Məhkəmə qərarları › İş №2-2(103)-1122/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1122/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1122/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi üzrə (Açar sözlər: kredit borcunun tutulması, ipoteka müqaviləsi, ipotekaya tutma yönəldilməsi, prosessual pozuntu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (kredit alan) arasında 29 noyabr 2021-ci il tarixdə MKOS3635-21 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə görə, bank borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 100 000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək müqavilədə göstərilən müddətdə və qaydada krediti və hesablanmış faizləri banka ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №1) uyğun olaraq həyata keçirir, əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 17% olmaqla cərimə faizi ödəyir.

3. Müqavilənin 3.1.6-cı bəndinə görə, kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində borcalanın kredit borcunu artırmaq hüququ vardır; 3.4.1-ci və 3.4.3-cü bəndlərinə görə kredit və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəmək və bankın tələbi əsasında dəbbə pulunu və vurulmuş zərəri ödəmək borcalanın vəzifəsidir.

4. Müqavilənin 6.4-cü və 6.5-ci bəndlərinə görə, müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minir və borc alan tərəfindən əsas borcu, faizlər, cərimə və dəbbə pulu banka tam həcmdə ödənildikdən sonra müqavilə öz qüvvəsini itirir.

5. Kredit müqaviləsinin ödəniş qrafikinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödənəcək əsas məbləğ 100 000 manat, faizin məbləği 35 658,78 manat, cəmi ödəniləcək məbləğ 135 658,78 manat məbləğində müəyyən edilmişdir.

6. Bankla Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 arasında 29 noyabr 2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci və 2.1-ci bəndlərinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında, 0.01085 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 88.6 m2 olan qeyriyaşayış binasını (ipoteka predmeti) kredit müqaviləsi üzrə yaranmış öhdəlikərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

7. İpoteka müqaviləsinin 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil olmaqla tam həcmdə təmin edilir: əsas borc, faizlər, dəbbə (cərimə) pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmeti ipoteka saxlayanda qaldıqda onun saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə, icra qeydi verilməsi üçün notarius xərcləri və digər xərclərin (icra, hərrac, qiymətləndirmə və s.) ödənilməsi.

8. İpoteka müqaviləsinin 9.1-ci və 9.2-ci bəndlərinə görə, borc alan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir; borcalan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə annuitet ödənişlər 90 gün və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranması üçün əsas verən haldır.

9. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyan və borcalan tərəfindən imzalanmaqla notariat qaydasında təsdiq edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.

10. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda göstərilmişdir ki, Cavabdeh1 100 000 manat kredit verilmiş, 29 noyabr 2021-ci il tarixdən sonra onun tərəfindən 29 noyabr 2021-ci il tarixdən 15 fevral 2024-cü il tarixədək (sonuncu ödəniş tarixi xx.xx.2023-cü il) aralığında əsas və faiz borcundan ödənişlər edilmişdir.

11. Bankın tərtib etdiyi maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 15 fevral 2024-cü il tarixə banka olan əsas borcu 63 241,95 manat, cərimə hesablanmamış faiz borcu 3183.94 manat, cərimə ilə birlikdə faiz borcu 15 753,58 manat təşkil edir.

12. 29 fevral 2024-cü il tarixdə bank tərəfindən Cavabdeh1 və Cavabdeh2 ipoteka ilə yüklü edilmiş əmlaka tələbin yönəldilməsi barədə bildiriş ünvanlanaraq yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. İddiaçı ASC (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, bankın “Ağcabədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli MKOS3635-21 saylı kredit müqaviləsi üzrə banka olan 63 241,95 manat əsas, 3183,94 manat faiz, 12 569,64 manat cərimə borcu olmaqla, cəmi 78 995,53 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 135 manat məbləğində rüsumun, 326,99 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub banka ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 2 ünvanında 0.01085 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 88,6 m2 olan qeyri-yaşayış binasına yönəldilərək açıq hərracda satılması və əmlakın satılmasından əldə edilən məbləğ hesabına borcun ödənilməsi, 29 noyabr 2021-ci il tarixli MKOS3635-21 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən (borcalan - Cavabdeh1, ipoteka qoyan – Cavabdeh2) tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini işin faktiki hallarına istinadla əsaslandırmış, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərini, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət olunduğunu, lakin onların borcun ödənilməsi üçün heç bir tədbir görmədiklərini, 15 fevral 2024-cü il tarixinə banka 63 241,95 manat əsas, 3183,94 manat faiz, 12 569,64 manat cərimə borcu olmaqla, cəmi 78 995,53 manat borclarının yarandığını irəli sürmüşdür.

15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin 20 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə texniki-tikinti ekspertizasının keçirilməsi isə "xxxx" MMC şirkətinə həvalə edilməklə işin icraatı dayandırılmış, həmin iclasda iştirak edən X3 vəkili Vəkil ekspertizanın keçirilməsinə etiraz etməmiş, müvafiq qərardad 20 may 2024-cü ildə onun elektron kabinetinə yerləşdirilmişdir.

17. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2024-cü il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh1 İddiaçı ASC-yə 15 fevral 2024-cü il tarixə əsas kredit borcu 63 241,95 manat, faiz borcu 3345,77 manat təşkil edir.

18. "xxxx" MMC-nin 09 iyul 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının real bazar dəyəri 265 000 manat, likvid qiyməti isə 238 000 manat təşkil edir.

19. Məhkəmənin 25 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və bu barədə 25 iyul 2024-cü il tarixli bildiriş həmin qərardadla birlikdə növbəti gün Cavabdeh2 vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir.

20. Birinci instansiya məhkəməsinin 07 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə hazırlıq iclası yekunlaşmış və baxış iclası 26 avqust 2024-cü il tarixinə təyin edilmiş, bu barədə bildiriş və həmin qərardad 07 avqust 2024-cü il tarixdə Cavabdeh2 vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir.

21. Məhkəmənin 26 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 29 noyabr 2021-ci il tarixli MKOS3635-21 saylı kredit müqaviləsi üzrə 63 241,95 manat məbləğində əsas krеdit bоrcu, 3183,94 manat məbləğində faiz borcu və 3000 manat məbləğində dəbbə pulu olmaqla cəmi 69 425,89 manatın, mediasiya xərclərinin əvəzi olaraq 287 manatın və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 117 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 2 0.01085 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 88,6 m2 olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 238 000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh1 tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki halları və ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia tam təmin edilməlidir.

23. Bundan əlavə məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.

24. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” Qanunun 34.1.1-ci bəndinə əsasən iddiaçının ipoteka saxlayan kimi ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

25. Cavabdeh2 digər Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinə görə birgə məsuliyyətinin yaranması üçün əsasların mövcudluğu (məsələn, zaminlik müqaviləsi) müəyyən edilmədiyindən, həmin hissədə iddianın rədd edilməli olduğunu vurğulayan məhkəmə qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 238 000 manat müəyyən olunmalıdır.

26. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385, 386, 442, 443, 448, 462, 467 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34, 39, 47-ci maddələrinə istinad etmişdir.

27. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, işə baxılması zamanı iştirakı təmin edilməmiş, ekspert rəyi ilə tanış olmamış, məhkəmə gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı, izahatlar

29. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

33. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

34. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 68.2. Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

47. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

51. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onların rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yalnız iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı bank şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

53. Cavabdeh2 nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin dəlilləri məhkəmə prosesləri barədə məlumatlandırılmamış olması və ekspertiza qərarı ilə tanış olmamağı ilə bağlıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir.

54. Belə ki, mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur (§ 40). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 yanvar 2016-cı il tarixli Qərarı).

55. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

56. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 46).

57. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin vəkilinin elektron kabinetinə yerləşdirmişdir (§ 16, 19, 20). Cavabdehin vəkili apellyasiya şikaytində 31 iyul 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək müayinədə olduğunu qeyd etsə də, bununla bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmişdir.

58. Beləliklə məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehləri lazımi qaydada məlumatlandıraraq işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipləri pozmamışdır.

59. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin ona ekspert qərarları ilə tanış olmağa şərait yaratmaması ilə bağlı apellyatorun dəlilini də əsassız hesab edir. Belə ki, prosessual qanunvericilikdə yalnız tərəflər deyil, həmçinin məhkəmə tərəfindən işə buraxılmış vəkilin də işlə tanış olmaq hüququnu müəyyən etmişdir (§ 42). İşin faktiki hallarından görünür ki, birinci instansiya məhkəməsinin 20 may 2024-cü il tarixli iclasında cavabdehin vəkili ekspertizanın keçirilməsinə etiraz etməmiş, ekspertiza bitdikdən sonra icraat təzələnmiş və tərəflər, o cümlədən apellyatorun vəkili bu barədə xəbərdar olunmuşdur.

60. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ekspert rəyi birinci instansiya məhkəməsinə daxil olduqdan sonra yekun məhkəmə iclasına qədər ümumilikdə 1 aylıq müddət keçmiş (25 iyul 2024 – 26 avqust 2024), apellyator bu gedişatlar barədə xəbərdar edilmiş, ekspertiza rəyi ilə tanış olmaq, öz etiraz və dəlillərini təqdim etmək üçün kifayət qədər vaxtı olmuşdur.

61. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin formal dəlilləri qətnamənin ləğvi (mübahisələndirilən hissədə) üçün əsas təşkil etmir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2857/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar