Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1116/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X6 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC-nə, Cavabdeh6 və Cavabdeh7 MTK-ya qarşı iddia tələbi üzrə (Açar sözlər: pul öhdəliyinin gecikdirilməsinə görə faiz tələbi, əldən çıxmış fayda) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı – “X6 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə “X6 Azərbaycan” QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC-nə, Cavabdeh6 və Cavabdeh7 MTK-ya qarşı “pul öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə faizin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixi qətnaməsinə əsasən “X6 Azərbaycan” QSC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh5 MMC-dən, Cavabdeh7 MTK-dan, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 24 fevral 2014-cü il tarixli 38137/01 saylı kredit müqaviləsi üzrə 341 117,14 manat əsas, 18 113,69 manat faiz borcu, 30 000 manat cərimə olmaqla 389 230,83 manat borcun, əmlakın sığortalanmasına görə 2340 manat sığorta haqqının, müqavilə üzrə öhdəliklərin pozulmasına dair borclu və zaminlərə bildirişlərin (pretenziyaların) və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsinə çəkilmiş 17,50 manat poçt xərclərinin və 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması, 0,01612 hektar torpaq sahəsində yerləşən, 161,2 m2 tikinti altı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 117a ünvanındakı qeyri-yaşayış binasının ilkin satış qiyməti 4 479 000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, o satıldıqda ən geci 1 (bir) ay ərzində boşadılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Cavabdeh4 məxsus 0,01612 hektar torpaq sahəsində yerləşən, 161,2 m2 tikinti altı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 4 784 000 (dörd milyon yeddi yüz səksən dörd min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024cü il tarixli qərarına əsasən “X6 Azərbaycan” QSC-nin və cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. 17 noyabr 2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, "xxxx" MMC tərəfindən 24 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcdan qalan 341 117,14 manat məbləğin ödənilməsinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixindək (448 gün) gecikdirilməsinə görə dəymiş zərər məbləği 20 934,31 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. “X6 Azərbaycan” QSC (iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC-nə, Cavabdeh6 və Cavabdeh7 MTK-ya qarşı (cavabdehlər) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 341 117.14 manat ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 20 934.31 manatın və mediasıya xərcinin əvəzi qismində 210 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini işin faktiki hallarına istinadla əsaslandırmış, cavabdehlərin 26 avqust 2022-ci il tarixə əsas borc üzrə 341 117,14 manat ödənilməmiş borclarının qalmasının qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq edildiyini, tərəflərindən cavabdehə yazılı xəbərdarlıq olunduğunu, lakin bundan sonra da öhdəliklərin onun tərəfindən icra edilmədiyini, 26 avqust 2022-ci il tarixdən 17 noyabr 2023-cü il tarixə qədər bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 20 934,31 manat faiz hesablandığını irəli sürmüşdür.
7. Birinci instansiya məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh "xxxx" MMC birinci instansiya məhkəməsinin 26 avqust 2022-ci ilin tarixli qətnaməsi ilə razılaşmayaraq, həmin qətnaməni apellyasiya və kassasiya instansiya məhkəmələrində mübahisələndirmiş, sonuncu olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı 29 fevral 2024-cü il tarixində qəbul edilmişdir. Bu baxımdan, iddiaçı 04 dekabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixi qətnaməsi qanuni qüvvəsini almamış, icraya yönəldilməmiş, tələbin yönəldiyi ipoteka əmlakı hərraca çıxarılaraq satılmamışdır. Həmin qətnamə üzrə borcun iddiaçıya ödənilməsinin bu günə kimi gecikməsi cavabdehlərin təqsirinə görə baş verməmiş, cavabdeh öz hüququndan istifadə edərək müvafiq məhkəmə qətnamələrini mübahisələndirmişdir. Eyni zamanda iddiaçı özü də apellyasiya və kassasiya şikayətləri vermiş, bu səbəbdən qətnamə icraya yönəlməmişdir. Buna görə də cavabdehlər məhkəmə qətnaməsinin icrasını gecikdirmiş sayılmırlar. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixi qətnaməsi üzrə pulun ödənilməsinin qətnamə çıxan tarixdən 17 noyabr 2023-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 %-in ödənilməsini tələb etməsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən yalnız, cavabdehlər pul məbləğinin ödənilməsini gecikdirdikləri halda iddiaçının gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququ vardır.
9. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2.2, 445.5, 445.7, 445.8, 445.9-cu maddələrinə istinad etmişdir.
10. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnamənin icra olunmasını nəzərə almadığını, gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı, izahat
12. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
14. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
18. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
19. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
29. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
30. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı).
31. Məhkəmə təcrübəsində də tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin girov predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması halında, kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azı gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini Mülki Məcəllənin 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi mümkün hesab edilir. 1
32. Buna səbəb odur ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.
33. Lakin hazırkı mübahisə üzrə həmin hallar müəyyən edilmir.
34. Belə ki, kreditor bu hüququ, mülki hüququn təməl institutu olan vicdanlılıq prinsipinə uyğun olaraq həyata keçirməlidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
35. Hazırkı işin faktiki hallarından göründüyü kimi, cavabdehlərin öhdəliklərinin icrasının gecikməsinin səbəbi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 26 avqust 2022ci il tarixli qətnaməsinin icraya yönəldilməməsidir. Bu baxımdan, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qətnamə üzrə borcun iddiaçıya ödənilməsinin
1 Ali Məhkəmə, İş № 2(102)-3036/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_3036+11.09.2024.pdf) § 25, 26
İş № 2(102)-2828/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_2828+26.08.2024.pdf) bu günə kimi gecikməsi cavabdehlərin təqsirinə görə baş verməmişdir. Belə ki, cavabdeh "xxxx" MMC prosessual hüquqlarını həyata keçirərək qətnamədən apellyasiya və kassasiya şikayəti vermişdir.
36. Məhkəmə kollegiyası qəbul edir ki, hər bir şəxs öz hüquq və vəzifələrini, vicdanlılıq prinsipinin müəyyən etdiyi çərçivədə və öz hüquqlarından sui-istifadə etmədən həyata keçirməlidir və hazırkı mübahisə üzrə cavabdeh "xxxx" MMC-nin öz prosessual hüquqlarından sui-istifadə etməsi müəyyən edilmir.
37. Digər tərəfdən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçının özü də yuxarı instansiya məhkəmələrinə şikayət vermişdir; belə olduğu təqdirdə isə cavabdehlərin şikayət verib-verməməyindən aslı olmayaraq, iddiaçı da birinci instansiya məhkəməsinin qətnaməsinin icraya yönəldilməsinin ləngiməsinə şərait yaratmışdır.
38. Xüsusi olaraq vurğulanmalıdır ki, tələb ipoteka ilə təmin olunub və cavabdeh(lər) tələbin ipotekaya yönəldilməsinə maneə törətməyiblər.
39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-646/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən “X6 Azərbaycan” QSC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva