Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1124/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan "Zaminbank” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli 2-2(113)-2744/2021 nömrəli qətnaməsindən (hakim Z.Axundova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdeh fərdi sahibkar Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 92608,42 manat əsas borc, 16306,48 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış məbləğ, 13714,24 manat müqavilə müddəti bitən tarixə faiz, 7256,95 manat cərimə olmaqla, cəmi 129886,09 manat məbləğində kredit borcunun və mübahisəsinin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.04.2011-ci il tarixli, 1497 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 7% ödənilmək şərtilə 200.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 92608,42 manat əsas borc, 16306,48 manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ, 13714,24 manat müqavilə müddəti bitən tarixə faiz, 7256,95 manat cərimə olmaqla, cəmi 129886,09 manat məbləğində borcu vardır. Bakı Kommersiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-2(113)-2744/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımının müqavilənin icra müddətinin bitdiyi 06.04.2019-cu il tarixdən hesablanması və iddianın rədd edilməsi düzgün deyil. Çünki hakim işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarın 1-ci maddəsində göstərilir ki, hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. İkinci tərəfdən isə kredit borcu üzrə öhdəliklərini yerinə yetirməyən şəxs isə borcunu ödəməlidir. İşə apelyasiya qaydasında baxılması 20.10.2021-ci il tarixə təyin edilmiş, hər iki tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə nümayəndələrin elektron kabinetlərinə bildiriş yerləşdirilməklə məlumat verilməsinə baxmayaraq nümayəndələr məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22.07.2021ci il tarixli e-2-2(113)-2744/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.04.2011-ci il tarixli, 1497 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə (öhdəliyin icra müddətinin bitdiyi tarix-06.04.2016-cı il), illik 7% ödənilmək şərtilə 200.000 manat məbləğində kredit vəsaiti verilmişdir. -16 oktyabr 2019-cu il tarixli **********233 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh Banka ödənilməmiş 92608,42 manat əsas borc, 16306,48 manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ, 13714,24 manat müqavilə müddəti bitən tarixə faiz, 7256,95 manat cərimə olmaqla, cəmi 129886,09 manat məbləğində borcu vardır. Borcun ödənilməsi barədə cavabdehə 18.10.2019-cu il tarixli pretenziya məktubu göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim edərək iddianın üç illik iddia müddətinin keçməsi əsası ilə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Birinci instansiya məhkəmə qeyd edilən normalara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013cü il tarixli qərarlarına istinad edərək düzgün olaraq bu nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış 06.04.2011-ci il tarixli, 1497 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 06.04.2016-cı ildə bitdiyindən, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə ən geci 06.04.2019-cu ildə müraciət etməli olduğu halda, 06.12.2019-cu il tarixdə müraciət etməklə üç illik iddia müddətini ötürdüyündən iddia rədd edilməlidir. İddiaçının apelyasiya şikayətində iş üzrə iddia müddətinin kəsilməsinə və ya dayanmasına əsas olan hər hansı hal qeyd edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli e-2-2(113)-2744/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: LPO "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli 2-2(113)-2744/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1124/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1124/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver