Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1129/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: qarşılıqlı iddia ərizəsinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5704/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qərardadından cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraicət edərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 3.390.892,57 manat və 2.486 manat ödənilmiş dövlət rüsumu, cəmi 3.393.378,57 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan 2.911.207,5 manat məbləğdə pul vəsaitinin məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, cavabdeh tərəfindən ödənilmiş 2.246 manat məbləğdə dövlət rüsumu ilə birlikdə ona geri qaytarılmışdır.
4. Qərardadın əsaslarına görə, “Hazırkı iş üzrə qarşılıqlı iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirakı təsdiq edən sənəd əlavə olunmamışdır. ... Digər tərəfdən qarşılıqlı iddia ərizəsinə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən sənədlər əlavə edilməmişdir.”
5. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilib, iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir.
6. Şikayətin dəlillərinə görə, pretenziya qaydası (həmçinin, iddia ərizəsini cavabdehə təqdim etmə vəzifəsi) və ilkin mediasiya sessiyasında iştirak tələbinin qarşılıqlı iddia ərizəsi verilməsi üzrə prosedura tətbiqi Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi üzrə hüquq qaydalarının ideya və ümumi prinsiplərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 13.4 və 13.5-ci maddələrinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Mülki prosesdə tələblər, adətən, iddiaçılar tərəfindən irəli sürülür və məhkəmələr tərəfindən iddiaçıların irəli sürdüyü tələblərə baxılaraq qətnamə qəbul edilir. Lakin iki kateqoriya şəxslər mövcuddur ki, həmin şəxslərin tələbləri mülki prosesdə iddiaçının tələbi ilə birlikdə paralel baxılır və vahid qətnamə qəbul edilir. Bu kateqoriya şəxslər - mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər və qarşılıqlı iddia irəli sürən şəxslərdir. Bu şəxslərin prosessual olaraq ortaq cəhəti ondan ibarətdir ki, onlara qarşı və ya onların hüquq və mənafelərinin əleyhinə iddiaçı tərəfindən iddia qaldırılır və həmin şəxslər bir növ müdafiə olunmaq və öz hüquq və mənafelərini qorumaq məqsədilə iddiaçıya qarşı əks-tələb (kontur-tələb) irəli sürərək işə yeni prosessual iştirakçı qismində qoşulmaq hüququna malik olurlar. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin irəli sürdüyü tələblərlə mahiyyət etibarilə demək olar ki, eyni xarakterə malik olan qarşılıqlı iddia üzrə iddiaçılar da mahiyyət etibarilə mülki prosessual qanunvericilik üzrə hüquq qaydalarının ideya və ümumi prinsiplərinə uyğun olaraq, kommersiya işlərində ilkin mediasiya sessiyasında iştirak tələbi, məhkəməyə qədər nizamlama (pretenziya) qaydası riayət etmə kimi vəzifələrin icrasından azaddırlar. Lakin qarşılıqlı iddia üzrə iddiaçıların kommersiya işlərində bu cür vəzifələrdən azad edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxslərlə bağlı MPM-in 55.2-ci maddəsində qeyd edildiyi kimi, qanunvericilikdə birbaşa ifadə edilməmişdir. Məhz bu aspektdən, MPM-in 155.3-cü maddəsi Bakı Kommersiya Məhkəməsi tərəfindən hərfi mənada şərh edildiyi üçün mahiyyət etibarilə doğru tətbiq edilmiş, nəticə etibarilə şəxsin məhkəməyə müraciət etmək hüququ pozulmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. MPM: Maddə 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər; Maddə 4.6. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur; Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər; Maddə 55.2. Onlar bu Məcəllənin 4.3-4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd; Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə; Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Mülki prosessual qanunvericiliyə görə qarşılıqlı iddia, iddia ilə eyni qaydada verilməlidir. Bu tələbdən hərəkətlə qarşılıqlı iddia verilərkən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında, habelə “Mediasiya haqqında” Qanuna uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənədlər, işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməklə, qarşılıqlı iddia ərizəsinə əlavə olunmalıdır. Bəhs olunan qaydadan hər hansı istisna MPM-lə müəyyən edilmədiyi halda, eyni Məcəllə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsləri, sonuncular tərəfə (tərəflərə) qarşı iddia irəli sürməklə işə qarışdıqda, bu vəzifədən azad etmişdir.
10. Qanunvericiliyin istinad olunan müddəaları mübahisəyə tətbiq edildikdə aydın olur ki, cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı tərəflər arasında yarandığı irəli sürülən mübahisə üzrə “Mediasiya haqqında” Qanunla müəyyən edilən qaydada ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin qarşı tərəfə çatdırılmasını təsdiq edən sənəd də cavabdeh tərəfindən iddia ərizəsinə əlavə olunmamışdır.
11. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır.
12. Məhkəmə kollegiyası şikayətin iddia ərizəsinin surətinin cavabdehə çatıdırlması və ilkin mediasiya sessiyasında iştirakla bağlı tələbin mülki prosessual qanunvericiliyin ümumi prinsiplərinə zidd olması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin tələblər imperativ normalarda təsbit olduğundan, tətbiqi məcburidir.
13. Şikayətin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərlə bağlı MPM-in 55.2-ci maddəsində nəzərdə tutulan istisna halın qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılara analogiya üzrə tətbiq edilməli olması barədə MPM-in 13.4-cü maddəsinə istinad edən dəlili də əsaslı deyil. Belə ki, MPM-in həmin norması tərəflər arasında meydana gələn mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları ilə bağlıdır və məhz bu halda analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etməyi nəzərdə tutur. Başqa sözlə, adıçəkilən norma prosessual hüquq normalarının analogiya üzrə tətbiqini təsbit etmir.
14. Digər tərəfdən, qarşılıqlı iddia ərizəsini qaytarılması cavabdehin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. MPM də təsbit edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
15. Bu baxımdan, cavabdehin MPM-in 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi əsası ilə iş üzrə icraatın dayandırılması barədə vəsatəti də təmin oluna bilməz. Birincisi, qeyd olunduğu kimi, bu hal cavabdehin məhkəməyə müraciət hüququna maneə yaratmır. İkincisi, dayandırma məhkəmənin icraatında olan mübahisə üzrə mümkündür ki, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmişdir. Üçüncüsü, "xxxx" QSC-nin məhkəmənin icraatında olan iddiasına Konstitusiya Məhkəməsinin icraatı qaydasında baxılan iş həll edilməyincə baxmaq mümkündür.
16. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5704/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova