Məhkəmə qərarları › İş №2-2(103)-1132/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1132/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1132/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)- 2699/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 85.000 manat (Mərkəzi Bankın həmin günkü məzənnəsinə əsasən 50000 ABŞ dolları) məbləğində borcun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 “İddiaçı Cavabdeh MMCyə qarşı borc tələbinə dair mülki iş üzrə hazırki mübahisənin aidiyyatı qaydada kommersiya məhkəməsinə göndərilməsinə dair” ərizəsi təmin edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2699/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən 85.000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 345 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Əbülfət oğluna ödənilməsi qət edilmişdir.

4. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2699/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə sübutları tam araşdırmamış, onlara düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı guya borc kimi MMC-yə verdiyi vəsait təsisçilərin razılaşmasına əsasən borc deyil, MMC-nin dövriyyə vəsaitinə qoyuluş kimi qiymətləndirilməlidir. Sadəcə, iddiaçı digər təsisçilərin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini bilməməsindən və aralarında işgüzar münasibətlərin olmasından sui-istifadə edərək, həmin qoyuluşu borc kimi rəsmiləşdirmişdir. Əgər cavabdehin həmin dövrdə olan dövriyyəsi araşdırılsaydı, bütün qeyd olunanlar açıq aşkar öz təsdiqini tapardı. Məhkəmə yalnız pulun ödənilməsinə dair qəbzi tələb etmiş, dövriyyəni əks edən bank çıxarışını araşdırmamışdır. Hesab edilir ki, məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Bu isə məhkəmənin Mülki Prosessual Məcəllənin 81, 88, 77.1, 77.3 və 217.4-cü maddələrinin tələblərini pozmaqla, sübutları tam və hərtərəfli tədqiq etməməsinin birbaşa nəticəsidir ki, bu da Bakı Kommersiya Məhkəməsi tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Bu halda da, MPM-nin 385.1.2.-ci maddəsinə uyğun olaraq qətnamənin ləğv edilməsi üçün əsas yaranmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmuşdur.

7. Etiraz belə əsaslandırılmışdır ki, işə baxan Bakı Kommersiya məhkəməsi iş üzrə prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh öz şikayətində qeyd edir ki, iddiaçının MMC-yə verdiyi vəsait təsisçilərin razılaşmasına əsasən borc deyil, MMC-nin dövriyyə vəsaitinə qoyuluş kimi qiymətləndirilməlidir. Lakin cavabdeh məhkəməyə dövriyyə vəsaitinə qoyuluşa dair tərəflərin razılaşmasını təsdiqləyəcək heç bir sübut təqdim etməyib. Əksinə iddiaçı iddiasının doğruluğunu sübut edən mötəbər sübutları-tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsini, 85.000 verilən borc məbləğinin real olaraq notariat ofisinin depozit hesabına köçürülməsini təsdiq edən ödəniş qəbzini və borc məbləğinin cavabdehin adından qanuni təmsilçisinə verilməsi üçün onun bankda olan hesabına köçürülməsini sübut edib. Cavabdeh isə məhkəmədə sözügedən borcun verilməsini və borc məbləğini mübahisələndirməyib və qəbul edib. Həmçinin, sözügedən vəsaitə qoyuluş edilsəydi, iddiaçının həmin dövrdəki təsis payı artmalı idi. Bundan başqa, təsis payının artırılması, nizamnamə kapitalının artırılması başqa hüquqi prosedur olmaqla, başqa hüquqi nəticələr doğurur. Təsisçinin isə öz vəsaitini MMC-yə verməsi, nə vəsait qoyuluşu deyil, nə də pay artımı deyil, əgər belə olsaydı, MMC-nin Çıxarışı dəyişdirilməli, təsisçinin payı müəyyən edilməli idi. Əksinə cavabdehin nümayəndəsi məhkəmə prosesində borc müqaviləsi bağlandıqdan sonra iddiaçının MMC-dəki təsis payında hər hansı dəyişiklik edilmədiyini təsdiq edib. Bütün bu halların, təqdim olunan sübutların həqiqi və mötəbər olmaması barədə cavabdeh məhkəməyə heç bir sübut təqdim etməyib və tərəflər arasında yaranmış hüquq və faktiki münasibətləri təsdiq edib. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən siibutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Ona görə də MPMnin 81-ci maddəsinin tələbi pozulmayıb və düzgün tətbiq edilib. Həmçinin cavabdeh sonuncu arqument kimi qeyd edir ki, iddiaçı təsisçilər arasında işgüzar münasibərlər olmasından sui-istifadə edərək, həmin qoyuluşu borc kimi rəsmiləşdirmişdir. Əgər cavabdehin həmin dövrdə olan dövriyyəsi araşdırılsaydı, qeyd olunanlar təsdiqini tapardı. Hesab edir ki, bu arqument də əsassızdır. Belə ki, tərəflər arasında bağlanılmış müqavilə hər iki tərəfin imzası, cavabdehin möhürü ilə və notarial qaydada təsdiq edilmişdir. Bu da o deməkdir ki, cavabdeh öz könüllü iradə ifadəsi ilə rəsmiləşdirilmiş şəkildə iddiaçıdan borc almış və müəyyən olunmuş tarixdə həmin borcu qaytarmağı öz öhdəsinə götürmüşdür, burada hər hansı münasibətlərdən sui-istifadə halından söhbət gedə bilməz. Əgər borc yox, vəsait qoyuluşu olsaydı, münasibətlər notariusda rəsmiləşdirildiyindən, cavabdehin imkanı olub ki, notariusa təsisçinin payının artırılmasını bildirsin və prosedur başqa cür tənzimlənsin. Bundan başqa, fəaliyyətdə olan hüquqi şəxs kimi fəaliyyət göstərən, rüblük, illik hesabat verən bir müəssisənin qanuni təmsilçisinin, digər təsisçisinin notariusda hansı sənədi imzalaması və pulu qəbul etməsinin hüquqi nəticəsini bilməməsi ağlabatan görünməməklə, alınmış borc məbləğinin qaytarılmasından yayınmaqdan başqa bir şey deyil. O ki qaldı, dövriyyə vəsaitinin araşdırılmasına, əvvəla, bıı məsələ iddianın predmeti deyil, ikincisi isə, borc məbləği birbaşa MMC-nin hesabına daxil edilib və hər bir halda MMC-yə verilmiş borc pul onun dövriyyəsinə təsir etməli idi. Bundan başqa, aktiv fəaliyyətdə olan müəssisənin dövriyyəsində artım və azalmanın olması normal haldır ki, bunun borc münasibətləri ilə hər hansı səbəbili əlaqəsi ola bilməz. Həmin dövrdə məntiqi olaraq təsisçinin payında heç bir artım olmayıb.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

12. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

19. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh təsisçisi olan İddiaçı Əbülfət oğlu (borc verən) ilə Cavabdeh (borc alan) arasında 06 fevral 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 85.000 manat məbləğində borc vermişdir. Cavabdeh müqaviləyə əsasən aldığı borc məbləğini xx.xx.2022-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürsə də, borc məbləğini hal-hazıradək iddiaçıya qaytarmamışdır.

20. İşin halları işdə olan sübutlarla təsdiq edilmişdir. Cavabdeh pulun köçürülməsini qəbul etmişdir.

21. Məhkəmə iddiaçının Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən cavabdehə verdiyi borc məbləğinin qaytarılmasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab etmişdir ki, 85.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. MMC-nin təsisçiləri arasında razılaşmaya əsasən mübahisəli pul vəsaitinin əslində borc olaraq deyil, təsisçi tərəfindən kapital qoyuluşu kimi MMC-yə verilməsi barədə cavabdehin dəlillərinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh həmin dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında verdiyi izahatda cavabdehin nümayəndəsi və vəkili mübahisəli borc müqaviləsi bağlandıqdan sonra iddiaçının Cavabdeh MMC-dəki təsis payında hər hansı dəyişikliyin edilmədiyini təsdiq etmişdir. Odur ki, iddiaçının istinad etdiyi dəlillər iddianın rədd edilməsi üçün əsas vermir.

23. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.

24. Belə ki, cavabdeh şikayətində qeyd edir ki, iddiaçının MMC-yə verdiyi vəsait təsisçilərin razılaşmasına əsasən borc deyil, MMC-nin dövriyyə vəsaitinə qoyuluş kimi qiymətləndirilməlidir.

25. Lakin cavabdeh məhkəməyə dövriyyə vəsaitinə qoyuluşa dair tərəflərin razılaşmasını təsdiqləyəcək heç bir sübut təqdim etməyib. Əksinə iddiaçı iddiasının doğruluğunu sübut edən mötəbər sübutları-tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsini, 85.000 verilən borc məbləğinin real olaraq notariat ofisinin depozit hesabına köçürülməsini təsdiq edən ödəniş qəbzini və borc məbləğinin cavabdehin adından qanuni təmsilçisinə verilməsi üçün onun bankda olan hesabına köçürülməsini sübut edib. Cavabdeh isə məhkəmədə sözügedən borcun verilməsini və borc məbləğini mübahisələndirməyib və qəbul edib. Həmçinin, sözügedən vəsaitə qoyuluş edilsəydi, iddiaçının həmin dövrdəki təsis payı artmalı idi. Bundan başqa, təsis payının artırılması, nizamnamə kapitalının artırılması başqa hüquqi prosedur olmaqla, başqa hüquqi nəticələr doğurur. Təsisçinin isə öz vəsaitini MMC-yə verməsi, nə vəsait qoyuluşu deyil, nə də pay artımı deyil, əgər belə olsaydı, MMC-nin Çıxarışı dəyişdirilməli, təsisçinin payı müəyyən edilməli idi. Əksinə cavabdehin nümayəndəsi məhkəmə prosesində borc müqaviləsi bağlandıqdan sonra iddiaçının MMC-dəki təsis payında hər hansı dəyişiklik edilmədiyini təsdiq edib.

26. Bütün bu halların, təqdim olunan sübutların həqiqi və mötəbər olmaması barədə cavabdeh məhkəməyə heç bir sübut təqdim etməyib və tərəflər arasında yaranmış hüquq və faktiki münasibətləri təsdiq edib. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən siibutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Ona görə də MPM-nin 81-ci maddəsinin tələbi pozulmayıb və düzgün tətbiq edilib.

27. Həmçinin cavabdeh sonuncu arqument kimi qeyd etmişdir ki, iddiaçı təsisçilər arasında işgüzar münasibərlər olmasından sui-istifadə edərək, həmin qoyuluşu borc kimi rəsmiləşdirmişdir. Əgər cavabdehin həmin dövrdə olan dövriyyəsi araşdırılsaydı, qeyd olunanlar təsdiqini tapardı.

28. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilə hər iki tərəfin imzası, cavabdehin möhürü ilə və notarial qaydada təsdiq edilmişdir. Bu da o deməkdir ki, cavabdeh öz könüllü iradə ifadəsi ilə rəsmiləşdirilmiş şəkildə iddiaçıdan borc almış və müəyyən olunmuş tarixdə həmin borcu qaytarmağı öz öhdəsinə götürmüşdür, burada hər hansı münasibətlərdən sui-istifadə halından söhbət gedə bilməz. Əgər borc yox, vəsait qoyuluşu olsaydı, münasibətlər notariusda rəsmiləşdirildiyindən, cavabdehin imkanı olub ki, notariusa təsisçinin payının artırılmasını bildirsin və prosedur başqa cür tənzimlənsin. Bundan başqa, fəaliyyətdə olan hüquqi şəxs kimi fəaliyyət göstərən, rüblük, illik hesabat verən bir müəssisənin qanuni təmsilçisinin, digər təsisçisinin notariusda hansı sənədi imzalaması və pulu qəbul etməsinin hüquqi nəticəsini bilməməsi ağlabatan görünmür.

29. Dövriyyə vəsaitinin araşdırılması məsələsi mübahisə predmetinə adi deyil. Borc məbləği birbaşa MMC-nin hesabına daxil edilib və hər bir halda MMC-yə verilmiş borc pul onun dövriyyəsinə təsir etməli idi. Bundan başqa, aktiv fəaliyyətdə olan müəssisənin dövriyyəsində artım və azalmanın olması normal haldır ki, bunun borc münasibətləri ilə hər hansı səbəbili əlaqəsi ola bilməz. Həmin dövrdə məntiqi olaraq təsisçinin payında heç bir artım olmayıb.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2699/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar