Məhkəmə qərarları › İş №2-2(103)-1117/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1117/2021

19.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1117/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2799/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10.03.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 32541,60 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 78200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.07.2021-ci il tarixli e-2-2(113)-2799/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MTK həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilk olaraq Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MTK-nın 15.09.2020-ci il tarixinə dövlət büdcəsinə ödənilməmiş 164781,20 manat, DSMF-yə 1762,95 manat və işsizlikdən sığorta fonduna 70,52 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 408000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lokal Gəlirlər Baş İdarəsinin borc və faizləri hesabladığı 15.09.2020-ci il tarixindən sonra şirkət məhkəmə qətnaməsinin çıxdığı 06.05.2021-ci il tarixinədək vergilər üzrə 637000 manat, muzdla işləyənlərin sığorta haqları üzrə 9992,5 manat, ümumilikdə 646992,5 manat vəsaiti dövlət büdcəsinə ödəmişdir. 06.05.2021-ci il tarixdən bugünkü günədək də 139100,00 manat məbləğ dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə proseslər zamanı Cavabdeh MTK-nın nümayəndəsi iş məhkəməyə göndərildikdən sonra yuxarıda qeyd edilən məbləğin ödənildiyinin nəzərə alınmasını xahiş etmiş və Dövlət Vergi Xidmətinin əməkdaşı 05.05.2021-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh MTKnın həmin dövrə vergilər üzrə 116712,35 manat ödənilməmiş borcunun qaldığını bildirmişdir. Məhkəmə 06 may 2021-ci il tarixli 2-2(113)-1271/2021 nömrəli qətnamə ilə 116712,35 manat ödənilməmiş borcun Cavabdeh MTK tərəfindən ödənilməsinin təmin edilməsi məqsədilə 408000 manat məbləğində siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına qeyd edilən borcun ödənilməsi və satışdan qalan məbləğin MTK-ya qaytarılması barədə qərar qəbul etmişdir. Bundan sonra iddiaçı 20.09.2020-ci il tarixindən 10.03.2021-ci il tarixinədək Cavabdeh MTK-nın dövlət büdcəsinə olan borcunun alınması məqsədilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Lakin bu hal iddia ərizəsində öz əksini tapmamış, eyni zamanda məhkəmə də qətnaməsində yaranmış borcun hansı tarixdən hansı tarixədək olduğunu qeyd etməmişdir. Əslində Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli 2-2(113)-1271/2021 nömrəli qətnaməsi 05.05.2021-ci il tarixində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi əsasında qəbul edilmişdir. Əgər göstərilən qətnamə cavabdehin 05.05.2021-ci il tarixinədək olan borcu əsasında çıxarılıbsa iddiaçının 10.03.2021-ci il tarixinədək olan borc barədə məhkəməyə müraciət etməsi ümumiyyətlə əsassızdır. Qeyd edilən qətnamə 20.09.2020-ci il tarixinədək olan borc üçün çıxarıldığı halda isə yenə də Lokal Gəlirlər Baş İdarəsinin 10.03.2021-ci il tarixinədək olan borcun alınması barədə iddiası məhkəmə tərəfindən rədd edilməli idi. Belə ki, 10.03.2021-ci il tarixinədək olan borc tələbi ilə bağlı məhkəməyə təqdim olunmuş ödəniş qəbzləri və şəxsi hesab vərəqəsindən də aydın görünür ki, Cavabdeh MTK 10.03.2021-ci il tarixindən qətnamənin çıxarıldığı 23.07.2021-ci il tarixinədək dövlət büdcəsinə 139100 manat pul ödəmişdir. İddiaçının nümayəndəsi bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmiş və bildirmişdir ki, 10.03.2021-ci il tarixinədək olan borc ödənilmişdir. 23.07.2021-ci il tarixində keçirilən məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi 10.03.2021ci il tarixinədək yuxarıda qeyd edilən əsaslarla borcun olmaması ilə bağlı cavabdehin etirazına heç bir əsaslı fikir bildiməmiş, bunu təkzib edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, şifahi olaraq sistemdə borcun göründüyünü bildirmiş və ona görə iddianın təmin edilməsini xahiş etmişdir. Halbuki, 20.09.2020-ci il tarixinədək Cavabdeh MTK-nın dövlət büdcəsinə 116712,35 manat faiz borcu olmuş və bu barədə 06 may 2021ci il tarixli 2-2(113)-1271/2021 nömrəli məhkəmə qətnaməsi çıxarılmış və vergi qanunvericiliyinin tələblərinə əsasən ödənilmiş 139100 manat məbləğ MTK-nın əsas borcundan silinmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fondlara ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 10.03.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 10.03.2021-ci il tarixə yaranan borcuna görə 78200 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 10.03.2021-ci il tarixli **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 10.03.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 32541,60 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia ərizəsində göstərilən dövr üçün onların hər hansı vergi borcu yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh MTK Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 09.03.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında Cavabdeh MTK-ya məxsus 78200 manat dəyərində əmlak siyahıya alınmış və bu barədə 10.03.2021-ci il tarixli **********6 saylı protokol tərtib edilmişdir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 78200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, hazırki tərəflər arasında mövcud olmuş digər kommersiya mübahisəsi üzrə qəbul edilmiş məhkəmə qətnaməsindən görünür ki, həmin işdə iddiaçı cavabdehin 15.09.2020-ci il tarixə olan 116712,35 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 408000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki işdə isə iddiaçı cavabdehin məhz 10.03.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 32541,60 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 78200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi həmin işdə mövcud borcun tarixi ilə hazırki işdə olan borcun tarixi tamamilə fərqlənir və iddiaçı tamam ayrı-ayrı tarixlərə olan borcların ödənilməsinin təmin edilməsi məqsədi ilə ayrı-ayrı qərarlar əsasında cavabdehin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, 2020-ci ilin sentyabr ayında vergilər üzrə borc 882489,31 manat və faizlər üzrə 119525,33 manat təşkil etmiş, 2021-ci ilin mart ayında isə vergilər üzrə borc 340631,68 manat və faizlər üzrə 148191,75 manat təşkil edir. Göründüyü kimi iddiaçı tərəfindən həmin tarixlərə hesablanmış bütün vergi borcunun deyil, onun müəyyən hissəsinin ödənilməsinin təmin edilməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2799/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar