Məhkəmə qərarları › İş №2-2(103)-1108/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1108/2021

06.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1108/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və sair tələblərə dair ilk, cavabdehin iddiaçıya qarşı avtomaşınların iddiaçıdan alınaraq ona qaytarılması və sair tələblər baradə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1491/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında “KAMAZ” markalı yük avtomaşınlarına dair bağlanılmış 31.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin maşınlara görə ona ödənilməli 196.270 manat haqqın, 2012-ci il buraxılışlı “KOMATSU PC 220-8” markalı ekskavatorun cavabdehdən alınaraq ona qaytarılması və həmin ekskavatora görə 30.670 manat haqqın, cəmi 216.940 manat pulun, AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən (216.940 (5%/28)) 38.739,29 manat məbləğdə əldə çıxmış faydanın, cavabdehin qanunsuz əməlləri nəticəsində 8 ədəd “KAMAZ” markalı maşının və 1 ədəd “KOMATSU PC 220-8” markalı ekskavatorun 28 ay dayanmasına və saxlamasına görə 1.036.000 manat real zərərin, AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%- dən cəmi 223.739,29 manat məbləğdə əldə çıxmış faydanın, Bakı şəhəri Yasamal rayonu “Sovetski” adlanan ərazinin söküntüsünə görə ödənilməmiş 1.700.000 manat pulun və həmin məbləğə görə AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən, cəmi 303.571,43 manat məbləğdə əldə çıxmış faydanın, hüquqi yardıma görə ödənilmiş 1.020 manat və dövlət rüsumu üçün ödənilmiş 31 manat pulun, ümumilikdə 3.520.041,01 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, 2011-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buralxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı 8 ədəd yük avtomaşının iddiaçıdan alınaraq ona qaytarılması, həmin avtomaşınların 2019-cu ilin may ayından indiyədək iddiaçı tərəfindən istifadəsinə görə 608.000 manat pulun, 220 manat vəkil haqqının və 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2011-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2011-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buralxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı yük avtomobillərinin iddiaçıdan alınaraq cavabdehə qaytarılması, iddiaçıdan dövlət rüsumuna görə 10 manatın tutularaq cavabdehə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 20 manatının cavabdehə aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, onun qismən - qarşılıqlı idda rədd edilən hissədə ləğv edilib, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 11.09.2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiyası mümkün sayılmışdır. Kommersiya mübahisəsi Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olduqdan sonra Bakı Kommersiya Məhkəməsinin hakimi Z.Axundova məktubla müraciət edib, 30.06.2021-ci il tarixli qətnamədən iddiaçı tərəfindən də apellyasiya verildiyini nəzərə alaraq, şikayətin mülki prosessual qanunvericiliyə uyğunluğunun yoxlanılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərini nəzərə alaraq, hesab edir ki, apellyasiyanın mümkün sayılması haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının Cavabdeh MMC-nin apellyasiyasının mümkün sayılması haqqında 11 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar