Məhkəmə qərarları › İş №2-2(103)-1110/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1110/2025

06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1110/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi, uçot nöqtələri və sayğac nömrələrinin balansdan çıxarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (İş № 2-2(103)-1110/2025) X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əzizzadə Rüfanə Elxan qızının katibliyi, İddiaçının nümayəndəsi (sədr) Qanuni nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2 Agentliyi” X9) qarşı “borcun silinməsi, uçot nöqtələri və sayğac nömrələrinin balansdan çıxarılması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1384/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra İddiaçı MTK) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablaşmaların düzgün həyata keçirilməməsi səbəbindən 101 503,80 manat dəyərində artıq hesablanmış elektrik enerjisi sərfiyyatının silinməsi və cavabdehin hesab-ödəniş vərəqələrində qeyd olunan **********80000, **********00001, **********00002, **********400005, **********00006, **********00111 uçot nöqtələrinin və 3280198M647096, 3046493M339860, 0038938M2403010, 3055172M293106, 7585941M2090620, 3309671M699933 sayğac nömrələrinin iddiaçının adından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1384/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçınə məxsus 07/1-28 abonent koduna artıq hesablanmış 70509,03 manat dəyərində elektrik enerjisi sərfiyyatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddiaçı Mənzil-Tikinti **********00001, Kooperativinin **********00002, balansından **********400005, **********00111 uçot nöqtələri və 3280198M647096, **********80000, **********00006, 3046493M339860, 0038938M2403010, 3055172M293106, 7585941M2090620, 3309671M699933 sayğac nömrələri "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 272 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsməsi qət edilmişdir.

3. Cavabdeh Azərişıq” ASC tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayətini onunla əsaslanıdırmışdır ki, iddianı Cəmiyyət qəbul etmir, abunə kodu 07/1 28 olan İddiaçı MTK ilə elektrik enerjisinə görə hesablaşma 572 saylı TM-in 0,4 kV-luq paylayıcı qurğusundan çəkilmiş kabellərinin əvvəlində quraşdırılmış hesabat sayğacları ilə aparılır. Əhali və qeyri-yaşayış sahələrinə məxsus elektrik sayğaclarının göstəriciləri oxunaraq aylıq sərfiyyatlar baş sayğacdan çıxılır və qalan sərfiyyat MTK-ya təqdim olunur. “VTB” banka məxsus 73209367, 73209875, 73209366 nömrəli elektrik sayğaclarının aylıq sərfiyyatlarının MTK-nın hesablaşma elektrik sayğacının qeyd etdiyi sərfiyyatdan çıxılması dayandırılmışdır. İddiaçı MTK-ya məxsus 2817013, 73129389 və 73129573 nömrəli balans elektrik sayğacları ləğv edilmiş və “VTB” bankını elektrik enerjisi ilə təchiz edən xətlərin əvvəlində 572 saylı TM-in 0,4 kV-luq paylayıcı qurğusunda yeni 50040408, 50042459 və 50042452 nömrəli elektrik sayğacları quraşdırılmışdır. MTK-nın sayğacından çıxılan qeyri-yaşayış sahələrinə məxsus A211091652, **********7, **********5 nömrəli elektrik sayğacları ilə birbaşa hesablaşmanın aparılması üçün elektrik təchizat sxemində dəyişiklik edilməlidir. MTK-nın birinci mərtəbəsində mövcud 34 ədəd qeyri-yaşayış obyekti isə qeydiyyatsız olaraq İddiaçı MTK-nın baş sayğacından qidalanırlar. Həmin obyektlərə dəfələrlə abunə kodlarının açılması ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, onlar tərəfindən icra olunmamışdır. Halhazırda həmin obyektlərin enerji sərfiyyatının dəyəri nağd olaraq İddiaçı MTK tərəfindən yığılır. Bu səbəbdən yaşayış kompleksinin ümumi istifadə yerlərinə sərf edilən elektrik enerjisi həcmini dəqiqləşdirmək texniki cəhətdən mümkün deyildir. Belə ki, "xxxx" ASC-də heç bir qeydiyyatı olmayan və uçotu aparılmayan elektrik enerjisi istifadəçilərinin yaşayış kompleksinin daxilində olan qidalanma sxemi enerjitəchizatı müəssisəsinə məlum deyildir. Əlavə olaraq bildiririk ki, yaşayış kompleksinin daxili təchizat sxemində yarana biləcək istehlak fərqləri, yəni texnoloji sərfiyyata aid olmayan elektrik enerjisi itkilərinə görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşımır. Göründüyü kimi müəssisənin iddianı qaldırmaqda məqsədi özünə aid olan texnikinin ödənişindən yayınmaqdır. Yarımstansiyada quraşdırılan 6 sayğacın əhalini yoxsa qeyri-əhalini qidalandırdığı bizə məlum deyildir. Daxili təchizatın iddiaçıya aidiyyəti yoxdur. Həmçinin banka məxsus abonent haqqında məlumatda qeyd edilən sərfiyyat iddiaçıya təqdim edilən hesab fakturalarda çıxılan məbləğlərin cəmi ilə eyniyyət təşkil edir. Binada bütün mənzillər sayğacla təmin edilmişdir, əhali ilə hesablaşma həmin sayğac üzərindən aparılır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Suala cavab olaraq bildirdi ki, məhkəmə qərarından sonra "xxxx" ASC tərəfindən sayğaclar bizim balansdan çıxarılmışdır.

7. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X6 izahat verərək bildir ki, həm MTK-nın sayğacı sərfiyyat qeyd edirdi, həmdə Bankın sayğacı sərfiyyat yazırdı bu məsələ artıq öz həlllini tapmışdır.

8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”

9. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır.

10. Həmin Qaydaların 8.10-cu bənində əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur.

19. Qaydaların 8.11-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

12. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissədə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır .

14. İşin müəyyən edilmiş hallarına əsasən, abunə kodu 07/1-28 olan iddiaçı ilə elektrik enerjisinə görə hesablaşma 572 saylı transformator yarımstansiyasının 0,4 kV-luq paylayıcı qurğusundan çəkilmiş kabel xətlərinin əvvəlində quraşdırılmış 13 ədəd hesabat sayğacları ilə aparılmış, əhali və qeyri-yaşayış sahələrinə məxsus elektrik sayğaclarının göstəriciləri oxunaraq aylıq sərfiyyatlar baş sayğaclardan çıxılmış və qalan sərfiyyat iddiaçıya təqdim olunmuşdur. Eyni zamanda “Bank VTB (Azərbaycan)” ASC-yə verilən elektrik enerjisinin hesabatı həmin kabel xəttinin sonunda yerləşdirilən 73209366, 73209367 və 73209875 zavod nömrəli elektrik sayğacları (13 sayğacdan 3-ü) vasitəsilə aparılmış, daha sonra iddiaçının müraicəti əsasında həmin sayğaclar onun adından çıxarılmışdır.

15. İş materillarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyində əsasən, Bakı şəhəri, Nəsimi rayonu 787-ci məhəllədə İddiaçı MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin elektrik enerjisi təminatı yaşayış kompleksinin yaxınlığında yerləşən "xxxx" ASC-nin 572 saylı yarımstansiyasından həyata keçirilir. Yaşayış kompleksinin mənzillərində yaşayan abonentlərin (əhali) elektrik enerjisi təminatı üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yarımstansiyasından, binanın 6 ədəd blokunun zirzəmisində 6 ədəd 0,4 kV-luq paylayıcı şitlərə, A blokuna uzunluğu L=160 metr, B blokuna uzunluğu L=135 metr, C1 blokuna uzunluğu L=112 metr, C2 blokuna uzunluğu L=102 metr, D1 blokuna uzunluğu L=136 metr, D2 blokuna uzunluğu L=116 metr üç fazalı müxtəlif markalı alüminium kabellər çəkilmiş və həmin paylayıcı şitlərdən mənzillərin sayğaclarına bir damarlı mis kabellərlə elektrik enerjisi verilmişdir. Binada olan mənzilləri elektrik enerjisi ilə təmin edən 6 ədəd kabel yarımstansiyada quraşdırılmış və aşağıda qeyd edilən uçot nöqtələrinə aid olan elektrik sayğaclarına qoşulmuşdur.

16. Yarımstansiyada olan sayğacların üzərində onların nömrələri qeyd olunmuşdur. Sayğacın üzərində uçot nöqtələrinin nömrələri qeyd olunmamışdır, lakin "xxxx" ASC tərəfindən İddiaçı MTK-ya təqdim edilmiş elektron qaimələrdə hansı sayğacın hansı uçot nöqtəsinə aid olduğu göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı MTK ya aid olan uçot nöqtələrində quraşdırılmış sayğaclardan bəziləri müxtəlif vaxtlarda "xxxx" ASC tərəfindən dəyişdirilmiş və yenisi quraşdırılmışdır. Bu səbəbdən eyni bir uçot nöqtəsində əvvəllər başqa sayğaclar quraşdırılmış, hazırda isə başqa sayğaclar ilə əvəz edilmişdir. Kabellər yarımstansiyadan çıxışda 20 metr məsafədə binanın zirzəmisinə qədər yeraltı çəkilmiş, bundan sonra binanın zirzəmisinə daxil olaraq blokların paylayıcı şitlərinə qədər asma kabel kanalları vasitəsi ilə aparılmışdır. Binanın zirzəmisində müasir infrastruktura malik olan işıqlandırılan avtomobil qarajı yerləşdiyindən zirzəmidə olan hissədə bütün kabellər vizual olaraq müşahidə olunur. 6 ədəd kabelin hər birinə baxış keçirilmiş və həmin kabellərə heç bir kənar müdaxilə olunmadığı, həmin kabellərə blokların altında yerləşən elektrik şitlərinə daxil olana qədər və ya şitlərin daxilində mənzillərə gedən kabellərdən başqa heç bir qoşulmanın olmadığı müəyyən edildi. Kabellərdə heç bir zədələnmə aşkar olunmadı. Blokların zirzəmilərində əhali abonentləri üçün quraşdırılmış 6 ədəd paylayıcı şitlərə də baxış keçirilmiş, kənar qoşulmalar və müdaxilələr aşkar olunmamışdır.

17. Sonra xüsusi elektrik avadanlığı (“X10 UNİ-T”) vasitəsi ilə binaların zirzəmisində olan, binada yaşayan sakinlər üçun ayrılmış hər bir paylayıcı şitə gedən kabellərin başlanğıcında (yəni "xxxx" ASC-nin yarımstansiyada yerləşən 0.4 kV-luq şitdən) və sonunda, yəni binanın zirzəmisində hər bir blokun altında yerləşən 0.4 kV-luq şitdə (kabelin hər bir şitə daxil olduğu yerdə) eyni vaxtda, iki mütəxəssis tərəfindən kabellərdən keçən yükün miqdarı (amper-kleşlə) ölçülmüş və göstəricilər aşağıdaki kimi olmuşdur: A blokuna gedən kabeldə: "xxxx" ASC-nin yanmstansiyasında 0.4 kVluq üç fazalı kabelin başlanğıc– 64.5kVt, binanın zirzəmisində 0.4 kV-luq şitdə kabelin sonunda– 65.6 kVt. B blokuna gedən kabeldə: "xxxx" ASC-nin yanmstansiyasında 0.4 kV-luq üç fazalı kabelin başlanğıc– 86.3 kVt, binanın zirzəmisində 0.4 kv-luq şitdə kabelin sonunda– 86.9 kVt. C-1 blokuna gedən kabeldə: "xxxx" ASC-nin yarımstansiyasında 0.4 kV-luq üç fazalı kabelin başlanğıc– 43.8 kVt, binanın zirzəmisində 0.4 kV-luq şitdə kabelin sonuııda– 45.7 kVt. C-2 blokuna gedən kabeldə: "xxxx" ASC-nin yarımstansiyasında 0.4 kV-luq üç fazalı kabelin başlanğıc– 55.2 kVt, binanın zirzəmisində 0.4 kv-luq şitdə kabelin sonunda– 57.2 kVt. D-1 blokuna gedən kabeldə: "xxxx"ASC-nin yarımstansiyasında 0.4 kV-luq üç fazalı kabelin başlanğıc– 42.0 kVt, binanın zirzəmisində 0.4 kV-luq şitdə kabelin sonunda– 42.5 kVt. D-2 blokuna gedən kabeldə: "xxxx" ASCnin yarımstansiyasında 0.4 kV-luq üç fazalı kabelin başlanğıc 72.1 kVt, binanın zirzəmisində 0.4 kV-İuq şitdə kabelin sonunda– 73.6 kVt.

18. Ölçmələrdən göründüyü kimi, kabellərin başlanğıcında və sonunda cüzi miqdarda fərqlər olmuşdur ki, bu da kabellərdə olan itkilər hesabınadır.

19. “Bank VTB (Azərbaycan)” ASC-ni elektrik enerjisi ilə təmin edən 572 saylı yarımstansiyada quraşdırılmış və İddiaçı MTK-nın adına qeydiyyata alınmış sayğaclar İddiaçı MTK-nın verdiyi məlumata əsasən 12 fevral 2024-cü il tarixdən onun şikayəti əsasında "xxxx" ASC tərəfindən sökülmüşdür. Bundan sonra həmin sayğacların yerinə “Bank VTB (Azərbaycan)” ASC-nin adına qeydiyyata alınmış 50042452, 50040408 və 50042459 nömrəli digər sayğaclar quraşdırılmışdır və hazırda mövcuddur. Lakin həmin sayğacların üzərində uçot nöqtəsinin nömrəsi qeyd olunmadığından və bununla bağlı “Bank VTB (Azərbaycan)” ASC tərəfindən əlavə məlumat verilmədiyindən hazırda mövcud olan hansı sayğacın hansı uçot nöqtəsinə aid olduğunu müəyyən etmək mümkün olmadı.

20. Xüsusi elektrik avadanlığı (“X10 UNİ-T”) vasitəsilə kabellərin hər birindən keçən elektrik yükü kabellərin başlanğıcında və sonunda eyni vaxtda yoxlanılmış və kabellərin görünən hissələrinə və bloklarınn zirzəmilərində yerləşən 6 ədəd paylayıcı şitlərə tərəfimizdən baxış keçirilmiş və heç bir kənar müdaxilə, qoşulma və zədələnmələr aşkar olunmamışdır. "xxxx" ASC-nin 572 saylı yarımstansiyasında yerləşən 7585941M2090620; 0038938M2403010; 3055172M293106; 3046493M339860; 3280198M647096 və 3309671M699933 nömrəli 6 ədəd elektrik sayğaclarına qoşulmuş 6 ədəd elektrik kabellərinin hər biri birbaşa olaraq yalnız binada olan blokların zirzəmisində yerləşən, binada yaşayan əhaliyə xidmət edən 6 ədəd 0.4 kV-luq paylayıcı şitlərə daxil olur və oradan isə yalnız binada olan mənzillərin elektrik sayğaclarına gedir. Vizual müşahidə və hər bir kabeldən keçən elektrik enerjisinin xüsusi elektrik avadanlığı ilə ölçülməsi nəticəsində bu kabellərə mənzilləri elektrik enerjisi ilə təmin edən kabellərdən başqa digər hər hansı qoşulmanın olmadığı müəyyən edilmişdir.

21. Qeyd olunanlara əsasən, "xxxx" ASC-nin 572 saylı yarımstansiyasında yerləşən 7585941M2090620; 0038938M2403010; 3055172M293106; 3046493M339860; 3280198M647096 və 3309671M699933 nömrəli elektrik sayğaclarından keçən elektrik enerjisinin yalnız binada olan mənzillərin elektrik enerjisi ilə təminatına yönəldiyi və bu sayğaclara qoşulmuş kabellərdən heç bir qeyri-yaşayış sahəsinə elektrik enerjisi verilmədiyi müəyyən edilmişdir. Sayğacların aid olduğu uçot nöqtələrinin nömrəsi rəydə olan cədvəldə oz əksini tapmışdır. Binanın sakinlərinə (abonentlərə) elektrik enerjisi təhcizatı "xxxx" ASC-nin yarımstansiyasından birbaşa verilir. “Bank VTB (Azərbaycan)” ASC-nin adına qeydiyyata alınmış hazırda mövcud olan 50042452, 50040408 və 50042459 nömrəli sayğacların hansı uçot nöqtəsinə aid olduğunu müəyyən etmək mümkün olmadı. “Bank VTB (Azərbaycan)” ASC-ni elektrik enerjisi ilə təmin edən əvvəllər 572 saylı yarımstansiyada quraşdınlan və İddiaçı MTK-nın adına qeydiyyata alınmış sayğacların nömrəsi və onların aid olduğu uçot nöqtəsinin nömrələri rəydə olan cədvəldə öz əksini tapmışır.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yaşayış kompleksinin daxili təchizat sxemində yarana biləcək istehlak fərqləri, yəni texnoloji sərfiyyata aid olmayan elektrik enerjisi itkilərinə görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşımır dəlilinə münasibətdə qeyd edir ki, Qaydaların 7.13-cü bəndinə əsasən, hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir.

23. Qaydalarda məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyatın) nəzərə alınmaması barədə göstəriş mövcuddur. Belə olan halda, qeyd edilən uçot nöqtələri və sayğac nömrələrinin iddiaçının balansında qalması zərurəti cavabdeh tərəfindən əsaslandırıla bilməmişdir. Həmçinin məişət abonentləri olmayan digər subabonentlərə münasibətdə isə Qaydaların tələbinə əsasən, subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilməlidir. Belə olan halda aydın olur ki, nə məişət abonentlərinə, nə də digər subabonentlərə münasibətdə iddiaçı elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə məsuliyyət daşımır və həmin itkilərə görə sərfiyyat məbləği iddiaçının hesabına daxil edilməməlidir.

24. Belə ki, kollegiya qeyd edir ki, iş materillarına əsasən “Global and Legal Audit” MMCnin audit rəyinə əsasən, aparılmış hesablamalar nəticəsində binada yaşayan əhalinin və binada yerləşən “Bank VTB (Azərbaycan)” ASC-nin sayğacların göstəricisinə əsasən istifadə etdiyi elektrik enerjisinin miqdarının müvafiq olaraq İddiaçı MTK-dan çıxılan elektrik enerjisinin miqdarından bəzi aylarda çox, bəzi hallarda isə az olduğu müəyyən edilmişdir. Binada yaşayan əhalinin və binada yerləşən “Bank VTB (Azərbaycan)” ASC-nin sayğacların göstəricisinə əsasən istifadə etdiyi elektrik enerjisinin miqdarının müvafiq olaraq İddiaçı MTK-dan çıxılan elektrik enerjisinin miqdarından az olduğu zaman bu fərq qarşısında mənfi (-) işarəsi olmaqla göstərilmişdir. Yaranmış mənfi və müsbət fərqlər müvaqif olaraq toplanmış və çıxılmış 2014-cü ildən başlamaqla hər il üçün fərqin yekunu hesablanmışdır. Yekunda bütün illər üzrə fərqlərin yekun cəmi hesablanmışdır. xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində İddiaçınə təqdim olunan hesab-ödəniş vərəqələrində (qaimələrdə) əhaliyə aid olan **********00006, **********00002, **********00005, **********00001, **********80000, **********00111 uçot nöqtələri üzrə MTK-nın abonent koduna daxil edilmiş sərfiyyat MTK-nın abonent kodundan **********00009 (əhaliyə görə) uçot nöqtəsi üzrə çıxılmış sərfıyyatdan 62448,52 manat çoxdur. xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində İddiaçınə təqdim olunan hesabödəniş vərəqələrində (qaimələrdə) “Bank VTB (Azərbaycan)” ASC-yə aid olmuş **********80008, **********80009, **********80010 uçot nöqtələri üzrə MTK-nın abonent koduna daxil edilmiş sərfiyyat MTK-nın abonent kodundan **********8002, **********80038, **********8003 (“Bank VTB (Azərbaycan)” ASC-yə görə) uçot nöqtələri üzrə çıxılmış sərfıyyatdan 8060,51 manat çoxdur. 28. Rəydən aydın olduğu kimi, əhali qrupuna aid abonentlər üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində 62448,52 manat, “Bank VTB (Azərbaycan)” ASC üçün 8060,51 manat əlavə sərfiyyat hesablanaraq iddiaçıya aid edilmişdir. Halbuki qeyd edilən sərfiyyat məişət abonentlərinə münasibətdə cavabdehə aid edilməli, “Bank VTB (Azərbaycan)” ASC-yə münasibətdə isə ona aid edilməli idi.

25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1384/2025 kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar