Məhkəmə qərarları › İş №2-2(103)-1116/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1116/2022

11.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1116/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı mütəxəssis rəyinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-6119/2022 nömrəli qərardadından (hakim Emin Əliyev) İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün beton istehsalı obyektində real istehsal həcminin müəyyənləşdirilməsi üçün Cavabdeh MMC-nin əməkdaşı X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6119/2022 nömrəli qərardadı ilə İddiaçı MMC-nin mütəxəssis rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6119/2022 nömrəli qərardadının ləğv olunmasının, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mütəxəssis rəyi heç bir hüquqi nəticə yaratmır. Belə çıxır ki, mütəxəssis rəyinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Bəs onda məhkəmə icraatlarında mütəxəssis rəylərindən niyə istifadə olunur? Konkret olaraq iddiaçının iddiası üzrə rəy vergi orqanına təqdim edilib və iddiaçı üçün konkret hüquqi nəticələrə səbəb olub. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Deməli, əgər vergi orqanı bilmədiyi məlumatı mütəxəssisdən soruşursa, yekunda onun rəyinə söykənərək vergi ödəyiciləri barədə müvafiq qərarlar qəbul edir. Bu, hüquqi nəticə deyilsə, bəs nədir? Mütəxəssis bu əsnada qanunu da pozursa, hüququ pozulmuş şəxs niyə məhkəməyə müraciət edə bilməz ki? Göründüyü kimi, məhkəmənin qərardadı əsaslandırılmayıb. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6119/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 6119/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarındn görünür ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh MMCnin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi iddiaçının real istehsal həcminin müəyyənləşdirilməsi ilə bağlı tərtib edilmiş mütəxəssis rəyinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, özlüyündə iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmayan mütəxəssis rəyi iddia icraatı qaydasında mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından iddia icraatı qaydasında məhkəməyə verilən istənilən tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun və iddia təmin edildiyi təqdirdə hüququ pozulmuş şəxsin hüququnun bərpa edilməsi mümkün olsun. Hazırkı halda iddiaçı tərəfindən mübahisələndirilən vergi orqanının sifarişi əsasında tərtib edilmiş mütəxəssis rəyinə əsaslanaraq vergi orqanı iddiaçının hüquqlarını pozan inzibati akt qəbul etdiyi təqdirdə iddiaçı üçün hüquqi nəticə yaradacaq sənəd həmin akt ola bilər. Vergi orqanı hazırda mübahisələndirilən mütəxəssis rəyi ilə razılaşmadığı halda yenidən rəy alınması üçün başqa bir mütəxəssisə müraciət edə bilər. Eyni zamanda iddia tələbi icraata qəbul edilərək rəyin etibarsız hesab edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi vergi orqanının yeni mütəxəssis rəyi alınması üçün sifariş vermək hüququnu istisna etmir. Belə olan halda bu tələb baxılması ilə MPM-nin 2.1 və 4.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmaq mümkün olmadığı üçün birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 6119/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3974/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar