Məhkəmə qərarları › İş №2-2(103)-1137/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1137/2021

28.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1137/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Şərqi Əlabbas qızı Həsənovanın katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2335/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC-dən 11.437,50 (on bir min dörd yüz otuz yeddi, 50) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli e-2-2(113)-2335/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti yazılı şəkildə Bakı Apellyasiya Məhkəməsinə 27.07.2021-ci il tarixdə, 05.08.2021-ci il tarixdə isə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verildiyi üçün geri qaytarılmışdır. Daha sonra iddiaçı apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vermiş, eyni zamanda prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh qeyd edilən qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşin hallarını, yəni qətnamənin surətini aldıqdan sonra iddiaçı tərəfindən qanunla müəyyən edilmiş vaxt ərzində apellyasiya şikayəti verildiyini, lakin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsi ilə kağız daşıyıcıda verildiyinə görə həmin şikayətin geri qaytarıldığını və qısa müddətdən sonra həmin nöqsanın aradan qaldırıldığını nəzərə alaraq kollegiya hesab edir ki, prosessual müddətin buraxılması üzrlü hesab edilməli və həmin müddət bərpa edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2335/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar