Məhkəmə qərarları › İş №2-2(103)-1124/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1124/2024

20.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1124/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1352/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İşə əlavə edilmiş iddiaçı ilə cavabdehin işçisi olduğu Mamed adlı şəxslə aparılan xx.xx.2023-cü il tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, iddiaçı 190 kub karbonat verildiyini bildirir, cavabdehin işçisi olan Mamed adlı şəxs isə ona 18 saniyəlik səs yazısı göndərməklə 182 kub karbonat verildiyini qəbul edir.

2. İşdə olan iddiaçı ilə əvvəllər cavabdehin işçisi olmuş Elvira adlı şəxslə aparılan xx.xx.2022-ci il tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, tərəflər həqiqətən də, karbonatın kub metrinin dəyərinin 17 manat olması barədə razılıq olmuşdur və hətta həmin tarixlərdə (yəni noyabrda) verilmiş, olan karbonatın dəyəri 17 manat hesablanmaqla ödənilmişdir.

3. İşə əlavə edilmiş iddiaçı ilə cavabdehin işçisi olduğu Mariya adlı şəxslə aparılan xx.xx.2023-cü il tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, iddiaçı tərəf 381 ton Ballasın boşaldığını bildirir, Mariya adlı şəxs isə “tamam”, “təşəkkürlər” cavabını verir.

4. İşdə olan iddiaçı ilə əvvəllər cavabdehin işçisi olmuş Elvira adlı şəxslə aparılan xx.xx.2022-ci il tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, tərəflər həqiqətən də, ballasın kub metrinin dəyərinin 27 manat olması barədə razılıq olmuşdur və hətta həmin tarixlərdə (yəni noyabrda) verilmiş, olan ballasın dəyəri 27 manat hesablanmaqla ödənilmişdir.

5. İşə əlavə edilmiş iddiaçı ilə cavabdehin işçisi olduğu Mariya adlı şəxslə aparılan xx.xx.2023-cü il tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, iddiaçı tərəf 140 ton Ballasın boşaldığını bildirir, Mariya adlı şəxs isə “tamam”, “təşəkkürlər” cavabını verir. Qeyd edilmiş malın sifarişi isə xx.xx.2022-ci il tarixdə Mariya adlı şəxs tərəfindən “whatsapp” tətbiqi üzərindən aparılmış yazışmadan görünür.

6. İşə əlavə edilmiş iddiaçı ilə cavabdehin işçisi olduğu Mamed adlı şəxslə aparılan xx.xx.2023-cü il tarixli və sonrakı tarixlərdə “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, Mamed adlı şəxs iddiaçıya 193,84 kub ballasının 29.12.22-xx.xx.2023-cü il tarixlərində alınması halını etiraf etmiş və bu barədə, iddiaçıya cədvəl göndərmişdir

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, verilmiş mallara görə ödənilməmiş 19.774 manat borcun, mənəvi ziyana görə 1.000 manat, vəkil xərci üçün ödənilmiş 500 manat və dövlət rüsumu olaraq ödənilmiş 154 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, o, sifarişləri “whatsapp” tətbiqi üzərindən Cavabdeh əməkdaşları olmuş, Elvira xanım, Mariya xanım, Məmməd müəllim, Anar müəllim adlı şəxslərdən almışdır. 2022-ci ilin dekabr ayınadək verilmiş olan mallara görə pulu almış, ancaq dekabr ayı və sonra verilmiş sifarişlərə görə, verilmiş malların pulunu almamışdır. O, cavabdehə 190 kub karbonat (dəyəri 3230 manat), 238 kub ballas (dəyəri 6426 manat), 69,5 kub atsep ( dəyəri 2085 manat), 103,7 kub şeben (dəyəri 2800 manat), 193,84 kub ballas (dəyəri 5233 manat) adlı mallar vermiş, ancaq dəyəri ödənilməmişdir. Ödənilməmiş borcun ümumi məbləği 19.774 manat təşkil edir.

9. Bakı Kommersiya Məhkəməsinin 07 avqust 2024-cü il tarixli e-2-2(113)- 1352/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 16.205 manat, 48 qəpik məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 manat, 62 qəpik məbləğində pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1352/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. 11. Apellyasiya şikayətinin dəlilləri:

12. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)- 1352/2024 saylı qətnaməsindən apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməyini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi qanunu pozmaqla əldə edilmiş sübutlar əsasında işi dəyərləndirmiş iddianı tam şəkildə təmin etməmiş, ona dəyən maddi və mənəvi zərəri nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən saxtalaşdırılmış müqavilə sübut olaraq dəyərləndirilmişdir.

14. Cavabdeh Bakı Kommersiya Məkəməsinin 07 avqust 2024-cü il tarixli e-2- 2(113)-1352/2024 saylı qətnaməsindən şikayət verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

15. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə baxışı iclası zamanı verilə bilməzdi, o səbəblə ki, məhkəmə baxışı zamanı iddia ərizəsinin dəqiqləşdirilməsi müəyyən olunmamışdır və həmin məlumatlar iddiaçıya öncədən məlum idi. Lakin işə sədrlik edən hakim tərəfindən qeyd edilən bu hal araşdırılmamış, qanunsuz və ədalətsiz qərardad qəbul edilmişdir. Əlavə olaraq, yuxarıda maddədə iddianın dəyişdirilməsinə dair ərizənin icraata alınmasına barədə qərardaddan şikayət verilməsinin mümkünlüyü və mümkünsüzlüyü qeyd olunmayıb (MPM-in 53-cü maddəsi). İşə sədrlik edən hakim tərəfindən maddi hüquq normaları pozularaq cavabdehin qərardaddan şikayət vermə hüququ pozulmuş və həmin hüquqdan məhrum edilmişdir (MPM-in 387.1-ci maddəsi). Həmçinin malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi ilə bağlı sənədlər (təhviltəslim,aktları, üzləşmə aktları, müqavilələr və s.) iş materialında olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi həmin halları araşdırmamış, iddiaçının verdiyi ifadə və bir neçə whatsapp yazışmalarını əsas götürərək iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini,iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

17. İddiaçı ərizə ilə məhkəməyə müracitə edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

20. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh, iddianın rədd edilmiş hissəsində isə iddiaçı tərəfindən mübahisələndirilmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişlərinə əsasən mallar təqdim edilmiş, cavabdeh tərəfindən isə mallara görə ödənişlər edilmişdir. Hazırda iddiaçı 2022-ci ilin dekabr və sonrakı aylarda təqdim edilmiş mallara görə ödənişlərin həyata keçirilmədiyini əsas göstərərək 19774 manat məbləğində borcun və 1000 manat məbləğində mənəvi zərərin tutulmasını tələb edir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 2022-ci ilin dekabr və sonrakı aylarda cavabdeh cəmi 16.205,48 manat məbləğində ballast, qırmadaş və karbonat məhsullarının təqdim edilməsi faktı, o cümlədən təqdim edilmiş malların miqdarı və qiyməti iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehin işçiləri (göstərilən fakt cavabdhe tərəfindən mübahisələndirilməmişdir)arasında aparılmış whatsapp yazışmaları ilə öz təsdiqini tapır.

27. Digər tərəfdən iş materiallarından görünür ki, əvvəlki dövrlərdə də tərəflər arasında alqı-satqı əməliyyatları aparılmış və cavabdeh tərəfindən sifarişlər məhz whatsapp yazışmaları vasitəsilə verilmiş, eləcə də təhvil-təslim yazışmalar vasitəsilə təsdiq edilmişdir. Odur ki, tərəflər arasında sifarişlərin və təhvil-təslimin whatsapp yazışmaları vasitəsilə aparılması barədə işgüzar adət formalaşmışdır.

28. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində verdiyi izahatda cavabdehin nümayəndəsi əvvəlki dövrdə malların təqdim edilməsinin təhvil-təslim aktları ilə rəsmiləşdirilməsini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsinə iddiaçı tərəfindən əvvəllər təqdim edilmiş mallarla bağlı təhviltəslim aktlarının təqdim edilməsi təklif edilsə də, cavabdehin nümayəndəsi malların təqdim edilməsi barədə ikitərəfli təhvil-təslim aktlarını deyil, birtərəfli qaydada tərtib edilmiş müəssisədaxili sənədlərini EMİS-ə əlavə etmişdir.

29. Bununla yanaşı iş materiallarından o da görünür ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatlarda ilkin olaraq malların təqdim edilməsi faktını təsdiq etmiş, yalnız malların qiymətini və təqdim edilmiş mallara görə borcun olması faktını mübahisələndirmiş və ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim edəcəyini bildirmişdir. Sonrakı iclaslarda isə cavabdeh mövqeyini dəyişərək malların təqdim edilməsi faktını inkar etmişdir. Göstərilən hal da malların təqdim edilməməsi barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərin formal xarakterli olmasına dəlalət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdeh ziddiyyətli izahatları özünü müdafiə xarakter daşıyır.

30. Təqdim edilmiş malların qiymətinin iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə ilə müəyyən edilməsi və bundan sonra qiymətin dəyişilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş yazışmalardan görünür ki, 2022-ci ilin noyabrında tərəflər arasında karbonatın kub metrinin dəyərinin 17 manat, ballastın kub metrinin isə 27 manat olması barədə razılaşma olmuş və əvvəlki partiya mallar da məhz həmin qiymətlərlə ödənilmişdir. Göstərilən hal isə malların qiymətinin dəyişilməməsi barədə iddiaçının dəlillərinin əsassızlığına dəlalət edir. Bununla yanaşı o da qeyd edilməlidir ki, 21 noyabr 2021-ci il tarixli qiymət razılaşma protokolundan sonra tərəflərin 2022-ci ilin sonları üçün fərqli qiymətlər barədə razılığa gəlmələri iş materialları ilə öz təsdiqini tapdığından sözügedən protokolun iddiaçı tərəfindən imzalanıb-imzalanmamasının araşdırılması da iş üçün əhəmiyyət kəsb etmir.

31. Beləliklə, iddiaçı tərəfindən 2022-ci ilin dekabr və sonrakı aylarda cavabdehə cəmi 16.205,48 manat məbləğində ballast, qırmadaş və karbonat məhsullarının təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh isə həmin malların dəyərini ödəməsini sübuta yetirə bilmədiyindən iddiaçı Mülki Məcəllənin 567 və 598.1-ci maddələrinə əsasən təqdim edilmiş malların dəyərinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

32. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin baxış iclasında verilməsi və məhkəmə tərəfindən qəbul edilməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmunundan da aydın olur ki, həmin ərizə iddia tələbinin həcminin artırılması məqsədilə ilə deyil, məhz tələbin faktiki əsasının (hansı malların və hansı məbləğdə təqdim edilməsinin) dəqiqləşdirilməsi məqsədilə verilmişdir. Belə ki, ərizənin məzmunundan da göründüyü kimi həmin ərizə ilə iddia tələbi cəmi 4 manat həcmində artırılmışdır. Məhkəmə kollegiyası həmin halları, eyni zamanda artırılmış hissədə iddia tələbinin rədd edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi prosessual pozuntu kimi qiymətləndirilsə belə, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnmədiyindən qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas vermir.

33. İddianın təmin edilməmiş hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 3568,52 manat məbləğində malları təqdim etməsini və belə olan halda həmin məbləğdə borcunun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin hissədə iddianın rədd edilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

34. 1000 manat məbləğində mənəvi zərərin tutulması hissəsində iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində iddiaçının əmlak hüquqlarının pozulması iş materialları ilə öz təsdiqini tapsa da, sözügedən pozuntu ilə bağlı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən edilmir. Odur ki, həmin hissədə də iddianın təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən həmin şikayətlər verilərkən ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1352/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar