Məhkəmə qərarları › İş №2-2(103)-1112/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1112/2024

05.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1112/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və "xxxx" MMC-yə qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1315/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və "xxxx" MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 MMC-dən müştərək qaydada 6505,54 manat məbləğində sığorta ödənişi, 100 manat mediasiya xərci, 10 manat poçt xərci və 0,4 manat məbləğində xidmət haqqının,cəmi 6615,94 manat pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1315/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 5222 məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi olaraq 80 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

3. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1315/2024 nömrəli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1315/2024 nömrəli qətnaməsinin dəyişdirilərək, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və ekspert rəyinə uyğun olaraq iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

5. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6505.54 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğdə sığorta ödənişi edilmişdir. Lakin məhkəmə heç bir əsas olmadan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinə münasibətdə üstünlük vermiş və MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. İşdə olan sənədlərə əsasən NG Kapital Lizinq” MMC avtomobilin mülkiyyətçisi, "xxxx" MMC isə etibarnamə ilə idarəetmə hüququ əsasında avtomobilə sahiblik hüququnu əldə etmiş qanuni sahibi olduğu üçün digər cavabdehlər də deliktin törədilməsinə görə Mülki Məcəllənin 1108.1–ci və 1108.2-ci maddələrinin tələbləri baxımından sürücü ilə birgə məsuliyyət daşımalıdırlar. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş və işin halları üzrə səhv nəticəyə gəlmişdir. Buna görə də hesab edilir ki, məhkəmənin gəldiyi yekun nəticə işin hallarına uyğun deyil.

6. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində iddianın təmin edilməsinin əsası kimi iddiaçı tərəfindən aktiv sübutetmə prosessual fəaliyyət təmin edilməmiş, hətta tələb üzrə faktiki münasibətlər barədə məhkəməyə sənəd, sübut və materiallar təqdim edilməmişdir. Lakin qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı avtomobilə dəymiş zərərin məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə hadisə zamanı “Kia Sportage” markalı avtomobilə dəymiş zərər 5472 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC ilə X3 arasında bağlanmış “kasko” sığorta müqaviləsində 250 manat azadolma məbləği müəyyən edildiyindən iddiaçının tələb etmək hüququna malik olduğu məbləğ 5222 manat təşkil edir. Lakin, məhkəmənin nəzərinə işin məhkəmə baxışı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməmiş, ekspert tərəfindən avtomobilə cavabdehin iştirakı ilə baxış keçirilməmişdir. Hesab edilir ki, iddia o hallarda təmin edilə bilər ki, iddiaçıya maddi zərər vurulması, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

9. İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

11. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

12. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

13. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır

14. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

15. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

16. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

17. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edənzəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

26. İşin müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Z.Bünyadov prospektində Cavabdeh2 MMC-yə məxsus olan, sublizinq müqaviləsi əsasında Cavabdeh3 MMC-nin istifadəsinə verilmiş və Cavabdeh1 idarə etdiyi “Hyundai Elantra” markalı, ** PU *** dövlət nömrə nişanlı avtomobil və "xxxx" ASC-də avtomobilərin sığortası (“kasko”) növü üzrə sığortalanmış “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində “Hyundai Elantra” markalı, ** PU *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

27. İddiaçı "xxxx" ASC tərəfindən “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6755,54 manat məbləğində qiymətləndirilmiş və sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat məbləğində azadolma məbləği çıxılmaqla 6.505,54 manat məbləğində pul vəsaiti avtomobilin təmir edilməsi üçün avtomobil servisinə ödənilmişdir.

28. İddiaçı "xxxx" ASC sığorta ödənişinin subroqasiya qaydasında müştərək qaydada Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC və avtomobili idarə edən şəxs Cavabdeh1 tutulmasını tələb etmişdir.

29. Qeyd edilənlər inzibati tənbeh vermə haqqında qərar, arayış, zərər aktı, sığorta aktı, sığorta müqaviləsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərlə təsdiqlənmişdir.

30. Məhkəmə cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən subroqasiya qaydasında pulun tutulması tələbini rədd etmiş, pulun yalnız Cavabdeh1 tutulmasını qət etmişdir.

31. Subroqasiya tələbinin yönəldilməli olan şəxsə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1108-ci maddəsinə istinad etmişdir. Həmin maddənin məzmunundan göründüyü kimi yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) fiziki və ya hüquqi şəxslər təqsirli olubolmamasından asılı olmayaraq daşıyırlar. Hazırkı hala mübahisəli avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətində olsa da, 06/NG nömrəli etibarnaməyə əsasən Cavabdeh3 MMCnin sahibliyinə verilmiş, Cavabdeh3 MMC tərəfindən isə öz növbəsində Cavabdeh1 avtomobili idarə etmək üçün yol vərəqəsi verilmişdir.

32. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 MMC tərəfindən avtomobilə dair idarəetmə hüququnun Cavabdeh1 verilməsi yol vərəqəsi ilə rəsmiləşdirilsə də, sonuncunun Cavabdeh3 MMC-nin işçisi olması və ya avtomobilin idarə edilməsi ilə bağlı MMC-nin tapşırığını icra etməsi iş materialları ilə öz təsdiqini tapmır.

33. Məhkəmə hesab etmişdir ki, cavabdeh X4 təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsi zamanı digər şəxsə zərər dəymiş, iddiaçı əmlaka dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.

34. Bundan əlavə tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlarından göründüyü kimi Cavabdeh3 MMC avtomobilin icarəyə verilməsi ilə məşğul olan şirkət olmaqla mübahisəli avtomobili Cavabdeh1 icarəyə vermişdir. Odur ki, hadisə baş verərkən avtomobil Cavabdeh1 icarəsində olduğundan avtomobilin qanuni sahibi də Cavabdeh1 olmuşdur. Belə olan halda isə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 MMC-nin Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən avtomobildən istifadə nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması istisna olunur.

35. Məhkəmə kollegiyası məhkəmənin mövqeyi ilə razılaşaraq iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Cavabdeh1 maşına olan sahibliyi qanuni əsaslarla yaranmışdır. Hadisə baş verən zaman avtomobil digər cavabdehlərin sahibliyində olmamışdır. Qanunvericilik bu halda zərərə görə mülkiyyətçi və sahibin birgə məsuliyyətini müəyyən etməmişdir. Müstəqil hərəkət edən sahib Cavabdeh1 görə məsuliyyətin digər cavabdehlərlə bölüşməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 8 aprel 2022-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

37. Belə ki, işin faktiki hallarından göründüyü kimi, sığorta hadisəsi baş verən zaman **-PU-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobilin sürücüsü Cavabdeh1 olmuş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və AR İXM-in 327.2-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir, yəni əmlaka zərərin vurulması Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Ona görə də faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya onun verdiyi sığorta ödənişi məbləğində keçdiyindən, məhkəmə əsaslı olaraq hesab etmişdir ki, məsuliyyət daşımalı olan şəxs Cavabdeh1 olduğundan iddia tələbi ona münasibətdə təmin edilməli, Cavabdeh1 5222 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia digər cavabdehlərə münasibətdə təmin olunmamalıdır.

38. "xxxx" ASC-yə subroqasiya qaydasında keçmiş tələb hüququnun həcminə gəldikdə məhkəmə qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı avtomobilə dəymiş zərərin məbləğini müəyyən etmək üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə hadisə zamanı “Kia Sportage” markalı avtomobilə dəymiş zərər 5472 manat məbləğində müəyyən edilmişdir. Odur ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış “kasko” sığorta müqaviləsində 250 manat azadolma məbləği müəyyən edildiyindən iddiaçının tələb etmək hüququna malik olduğu məbləğ 5222 manat təşkil edir.

39. Məhkəmə iddiaçı tərəfindən qiymətləndirmə hesabatına nisbətən ekspert rəyinə üstünlük verərkən mülki prosessual qanunvericiliyə riayət etmişdir. Ekspert rəyi verərkən ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edildiyindən daha mötəbər sübutdur. Ekspert avtomobilə yerində müayinə etməmiş, nəzəri tədqiqat metodu ilə rəy vermişdir. Ona görə cavabdehin onsuz baxışın keçirilməsi dəlili əsassızdır.

40. Qeyd edilənlərdən görünür ki, iddiaçının və cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir.

41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onların özünə aid edilməlidir.

43. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1315/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar