Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-114/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin Cavabdeh qarşı (VÖEN **********) «kredit müqaviləsinə xitam verilməsi, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair» iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1360/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı bank olmayan kredit təşkilatı (BOKT) ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 2019/00147-01 saylı kredit müqaviləsinin ləğv edilməsi; -Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixə yaranmış, 39.950 ABŞ dolları məbləğində qalıq borcu, ona hesablanmış 5272,74 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6831,45 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi, 52.054,19 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması; -tələbin Cavabdeh məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına 39.950 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 5.272,74 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.831,45 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 52.054,19 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı BOKT ASC -yə ödənilməsi; - ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması – barədə qətnamə qəbul edilməsini xahiş etmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1360/2019 saylı xx.xx.2019cu il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, «İpoteka haqqında» Qanuna edilmiş dəyişiklikdə ipoteka predmetinə tutmanın yönəldilməsinin yeni qaydası və tutmanın notariusun icra qeydi əsasında aparılması məcburiliyi yoxdur. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır. İddiaçının tələbin tutmaya yönəltmək hüququnu qadağan etmək olmaz. Əks yanaşma iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququnu əsassız olaraq məhdudlaşdıra bilər. Qanunvericilik heç də məhkəmə qərarı əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi hüququndan birdəfəlik imtina etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayəti dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə olan ünvanı üzrə poçt vasitəsilə cavabdehə göndərilmiş məhkəmə bildirişi «köçüb» qeydi ilə geri qaytarılmış, Azərbaycan Mülki Prosessual Məcəlləsinin («MPM») 146 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, prosessual qanunvericiliyin tələblərini nəzərə alıb belə hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən aşağıdakılara əsaslanmışdır: «…İddiaçı Bank olmayan kredit təşkilatı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdehin ipoteka predmeti olan əmlakdan çıxarılması tələbinə dair iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, xx xxxxxx 2018-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, həmin qanun xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. “İpoteka haqqında” qanuna edilmiş yuxarıda göstərilən dəyişikliklərlə həmin Qanunun “Məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsi” adlanan 39cu maddəsinin adı və məzmunu dəyişilmiş, həmin maddənin 1-ci bəndində əks olunmuş ipoteka saxlayanın ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnu təsbit edən norma qanundan çıxarılmış, eyni zamanda qanunun 37 və 38-ci maddələrinə dəyişiklik edilərək ipoteka predmetinə tutma yönəldilməsi qaydası aşağıdakı kimi müəyyən edilmişdir: 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. Göründüyü kimi, “İpoteka haqqında” qanuna edilmiş və xx.xx.2018-ci il tarixdən qüvvədə olan dəyişiklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası dəyişilərək tutmanın yönəldilməsinin ipoteka saxlayanın müraciətinə əsasən notariusun icra qeydi əsasında həyata keçirilməli olması və yalnız ipoteka qoyan və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verdiyi halda ipotekaya tutma yönəldilməsi məsələsinə məhkəmə qaydasında baxılmalı olması müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərlə ipoteka predmetinə tutma yönəldilməsinin məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında həyata keçirilməli olması müəyyən edildiyindən və ipoteka saxlayanın eyniməzmunlu tələbinə məhkəmədə baxılması istisna edildiyindən ipotekaya tutma yönəldilməsini təmin etmək məqsədilə qaldırılan digər yardımçı tələblərə (borcun tutulması, müqavilənin ləğv edilməsi) məhkəmədə baxılması zərurəti də faktiki olaraq aradan qalxmışdır. Belə olan halda məhkəmə hazırkı mübahisənin predmetləri olan xx xxx 2019-cu il tarixli, 2019/00147-01 saylı kredit müqaviləsinin və həmin tarixli, 2019/00147-01İP saylı sonrakı ipoteka müqaviləsinin yuxarıda göstərilən qanun qüvvəyə mindikdən sonra bağlandığını nəzərə alaraq hesab edir ki, həmin iddiaya məhkəmədə baxılmalı deyil.» Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən «İpoteka haqqında» Qanuna edilən həmin dəyişiklik və əlavələrlə bağlı qeyd olunsa da, son nəticədə məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, məhkəmə bu nəticəyə gələrkən iddiaçının – «tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 2019/00147-01 saylı kredit müqaviləsinin ləğv edilməsi» ilə bağlı birinci tələbinin mahiyyətinə varmamış, bununla bağlı məsələyə aydınlıq gətirməmiş, dolayısı ilə müqavilənin ləğv məsələsinin də notariusun icra qeydi əsasında həyata keçirilməsinə aid etmişdir. Halbuki, «İpoteka haqqında» Qanunun qeyd olunan yeni normalarının yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi məsələlərini təmzilədiyi aydın görünür. Kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı tərəflər arasında yaranmış mübahisədən irəli gələn məsələlərin həlli qaydası isə yalnız mülki və mülki prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilməsi mümkünlüyündən söhbət gedə bilər. Belə ki, Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd olunan tələbləri baxımından, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi məsələsi onlar arasında razılaşma yolu ilə həll edilmədiyi təqdirdə, məsələnin məhkəmə qaydasında həll edilir. Birinci instansiya məhkəməsi isə qeyd olunanlara diqqət yetirməmiş, bütün bunlar isə son nəticədə məhkəmənin düzgün olmayan qərardad qəbul etməsinə gətirib çıxarmışdır. Belə olan halda, MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmə qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1360/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 400, 402-406-cı maddələrinin qüvvədə olan müddəalarını rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1360/2019 saylı xx.xx.2019cu il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-114/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-114/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver