Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1137/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının Cavabdehnə qarşı “təsisiçilərin növbədənkənar ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 3725/2023 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı Cavabdehnə iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması, Cavabdeh MMC-nin üzərinə təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin, o cümlədən cəmiyyətin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı QSC-yə təqdim edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Dominikan Respublikasında qeydiyyatdan keçmiş “ALARİS Corporation” şirkəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış və 24 may 2019-cu il tarixdə Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 3M-161 nömrəsi ilə reyestrdə qeydə alınmış bağışlanma müqaviləsinə əsasən “ALARİS Corporation” şirkəti Cavabdeh nizamnamə kapitalında ona məxsus olmuş 100 (bir yüz) payı (nizamnamə kapitalının 50%-i, 50.000 (əllimin) ABŞ dolları dəyərində olan pay) İddiaçı QSC-yə bağışlamışdır. Bundan sonra Cavabdeh MMC-nin təsisçilərinin ümumi yığıncağının 12 iyun 2019-cu il tarixli qərarına əsasən (protokol № 19/01) Cavabdeh MMC-nin Nizamnaməsinə dəyişiklik edilməsi, həmin dəyişiklik layihəsinin təsdiq edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınmasının X2 həvalə edilməsi qərara alınmışdır. Bu zaman “X3 Ltd” şirkətinin adından çıxış edən X1 məsələyə heç bir etirazı olmamış və həmin məsələnin lehinə səs vermişdir. Həmin dəyişiklik dövlət qeydiyyatına alınaraq Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən Cavabdeh MMC-nin adına xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda İddiaçı QSC Cavabdeh MMC-nin digər təsisçisi (iştirakçı) “X3 LTD” şirkəti ilə bərabər paylarla Cavabdeh MMC-nin nizamnamə kapitalında iştirak etməklə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələrə malikdir. Cavabdeh MMC-də 2019, 2020, 2021 və 2022-ci illərin illik fəaliyyətinin yekunlarına həsr olunmuş cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağları müvafiq olaraq hər növbəti ilin aprel ayının sonuna qədər keçirilməli olduğu halda, İddiaçı QSC-yə bu növbəti ümumi yığıncağın çağırılması barədə heç bir məlumat verilməmişdir. Bununla yanaşı, Cavabdeh MMC-nin təsisçilərinin sırasında edilmiş dəyişikliklərlə əlaqədar olaraq onun nizamnaməsinin yeni redaksiyada hazırlanması, idarəetmə orqanlarının formalaşdırılması, onların səlahiyyətlərinin müəyyən edilməsi, büdcəyə, ştat cədvəlinə, struktura və sair məsələlərə yenidən baxılması ilə bağlı cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsi zərurəti İddiaçı QSC tərəfindən dəfələrlə yazılı formada (10 yanvar 2020-ci il, 14 fevral 2020-ci il, 04 avqust 2020-ci il və 17 avqust 2020-ci il tarixli məktublarla) Cavabdeh MMC-nin nəzərinə çatdırılsa da məsələ bu günədək öz həllini tapmamışdır. Göründüyü kimi, İddiaçı QSC-nin Cavabdeh MMC-nin nizamnamə kapitalında mövcud olan 50 % payları üzərində hüquqları dövlət qeydiyyatına alındığı xx.xx.2019-cu il tarixindən bu günə qədər Cavabdeh MMC-nin iştirakçılarının növbəti illik ümumi yığıncağı keçirilməmiş (və ya belə yığıncağın çağırılması barədə iştirakçılardan biri olan İddiaçı QSC-yə heç bir bildiriş təqdim edilməmiş), İddiaçı QSC-nin tələblərinə baxmayaraq iştirakçıların növbədənkənar ümumi yığıncağının çağırılması təmin edilməmişdir. Bununla da, bir iştirakçı kimi İddiaçı QSC-nin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri kobud şəkildə pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)-3725/2023 nömrəli qərardadı ilə (hakim Kənan Hüseynov) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının Cavabdehnə qarşı “təsisiçilərin növbədənkənar ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddiasının Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsində iş üzrə icraata xitam verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)-3725/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3725/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 385.1.1-ci, 386-cı maddələrinə əsasən maddi hüquq normalarını pozaraq hüququn tətbiq edilməsində səhv buraxmaqla tətbiq edilməli olan qanunu tətbiq etməyərək qanunu səhv təfsir etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən də cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Həmin Məcəllənin 91.1-3-cümaddəsinə əsasən də cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Lakin həmin Məcəllənin 91.1-3-cü maddəsində və Cavabdeh MMC-nin nizamnaməsində cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının bütün səslərin azı onda birinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağrılmasının icra mexanizmi, qaydası nəzərdə tutulmamışdır. Bundan başqa, Mülki Məcəllənin 91.1-3-cü maddəsində göstərilmiş “çağırılır” sözünün təhlili və təfsiri onu deməyə əsas verir ki, bu hərəkəti iştirakçıların (iştirakçının) özü deyil, onun tələbi ilə başqa şəxs yerinə yetirməli, mövcud halda isə icra orqanı belə bir iclası çağırmalıdır. Ona görə də hesab edirlər ki, həmin Məcəllənin 91.1-2-ci maddəsində nəzərdə tutulmuş prosedur qayda bu hala da (qanunun analogiyası) tətbiq olunmaqla ümumi yığıncaq icra orqanı tərəfindən çağrılmalıdır. Təsadüfi deyil ki, iddiaçı tərəfindən cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsi barədə cavabdehə 10 yanvar 2020-ci il, 14 fevral 2020-ci il, 04 avqust 2020-ci il və 17 avqust 2020- ci il tarixli məktublar, həmçinin 14 iyun 2023-cü il tarixli, 13-7/2-3- 11/1548/2023 nömrəli pretenziya cavabsız qaldığından və pozulmuş hüquqların müdafiəsini məhkəmədən kənar digər qaydada həyata keçirə bilmədiyindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 24.1ci maddəsinə əsasən həmin hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin məhkəmə göstərilən qərardadında Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 24.1-ci maddəsinəistinad etsə də pozulmuş hüquqların müdafiəsini əsassız və qanunsuz olaraq təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3725/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 3725/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Mülki Məcəllənin 91.1-3-cü maddəsində MMC-nin növbədənkənar ümumi yığıncağının çağırılmasının qaydası və hüquqi şəxsin növbədənkənar ümumi yığıncağı çağırmaq hüququ olan orqanlarının və iştirakçılarının dairəsi müəyyən edilmişdir. Həmin normaya əsasən cəmiyyətin (məhdud məsuliyyətli cəmiyyətin) iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. Həmin Məcəllənin 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-5-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-6-cı maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin nizamnaməsinin 6.1-ci bəndinə əsasən müəssisənin ali idarəetmə orqanı - cəmiyyətin iştirakçılarının ümumi yığıncağıdır. Həmin Nizamnamənin 6.4-cü bəndinə əsasən ümumi yığıncağın növbədənkənar iclasları cəmiyyətin təsisçilərindən birinin və ya Baş Müdirin yazılı tələbi ilə çağırılır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılma qaydası mülki qanunvericiliklə, habelə Cavabdeh MMC-nin nizamnaməsi ilə tənzimləndiyindən MMC-nin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması məsələsinə məhkəmədə baxıla bilməz. Şikayət ərizəsində qeyd edilir ki, MM-nin 91.1-3-cü maddəsində və Cavabdeh MMCnin nizamnaməsində cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağrılmasının icra mexanizmi, qaydası nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mülki Məcəllədə Məhdud Məsuliyyətli Cəmiyyətlər üçün umumi yığıncağın çağırılması üsulu və qaydası nəzərdə tutulmasa da MM-nin 107-1-ci maddəsində Səhmdar Cəmiyyətlər üçün səhmdarlarının ümumi yığıncağının digər səhmdarlara bildiriş göndərilməklə çağırılması, bildirişdə ümumi yığıncağın gündəliyə təklif olunan məsələlərin qeyd edilməli olduğu nəzərdə tutulmuşdur. İddiaçının 50 faiz paya malik təsisçi olaraq digər təsisçiyə bildiriş göndərməklə növbədənkənar ümumi yığıncaq çağırmasını qadağan edən norma olmadığından şikayət məhkəmə tərəfindən əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 3725/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 3725/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1137/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1137/2023
25.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver