Məhkəmə qərarları › İş №2-2(103)-1138/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1138/2024

03.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1138/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Hesablama Palatası) qarşı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, pulun ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs – Azərbaycan Respublikasının Hesablama Palatasının nümayəndəsi X5 iştirakları ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin LPO Cavabdeh4 ASC-nə, Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Hesablama Palatası) “müqavilənin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” (istehsalçı) ilə Cavabdeh2 (alıcı) arasında 03 fevral 2020-ci il tarixdə bağlanmış ********** saylı kontrakta (müqaviləyə) əsasən, 01 dekabr 2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək ehtiyacı olan mal və xidmətlərin tədarükü məqsədilə istehsalçı alıcıya cəmi 100 000 ABŞ dolları məbləğində məhsulları partiya şəklində göndərəcək, göndərilən hər məhsul ayrı-ayrı fatura (invoice hesab) ediləcək və bu faturalar məhsullar gömrükdən çıxmadan avans və nağd ödənəcəkdir (X8 - Set = 100 000 ABŞ dolları).

2. 28 fevral 2020-ci il tarixli MSN**********69 nömrəli invoysa görə “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” tərəfindən təqdim edilmiş malın (1 dəst damcı suvarma sisteminin) ümumi dəyəri 53 514 ABŞ dolları təşkil edir.

3. 28 fevral 2020-ci il tarixli MSN**********0 nömrəli invoysa (invoice) görə, “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” tərəfindən təqdim edilmiş malın (1 dəst damcı suvarma sisteminin) ümumi dəyəri 12 000 ABŞ dolları təşkil edir.

4. 28 fevral 2020-ci il tarixli MSN**********71 nömrəli invoysa (invoice) görə, “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” tərəfindən təqdim edilmiş malın (1 dəst damcı suvarma sisteminin) ümumi dəyəri 12 500 ABŞ dolları təşkil edir.

5. 28 fevral 2020-ci il tarixli MSN**********73 nömrəli invoysa (invoice) görə, “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” tərəfindən təqdim edilmiş malın (1 dəst damcı suvarma sisteminin) ümumi dəyəri 13 000 ABŞ dolları təşkil edir.

6. 01201000077796 saylı gömrük bəyannaməsinə əsasən, göndərən (ixracatçı) “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” tərəfindən malı qəbul edən (idxalatçı) Cavabdeh2 ünvanlanmış ümumi invoys dəyəri 91 014 ABŞ dolları olan 4 dəst kənd təsərrüfatı və ya bağçılıq üçün suvarma qurğuları (X8) Azərbaycan Respublikası gömrük sərhədindən keçirilərək Cavabdeh2 göndərilmişdir.

7. Cavabdeh2 (icraçı) ilə Cavabdeh1 (sifarişçi) arasında 13 fevral 2020-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı, sifarişçiyə məxsus sahədə (Azərbaycan Respublikası Qusar rayonu, Suvacal kəndində yerləşən bağ sahəsi) 1 dəst X8 ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdələrinə götürmüşlər.

8. Həmin müqavilənin 1.2 və 2.2-ci bəndlərinə görə, mallar adresinə təslim olacaq və ünvan 1 ünvanında qeydiyyatda olan X2 məxsus Xaçmaz rayonu, Həbibkənd kəndində yerləşən 1,875088 hektar və Yeni həyat qəsəbəsində yerləşən 21,009046 hektar (cəmi 22.884134 ha) torpaq sahəsinin 21,90 hektarında 1 dəst X8 quraşdırılacaqdır.

9. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malların çatdırılması, quraşdırılması, gömrük rüsumları, o cümlədən yol xərci daxil olmaqla ümumi dəyəri 91 000 manat təşkil edir; 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə 2.1-ci bənddə qeyd edilən malların dəyərinin 40 000 manatı müqavilə imzalandıqdan sonra təqdim edilən hesab faktura əsasında 5 iş günü ərzində sifarişçi tərəfindən avans olaraq İcraçının qeyd etdiyi bank hesabına nağdsız qaydada köçürülür; 3.2-ci bəndinə görə, müqavilə dəyərinin qalan 51 000 manatı mallar Türkiyə Respubikasından çıxdıqdan sonra ödənilməlidir; 4.5-ci bəndinə əsasən, icraçı tərəfindən çatdırılan malların gömrük rəsmiləşdirilməsi icraçı tərəfindən aparılır.

10. Müqavilənin 4.4-cü bəndinə görə, icraçı tərəfindən malların çatdırılaraq sifarişçiyə onun podrat sahəsində təhvil verilməsi, 2 eyni hüquqi qüvəyə malik olan nüsxədə təhvil-təslim aktı ilə rəsmiləşdirilir; 5.1.6-cı bəndinə əsasən, satılan mallarda sifarişçi tərəfindən düzgün istismar edilməsi şərti ilə zəmanət müddətlərində hər hansı qüsür və ya nasazlıq baş verdikdə onları təmir etmək və ya yenisi ilə əvəzləmək icraçının vəzifəsidir; 6.1-ci bəndinə görə, icraçı tərəfindən satılan mallara aşağıdakı müddətlərə zəmanət verilir: 6.1.1. Motor ve filitre - 2 il; 6.1.2. Suvarma sistemi boruları - 5 il; 6.1.3. diğer aksamlar - 2 il.

11. Müqavilənin 8.1-ci bəndinə görə, müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam olaraq icra etdiyi anadək qüvvədədir.

12. Müqaviləni hər iki tərəf imzalamış və müqavilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin möhürü ilə təsdiq edilmişdir.

13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (Agentlik) ilə "xxxx" ASC (Bank) arasında 10 mart 2020-ci il tarixdə Agentliyin vəsaitindən istifadəyə dair 01 nömrəli müqavilə bağlanmışdır.

14. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin predmetini qaydaya və bu müqaviləyə uyğun olaraq agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xətt(lər)i çərçivəsində vəsaitin ayrılması, müvəkkil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalanlara kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir.

15. Həmin müqavilənin 3.3-cü bəndinə görə, borcalanlar kreditlərin və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı borcalanların ilkin müraciətləri qeydiyyata alır və onlara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı müraciətlər üzrə təqdim edilmiş sənədlərin, kredit üzrə layihələrin ekspertizasını həyata keçirir, borcalanların öhdəliklərinin icra qabiliyyətini araşdırır.

16. Həmin müqavilənin 3.4-cü bəndinə görə, müvəkkil kredit təşkilatı müraciətləri müvafiq qaydada araşdırdıqdan sonra, müraciətin edildiyi tarixdən 15 (on beş) iş günündən gec olmayaraq kreditin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul edir, yaxud borcalanlara əsaslandırmış imtina məktubu göndərir (təqdim edir).

17. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertiasını həyata keçirir, ekspertiza üçün zəruri olduqda əlavə məlumatlar və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

18. Həmin müqavilənin 4.3.1-ci bəndinə görə, zəruri hallarda müvəkkil kredit təşkilatı ilə birlikdə borcalanların monitorinqini aparır; 4.3.2-cü bəndinə əsasən, borcalanlar tərəfin ödənilmiş aylıq ödənişlərin bu müqavilə üzrə müəyyən edilmiş qaydada vaxtında ödənilməsini tələb edir; 4.2.3-cü bəndinə görə, müvəkkil kredit təşkilatı borcalanların mütəmadi olaraq monitorinqini aparır və agentliyə bu barədə müvafiq rüblük hesabat təqdim edir; 4.3.2-ci bəndinə görə, borcalanlar tərəfin ödənilmiş aylıq ödənişlərin bu müqavilə üzrə müəyyən edilmiş qaydada vaxtında ödənilməsini tələb edir; 4.3.3-cü bəndinə əsasən, müvəkkil kredit təşkilatı tərəfindən vəsaitlərin geri ödənilməsi ilə bağlı öhdəliklər yerinə yetirilmədikdə müvafiq vəsaitin hesablanmış faizlərlə və cərimə məbləği ilə birlikdə müvəkkil bankın müxbir hesabatından silinməsi haqqında MB-yə ödəniş tələbnamə tapşırığı verir; 4.3.4-cü bəndinə əsasən, zərurət yarandıqda, müvəkkil kredit təşkilatından borcalanların kredit öhdəliklərinin dövriyyəsi, ödəniş qabilliyyəti və s. statistik məlumatları əks etdirən əlavə hesabatlar, sənədlər tələb edir; 4.3.5-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatının qayda və bu müqavilə üzrə müəyyən edilmiş şərtləri pozduğunu aşkar etdikdə, müvəkkil kredit təşkilatını dərhal layihədən kənarlaşdırılır; 4.3.6cı bəndinə əsasən, qayda və bu müqavilə ilə üzərinə götürdüyü vəzifələri lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi müvəkkil kredit təşkilatından tələb edir.

19. Həmin müqavilənin 7.1-ci bəndinə görə, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və qeyri-müəyyən müddətə qüvvədə qalır.

20. “Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” 28 aprel 2020-ci il tarixli iltizama əsasən, Ağaşirinov X3 vəsaiti hesabına ona verilən Türkiyə istehsalı olan 1 dəst “Masna Plastik” markalı damlama suvarma sistemini təyinatı üzrə istifadə edəcəyinə, texnikanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyinə, habelə texnikanı 5 il ərzində Azərbaycan Respublikasının hüdüdlarından kənara çıxarmayacağına və əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin mülkiyyətinə və ya hər hansı formada isifadəsinə verməyəcəyinə, sadalanan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə onunla bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edilməsi barədə öhdəlik götürmüş, iltizam Agentliyin möhürü ilə təsdiq edilmişdir.

21. 28 fevral 2020-ci il tarixli ödəniş tapşırığına görə, xx.xx.2020-ci il tarixli 01 saylı müqaviləyə əsasən damlama suvarma siteminin alınması və quraşdırılması üçün 51 000 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən Cavabdeh2 (Cavabdeh4 ASCnin Xaçmaz filialındakı) bank hesabına ödənilmişdir.

22. 26 fevral 2020-ci il tarixli təhvil-təslim aktında göstərilmişdir ki, 2020-ci ilin fevral ayında fərdi sahibkar Cavabdeh2 tərəfindən Cavabdeh1 məxsus Xaçmaz rayonu, Həbibkənd kəndində yerləşən 1,875088 ha və Yeni həyat qəsəbəsində yerləşən 21,009046 ha cəmi (22.884134 ha) torpaq sahəsinin 21,90 hektarında 91 000 manat dəyərində 1 dəst X8 quraşdırılaraq təhvil verilmiş və Cavabdeh1 təhvil almışdır. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

23. Cavabdeh4 ASC 04 may 2020-ci il tarixli M/22-2703 saylı məktubla Agentliyə müraciət edərək bildirmişdir ki, fiziki şəxs Cavabdeh1 tərəfindən Cavabdeh4 ASC-də cari hesab açılmış və həmin hesaba Türkiyə istehsalı olan 1 dəst “Masna Plastik” markalı damlama suvarma sisteminin alınması məqsədilə onun ümumi dəyəri olan 91 000 manat tam ödənilmişdir. Bunları nəzərə alaraq fiziki şəxs Cavabdeh1 həmin texnikaların gömrük dəyərinin 40%-i həcmində, yəni 36 389,52 manat subsidiyanın ayrılması məsələsinə baxılması xahiş edilmişdir.

24. Agentlik tərəfindən təqdim edilən Cavabdeh1 aid xx.xx.2020-ci il tarixindən 20 fevral 2024-cü il tarixədək olan məlumat xarakterli arayışdan (hesabdan çıxarış) görünür ki, Cavabdeh1 Cavabdeh4 ASC-nin Xaçmaz filialındakı bank hesabından 13 fevral 2020-ci il tarixli 01 saylı müqavilə üzrə 13 fevral 2020-ci il tarixində 40 000 manat pul köçürülmüş, 28 fevral 2020-ci il tarixində 51 000 manat, 07 iyul 2022-ci il tarixdə isə 36 389,52 manat məbləğində pul vəsaitləri hesaba daxil olmuşdur.

25. Azərbaycan Respublikasının Hesablama Palatasının 2023-cü il 01 fevral tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performan) auditinin nəticələrinə dair Auditor hesabtı”nda göstərilmişdir ki, Cavabdeh1 Xaçmaz rayonu, Həbibkənd kəndində və Yeni Həyat qəsəbəsində yerləşən təsərrüfatına baxış zamanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən damcılı suvarma sistemi avadanlığının adı, markası, buraxılış ili və cari vəziyyəti 2020-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuş, eləcə də həmin avadanlığın ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunması öz təsdiqini tapmamışdır.

26. Cavabdeh2 tərəfindən 91 000 manat dəyərində malın (X8) göndərilməsinə dair EBDD seriyalı 448829 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə Cavabdeh1 göndərilmişdir.

27. Fotoşəkillərdə torpaq sahəsində suvarma sistemlərinin (motor) quraşdırıldığı əks olunmuşdur.

28. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, 2-2(113)-852/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

29. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (iddiaçı) LPO Cavabdeh4 ASC-nə, Cavabdeh2 və Cavabdeh1 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə (Azərbaycan Respublikasının Hesablama Palatası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 13 fevral 2020-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 36 390 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın və 200 manat mediasiyaya xərcinin, yəni cəmi 37 090 manatın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ASC-in ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

30. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh1 kənd təsərrüfatı texnikasının – damcılı sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 36 390 manat məbləğində vəsait ayrılmış, vəsait müvəkkil kredit təşkilatı olmuş Cavabdeh4 ASC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi aparılmış, auditin gedişatında seçmə üsulla Cavabdeh1 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuş, həmçinin, hesabata əsasən damcılı suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturaların mövcudluğu müəyyən edilməmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 13 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə Agentliyə 36 390 manat ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı Cavabdeh4 ASC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh1 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən Agentliyə vurulmuş 36 390 manat məbləğində zərərin müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı olan Cavabdeh4 ASC-dən (bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan) də tutulmalıdır.

31. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndələri iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş, işin faktiki hallarına uyğun əsaslandırılan etirazda aşağıdakılar göstərilmişdir: “Cavabdeh2 Zəbuyulla oğlu ilə Cavabdeh1 arasında bağlanmış müqavilə etibarlı əqddir. Belə ki, malların Türkiyədən gətirilməsi gömrük bəyanamələri və həmin malların Cavabdeh1 təhvil verilməsi barədə təhvil-təslim aktı ilə təsdiq edilir. Bu baxımdan, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq Cavabdeh1 mallar təhvil verilmiş, o da öz növbəsində müvafiq ödənişi həyata keçirmişdir. Ayırılmış kredit vəsaiti ilə bağlı qeyd edirlər ki, həmin vəsait müvəkkil kredit təşkilatının və iddiaçı tərəfindən keçirilmiş ekspertiza əsasında müqavilənin və təhvil-təslim aktı yoxlanılmasından, eləcə də monitorinqdən sonra verilmişdir. Hazırda da həmin suvarma sistemləri bağ sahəsindədir və ehtiyac olarsa, yerli baxış da keçirilə bilər. Hesablama Palatası iki əsas məsələni, yəni damlama sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğun gəlmədiyini və alınmış avadanlığın elektron qaimələrinin olmadığını qeyd edir. Göründüyü kimi Hesablama Palatası avadanlıqların alındığını, həmin bağ sahələrində quraşdırıldığını və istismar olunduğunu təsdiq edir. Digər tərəfdən Hesablama Palatasının bağlarda seçmə üsulla monitorinqini mötəbər sübut olmamasını qeyd edirlər. Belə ki, Hesablama Palatası bütün mübahisəli bağ sahələrində yoxlama aparmayıb. Seçmə üsulla 2 şəxsə məxsus bağ sahəsində apardığı yoxlamanı formal olaraq bütün sahibkarlara şamil edib. Hesablama Palatasının arayışı bir daha təsdiq edir ki, bağ sahələrində damlama sulama sistemləri var və istismar edilir. Belə olduğu halda iddiaçının əqdin etibarsızlığını mübahisələndirməsi əsassızdır və sadəcə özünün məsuliyyətdən azad etmək məqsədi daşıyır. Həmçinin, iddiaçı və cavabdeh bank arasında bağlanmış müqavilənin şərtlərindən də göründüyü kimi borcalandan kredit vəsaitini qaytarmaq vəzifəsi bilavasitə müvəkkil kredit təşkilatı qismində cavabdeh banka aiddir. Bundan başqa həmin kreditin (maddi zərərin) alqı-satqı müqaviləsinin digər tərəfi olan satıcıdan da tələb edilməsi əsassızdır. Cavabdeh bank ilə kredit alan sahibkarlar arasında kreditin qaytarılmasında heç bir problem yoxdur və ayrılmış bütün kreditlər ödəmə qrafikinə uyğun olaraq gecikmə olmadan ödənilir”.

32. Birinci instansiya məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

33. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

33.1. Aqrar Kredit və İnkişaf Agentliyi mübahisəli alqı-satqı müqaviləsinin tərəfi olmadığından ilk növbədə onun həmin müqavilənin etibarsız hesab edilməsini tələb etmək hüququna malik olub-olmaması məsələsinə münasibətdə bildirilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, uydurma əqd heç bir hüquqi nəticə yaratmaq niyyəti olmadan görünüş üçün bağlanan əqddir. Qanunvericiliyin tələblərinə əsasən əqd o zaman uydurma hesab olunur ki, həmin əqd bağlanarkən hər iki tərəf əqdin yalnız görünüş üçün bağlandığını və heç bir hüquqi nəticələr yaratmayacağını anlamış olsun. Bu halda tərəflər həmin əqdin şərtlərinin icra edilməyəcəyi (və ya formal olaraq icra ediləcəyi) barədə əqd bağlanmamışdan əvvəl razılaşırlar. Digər tərəfdən uydurma əqd məqsədsiz olaraq bağlanmır, həmin əqdin bağlanmasının əsasında hər iki tərəfin müəyyən maraqları (əksər hallarda hüquqazidd maraqları) durur. Hazırkı halda işin mübahisəedilməyən halları isə ondan ibarətdir ki, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mübahisəli əqd əsasında həyata keçirilmiş damcılı suvarma sisteminin alışına güzəşt tətbiq edilərək 36 390 manat məbləğində güzəşt məbləği alıcı Cavabdeh1 ödənilmişdir. Odur ki, mübahisəli əqdin real hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmış uydurma əqd olması öz təsdiqini tapdığı halda həmin əqdin bağlanması nəticəsində məhz iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin qanuni mənafelərinin pozulması və sonuncuya maddi zərər vurulması şübhə doğurmur. Bu baxımdan Aqrar Kredit və İnkişaf Agentliyi əqd nəticəsində zərərçəkmiş şəxs qismində mübahisəli alqı-satqı müqaviləsinin uydurma əqd olması faktının məhkəmə tərəfindən müəyyən edilməsini tələb etməyə dair subyektiv hüquqa malikdir. 33.2. İddianın mahiyyətinə gəldikdə iddiaçı mübahisəli alqı-satqı müqaviləsinin uydurma əqd hesab edilməsi tələbinə dair iddiasının faktiki əsası kimi həmin alqı-satqı müqaviləsinin predmeti olmuş damcılı suvarma sisteminin satıcı tərəfindən alıcıya təqdim edilməməsinə istinad etmişdir. 33.3. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh tərəf mübahisəli alqı-satqı müqaviləsinə əsasən “Masna” markalı suvarma sisteminin alıcıya təqdim edilməsi faktını təsdiq etmək üçün satıcı tərəfindən həmin markalı suvarma sisteminin AR-ə gətirilməsini təsdiq edən gömrük bəyannaməsini, suvarma sisteminin satıcı tərəfindən alıcıya təhvil verilməsinə dair təhvil-təslim aktını, eləcə də avadanlığın quraşdırıldığını əks etdirən fotoşəkilləri məhkəməyə təqdim etmişdir. İddiaçı isə mübahisəli alqı-satqı müqaviləsi əsasında suvarma sisteminin təqdim edilməsi faktını təkzib etmək üçün Hesablama Palatasının nümayəndələrinin Cavabdeh1 təsərrüfatına keçirilmiş baxışın nəticəsi olaraq tərtib etdikləri akta istinad etmişdir. Həmin aktda cavabdehə məxsus təsərrüfatda mövcud olan damcılı suvarma sistemi avadanlığının adı, markası, buraxılış ili və cari vəziyyətinin mübahisəli alqı-satqı müqaviləsi üzrə alışa uyğun gəlməməsi, eləcə də mübahisəli alqısatqı müqaviləsi üzrə satıcı tərəfindən elektron qaimə-fakturanın göndərilməməsi qeyd edilmişdir. 33.4. Mübahisəli alqı-satqı müqaviləsi üzrə elektron qaimə-fakturanın göndərilməməsi barədə iddiaçının dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarından mübahisəli alqı-satqı müqaviləsi üzrə elektron qaimənin 2023-cü ildə, yəni alqı-satqının həyata keçirildiyi vaxtdan 3 il sonra göndərilməsi, belə olan halda 2022ci ildə - Hesablama Palatası tərəfindən akt tərtib edildiyi dövrdə mübahisəli müqavilə üzrə elektron qaimə-fakturanın həqiqətən də mövcud olmaması müəyyən edilir. 33.5. Elektron qaimə-fakturalar vergi ödəyiciləri tərəfindən malların təqdim edilməsini deyil, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi və s.) əməliyyatı barədə məlumatın elektron vergi sisteminə daxil edilməklə rəsmiləşdirilməsini təsdiq edən sənəddir. Bu baxımdan alqı-satqı əməliyyatı üzrə elektron qaimə-fakturanın göndərilməməsi (və ya vaxtında göndərilməsi) yalnız satıcı tərəfindən müvafiq rəsmiləşdirmə aparılmamaqla vergi qanunvericiliyinin tələblərinin pozulmasına dəlalət edir. Odur ki, elektron qaimə-fakturanın göndərilməməsi faktı özü-özlüyündə mübahisəli alqısatqı müqaviləsi üzrə malın alıcıya təqdim edilməməsini, eləcə də alqı-satqı müqaviləsinin uydurma əqd olmasını təsdiq etmir. 33.6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hesablama Palatasının nümayəndələri tərəfindən Cavabdeh1 təsərrüfatına keçirilmiş baxışın nəticələrinə dair tərtib edilmiş akta və həmin aktda müəyyən edilmiş hallara (təsərrüfatda quraşdırılmış suvarma avadanlığının markası,adı və buraxılış ilinin mübahisəli müqavilə üzrə alınmış avadanlığa uyğun gəlməməsi) münasibətdə isə məhkəmə qeyd edir ki, birincisi, Cavabdeh1 nəinki sözügedən aktda müəyyən edilmiş halların həqiqətə uyğunluğunu, hətta ona məxsus təsərrüfatda Hesablama Palatasının nümayəndələri tərəfindən baxış keçirilməsi faktının özünü də inkar edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri isə cavabdehə məxsus təsərrüfatına nümayəndələri tərəfindən baxışın keçirilməsi faktını təsdiq edən sübut qismində yalnız cavabdehin iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş akta istinad etmiş, baxışın keçirilməsini və onun nəticələrini təsdiq edə biləcək foto və video görüntüləri məhkəməyə təqdim etməmiş, eləcə də Qusar rayonu, Suvacal kəndində baxış keçirdikləri təsərrüfatın məhz cavabdehə məxsus təsərrüfat olmasını hansı üsulla müəyyənləşdirdiklərini (məsələn, təsərrüfatın yerləşdiyi ərazini onlara kimin göstərdiyini və s.) izah edə bilməmişlər. Odur ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən baxışın keçirildiyi bağ sahəsinin məhz cavabdehə məxsus bağ sahəsi olmasını barədə əsaslı nəticəyə gəlmək qeyri-mümkündür. İkincisi, Hesablama Palatasının nümayəndələri tərəfindən tərtib edilmiş aktda təsərrüfatda damcılı suvarma sisteminin, ümumiyyətlə, aşkar edilməməsi göstərilməmiş, əksinə təsərrüratda damcılı suvarma sisteminin quraşdırıldığı, lakin quraşdırılmış sistemin markası, adı, buraxılış ilinin, cari vəziyyətinin mübahisəli müqavilə üzrə alınmış suvarma sisteminin göstəricilərinə uyğun gəlmədiyi qeyd edilmişdir. 33.7. Əvvəla qeyd olunmalıdır ki, mübahisəli alqı-satqı müqaviləsində alqı-satqının predmeti olmuş damcılı suvarma sisteminin markası, adı, buraxılış ili ümumiyyətlə göstərilməmişdir. Alqı-satqı ilə bağlı digər sənədlərə (Cavabdeh1 tərəfinddən verilmiş iltizamda və s.)əsasən isə yalnız mübahisəli alqı-satqının predmeti olmuş suvarma sisteminin Türkiyə İstehsalı olan “Masna” markalı olması müəyyən edilir, həmin suvarma sisteminin modeli və buraxılış ili isə müəyyənləşdirilmir. Odur ki, Hesablama Palatasının nümayəndələrinin hansı sənədlərə istinadən baxış keçirdikləri təsərrüfatda aşkar edilmiş suvarma sisteminin adı, buraxılış ilinin, eləcə də cari vəziyyətinin mübahisəli alqı-satqının predmeti olmuş suvarma sisteminin adına və buraxılış ilinə uyğun olmaması barədə nəticəyə gəlmələri aydın deyildir. Digər tərəfdən Hesablama Palatasının nümayəndələri tərəfindən tərtib edilmiş aktda təsərrüfatda faktiki aşkar edilmiş suvarma sisteminin hansı markaya aid olması, buraxılış ili, vəziyyəti də konkret göstərilməmişdir. Bundan əlavə təsərrüfatda quraşdırılmış damcılı suvarma sisteminin markasına gəldikdə qeyd edilməlidir ki, aktda göstərildiyi kimi tərərrüfatda Masna markalı suvarma sisteminin deyil, digər markalı suvarma sisteminin quraşdırılması ehtimal edilsə belə həmin hal iddianın əsaslı hesab edilməsi üçün kifayət etmir. Belə ki, göstərilən hal mübahisəli alqı-satqı müqaviləsinə əsasən suvarma sisteminin ümumiyyətlə təqdim edilməməsinə deyil, təqdim edilməli olan Masna markalı suvarma sisteminin əvəzinə digər markalı suvarma sisteminin təqdim edilməsinə dəlalət edə bilər ki, bu isə müqavilənin görünüş üçün bağlanmaqla uydurma əqd olması barədə iddiaçının dəlillərini faktiki olaraq təkzib edir. Bundan əlavə, sonuncu məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri tərəfindən verilmiş izahatda AKİA-nın nümayəndələri tərəfindən 2024-cü ilin avqustunda mübahisəli bağ sahəsinə keçirilmiş baxış zamanı təsərüfatında mübahisəli suvarma sisteminin quraşdırılmasının aşkar edilməsini təsdiq etmişdir. Beləliklə, mübahisəli alqısatqı müqaviləsinin əqdə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanması iş materiallarına əsasən müəyyən edilmədiyindən əqdin etibarsız hesab edilməsinə dair hissədə iddia rədd edilməlidir . 33.8. İddianın vurulmuş maddi zərərin əvəzi olaraq pulun tutulmasına dair hissəsinə gəldikdə, iddiaçı həmin hissədə iddiasını Cavabdeh1 və Cavabdeh2 uydurma alqı-satqı müqaviləsi bağlamaqla onu aldatmaları; LPO "xxxx" ASC-nin isə güzəştin ayrılması üçün Cavabdeh1 tərəfindən təqdim edilmiş sənədlərin ekspertizasını lazimi qaydada aparmadığından mübahisəli əqdin uydurma olmasını aşkar etməməsi, bunun nəticəsində ona maddi zərər vurulması ilə əsaslandırmışdır. 33.9. Odur ki, işin yuxarıda göstərilən halları ilə mübahisəli alqı-satqı müqaviləsinin uydurma əqd olması və belə olan halda cavabdehlər tərəfindən iddiaçıya zərər vurulmasına səbəb olan təqsirli hüquqazidd əməllərə yol verilməsi öz təsdiqini tapmadığından maddi zərərin əvəzi olaraq pulun tutulması hissəsində də iddia əsassız olmaqla rədd edilməlidir.

34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 337, 340, 1096, 1097-ci maddələri ilə əsaslandırmışdır.

35. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, məhkəmənin müqavilənin etibarsızlığı ilə bağlı düzgün nəticəyə gəlmədiyi və cavabdehlərə qarşı pul tələbini təmin etməməklə bağlı əsassız nəticəyə gəlməsi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

36. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apelyasiya baxışı, izahatlar

37. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdeh LPO Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər.

38. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs – Azərbaycan Respublikasının Hesablama Palatasının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, vəsaitin dövlət büdcəsinə qaytarılmalı olduğunu bildirmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

40. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

41. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

44. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

45. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

46. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında” Əsasnamə

47. Maddə 1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.

48. Maddə 3.0.1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydası

49. Maddə 1.3. Güzəştli maliyyələşmələrin, o cümlədən kreditlərin, lizinq vəsaitinin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına (bundan sonra – sahibkarlıq subyektləri) çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir.

50. Maddə 4.1. Sahibkarlıq subyektləri kreditlərin, lizinq vəsaitinin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin, lizinq vəsaitlərinin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).

51. Maddə 4.2. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir.

52. Maddə 4.3. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

53. Maddə 7.1. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir.

54. Maddə 7.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

62. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

63. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

64. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

65. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, yəni elektron qaiməfakturalarının mövcud olmaması, gömrük bəyanamələrinin müqavilədən öncə tərtib edilməsi, eləcə də Hesablama Palatasının aktı ilə malların faktiki olaraq mövcud olmaması barədə dəlilləri iddia ərizəsindəki əsaslarla eynidir. Birinci instansiya məhkəməsi təqdim olunan sübutları düzgün araşdıraraq, 13 fevral 2020-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin etibarlı əqd olması nəticəsinə gəlmişdir.

66. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər”.

67. Hazırkı mübahisə üzrə də birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən dəlilləri Konstitusiya Məhkəməsinin istinad edilən qərarına uyğun olaraq qarşılıqlı təhlil etmişdir.

68. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz

69. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-856/2024 saylı iş üzrə 29 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar