Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1125/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2767/2025 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli sub-icarəsi müqaviləsinin ləğv edilməsi, sub-icarədə olan ünvan 1 ünvanda yerləşən 20 kv/m sahənin boşaldılıb təhvil verilməsi və ödənilməmiş icarə haqqı olaraq 400 manatın, ixtisaslı hüquqi yardım göstərilməsi üçün vəkillik qurumuna ödənilmiş 300 manatın və dövlət rüsumuna görə ödənilmiş 100 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2767/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli sub-icarə müqaviləsinin üzrə sub-icarədə olan ünvan 1 ünvanında yerləşən 20 kv/m sahə boşaldılıb iddiaçıya təhvil verilməsi, hüquqi yardım göstərilməsi üçün vəkillik qurumuna ödənilmiş 300 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 100 manatın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə apellyasiya şikayəti və ərizə təqdim edərək məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2767/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsini və prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2767/2025 saylı qərardadı ilə cavabdehin ərizəsi (buraxılmış prosessual müddətin bərpasına dair) təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır.
5. 15.09.2025-ci il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2767/2025 saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən prosessual müddətin bərpa edilməməsi ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxarmışdır. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, tərəfdən asılı olmayan üzrlü səbəbdən dolayı apellyasiya şikayəti üçün müddət ötürülmüşdür. Belə ki, məhkəmənin qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddəti səhhətində ciddi problemlər olduğundan üzrlü səbəbdən buraxılmışdır. Bu səbəbdən apellyasiya şikayətini vaxtında təqdim etmək mümkün olmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2767/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
8. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
9. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
10. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
11. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
12. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
13. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
14. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
16. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
Məhkəmənin mövqeyi
17. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
18. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2767/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.
20. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
21. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh MMC-nin həmin tarixdə “Elektron məhkəmə” informasiya sistemində aktiv elektron kabineti yoxdur.
22. Cavabdehin imzası ilə təsdiq edilmiş xəbərnamədən aydın olur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2767/2025 nömrəli qətnaməsi ona xx.xx.2025-ci il tarixdə rəsmi qaydada verilmişdir.
23. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)- 2767/2025 nömrəli qətnaməsi cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi qayadada təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən şikayətin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən başlayaraq hesablanmalıdır.
24. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2767/2025 nömrəli qətnaməsindən cavabdeh üçün şikayət vermə müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin cavabdeh sözügedən qətnamədən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir.
25. Beləliklə, apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır.
26. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
27. Belə ki, Cavabdeh MMC hüquqi şəxsdir və birinci instansiya məhkəməsində qanuni nümayəndəsi ilə yanaşı nümayəndəsi X4 tərəfindən təmsil edilmişdir.
28. Cavabdeh MMC-nin qanuni nümayəndəsinin səhhətində yaranmış problemin digər nümayəndəsi tərəfindən apellyasiya şikayətinin verilməsinə hansı formada maneə yaratdığı əsaslandırılmamışdır.
29. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
31. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2767/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.