Məhkəmə qərarları › İş №2-2(103)-1122/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1122/2021

29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1122/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun geri qaytarılması barədə iddiası üzrə apelyasiya şikayətinin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-2181/2021 saylı 24.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı mala görə ödənilmiş 19460 ABŞ dolları, yol xərci olaraq ödənilmiş 3250 ABŞ dolları, ümumilikdə 22710 ABŞ dollarının, habelə məhkəmə xərcləri olaraq 230 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli e-2-2(113)-2181/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı, Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli e-2-2(113)- 2181/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmənin 24 avqust 2021-ci il tarixli e-2-2(113)-2181/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli e-2-2(113)-2181/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti ona geri qaytarılmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, e-2-2(113)-2181/2021 saylı qərardadını ləğv edib, apellyasiya şikayətini iş materialları ilə birlikdə Bakı Apelİyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Kommersiya Məhkəməsinin qətnaməsi iddiaçıya poçt vasitəsi ilə 14 iyul 2021-ci il tarixdə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinə apelyasiya şikayəti ilə müraciət etmiş, lakin Məhkəmənin 24 avqust 2021ci il tarixli qərardadı ilə apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə əsas olaraq hesab etmişdir ki, iddiaçının nümayəndəsinin elektron kabinetinə 05 iyul 2021-ci il tarixdə yerləşdirilmişdir. Buna görə də Məhkəmə MPM-nin 135.5-ci maddəsinə, 135.2, 135.3, 135.6, 135.8-ci maddələrinə əsaslanmış və qeyd etmişdir ki, sənəd elektron kabinetə yerləşdiyi an 05 iyul 2021-ci il tarix olduğundan, qətnamənin çatdırılma vaxtı 05 iyul 2021- ci il tarix hesab edilməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə razı deyildir. Belə ki, məhkəmənin özü də qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş üzrə məhkəməyə təqdim etdiyi sənəd mövcuddur ki, Bakı Kommersiya Məhkəməsi 14 saylı Vəkil Bürosuna poçt vasitəsi ilə qətnamə göndərmişdir. Əgər elektron kabinetə yerləşdirilmə ilə qətnamə təqdim edilmiş hesab olunursa, onda 14 saylı Vəkil Bürosuna poçt vasitəsi ilə daxil olmuş məhkəmə qətnaməsi qeyri-rəsmi hesab edilməlidir və yaxud da poçt vasitəsi ilə daxil olan qətnamə tarixi aldadıcı tarix hesab edilməlidir. Məhkəmə poçt vasitəsi ilə qətnamə göndərir, şikayət verdiyi halda isə həmin tarixi deyil, elektron kabinetə yerləşdirilmə tarixinə istinad edir. Onda qətnamənin göndərildiyi tarixə necə qiymət verilməlidir. Göründüyü kimi, əgər məhkəmə tərəfindən poçt vasitəsi ilə qətnamə göndərilirsə, rəsmi qaydada 14 iyul 2021ci il tarixdə verilirsə, rəsmi göndərilmə tarixi 14 iyul 2021-ci il tarix hesab edilməlidir. Qətnamə rəsmi qaydada 14 iyul 2021-ci il tarixdə verilmişdir. Hesab edir ki, məhkəmənin qərardadda qətnamənin çatdırılmasına dair bildirdiyi xüsusat məhkəmə qətnaməsi üçün deyil, məhkəmə bildirişlərinə aid edilir. MPMnin 360-cı maddəsinə əsasən məhkəmə qətnaməsi poçt vasitəsi ilə 14 iyul 2021-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Əgər məhkəmə poçt vasitəsi ilə qətnamə göndərməsə idi, məhkəmənin gəldiyi nəticə düzgün olardı. Məhkəmə rəsmi qaydada poçt vasitəsi ilə sənədi göndərirsə, göndərilmə tarixi həmin tarix hesab edilməlidir. Qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə məlumatı olmamışdır. Hüquqlarını müdafiə etdiyi Türkiyyə Respublikasında qeydiyyatdan keçmiş şirkətin iddiası üzrə işə baxılarkən işin araşdırılmaması, hüquqlarının məhdudlaşdırılması və üstəlik də şirkət üçün şikayət vermə hüququnun məhdudlaşdırılması artıq həmin şirkətdə narazılığa səbəb olmuşdur. Ona görə də hesab edir ki, qərardad ləğv edilməlidir. Sonda iddiaçı şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-2181/2021 saylı 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 29.09.2021-ci il tarixə təyin edilmiş, tərəflərin nümayəndələrinin elektron kabinetlərinə iclasın vaxtı barədə məhkəmə bildirişləri yerləşdirilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-2181/2021 saylı 24.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli e-2-2(113)-2181/2021 saylı qətnaməsi 05 iyul 2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Apelyasiya şikayəti isə 14.08.2021-ci il tarixdə verilmiş, buraxılmış prosessual müddətin bərpası üçün ərizə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd edilən normaların tələblərinə əsasən məhkəmə hesab edir ki, qətnamənin kağız daşıyıcıda hansı tarixdə təqdim edilməsindən asılı olmayaraq nümayəndəni elektron kabinetinə yerləşdirildiyi gün rəsmi təqdim edildiyi gün hesab edilir. Hazırkı halda iddiaçı qətnamənin elektron kabinetə yerləşdirildiyi tarixdən 1 aylıq prosessual müddəti ötürməklə apelyasiya şikayəti verdiyindən şikayətin geri qaytarılması barədə məhkəmənin qərardadı qanuni və əsaslıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-2181/2021 saylı 24.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏR A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-2181/2021 saylı 24.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar