Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1136/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-5677/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 elektron məhkəmə sisteminə vəsatətlə müraciət edərək, xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-5677/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2- 2(113)-5677/2025 nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5677/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, prosesin təcili bərpa edilməsini məhkəmədən xahiş edir, belə ki, bu proses məhkəmə işini süni uzadılmasıdır və şirkətlə bank arasında münasibətlərin korlanmasına xidmət edəcək. Bu məhkəmə prosesində bankla ortaq xətt tutaraq restrukturizasiya modelini banka təklif etmək və növbəti aydan ödənişlərə başlamaq istəyir, şirkət tərəfindən belə addım ataraq borcdan qaçmadığını və ödəmək niyyətində olduğunu banka göstərmək istəyir ki, bankla gələcək münasibətlərinin korlanmasından qəti şəkildə qaçınır. ABB Azərbaycanın nüfuzlu və sahibkarlara hər zaman yüksək dəstək göstərən bankıdır və borcluya hər zaman müsbət yanaşma sərgiləyib, beləliklə bankın etimadını və etibarını itirmək istəmir. AMEC də bank qarşısında hər zaman nüfuzlu şirkət olub və hər zaman öhdəliklərini yerinə yetirib və bu dəfədə öhdəlikdən qaçmır. Məhin Şəkərovanın (Məmmədova) isə qərəzli münasibət göstərməsi, guya imzanın ona məxsus olmaması barədə gətirdiyi dəlillər isə əsassız və qanunsuzdur. Sentyabr ayının 19-da keçirilən məhkəmə iclasında Məhin Məmmədovun (Şəkərova) bu imza ona aid deyil və imzanı ekspertizaya göndərməsi tələbi şirkət rəhbərliyi tərəfindən şübhə ilə qarşılanmışdı. Cavabdeh3 vəsatətdə qeyd etdiyi məlumatların (2023-cü ilin oktyabr ayında, adıgedən müqavilə imzalandıqda Cavabdeh2la faktiki ailə münasibətləri olmamışdı), kimi yalan və həqiqəti gizlədən, öhdəlikdən qaçmaq kimi davranışlar olduğunu bildirmək istəyir. Qarşı tərəfin dediklərinin əksini sübut edən kifayət qədər dəlillər var. Cavabdeh3 ilə ailə münasibətləri 2024-cü il mart ayından korlanmağa başlamışdı və 2024cü il avqust ayının 20-də Zaqatala rayon məhkəməsində boşanma baş tutmuşdur. Bununla bağlı bizdə kifayət qədər sübutlar mövcuddur. Məhkəməyə bu sübutları təqdim edə bilər. Belə bir yalanlayıcı məlumatlardan sonra başa düşmək olur ki, Cavabdeh3 müəssisəyə qarşı qərəzlidir. Halbuki yuxarıda da qeyd etdiyi kimi Beynəlxalq Bankla münasibətləri korlamaq niyyətində deyil. Çünki şirkət olaraq tez-tez kreditlər götürmək zərurəti yaranır. O da Beynəlxalq Banka olan öhdəliklərdən boyun qaçırmır. Ödənişlərin hamısı müəssisə tərəfindən qarşılanacaqdır. Məhin Şəkərova isə bu barədə cavabdeh şirkətin fikrini soruşmamışdır. Hal-hazırdada bunu da edir. Belə düşünmələrinin səbəblərindən biri də qarşı tərəfin digər oxşar hərəkətidir, belə ki, Cavabdeh3 hüquqi təmsilçisi atası vəkilhüquqşünas Şaban Məmmədovdur, xalası yoldaşı Qalib Məmmədovun şirkətə 5080 manat məbləğində olan borcunu ödəməsi, yəni şirkətdən avtomobil alış müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbindən şirkət məhkəməyə müraciət etmişdir, həmin məhkəmədə qarşı tərəf eyni formada çıxış edərək bildirmişdilər ki, müqavilənin birinci vərəqi dəyişdirilib, onun avtomobili aldığı qiymət fərqlidir və sairə başqa uydurmalar ortaya ataraq məhkəməni yanıltmağa və prosesi uzatmağa çalışmışdılar. X6 bu məhkəmə proseslərində də istiqamətləndirən Məhin Məmmədovun atası Şaban Məmmədovdur. Amma cavabdeh, DYP-dən avtomobilin alqı satqı müqaviləsini alıb, məhkəməyə təqdim edərək sübut etdi ki, müqavilə tam düzgündür və heç bir saxtakarlıq oluna bilməzdi. Məhkəmənin birinci instansiya məhkəməsində işə baxmaq üçün olan 4-cü ayın son günündə Zaqatala Rayon Məhkəməsi qərəzli olaraq ekspertiza təyin etmişdir. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurasına şikayət ünvanlanıb və Qalib Məmmədovun böhtan xarakterli iddialarına görə barəsində məhkəməyə müraciət olunacaqdır. Məhin Məmmədovun və Qalib Məmmədovun birgə işlədiyi və AMEC-in alt şirkəti olan Lux Catering MMC-də Pivə avadanlığı alışı adı ilə külli miqdarda Rusiyaya 2023-cü ilin sentyabr ayından başlayaraq 2024-cü ilin aprel ayında qədər hissəli şəkildə ümumi məbləğlə 220,000 ABŞ dolları həcmində pul köçürmələri olmuşdur, və bu günə qədər şirkət nə avadanlıqları nədə ki pulu geri ala bilmişdi. Artıq Kapital bank bu məsələ ilə əlaqədar şirkətə sorğu ünvanlamışdı. Özləri isə 2024-cü ilin İyun ayında şirkətdən ayrılaraq yoxa çıxmışdılar. Bu məsələ üzrə AMEC məhkəmə işi başladıb. Daha bir şirkətə qarşı oğurluq, Cavabdeh3 və bacısı kassir olan Nüranə Poladova ilə Lux Cateringin alt şirkətləri “Captains Corner” və "xxxx" MMC-lərin kassalarında ümumi 65,000 azn məbləğində yeyinti etmələri ilə bağlı cavabdeh tərəfindən DİO-na müraciət olunsa da, heç bir tədbir görülməmişdir. Məhim Məmmədova şirkətin 10% pay qismində şirkətə ortaqdı. Yuxarıda sözüngedən problemlərlə əlaqədar bir neçə dəfə təsisçi iclası keçirilmiş və Cavabdeh3 dəvət edilmişdir. Əfsuslar olsun ki, heç birinə qatılmamışdır, şirkətin düşdüyü problemlərin həllində heç bir dəstək verməmişdir. Bankın göndərdiyi məktubu Cavabdeh3 3 ay öncə özünə göndərmiş, amma heç bir cavab verməmişdir və şirkətə rəhbərliyinə imzanın ona aid olmaması barəsində məlumat verməmişdir, buda onun şirkət rəhbərliyinə və şirkətə qərəzli mövqeyini açıqlayır və şirkəti nüfuzdan salmaq, şirkət rəhbərliyini qaralamaq və ləkə yaxmaq xarakteri daşıyır. Yekunda onu bildirir ki, işin dayandırılaraq ekspertizaya göndərilməsi Beynəlxalq Bankla münasibətlərinə ciddi şəkildə zərbə vurur. Belə ki, işin ekspertizadan geri qayıtması olduqca uzun bir müddət aparacaqdır. Cavabdeh3 isə ödəniş ödəməsi ilə bağlı tələbi mövcud deyildir. İşin süni şəkildə uzadılması isə qəbuledilməzdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5677/2025 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-5677/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunur ki, iddiaçının şikayətində irəli sürdüyü arqumentlərdən biri ekspertiza təyin edilməsinin əsassızlığı ilə bağlı olmuş və həmin dəlillər qərardadın şikayət verilməsi nəzərdə tutulmayan hissəsində ləğv edilməsinə yönəldilmişdir. Bu səbəbdən, həmin arqumentlərə münasibət bildirilməsi, eləcə də ekspertiza təyin edilməsinin zəruriliyinin yoxlanılması hazırkı apellyasiya baxışının predmetinə daxil deyildir. Kollegiya iş üzrə ekspertiza ilə bağlı icraatın dayandırılmasının zəruri olmaması barədə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci və 255.0.5-ci maddələrinin məzmunundan görünür ki, işə baxılarkən xüsusi bilik tələb olunan məsələlərin izahı üçün məhkəmə, işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər və ekspertizanın rəyi məhkəməyə təqdim olunana qədər iş üzrə icraat dayandırıla bilər. Göründüyü kimi hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəməxətşünaslıq ekspertizası təyin edildiyindən məhkəmə qanunda nəzərdə tutulmuş səlahiyyətindən istifadə etməklə ekspertizanın təyin edilməsi ilə bağlı iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur. İş üzrə icraatın dayandırılmasının işin baxılmasının süni şəkildə uzadılması və bankın etimadını itirməsinə səbəb olması barədə cavabdehin irəli sürdüyü arqumentlərə gəldikdə isə, kollegiya vurğulayır ki, iş üzrə icraatın dayandırılması tərəflərin mübahisənin barışıq yolu ilə həll edilməsini imkanını aradan qaldırmır, əksinə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini yubatmaqla faktiki olaraq tərəflərin razılığa gəlmələri üçün daha uzun müddətə malik olmalarına səbəb olur. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, mülki icraatın istənilən mərhələsində mübahisənin barışıqla yekunlaşdırılmasının təklif edilməsi və tərəflərin razılığa gəlmələrinə köməklik edilməsi məhkəmənin vəzifələrindən biri olsa da, məhkəmənin əsas vəzifəsi işin hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək, bu istiqamətdə zəruri prosessual qərarları qəbul etməkdən ibarətdir. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı hesab olunmalı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-5677/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1136/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1136/2025
24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver