqavilə (xx.xx.2025-ci il tarixli ******* nömrəli orderdə qeyd edilən müqavilə) üzrə 1000 manat məbləğində pul “İsmayılbəyli və partnyorları” vəkil bürosunun hesabına köçürülmüşdür. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab etmişdir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

4. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5086/2025 saylı qətnaməsinin hüquqi yardım xərcinin tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh tərəfindən pulun ona həqiqətən də məhkəməyə müraciət etməmişdən bir gün əvvəl ödənildiyini etiraf etsə də, məhkəmə bunu nəzərə almamışdır Halbuki, iddiaçı vəkillə müqavilə bağlamaya, əlavə pul ödəməyə bilərdi. Bundan başqa, vəkillə müqavilə bağlanan zaman PulPall ödəniş sistemi üzərindən müqavilənin pulu ödənilir və bunun müqabilində vəkil elektron order əldə edir. Hazırki vəziyyətdə isə iddiaçı vəkilin hesabına pul köçürdüyü barədə qəbz əlavə etmişdir. Bu hal isə həmin məbləğin sırf order əldə edilməsi ilə bağlı ödənilməsini sübut etmir. Məhkəmə bu halı araşdırmadan, yəni orderin müqabilində elektron qaydada ödənilməli olan pulun qəbzini tələb etmədən əsassız qətnamə çıxararaq onların hüquqlarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

6. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. ... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Maddə 122. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi ... 122.2. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. ... Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. …

Apellyasiya baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

11. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən hüquqi yardım xərclərinin bir hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

14. İddiaçı xx.xx.2025-ci il tarixdə iddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək müqavilə üzrə borcun xx.xx.2025-ci il tarixədək ödənilməsini tələb etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı, “İsmayılbəyli və partnyorları” vəkil bürosunun vəkili Vəkil ilə 87 nömrəli müqavilə bağlamış və həmin tarixdə vəkil bürosunun hesabına 1000 manat pul ödəmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddiaçının hesabına əsas borc məbəğini, yəni 8243 manat pulu ödəmişdir. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

15. Göründüyü kimi hazırkı mübahisə ilk növbədə cavabdehin müqavilə şərtlərinə uyğun olmayan davranışı, yəni öhdəliyin pozulması nəticəsində yaranmış, iddiaçının pretenziyasında öhdəliyin icrası üçün əlavə müddət müəyyən edilməsinə baxmayaraq cavabdeh tərəfindən bu pretenziyaya hər hansı münasibət bildirilməmiş və öhdəlik pretenziyada göstərilmiş müddətdə də ödənilməmişdir. Müqavilə üzrə əsas borc məbləği iddiaçının vəkili tərəfindən məhkəməyə müraciət edilməmişdən bir gün əvvəl ödənilmişdir. Məhkəmə mübahisəsinin yaranması qeyd edilən səbəblərdən baş verdiyindən, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 119.3-cü və 122.2-ci maddələrinə uyğun olaraq, vəkilin göstərdiyi yardıma görə iddiaçının çəkdiyi xərcin bir hissəsini cavabdehdən tutmaqda haqlı olmuşdur.

16. Apellyasiya şikayətində cavabdeh iddiaçıya pulu məhkəməyə müraciət etməmişdən bir gün əvvəl ödədiyini, buna görə də iddiaçının vəkilə müraciət etməyə və vəkilə pul ödəməyə biləcəyini göstərmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlilini əsassız hesab edir. Yuxarıda qeyd olunduğu kimi (§14), iddiaçı vəkillə müqaviləni məhkəməyə müraciət etməmişdən xeyli əvvəl bağlamış və pulu ödəmişdir.

17. Vəkilə pulun “PulPall” ödəniş sistemi üzərindən ödənilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixində 87 saylı müqavilə əsasında Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün “İsmayılbəyli və partnyorları” vəkil bürosunun "xxxx" ASC-nin Sahil filalındakı hesabına 1000 manat pul köçürülmüşdür. Vəkil bürosu və şəxs arasında bağlanan müqavilə və həmin müqavilə əsasında pulun hansı üsulla ödəniləcəyi müqavilə tərəflərinin öz seçimi ilə müəyyən edilir və məhkəmə üçün ödənişin hansı üsulla həyata keçirilməsinin əhəmiyyəti yoxdur.

18. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

19. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

20. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və iddianın mübahisələndirilən hissəsinin qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.

21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5086/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Tural Qocayev

Hakimlər: Elnur Həsənov

Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar