Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1127/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcunun tutulması, sadələşdirilmiş icraat) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5614/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən borcalana 110000 manat məbləğində aylıq faiz dərəcəsi 2.50% olmaqla kredit limiti ayrılmış və kreditin müddəti 120 ay nəzərdə tutulmuşdur.
2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023- cü il tarixli 6- MCR-2-774-23/1 nömrəli Kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 biznes məqsədi ilə 15000 manat məbləğində aylıq 1.75 % olmaqla 18 ay müddətinə kredit verilmişdir.
3. 6-MCR-2-774-23/1 saylı Kredit Müqaviləsinə 1 saylı Əlavəyə əsasən ümumi məbləği 15000 manat olan aylıq faiz dərəcəsi 1.75% olmaqla 18 ay müddətinə verilmiş kreditə görə Cavabdeh1 05 yanvar 2024-cü il tarixdən 30 may 2025-cü il tarixinə qədər ilk ay 1022,42 manat olmaqla, hər ayın 05-i 978,67 manat, sonuncu ay 975,96 manat ödəməlidir.
4. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z/20130/23 nömrəli zaminlik müqaviləsinə əsasən Zamin 1.2-ci bənddə göstərilən müqavilə üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəliklərini tamamila icra etməsi və ya lazımınca icra etməsi üçün Borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür.
5. Bu müqavilənin 5.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik bu Zaminlik müqaviləsinin 1.2-ci bəndində qeyd edilmiş Müqavilə müəyyənləşdirilmiş qaydada edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin Borcalanla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar.
6. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC Cavabdeh1 hesabına 15000 manat kredit köçürmüşdür.
7. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh1 7247,18 manat məbləğində əsas bоrcu, 830,44 manat məbləğində faiz bоrcu və 127,66 manat məbləğində cərimə borcu, cəmi 8205,28 manat borcu vardır.
8. İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun xəbərdarlıq məktubunu aldıqları vaxtdan etibarən 5 gün müddətində İddiaçı ASC-yə tam ödəmələri tələb olunur, əks təqdirdə məhkəmə qaydasında tədbirlər görüləcəyi bildirilir.
9. 16.05.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 101,41 manat məbləğində dövlət rüsumu ödəmişdir.
İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat
10. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7247,18 manat əsas borc, 830,44 manat faiz borcu, 63,83 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8141,45 manat borcun və 101,41 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə 110000 manat kredit limiti ayrılmışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 18 ay müddətinə 15000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2025-ci ilin aprelin 28-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7247,18 manat əsas borcu, 830,44 manat faiz borcu, 127,66 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8205,28 manat borcu vardır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 127,66 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 63,83 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5614/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7247,18 manat məbləğində əsas bоrc, 830,44 manat məbləğində faiz bоrcu, 63,83 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8141 (səkkiz min yüz qırx bir) manat 45 (qırx beş) qəpik məbləğində bоrcun və ödənilmiş 101 (yüz bir) manat 41 (qırx bir) qəpik məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı Cavabdeh1 xx.xx.2023-cü il tarixində 15000 manat məbləğində xx.xx.2025-ci il tarixədək qaytarmaq şərtilə aylıq 1,75 faizlə kredit vermişdir. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh1 Bank qarşısında götürdüyü öhdəliklərini tamamila icra etməsi və ya lazımınca icra etməsi üçün onunla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Kreditor, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmış və iddiaçının tələbi haqlıdır.
14. İşin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı müqaviləyə əsasən 7247,18 manat məbləğində əsas borc, 830,44 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir.
15. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında imzalanmış müqaviləyə əsasən hesablanmış 63,83 manat məbləğində cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
16. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən 63,83 manat cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır.
17. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 63,83 manat məbləğində cərimə məbləği tutulmalıdır.
18. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia təmin olunduğundan, ödənilmiş 101,41 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 463, 465.2, 467, 470, 472, 739.1, 740.1, 740.2, 740.8, 742.1, 742.5, 742.5.2, 743.1, 743.2, 744.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5614/2025 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tam və ya qismən ləğv edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh işsiz olduğu, eləcə də atasının ağır xəstə olması ilə əlaqədar olaraq onu müalicə etdirdiyi dövrdə banka şifahi məlumat vermiş və kredit üzrə borcu ödəməyi müvəqqəti dayandırmağı barədə kredit üzrə borcun ödənilməsinin müvəqqəti dayandırılması və kredit üzrə faizlərin dayandırlıması barədə razılaşmaqlarına baxmayaraq, kreditə görə faizləri süni şəkildə artırmışdır. İddiaçı bank kredit borcunu birtərəfli qaydada artıraraq cavabdehə müqavilənin yerinə yetirilməsinə zəmin yaratmamışlar, əksinə krediti ödəməyə maneəçilik törətmişlər. İşə baxan məhkəmə isə işin bu kimi faktiki hallarını düzgün aydınlaşdırmamış, düzgün hüquqi qiymət veməmişdir. Məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmiş, kredit borcunun dəqiq məbləğini müəyyən etməmişdir, iş üçün son dərəcə mühüm əhəmiyyəti olan işin faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə tərəflərin məhkəmə proseslərində iştirakını təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
22. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin təmin olunmamasını və qətnamənin dəyşdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəllə:
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 739.1 (xx.xx.2023-cü il tarixədək olan redaksiyada). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə:
31. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin qismən və ya tam ləğv edilməsini xahiş etdiyi üçün qətnamənin əsaslığı tam yoxlanılır. Məhkəmənin mövqeyi
39. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
41. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
42. Əsas, faiz, cərimə borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.
43. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin və elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş ərizənin məzmunundan da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir.
44. Apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, kredit münasibətləri tərəflərin qarşılıqlı etimadı və maliyyə intizamına əsaslanır. Tərəf kredit müqaviləsi bağlayarkən öz maliyyə imkanlarını və gələcəkdə öhdəlikləri yerinə yetirmə qabiliyyətini qiymətləndirməlidir. Bu səbəbdən borcun icra edilməməsi faktı yalnız borclunun subyektiv çətinlikləri ilə əsaslandırıla bilməz.
45. Həmçinin Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İşə sadələşdirilmiş icraat qaydasında baxmaq məhkəmənin diskresion səlahiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına işə şifahi icraat qaydasında baxılmsı barədə vəsatət təqdim etməmişdir.
46. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
48. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
49. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
QƏTETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5614/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir.