Məhkəmə qərarları › İş №2-2(103)-1110/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1110/2021

20.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1110/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 30.07.2021-ci il tarixli e-2-2(113)-3220/2021 nömrəli qətnaməsindən (hakim Z.Axundova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə iddia müddəti ötmüş 216621,06 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıASC-nin 01 yanvar 2018-ci il tarixə kimi elektrik enerjisi istehlakına görə 216297,06 manat qalıq borclarının "xxxx" ASC tərəfindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (keçmiş Kirovabad Cihazqayırma zavodu) 1942-ci ildən fəaliyyət göstərir. SSRİ X1 7 fevral 1942-ci il tarixli 2049 saylı qərarına əsasən Simferopol mühərrik təmiri zavodu Gəncə şəhərinə köçürülmüşdür (müəssisənin keçmiş reklam prospektlərinin titul səhifələri əlavə olunur - 2 vərəqədə). Həmin vaxtdan indiyə kimi 79 il ərzində müəssisənin təbii qaz, elektrik enerjisi və su ilə təchizatında heç bir problem yaranmamışdır. İndi gözlənilmədən vəziyyət dəyişmişdir. Səbəb 1 noyabr 2003-cü ilə kimi yaranmış köhnə borcların cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz olaraq silinməməsidir. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 15.09.2008-ci il tarixdə hazırladığı “Qiymətli kağız sahiblərinin reyestrindən” göründüyü kimi, İddiaçı ASC-nin 2006-cı ildə başlamış özəlləşdirilməsi 2008-ci ildə başa çatmışdır. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 24.08.2015-ci il tarixdə hazırladığı “Qiymətli kağız sahiblərinin reyestrindən” və 12 saylı Ərazi Vergilər Departamentinin 21.07.2017-ci il tarixli **********161700 №-li məktubundan göründüyü kimi, “X2” ASC-nin İdarə heyətinin sədri 2015-ci ildən A.B.Zeynalovdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 13.07.2015-ci il tarixli **********07 №-li məktubunda bir daha təsdiqləmişdir ki, müəssisənin 2003-cü il 01 noyabr tarixinə olan borclarının silinməsinə dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 14.04.2006-cı il tarixli 10-2/4527 №-li məktub vermişdir. “X2“ASC-nin elektrik enerjisindən istifadəyə görə 2003-cü il 1 noyabr tarixə kimi yaranmış köhnə borclarının Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 497 saylı Fərmanı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2003-cü il tarixli 8 saylı, 27 may 2005-ci il tarixli 236 saylı və 6 iyun 2006-cı il tarixli 426 saylı fərmanları ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) özəlləşdirilən dövlət müəssisələrinin, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə borclarının silinməsi qaydalarına uyğun olaraq tənzimlənməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etməklərinə baxmayaraq, həmin borcların silinməsinə "xxxx" ASC ilə "xxxx" ASC arasında təhvil-təslim işlərinin yekunlaşmasından sonra baxılacağı bildirilmişdir ("xxxx" ASC-nin 10.11.2015-ci il tarixli HX15/2703 №-li; 28.10.2020-ci il tarixli 0199/2902 №-li və onun yerli orqanı olan “Qərb” Regional EnerjiTəchizatı və Satışı İdarəsinin 28.12.2019-cu il tarixli 123-01/137 №-li məktubları). 2015-ci ildən sonra 6 il keçməsinə baxmayaraq, cavabdeh təhvil-təslim işlərini başa çatdırmamışdır. 2015-ci ildən başlayaraq elektrik enerjisi sərfiyyatına görə cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya hər ay təqdim olunan hesab ödəniş vərəqələrində əvvəllər qalıq borc göstərilməsə də, 2020-ci ilin oktyabr ayından başlayaraq yenidən 216297,06 manat qalıq borc göstərilməyə başlanmışdır. Cavabdeh 1 noyabr 2003-cü ilə qədər yaranmış borcları tələb etmək hüququnu iddia müddəti keçdiyinə görə də itirmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2-2(113)-3220/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək "X2" Açıq Səhmdar Cəmiyyətinin hesabından 215766,08 manat məbləğində olan qalıq borcun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi, iddianın qalan hissədə təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2-2 (113)-3220/2021 saylı qətnaməsinin qismən – iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi və iddianın həmin hissədə də təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəyə əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci və 551.2.1-ci maddələrini tətbiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının istehlak etdiyi elektrik enerjisinə görə 2015-ci il tarixədək yaranmış 215.766,08 manat borcu cavabdehin tələb etmək hüququ 5 illik müddət keçdiyinə görə öz qüvvəsini itrmiş və həmin borc cavabdeh tərəfindən iddiaçıdan yalnız 2020-ci ilin oktyabr ayından etibarən təqdim edilən hesab fakturalarda tələb olunmağa başladığı üçün cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı deyildir. Halbuki, cavabdehin iddiaçıya təqdim etdiyi 26.11.2015-ci il tarixli ********* saylı hesab fakturada onun həmin tarixə qalıq borcunun 216.792,08 manat olduğu qeyd edilmiş və bu tarixdən sonrakı aylarda verilən hesab-fakturaların hamısında da həmin borc barədə məlumat öz əksini tapmışdır. Bundan başqa, iddiaçı özü də iddia ərizəsində və cavabdehə göndərdiyi pretenziyasında bu borcun mövcudluğu barədə xeyli müddət əvvəldən məlumatlı olmasını və silinməsi üçün dəfələrlə etdiyi müraciətlərin nəticəsiz qaldığını göstərmişdir. Lakin bütün bunlara rəğmən iddiaçı məhkəmə həmin borcun silinməsi tələbi barədə hazırkı iddia ərizəsi ilə yalnız 2021-ci ilin aprel ayında müraciət etmiş və bununla da qanunvericiliklə müəyyən edilən iddia müddətini ötürmüşdür. İşə apelyasiya qaydasında baxılması 20.10.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya nümayəndənin elektron kabinetinə məlumat yerləşdirilməklə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 30.07.2021-ci il tarixli e-2-2(113)-3220/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, qətnamə yoxlanılan hissədə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə istehlakçı İddiaçı ASC arasında elektrik enerjisinin alqı-satqısı barədə 01.04.2020-ci il tarixli, 020862 saylı müqavilə bağlanmışdır. İddiaçı ASC-nin **********7 nömrəli hesabının abunə haqqında məlumatından və cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, İddiaçı ASC-nin 215766,08 manat məbləğində borcu 2015-ci il tarixə qədər yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd edilən normalarına istinad edərək hesab etmişdir ki, 215766,08 manat borc 2015-ci tarixdən əvvəlki dövrə aid olan borc olduğundan beş illik tələbetmə müddəti keçdiyi üçün öhdəlik xitam olunmuşdur. Buna görə də iddia 215766,08 manat məbləğində borcun silinməsi hissəsində əsaslı hesab edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İddiaçının 5 illik tələbetmə müddətinin keçməsi əsası ilə borcun silinməsinə dair iddia tələbi öhdəlikdən irəli gələn tələb deyil, qanuna- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən irəli sürülmüş tələb olduğundan iddianın MMnin 373.3-cü maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətinin keçməsi əsası ilə rədd edilməli olduğuna dair cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya baxışı zamanı işə baxmış birinci tərəfindən qətnamənin apelyasiya qaydasında ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas olan hər hansı maddi və ya prosessual pozuntuya yol verildiyi müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 30.07.2021-ci il tarixli e-2-2(113)-3220/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 30.07.2021-ci il tarixli e-2-2(113)-3220/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar