Məhkəmə qərarları › İş №2-2(103)-1107/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1107/2021

27.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1107/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMM-in vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MMM-in vəkili və nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1765/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən boş qaytarılan vaqonlara görə 67.548,42 manat, 189.239,23 manat dəbbə pulu, 30 manat dövlət rüsumu olmaqla cəmi 256.817,16 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.10.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasındakı müqavilədə boş vaqonların qaytarılmasına görə ödəniş nəzərdə tutulmamış və 07.06.2017-ci ilə qədər verilmiş 7 hesab üzrə iddia müddəti keçmişdir. Qətnamə əsassız və qanunsuzdur. Belə ki, qətnamə onunla əsaslandırılıb ki, müqavilənin 1.1-ci bəndinin 5-ci yarımbəndinə əsasən tərəflərin razılığı ilə digər əməliyyatların ekspeditora ödənişi nəzərdə tutulub. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Boş vaqonların qaytarılmasına görə haqq ödənilməsinin ayrıca bəndi kimi müqaviləyə daxil edilməsinə zərurət qalmır və boş vaqonların qaytarılması nəqliyyat-ekspedisiya müqaviləsinin tərkib hissəsidir. Boş vaqonların qaytarılmasına görə haqq ödənilməsi işgüzar adətlərə daxildir. Həm də ona görə ki, iddiaçı tərəfindən tələb olunan məbləğ üçüncü şəxs X2 QSC-yə ödənilmişdir. Məhkəmə istinad olunan hala düzgün hüquqi qiymət verməmiş, boş vaqonların qaytarılmasına görə müqavilədə ödəniş edilməsinin nəzərdə tutulmamasına əsaslanmışdır. Belə yanaşma formal yanaşmadır, Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə ziddir. Qətnamədə məhkəmə Mülki Məcəllənin 404.1, 404.2, 404.3-cü maddələrinin tətbiqini müzakirə etməmişdir. Qətnamədə göstərilb ki, boş vaqonların qaytarılması ilə əlaqədar məhkəməyə sübut təqdim olunmayıb, Halbuki, 2016-cı ildə 2010-cu ildə boş vaqonların qaytarılması ilə əlaqədar hesab-fakturalar təqdim olunub. İddianın rədd olunması üçün sonuncu dəlil 7 hesab üzrə iddia müddətinin keçməsi göstərilib. Davam edən münasibətlərə görə iddia müddəti sonuncu hesabın verildiyi vaxtdan, yəni 21.10.2018-ci ildən hesablanmalıdır. Başqa bir məqam ondan ibarətdir ki, tərəflər arasındakı 01.02.2016-cı il tarixli SKT-15/16 №-li müqavilə 3 il müddətinə uzadılmış hesab edilib. Göründüyü kimi, iddia müddətinin keçməsi barədə gəlinən nəticə də əsassızdır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını pozmaqla yanaşı MPM-in 14.1, 88, 217-ci maddələrinə də əməl etməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-139/2021 nömrəli iş üzrə 04.03.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 20.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 334/2021 nömrəli iş üzrə 22.07.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndələri apellyasiya şikayətini qəbul etməyib, təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850-ci maddəsinə əsasən, yük daşıması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin ) daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımayğı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Tərəflər arasında bağlanmış 01.02. 2016-cı il tarixli SKT-16/16 nömrəli müqavilənin giriş hissəsindən və 1.1-ci bəndinin 1-5-ci yarımbəndlərindən görünür ki, iddiaçı (ekspeditor) sifarişçinin (cavabdehin) sifarişinə əsasən ekspedisiya xidmətini, yüklərin daşınmasının təşkili, yükvurma-yükboşaltma və yüklərin emalı işlərini, yüklərin saxlanmasını, eləcə də tərəflərin razılaşması ilə digər əməliyyatları yerinə yetirməyi, cavabdeh isə ekspeditora ödəniş etməyi öhdəsinə götürür. Cavabdeh apellyasiya şikayətində mübahisələndirir ki, tərəflər arasında bağlanmış 01.02.2016-cı il tarixli müqavilənin hazırkı iddia tələbinin əsasını təşkil edən 1.1-ci bəndinin 5-ci yarımbəndi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Müqavilənin iddiaçı tərəfindən istinad olunan 1.1-ci bəndinin 5-ci yarımbəndinə əsasən isə tərəflərin razılığı ilə digər əməliyyatların yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan müqavilə şərtində digər əməliyyatların yerinə yetirilməsi üçün tərəflərin razılığı tələb olunur. Lakin iş materiallarından müəyyən olunur ki, tərəflər arasında boş vaqonların qaytarılmasına görə ekspeditora haqq odənilməsini nəzərdə tutan hər hansı bir yazılı razılaşma və ya müqaviləyə əlavə mövcud deyil. Belə olan halda, iddiaçının Mülki Məcəllənin 10.1-ci maddəsinə və 2010-cu ildə cavabdehin müvafiq ödənişinə əsaslanaraq tərəflər arasında formalaşmış işgüzar adətin mövcudluğuna istinad etməsi əsassızdır. Çünki, müqavilənin qeyd olunan şərti digər əməliyyatların yerinə yetirilməsi üçün tərəflərin bu barədə razılığa gəlməsini nəzərdə tutduğu halda, işgüzar adətdən söhbət gedə bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 10.2-ci maddəsi qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlərin tətbiq edilməməsini tələb edir. Bu mənada, məhkəmə kollegiyası iddiaçının Mülki Məcəllənin müqavilənin təfsiri ilə bağlı 404.1-404.3-cü maddələrinə istinad edən dəlilləri ilə də razılaşmır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, müqavilənin sözügedən 1.1.-ci bəndinin 5-ci yarımbəndinin şərtində konkret, aydın və başa düşülən tərzdə ifadə olunmuşdur ki, digər əməliyyatlar üçün tərəflərin razılaşması tələb olunur. İşdən və tərəflərin məhkəməyə verdiyi izahatlarından isə məlum olur ki, belə razılaşma mövcud deyil. Boş vaqonların qaytarılmasına görə cavabdehin iddiaçıya haqq ödəmək öhdəliyi o halda yaranmış olardı ki, bununla bağlı onlar arasında müqavilənin bağlandığı yazılı formada razılaşma mövcud olsun. Tərəflər arasında isə belə razılaşma yoxdur və bu işin mübahisələndirilməyən halıdır. Odur ki, boş vaqonların qaytarılmasına görə haqq barədə razılaşma olmadığından, cavabdehin müqavilə öhdəliyini pozmasından söhbət gedə bilməz. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi bapşa düşülür. Birinci instansiya məhkəməsi də qətnaməsində tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinin 5-ci yarımbəndinə istinadən qeyd etmişdir ki, müqavilə yazılı formada bağlandığına görə mülki qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı tərəfindən belə bir razılaşmanın mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Çünki, müqavilənin 1.1-ci bəndinin 2-ci cümləsi nəzərdə tutur ki, həmin bəndin 1- 5-ci bəndlərində göstərilən hər bir əməliyyat üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. Bununla yanaşı, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən 22.06.2017-ci il tarixə kimi tərtib olunmuş 7 hesab üzrə iddia müddətinin ötürülməsi qənaətinə gəlməsini, həmin müqavilənin 2.2-ci bəndi baxımından düzgün hesab etmir. Belə ki, müqavilənin həmin bəndi nəzərdə tutur ki, müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmadıqda sifarişçi 100% qabaqcadan hesab təqdim edildikdən sonra razılaşdırılmış müddət ərzində ekspeditorun hesablaşma hesabına köçürmə və ya onun xəzinəsinə nağd yolu ilə həyata keçirir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilənin qeyd olunan 2.2-ci bəndi, əvvəlcədən hesab təqdim edilməsini nəzərdə tutsa da, ödənişin razılaşdırılmış müddətdə həyata keçirilməsini nəzərdə tutmuşdur. Belə razılaşmanın mövcud olmadığı halda isə həmin hesablar üzrə Mülki Məcəllənin 373.2-ci maddəsinin nəzərdə tutduğu üç illik iddia müddətinin keçdiyini demək mümkün deyil. Həmin müddət, hesabı təqdim edən şəxsin özü tərəfindən müəyyənləşdirilən tələbetmə müddəti ilə hesablana bilərdi ki, bununla bağlı mübahisələndirilən 7 ədəd hesablarda göstərişlər mövcud deyil. Lakin hər bir halda, istər həmin hesablara münasibətdə, istərsə də 25.06.2018-ci il tarixə qədər təqdim edilmiş digər hesablara münasibətdə, iddiaçının boş vaqonların qaytarılmasına görə ödəniş tələbi, tərəflər arasındakı müqavilənin 1.1-ci bəndinin 5-ci yarımbəndinə müvafiq olaraq müvafiq yazılı razılaşma mövcud olmadığından, cavabdehin öhdəliyi müəyyən oluna bilməz. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “51. İddiaçı apelyasiya şikayətində müvafiq müqavilənin 4.1.6-cı maddəsinə istinad edərək cavabdeh tərəfindən ona müvafiq ödəniş edilməli olduğunu qeyd etmişdir. İşin düzgün həlli üçün mühüm əhəmiyyət daşıyan şikayətin həmin dəlili isə apelyasiya məhkəməsinin qiymətləndirilməsindən kənarda qalmış və qətnamə qəbul edilərkən həmin dəlilə hər hansı hüquqi qiymət verilməmiş, bu dəlilin nə üçün qəbul edilmədiyi əsaslandırılmamışdır. Halbuki müqavilənin həmin bəndinə əsasən tərəflər hər ay yerinə yetirilmiş xidmətlərlə bağlı növbəti ayın ilk 5 günü ərzində üzləşmə aparmalı və üzləşmə aktı bağlamalıdır, əgər üzləşmə aktının bağlanması sifarişçi tərəfindən gecikdirilərsə, ekspeditorun təqdim etdiyi qiymətlər və digər məlumatlar əsaslı və qəbul edilmiş sayılacadır.

52. İş materiallarından da göründüyü kimi, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda müvafiq hesablar və 31 oktyabr 2018-ci il tarixli, 09 nömrəli üzləşmə aktı təqdim edilmiş, həmin üzləşmə aktında da 01.02.2016-cı il tarixli müqavilənin icrasına uyğun olaraq 01.09.2018-ci il tarixdən 31.10.2018-ci ilədək olan dövr ərzində görülmüş nəqliyyat xidmətinin üzləşməsi nəticəsində cavabdeh tərəfindən iddiaçıya 30.695 ABÇ dolları (52.181,50 AZN) ödənildiyi, qalıq borcun 39.734,37 ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdur.

53. İddiaçının iddia ərizəsində, apelyasiya və kassasiya şikayətlərində həmçinin qeyd edilmişdir ki, vaqonların boş qaytarılmasına görə tərəflərindən hazırda tələb olunan məbləğ X1 ödənilmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə istinadla iddiaçı ona dəymiş zərərin ona ödənilməsini xahiş etsə də, işə baxmış məhkəmələr tərəfindən də bu istiqamətdə hər hansı araşdırma aparılmamış, iddiaçının bununla əlaqədar X1 nə qədər vəsait ödədiyi, bu ödənişlərin hansı məqsədlərlə aparıldığı, ödənişlərin müqavilənin 4.1.5ci bəndi ilə birlikdə (nəqliyyat vasitələrinin boşdayanmasına gətirib çıxaran hərəkətlərə görə (nəqliyyat təşkilatlarının/daşıyıcılarının tətbiq etdikləri cərimə sanksiyaları miqdarında) qiymətləndirilməsini həyata keçirməmiş, iddiaçının özündən belə bununla bağlı hər hansı sənəd tələb edilməmiş, izahatı alınaraq müvafiq olaraq dəyərləndirilməmiş, ümumiyyətlə, tərəflər arasında əvvəllər bununla bağlı ödənişlərin həyata keçirilibkeçirilmədiyi, başqa sözlə müqavilədə birbaşa nəzərdə tutulmasa da tərəflər arasında işgüzar adətlərin olubolmaması dəqiqləşdirilməmişdir.

54. Müqavilədə birbaşa qeyd edilməsə də, apelyasiya məhkəməsi hər hansı əsas olmadan müqavilənin 1.1-ci bəndinin 5-ci yarımbəndində tərəflərin razılığı ilə ifadəsinin özündə məhz yazılı razılaşmanı ehtiva etdiyi nəticəsinə gəlmişdir.

55. İş materiallarından həmçinin görünür ki, apelyasiya məhkəməsi hazırkı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin iş üzrə həmçinin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış, onun gəldiyi nəticəni bu hissədə qanunsuz hesab etmişdir. Lakin buna və şikayətdə xüsusi olaraq vurğulanmasına baxmayaraq qətnamə sonda apelyasiya məhkəməsi tərəfindən bütövlükdə dəyişdirilmədən saxlanılmışdır ki, bu da qanuni hesab edilə bilməz.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28.02.2012-ci il tarixli Qərarına əsasən, “MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.” Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinin icrası ilə bağlı sonrakıları qeyd edir. İlk olaraq, tərəflər arasında bağlanmış müqavilənin 4.1.6-cı bəndinə əsasən “Tərəflər hər ay yerinə yetirilmiş xidmətlərlə bağlı növbəti ayın ilk 5 günü ərzində üzləşmə aparmalı və üzləşmə aktı bağlamalıdır, əgər üzləşmə aktının bağlanması sifarişçi tərəfindən gecikdirilərsə, ekspeditorun təqdim etdiyi qiymətlər və digər məlumatlar əsaslı və qəbul edilmiş sayılacadır.” İşdən və tərəflərin izahatlarından müəyyən edilir ki, müqavilənin sözügedən bəndində nəzərdə tutulan üzləşmə aktının tərtib olunmamasının əsas səbəbi cavabdehin tərəflər arasında boş vaqonların qaytarılmasına görə ekspeditora haqq odənilməsini nəzərdə tutan hər hansı bir yazılı razılaşma və ya müqaviləyə əlavənin mövcud olmamasına istinad edərək, iddiaçının bu tələbini özündə əks etdirən heç bir sənədi qəbul etməməsi ilə bağlıdır. Digər tərəfdən, iddiaçının hər ay yerinə yetirilmiş xidmətlərlə bağlı üzləşmə apardığı, üzləşmə aktı bağladığı və həmin aktları cavabdehə təqdim etdiyi işdən müəyyən olunmur. Bu baxımdan 31.10.2018-ci il tarixli 09 nömrəli üzləşmə aktı həm də yalnız iddiaçı tərəfindən təsdiq edildiyi üçün mötəbər sübut olaraq qəbul edilə bilməz. Vaqonların boş qaytarılmasına görə iddiaçının hazırda tələb etdiyi məbləği X1 ödəməsi də iddianın əsaslılığına dəlalət etmir. Belə ki, iddiaçı sahibkarlıqla peşəkarcasına məşğul olan kommesiya qurumu kimi bunu əvvəlcədən görməli, hesablamalı, qarşı tərəf (cavabdeh) ilə razılaşdırmalı, gəlir və xərclərini müqayisə edərək, sonunda müvafiq qərar qəbul etməli idi. Lakin işdən görünür ki, bu belə olmamışdır. İkincisi, iddiaçının bununla əlaqədar X1 nə qədər vəsait ödədiyi, bu ödənişlərin hansı məqsədlərlə aparıldığı, ödənişlərin müqavilənin 4.1.5-ci bəndi ilə birlikdə (nəqliyyat vasitələrinin boşdayanmasına gətirib çıxaran hərəkətlərə görə (nəqliyyat təşkilatlarının - daşıyıcılarının tətbiq etdikləri cərimə sanksiyaları miqdarında) qiymətləndirilməsinin həyata keçirilməsi üçün sübutlar məhz iddiaçı tərəfindən Məhkəməyə təqdim olunmalı idi ki, bu da baş verməmişdir. İddiaçı bu sübutları Ali Məhkəmənin qərarından sonra da Məhkəməyə təqdim etməmişdir, baxmayaraq ki, təqdim etsə idi belə bunun üçün MPM-in 372.2-ci maddəsinin mübahisəyə tətbiqi əsasları müzakirə edildikdən sonra mümkün olacaqdı. İddiaçının özündən bununla bağlı hər hansı sənəd isə Məhkəmə tərəfinən tələb edilə bilməzdi. Çünki, MPM-in 14.2-ci maddəsinə əsasən, “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, başqa ifadə ilə, mülki prosesə dispozitivlik prinsipi hakimdir. Tərəflər arasında əvvəllər bununla bağlı ödənişlərin həyata keçirilib-keçirilmədiyi, digər deyişlə, müqavilədə birbaşa nəzərdə tutulmasa da tərəflər arasında işgüzar adətlərin olub-olmaması da iddiaçı tərəfindən sübuta yetirilməli idi, lakin bu da təsdiqini tapmır. Müqavilədə birbaşa qeyd edilməsə də, Müqavilənin 1.1-ci bəndinin 5-ci yarımbəndində tərəflərin razılığı ilə ifadəsinin özündə məhz yazılı razılaşmanı ehtiva etmədiyi, bu barədə şifahi razılaşmanın mövcud olmasını sübuta yetirmək yükü də iddiaçının üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə görə, “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Bu kontekstdə, iddiaçı sübuta yetirməli idi ki, SKT-16/16 nömrəli müqavilənin bağlandığı 01.02.2016-cı il tarixdən sonra tərəflər öz aralarında Müqavilənin 1.1-ci bəndinin 5-ci yarımbəndinin təfsir və tətbiqi ilə bağlı şifahi qaydada razılığa gəliblər və bu razılıq konkret mötəbər sübutlarla təsdiq olunur. Qətnamədə Mülki Məcəllənin hansı maddəsi ilə nəzərdə tutulan iddia müddətini mübahisəyə tətbiq etdiyini dəqiqləşdirməyən birinci instansiya məhkəməsinin bu müddətin ötürülməsi ilə bağlı gəldiyi nəticəyə münasibətdə isə qeyd olunmalıdır ki, MPM-in: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları və Ali Məhkəmənin qərarının göstərişləri baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1765/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMM-in Cavabdeh MMM-ə qarşı boş qaytarılan vaqonlara görə 67.548,42 manat, 189.239,23 manat dəbbə pulu, 30 manat dövlət rüsumu olmaqla, cəmi 256.817,16 manat pul vəsaitinin alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı MMM-in apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Anar Tanrıverdiyev İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar