Məhkəmə qərarları › İş №2-2(103)-114/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-114/2021

03.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-114/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə (MTK) qarşı dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)- 561/2020 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MTK-nın xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 850.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 850.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "Cavabdeh" MTK Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh buna baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019-cu il tarixə yaranan 2209776,19 manat borcuna görə 850.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019-cu il tarixli, **********8 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019- cu il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 850000 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-561/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh siyahıya alınmış 850000 manat məbləğində əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh dövlət büdcəsinə 850000 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumunun tutulması, vəsaitin qalan hissəsinin Cavabdehnə qaytarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-561/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, qətnamə müəssisəyə poçt vasitəsi ilə çatdırıldığı halda, heç bir məhkəmə bildirişləri rəsmi olaraq müəssisəyə təqdim edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh MTK-nın “Elektron kabineti” mövcud deyildir. Digər tərəfdən nə elektron poçta, nə də telefona heç bir SMS-lə məhkəmə bildirişi göndərilməmişdir. Məhz bu səbəbə görə də məhkəmə bildirişləri müəssisəyə poçt vasitəsi ilə çatdırıldığı təqdirdə onlar rəsmi verilmiş hesab edilə bilər. İşə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, sonradan xx.xx.2021-ci il tarixə təxirə salınmış, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-561/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MTK-ya vergi borcunun 5 gün müddətində ödənilməsi tələbi ilə bağlı xx xxxx 2019-cu il tarixli, **********683000 saylı bildiriş göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir Cavabdehin iş materiallarına əlavə edilmiş şəxsi vərəqəsində onun dövlət büdcəsinə 2.430.885,62 manat borcu olduğu öz əksini tapmışdır. İşdə olan vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2019-cu il tarixli, **********8 nömrəli qərardan görünür ki, Cavabdeh MTK vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakı siyahıya alınmışdır. Əmlakın siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli protokoldan və əlavə edilmiş siyahıdan görünür ki, siyahıya alınmış əmlak Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli və M.İbrahimov küçələrinin kəsişməsində yerləşən Cavabdeh MTK tərəfindən tikilmiş binanın 3-cü mərtəbəsində yerləşən sahəsi 850 kv.m olan qeyri-yaşayış sahəsidir. İşin hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmiş, lakin borcun ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə işin faktiki hallarına və qeyd edilən normaların tələblərinə uyğundur. Cavabdeh apelyasiya şikayətində məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulduğu, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün zəruri tədbirlər görülmədiyi göstərilmişdir. Apelyasiya şikayətinin bu dəlilinin əsassız olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarının 16-cı, 29-cu vərəqinə əlavə edilmiş SMS xəbərdarlıqla bağlı bildirişdən, 74-75-ci vərəqlərindəki məhkəmə sənədlərinin göndərilməsi barədə reyestrdən və poçt göndərişlərinin izlənməsi barədə sənəddən görünür ki, cavabdehə məhkəmə iclaslarının vaxtı barədə rəsmi məlumat verilsə də, cavabdeh nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsində nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2-2 (113)-561/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-561/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar