Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1115/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair kiçik icraat qaydasında baxılmış iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(103)-3943/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, X4 və X3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 12 noyabr 2021-cü il tarixli kredit müqaviləsi üzrə 8262.66 manat əsas borc, 718.77 manat faiz borcu və 83.95 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9065.38 manat borcun və 110.65 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3943/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh3, X4 və X3 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 8262,66 manat məbləğində əsas bоrc, 718,77 manat məbləğində faiz bоrcu, 83,95 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9065 (doqquz min altmış beş) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul vəsaitinin və ödənilmiş 110 (bir yüz on) manat 65 (altmış beş) qəpik dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3943/2024 nömrəli qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq aradan qaldırılmış Şərifzadə soyadı Şəfizadə ilə əvəz edilmişdir.
4. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin qismən təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilməmiş, Cavabdeh3 xx.xx.2024-cü il tarixinə olan əsas və faiz borcunun nə qədər təşkil etməsi müəyyən edilməmişdir. Sadəcə olaraq iddia ərizəsində göstərilmiş iddia tələbi təsdiq edilmişdir. Hesab edilir ki, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli, ekspert tərəfindən aydın şəkildə müvafiq ekspert rəyi verilməli, cavabdehlərin faktiki borcu müəyyən edilməlidir. Bakı Kommersiya Məhkəməsi tərəfindən işin faktiki halları nəzərə alınmamış və düzgün qiymət verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
9. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
10. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
11. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın əsas və faiz borcu hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə mahiyyəti üzrə düzgündür.
15. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixində 50000 manat məbləğində xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə aylıq 1.75 faizlə kredit vermişdir. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kreditor, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır.
16. Qeyd edilən hallar müqavilələr, qəbz və digər sübutlarla tədiq edilmişdir. Apellyator borcun mövcudluğunu qəbul etmişdir. Lakin o, əsas və faiz borcunun məbləğini mübahisələndirmişdir.
17. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh3 8262,66 manat məbləğində əsas bоrcu, 718,77 manat məbləğində faiz bоrcu və 1109,16 manat məbləğində cərimə borcu, cəmi 10174,54 manat borcu vardır.
18. Apellyasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, apellyator kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun məbləğinin nəyə görə düzgün hesablanmamasını və müvafiq ekspertizanın keçirilməsi zərurətinin nədən ibarət olmasını göstərməmişdir. Əlavə olaraq hansı ödənişlərin edilməsi və hansıların nəzərə alınmaması kimi dəlillər göstərilməmiş və nəticədə maliyyə arayışına şübhə yaradacaq hal aşkar edilməmişdir. Ona görə apellyatorun əsas və faiz borcunun düzgün hesablanmaması dəlili heç bir sübutla və ya dəlillə möhkəmləndirilmədiyindən əsassız hesab edilməlidir.
19. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əsas və borcunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də, cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsaslar yoxdur.
20. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
21. Cavabdeh apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilməlidir.
22. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3943/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.