Məhkəmə qərarları › İş №2-2(103)-1130/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1130/2021

20.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1130/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının qanuni nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-ə qarşı “əsassız hesablanmış borcun silinməsi” üzrə Bakı Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli e-2-2(113)-3787/2021 nömrəli qətnaməsindən (hakim K.Hüseynov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın bir hissəsindəki ümumi sahəsi 32.2 kv.m olan qeyri-yaşayış sahəsinə əsassız olaraq hesablanmış 2196 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, Nizami küçəsi 77/9 ünvanında yerləşən birmərtəbəli binanın bir hissəsindəki ümumi sahəsi 32.2 kv.m olan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. 2 noyabr 2019-cu il tarixdən həmin qeyriyaşayış sahəsi notariat qaydada təsdiq edilmiş müqavilə əsasında icarəyə verilmişdir. İcarəçinin bildirdiyinə görə, 2020-ci ilin sentyabr ayında qeyri-yaşayış sahəsinə Cavabdeh ASC tərəfindən quraşdırılmış suölçən cihazında nasazlıq yaranmışdır. Həmin sahəni icarəyə götürmüş şəxsin işçisi tərəfindən Cavabdeh ASC-yə zəng edilərək bu barədə məlumat verilmiş, suölçən cihaza baxış keçirmələri xahiş edilmişdir. Lakin suölçən cihaza baxış keçirilmədiyindən və suyun verilməsi dayandığından həmin obyektdən icarə müqaviləsi əsasında istifadə edən şəxslər məcbur olub su xəttinə qoşulma etmişlər. 02 oktyabr 2020-ci il tarixdə Cavabdeh ASC-nin Nəsimi rayon sukanal idarəsinin əməkdaşları tərəfindən ona məxsus əmlaka baxış keçirilən zaman sudan qeyri-qanuni istifadənin aşkarlandığı bildirilmişdir. İdarənin əməkdaşları tərəfindən buna dair 02 oktyabr 2020-ci il tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş aktda su sayğacına əlavə olaraq 15 m.m-lik boru ilə müdaxilə edildiyi qeyd edilmuşdir. Buna görə də Cavabdeh ASC-yə dəymiş ziyanın və itirilmiş sərfiyyatın bərpası üçün müəssisəyə 1098 m olmaqla 2 196 manat borc hesablanmışdır. Balansda olan 24,70 məbləğində pul vəsaiti hesabdan borc üçün silinmişdir. Hazırda Cavabdeh ASC-yə 2171,30 manat məbləğində borcu olduğu bildirilir. Bakı Kommersiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-2(113)-3787/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən 052429 saylı abunə kodu üzrə 02.10.2020-ci il tarixli 007211 saylı akta əsasən hesablanmış 2.196 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh ASC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3787/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiya məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su Təchizatı və Tullantı Suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin qanunun 50-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasına etirazetmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu qanunun müddəalarının pozulmasının qarşısınıalmaq üçün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1” 2.1-ci bəndinə əsasən STKM-in vəzifələri bunlardır: Qaydaların 2.1.1-ci bəndinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsini təmin etmək; “X3”nın 6.1-ci bəndinə əsasən S TKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhəddində Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Qaydaların tələbindən göründüyü kimi, balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xərci Cəmiyyətin balansındadır və həmin xəJə nəzarət funksiyasını Cavabdeh ASC həyata keçirir. Cavabdeh ASC balansında olan xəttlərə istənilən vaxt baxış keçirə bilər və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər. Hesab edirik ki, bu cür baxışın keçirilməsi tamamilə qanunauyğundur və sahibkarlıq sahəsində aparılan yoxlamalara aid edilmədiyindən reyestrdə qeydiyyata alınması üçün heç bir əsas yoxdur. Hazırki iş üzrə də iddiaçı tərəf əməkdaşlarımız tərəfindən obyektin su təchizatı sisteminə baxış keçirməsinə etiraz etməmişdir. Bundan əlavə də obyektdə sudan səmərəsiz istifadə halı, qanunun müddəalarının pozulması halı öz təsdiqini tapmış və bunun qarşısı qanunvericiliyin tələblərinə uyğun alınmışdır. Əməkdaşlarımız tərəfindən iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqiəsası yoxdur. Göründüyü kimi, qanunvericiliyn niyyəti“qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı”nın fəaliyyətini nizama salmaqdır və sadə məntiqə belə zidd olardı ki, qanunvericilikdə müxtəlif normativ hüquqiaktlar eyni məsələ ilə bağlı tam fərqli mövqelər müəyyən etsin. Digər tərəfdən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=15 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə 02 oktyabr 2020-ci il tarixli 007211 saylıakt tərtib edilmiş, faktı təsdiq edən video çəkiliş aparılmışdır. Sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “S udan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 2196 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir. qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İşə apelyasiya qaydasında baxılması 20.10.2021-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinin elektron kabinetinə bildiriş yerləşdirilsə də, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının qanuni nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apelyasiya şikayətinə yazılı etiraz verərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli e-2-2(113)-3787/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 02.10.2020-ci il tarixli 007211 saylı akta əsasən ünvan 1 ünvanında yerləşən birmərtəbəli binanın bir hissəsindəki ümumi sahəsi 32.2 kv.m olan qeyri-yaşayış sahəsinə baxış zamanı diametri 15 mm olan boru vasitəsi ilə qanunsuz qoşulma müəyyən olunmuşdur. Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsi 23.04.2021-ci il tarixli, EH-02/1-345 nömrəli məktubla İddiaçı müraciət edərək, 2020-ci ilin oktyabr ayında Cavabdeh ASC-nin əməkdaşları tərəfindən obyektə baxış keçirilmiş, tərtib edilmiş akta əsasən 2171,3 manat məbləğində dəymiş zərərə görə borcun olduğunu bildirmişdir. İş materiallarında olan 12 noyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən, yəni İddiaçı ünvan 1 ünvanında yerləşən birmərtəbəli binanın bir hissəsindəki ümumi sahəsi 32.2 kv.m olan qeyri-yaşayış sahəsini icarəçi, yəni X2 12/11/2022-ci il tarixinədək icarəyə vermişdir. Həmin müqavilənin 12-ci bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, su, qaz, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Birinci instansiya məhkəməsi qeyd edilən normalara istinad edərək düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmadığından onun hüquqi nəticələri etibarsızdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli e-2-2(113)-3787/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli e-2-2(113)-3787/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar