Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-111/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3668/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixli hüq.804 nömrəli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" QSC Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, Biləcəri stansiyası ərazisində yerləşən, ümumi sahəsi 4110,46 m2 olan 546808-X-004 saylı icarə obyektini (qeyriyaşayış sahəsini) kənd təsərrüfatı malları və gündəlik istifadə mallarının satışının təşkili məqsədilə Cavabdeh MMC-yə icarəyə verməyi, Cavabdeh MMC isə bunun əvəzində "xxxx" QSC-yə icarə haqqı ödəməyi öz öhdəsinə görümüşdür.
2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-317/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasının qismən təmin edilməsi, 24000 manat məbləğində əsas borc, 2000 manat dəbbə pulu olmaqla ümumilikdə 26000 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X3 küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 m2 olan qeyri-yaşayış sahəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
3. xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-317/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi qeyri-yaşayış sahəsinin təhvil verilməsi hissəsində tam icra olunmuş, Cavabdeh MMC Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X3 küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 m2 olan qeyri-yaşayış sahəsindən çıxarılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X3 küçəsi (Biləcəri stansiyası) ünvanında yerləşən sahəsi 4110,46 m2 olan qeyri-yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə görə əldən çıxmış faydaya görə 120000 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 410 manat, ümumilikdə 120410 manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, icarə müqaviləsinin 5.1-ci bəndinə əsasən onun son müddəti xx.xx.2016-cı il tarixinə müəyyən edilmişdir. Müqavilənin müddəti bitdikdən sonra Cavabdeh MMC-yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu icarə obyektini təhvil verməkdən imtina etmişdir. Cavabdeh MMC müqavilə üzrə icra haqqını ödəmədiyi və icarə obyektindən çıxmadığı üçün ADY tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-317/2020 saylı qətnaməsi ilə 24000 manat məbləğində əsas borc, 2000 manat dəbbə pulu olmaqla ümumilikdə 26000 manat pul vəsaitinin Cavabdeh MMCdən tutularaq ADY-yə ödənilməsi və icarə obyektinin boşaldılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Sözügedən qətnamənin icrası məqsədilə xx.xx.2022ci il tarixində Cavabdeh MMC icarə obyektindən məcburi qaydada çıxarılmışdır. Qeyd olunanlardan göründüyü kimi icarə müqaviləsi xx.xx.2016-cı il tarixində bitməsinə baxmayaraq Cavabdeh MMC icarə obyektini boşaldaraq icarəyəverənə təhvil verməmiş, faktiki olaraq xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (məcburi qaydada icarə obyektindən çıxarıldığı tarixədək) icarə obyekti onun istifadəsində olmuşdur. xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək keçən 5 il müddət ərzində icarə obyekti Cavabdeh MMC-nin istifadəsində olduğundan ADY-nin hüquqları pozulmuş, həmin obyektdən səmərəli istifadəsi mümkün olmamış, həmin icarə obyektindən əldə edəcəyi gəlirlərdən məhrum olunmuşdur. İcarə müqaviləsi üzrə icarə obyektinin icarə haqqı 2000 manat müəyyən olunduğundan və həmin icarə obyekti 60 ay ərzində Cavabdeh MMC-nin qeyri-qanuni istifadəsində olduğundan, ADY-nin məhrum olunduğu gəlirin dəyəri olaraq 120000 manat (60*2000=120000) Cavabdeh MMC-dən alınaraq ADY-yə ödənilməlidir.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia tələbi müqavilələrdən irəli gələn öhdəliklər kateqoriyasına aiddir və bu halda iddia tələbinə iddia müddətin tətbiq edilməsi zərurətini yaranır. Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbləri nəzərə alınaraq iddia müddəti keçmişdir.
7. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz edir və bildirir ki, hazırki iddia müqavilədən irəli gələn hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı deyildir. Belə ki, hazırki iddianın mahiyyəti ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək keçən 5 il müddət ərzində icarə obyekti Cavabdeh MMC-nin istifadəsində olduğundan ADY-nin hüquqları pozulmuş, həmin obyektdən səmərəli istifadəsi mümkün olmamış, həmin icarə obyektindən əldə edəcəyi gəlirlərdən məhrum olunmuşdur. Hazırda iddiaçı ADY 5 il ərzində əldən çıxmış faydanı cavabdehdən tələb edir və hazırki iddianın icarə müqaviləsinə heç bir aidiyyəti yoxdur.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3668/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən əldən çıxmış fayda kimi 112400 manat və dövlət rüsumu əvəzi kimi ödənilmiş 410 manat cəmi 112810 manat məbləğində pulun tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icarəyə götürülən obyekt bazar kimi fəaliyyət göstərsə də, məlum olduğu kimi 2020-ci ildə dünyada pandemiya elan edilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (1 ay 10 gün), xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (2 ay 14 gün) Bakı şəhərində bir çox fəaliyyət sahələri ilə yanaşı bazarların da fəaliyyəti dayandırılmışdır. Göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən, ümumi sahəsi 4110,46 m2 olan obyektdə 2020-ci il ildə 3 ay 24 gün ərzində fəaliyyətin göstərilməsi mümkün olmamış və buna görə sözügedən müddət üçün aylıq 2000 manat olmaqla 3 ay üçün 6000 manat, 24 gün üçün 1600 (2000:30x24) manat cəmi 7600 manat məbləğində vəsait tələb olunan 120000 manatdan çıxılmaqla qalan 112400 manat məbləğində vəsait əldən çıxmış fayda kimi müəyyən edilməlidir.
10. İddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilir ki, icarə obyekti 5 il ərzində, həmçinin məhkəmənin əldən çıxmış faydanın hesablamadığı dövr ərzində də (3 ay 24 gün) Cavabdeh MMC-nin qanunsuz istifadəsində olmuşdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (1 ay 10 gün), xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (2 ay 14 gün) Bakı şəhərində bir çox fəaliyyət sahələri ilə yanaşı bazarların da fəaliyyətini dayandırması, Cavabdeh MMC-nin icarə obyektini qanunsuz istifadəsini istisna etmir. Cavabdeh təşkilat bazarı həmin müddətdə tərk etsə idi, Bakı şəhəri ərazisində bazarların fəaliyyəti dayandırılsa belə, həmin ərazini başqa təyinatla da istifadə etmək və gəlir əldə etmək olardı. Məhkəmə isə ümumiyyətlə bu faktı araşdırmamış və hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Həmin Məcəllənin 697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.
16. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
20. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən görünür ki əldən çıxmış fayda zərərin tərkib hissəsidir.
21. Əldən çıxmış fayda dedikdə, şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır.
22. Həmçinin hazırki iş üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 697.2-ci maddəsinin tələblərinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.
23. Hazırki iş üzrə də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən, ümumi sahəsi 4110,46 m2 olan qeyri-yaşayış sahəsinin icarə müqaviləsi münasibətləri bitdikdən sonra heç bir müqavilə və qanuni əsas olmadan xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-nin faktiki sahibliyində və istifadəsində qalması işin mübahisəsiz halını təşkil edir.
24. Göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (1 ay 10 gün), xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək (2 ay 14 gün), ümumilikdə 3 ay 24 gün müddətində kirayəyə götürdüyü əşyanı sonuncuya qaytarmamışdır.
25. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən kompensasiya olaraq əşyanın saxlandığı 3 ay 24 gün müddət üçün müəyyənləşdirilmiş cəmi 7600 manat icarə haqqının verilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
26. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və istinad olunan maddi hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir.
27. Kollegiya izah edir ki, hazırki iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 697.2-ci maddəsinin dispozisiya şərtlərinə görə cavabdehin icarə obyektindən təyinatı üzrə istifadə edib-etməməsi hər hansı əhəmiyyət daşımır.
28. Çünki iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, kirayə (icarə) hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi (icarəçi) kirayəyə (icarəyə) götürdüyü əşyanı qaytarmamışdır. Bu hallar da hazırki işin mübahisəsiz hallarını təşkil edir. Ona görə də, kirayə (icarə) verən olan iddiaçının birmənalı olaraq kompensasiya kimi əşyanın saxlandığı bütün müddət üçün müəyyənləşdirilmiş kirayə (icarə) haqqının ödənilməsini tələb etmək hüququ yaranır.
29. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia həmin hissədə də təmin edilməlidir.
30. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3668/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia həmin hissədə də təmin edilsin. Cavabdeh MMC-dən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 7600 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn