Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1126/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi) qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: hərracın etibarsız hesab edilməsi) hakimlər X4 (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X9 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının nümayəndəsi X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi) qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3367/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli 2(008)- 641/2010 nömrəli icra sənədinə əsasən X6 48 660 manat tutularaq Cavabdeh2 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əhmədov tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2010-cu il tarixli 2(008)- 3341/2020 nömrəli icra sənədinə əsasən X6 19000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) tutularaq Cavabdeh2 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əhmədov tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir;
3. Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-122894/6-10113 nömrəli məktubu ilə 15 mart 2010-cu il tarixli 2(008)-641/2010 nömrəli icra sənədi üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi sifariş edilmiş, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli QXM/1155 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 102 200 manat müəyyən edilmişdir;
4. Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-1228xx/xx-24099 nömrəli sifarişi ilə Cavabdeh1 MMC-yə (əvvəlki “X8” MMC) 15 mart 2010-cu il tarixli 2(008)-641/2010 nömrəli icra sənədi üzrə ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin qiyməti 102 200 manat müəyyən edilməklə satışının həyata keçirilməsi tapşırılmış, qeyri-yaşayış sahəsinin satışı üzrə Cavabdeh1 MMC tərəfindən 25 oktyabr 2018ci il, saat 11:00-da ilkin satış qiyməti 102 200, endirimli satış qiyməti 91980 manat (10%) müəyyən edilməklə birinci hərrac keçirilmiş, 16 noyabr 2018-ci il, saat 11:00-da ilkin satış qiyməti 102 200, 10% endirimli satış qiyməti 91980 manat, 20% endirimli satış qiyməti 81760 manat müəyyən edilməklə ikinci hərrac keçirilmiş, 03 dekabr 2018-ci il, saat 11:00-da ilkin satış qiyməti 102 200, 10% endirimli satış qiyməti 91980 manat, 20% endirimli satış qiyməti 81760 manat, 30% endirimli satış qiyməti 71540 manat müəyyən edilməklə üçüncü hərrac keçirilmiş, 03 dekabr 2018-ci il tarixli 327 nömrəli hərracın yekunları barədə protokolla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 71540 manata Cavabdeh2 tərəfindən əldə edilmişdir;
5. Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi xx.xx.2018-ci il tarixli xx/xx- 4476/18-37287 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsinə məktub ünvanlayaraq, 15 mart 2010-cu il tarixli 2(008)-641/2010 nömrəli və 06 dekabr 2010cu il tarixli 2(008)-3341/2020 nömrəli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 03 dekabr 2018-ci il tarixli 327 nömrəli hərrac protokoluna əsasən Cavabdeh2 tərəfindən əldə edildiyini bildirmiş və sözügedən əmlakın Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. . İddiaçı ləğv prosesində olan "xxxx" X15 Səhmdar Cəmiyyəti (bundan sonra LPO "xxxx" KB QSC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi və ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə X13 arasında xx.xx.2007-ci il tarixdə ********** saylı kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 25% olmaq şərti ilə 28000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq xx.xx.2007-ci il tarixdə iddiaçı ilə X13 arasında ********** saylı ipoteka müqaviləsi bağlanmışdır. X7 şəxsi mülkiyyətində olan ünvan 3 yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir və hal-hazırda da ipoteka ilə yüklüdür. X7 hazırda iddiaçıya qalıq borcu mövcuddur. X1 ilə Cavabdeh2 arasında xx.xx.2007-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən X3 Rafiq Allahverdi oğlundan xx.xx.2010-cu il tarixədək 20000 ABŞ dolları məbləğində borc almışdır. X2 ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə beh müqaviləsi bağlanmış və 5 beş ay müddətinə 24330 manat məbləğində X3 Rafiq Allahverdi oğlundan beh almışdır. X13 ilə Cavabdeh2 arasında bağlanmış hər iki (borc və beh) müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 borc müqaviləsinə dair iddia tələbi üzrə cavabdeh X10 qarşı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi xx.xx.2010-cu il tarixdə 2(008)-3341/10 saylı qətnamə və beh müqaviləsi üzrə iddia tələbi əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi xx.xx.2010-cu il tarixdə 2(008)- 641/10 saylı qətnamə çıxarmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(008)-3341/10 saylı və xx.xx.2010-cu il tarixli 2(008)-641/10 saylı qətnamələrinin icra vərəqi üzrə borclu X10 məxsus olan ünvan 3 yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahəsi (bankda ipoteka ilə yüklü edilmiş) xx.xx.2018-ci il tarixli 327 saylı hərrac protokoluna əsasən Cavabdeh2 tərəfindən əldə olunmuşdur. Belə ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-1228xx/xx-24099 saylı sifariş məktubu əsasında sözügedən qeyriyaşayış sahəsi ilə bağlı xx.xx.2018-ci il tarixdə “X8” MMC (hazırkı Cavabdeh1 MMC) hərrac keçirmiş və hərracın yekunları barədə 327 saylı protokol tərtib edilmişdir. Hərrac təşkilatının hərracın yekunları barədə 327 saylı protokoluna əsasən iddiaçıda ipoteka ilə yüklü olan X10 məxsus ünvan 3 yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahəsi satış qiyməti 71540 manat məbləğində təyin edilmiş və tələbkar Cavabdeh2 tərəfindən hərracdan alınmışdır. İcra məmuru bankda yüklü olan əmlak barəsində icra hərəkətləri aparmış, əmlakın bankda yüklü olmasını bildiyi halda, əmlakın hərracda satılması barədə “X8” MMC-yə sifariş məktubu göndərmişdir. İcraçının hərəkətləri qanunsuzdur. Bu səbəbdən keçirilmiş hərrac etibarsızdır. Bankda yüklü edilmiş əmlak barəsində icra məmurunun müvafiq hərəkətləri aparması barədə isə iddiaçının məlumatı olmamışdır.
8. Cavabdeh2 iddiaya etiraz təqdim edərək göstərmişdir ki, onun, icra qurumunun və hərrac təşkilatının X7 mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının xeyrinə ipoteka ilə yüklü olmasından xəbəri olmamışdır. Qeyd edilən şəxslərdən hər hansı biri bu barədə məlumatlı olsa idi, həmin hərracın keçirilməsinin qarşısı alınardı. Cavabdeh2 qeyri-yaşayış sahəsini tam vicdanlı olaraq əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Göründüyü kimi, vicdanlı əldə edənin mülkiyyət hüququ mülki qanunvericilik tərəfindən qorunur. Bundan başqa, iddiaçının iddia tələbində hərracın etibarsız hesab edilməsini tələb etməsi də iddia ərizəsinin qeyri-peşəkar hazırlanmasını göstərir. Belə ki, müqavilə qüvvəsinə malik olan, əqd sayılan hərracın nəticələrinə dair protokol mübahisələndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, hərracın yekunlarına dair protokol müqavilə qüvvəsinə malik olmaqla əqd hesab edilir. Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, qeyd edilən protokolun mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddiaçının 2019-cu il tarixdən həmin hərracın nəticələrinə dair protokoldan xəbəri olmuşdur. Odur ki yuxarıda göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X13, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürüməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
11. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Məhkəmə qeyd edir ki, göstərilən hüquq normasının mənasına görə ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər. Lakin adıçəkilən Qanunda istinad olunan yazılı razılığın məzmunu ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. Bu mənada ipoteka qoyanın yazılı razılığı ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə məlumat əldə edildikdən sonra özgəninkiləşdirilən şəxsə bu barədə iradənin ifadə olunması məzmununa malik sənədlə də mümkündür. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış 29 may 2019-cu il tarixli **********255 nömrəli məktubdan görünür ki, iddiaçı cavabdehin xx.xx.2019cu il tarixli müraciətinə cavab olaraq ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X8” MMC-nin 327 saylı xx.xx.2018-ci il tarixli hərrac protokoluna əsasən Cavabdeh2 satıldığını bildirir, Azrbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən protokolun alıcının yeni mülkiyyətçi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrində daxil edilməsi üçün əsas hesab edilən sənəd olduğunu xatırladır. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış 21 noyabr 2019-cu il tarixli **********294 nömrəli məktubdan görünür ki, iddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli müraciətinə 29 may 2019-cu il tarixli məktubda qeyd olunan məzmunda cavab məktubu ünvanlamışdır. Belə olan halda, iddiaçının ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X8” MMC-nin 327 saylı xx.xx.2018-ci il tarixli hərrac protokoluna əsasən Cavabdeh2 satıldığından məlumatlı olduğu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində nəzərdə tutulmuş yazılı razılığı ifadə etdiyi öz təsdiqini tapır. Hətta iddiaçı Cavabdeh2 qeyd edilən protokol əsasında yeni mülkiyyətçi hüququ əldə etdiyini, müvafiq prtokolun dövlət reyestrinə daxil edilməsinin mümkün olduğunu izah etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının 03 dekabr 2018-ci il tarixli 327 nömrəli hərracın yekun protokolundan, dolayısı ilə 03 dekabr 2018-ci il tarixdə keçirilmiş hərracdan məlumatsız olması və ipoteka predmetinin özgəninkiləşdirilməsinə razılıq verməməsi barədə arqumenləri əsassızdır. Bundan başqa, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi hərrac zamanı əmlakın qiymətinin qanunsuz olaraq endirildiyini də bildmişdir. Əvvəla, göstərilməlidir ki, məhkəmə tərəfindən qeyd edilən halın iddia tələbinin faktiki əsasını təşkil etmədiyi izah edilərək iddianın əsasının dəqiqləşdirilməsi barədə iddiaçıya təklif edilmiş, lakin sonuncu tərəfindən belə bir dəqiqləşmə aparılmamışdır. Digər tərəfdən, iddiaçının hər hansı qeyd-şərt qoymadan özgəninkiləşdirilməsinə razılıq verdiyi ipoteka predmetinin satış qiyməti ilə bağlı mübahisə etməyə subyektiv hüququ mövcud deyildir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X8” MMCnin 327 saylı xx.xx.2018-ci il tarixli hərrac protokoluna əsasən Cavabdeh2 adına özgəninkiləşdirilməsi iddiaçının ipoteka hüququna xitam vermir. Belə ki, ipoteka predmetinin bir ipoteka qoyandan digərinə özgəninkiləşdirilməsi zamanı qiymət ipoteka saxlayan kimi iddiaçı üçün hər hansı hüquq və ya vəzifə doğurmur. Bu isə iddiaçının hərracın qiyməti barədə mübahisə etməyə subyektiv hüququnun olmadığını göstərir. Lakin hətta belə bir hüquq olsa idi belə, nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçıları mülki hüquq münasibətlərində vicdanla iştirak etməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı əmlakın özgəninkiləşdirilməsinə razılıq veməsi, uzun müddət hər hansı etiraz etməməsi ilə şübhəsiz qəbul etdiyi halı hazırkı icraatda mübahisələndirməyə çalışmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz maddi və prosessual hüquqlarından sui-istifadə etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Cavabdehin Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş müddətin ötdüyü ilə bağlı arqumentlərinə münasibətdə isə məhkəmə göstərir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsi isə etibarsızlığın yuxarıda sadalanan növlərindən yalnız birində mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Mübahisə edilən əqdlərdə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Göstərilənlərə əsasən, əhəmiyyətsiz və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər üzrə qaldırılmış iddialara Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiqi yolverilməzdir. Hərracın deyil, yalnız hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinin irəli sürülə biləcəyi barədə dəlillərə münasibətdə isə göstərilməlidir ki, Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “İpoteka haqqında” Qanunun 30.1, 30.2, 31.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 01 iyul 2022-ci il tarixli Qərarına, Mülki Məcəllənin 354.1, 354.2, 416, 560.1, 560.2, 560.3.4–ci maddələrinə istinad etmişdir.
14. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahatlar
16. Məhkəmə iclaslarında iştirak edən iddiaçı nümayəndəsi və üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər və digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
20. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
21. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
22. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 30.1.İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dairdigər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
24. Maddə 30.2.Bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır.
25. Maddə 30.5.Bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur.
26. Maddə 31.1. İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini tələb edə bilər: 31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; 31.1.2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini.
27. Maddə 31.2. İpoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.
28. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır.
29. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
30. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə tərəflərin qarşılıqlı münasibətlərinin mahiyyətini səhv qiymətləndirməsi səbəbindən gəlməklə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır; buna görə də qətnamə ləğv olunaraq iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
38. Belə ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
39. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
40. Bu kontekstdə qeyd olunmalıdır ki, iddiaçı 03 dekabr 2018-ci il tarixdən keçirilmiş hərrac zamanı xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakın razılığı olmadan satıldığını bildirərək həmin hərracın etibarsız hesab olunmasını tələb etmişdir; bu isə o deməkdir ki, iddia tələbinin qanuni əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri nəzərdən keçirilməlidir (§ 25, 28).
41. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarət olmuşdur ki, xx.xx.2007-ci il tarixdə iddiaçı ilə X13 arasında bağlanmış ********** saylı ipoteka müqaviləsi əsasında X7 şəxsi mülkiyyətində olan ünvan 3 yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2007ci il tarixdə ********** saylı kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edildiyi halda, bankın məlumatı olmadan “X8” MMC (hazırkı Cavabdeh1 MMC) tərəfindən hərrac keçirmiş və hərracın yekunları barədə 327 saylı protokol tərtib edilmiş, X10 məxsus ünvan 3 yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahəsi satış qiyməti 71540 manat məbləğində təyin edilmiş və tələbkar Cavabdeh2 tərəfindən hərracdan alınmış bununla da ipoteka saxlayanın əmlak mənafeyi pozulmuşdur.
42. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsaslı sayaraq qeyd edir ki, “İpoteka haqqında” Qanun ipoteka predmetinin özgəninkiləşdirilməsi zamanı ipoteka saxlayanın razılığının olmasına xüsusi əhəmiyyət vermiş, razılığın formasını dəqiq və imperativ qaydada müəyyən etmişdir.
43. “İpoteka haqqında” Qanunun 30.1 və 31-ci maddələrində qanunverici məhz əsas öhdəliklərin icrasının təmini vasitəsiolaraq ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın kreditorun əmlak mənafeyinin qorunması baxımından ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız olmasını müəyyən etmişdir.Belə ki, ipoteka əsas öhdəliklərin icrasının təmini vasitəsi olaraq kreditorun əmlak mənafeyinin qorunması baxımından mühüm funksiyanı yerinə yetirir. Gələcəkdə əsas öhdəlik üzrə tələbi yerinə yetirilməyəcəyi təqidirdə məhz ipoteka predmeti hesabına mənfəətinin qarşılanacağından əmin olan kreditor qarşı tərəflə müqavilə münasibətlərinə daxil olur ki, nəticədə hər bir tərəf üçün əmlak mənfəəti əldə etmək üçün şərait yaranmış olur. Odur ki, əsas öhdəliyin icrası ilə bağlı kreditorun mənafeyi üçün yarana biləcək təhlükələrin qarşısını almaq məqsədilə qanunverici ipoteka qoyanın əsas öhdəliyin icrasının təminatı olaraq çıxış edən ipoteka predmeti barədə sərəncam əqdi bağlayarkən ipoteka saxlayanın yazılı razılığını əldə etməli olduğunu təsbit etmişdir.
44. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış 29 may 2019-cu il tarixli **********255 nömrəli məktubdan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin “X8” MMC-nin 327 saylı xx.xx.2018-ci il tarixli hərrac protokoluna əsasən Cavabdeh2 satıldığını və Azrbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən protokolun alıcının yeni mülkiyyətçi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrində daxil edilməsi üçün əsas hesab edilən sənəd olduğunu bildirmişdir.
45. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən ipoteka predmeti olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün ipoteka saxlayanın yazılı razılığı satışdan əvvəl alınmalıdır. 29 may 2019-cu il tarixli və 21 noyabr 2019-cu il tarixli **********294 nömrəli məktublar isə hüquqi baxımdan “razılıq” deyil, baş vermiş faktın təsdiqidir.
46. Belə olan halda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X8” MMCnin 327 saylı xx.xx.2018-ci il tarixli hərrac protokoluna əsasən Cavabdeh2 satılması barədə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində nəzərdə tutulmuş yazılı razılıq alınmamışdır.
47. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli əmlakın hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edildiyindən iddia tələbi təmin olunmalıdır. Bu qənaətə gələrkən kollegiya, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.
48. Həmçinin birinci instansiya məhkəməsinin iddiaçının ipoteka predmetinin satış qiyməti ilə bağlı mübahisə etməyə subyektiv hüququnun mövcud olmaması barədə mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, ipoteka predmetinin aşağı qiymətə satışı bankın təminat maraqlarına birbaşa təsir etdiyindən iddiaçının müvafiq tələbə dair subyektiv hüququ mövcuddur.
49. Kollegiya həmçinin hesab edir ki, hərrac etibarsız sayıldığından, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq 03 dekabr 2018-ci il tarixli 327 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir.
50. Kollegiya apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan bir məsələyə də qiymət verməyi zəruri hesab edir:
51. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
52. İş materiallarından aydın olur ki, Cavabdeh2 etibarsız hesab edilən əqd üzrə əldə etdiyi əmlak üçün satınalma məbləği ödəmiş və digər xərclər çəkmişdir. Bununla belə kollegiya, hazırkı icraat çərçivəsində Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini (restitusiyanı) Cavabdeh2 hüquqlarını məhdudlaşdıracağı qənaətilə məqsədəmüvafiq hesab etmir. Belə ki, Cavabdeh2 hərrac təşklatına ödədiyi və sonradan bir hissəsinin X7 Cavabdeh2 olan borcun ödənilməsinə yönəldilmiş pul vəsaitlərinin (digər xərclərin) məbləği konkret müəyyənləşdirilmədiyindən restitusiya məsələsinə mahiyyəti üzrə münasibət bildirilməməli və zəruri sübutlar təqdim etməklə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu ona (Cavabdeh2) izah olunmalıdır.
53. Kollegiya hesab edir ki, iddia tələbi təmin olunduğundan iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri Cavabdeh1ndən və Cavabdeh2 iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3367/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 MMC tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumları LPO "xxxx" KB QSC-nin xeyrinə Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutulsun. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.