Məhkəmə qərarları › İş №2-2(103)-114/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-114/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-114/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3007/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbi iddiasına dair sadələşdirilmiş icraat üzrə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, 6.900 manat məbləğində əsas, 1.242 manat məbləğində ƏDV və 800 manat məbləğində cərimə borcu, cəmi 8.942 manat məbləğində icarə haqqı borcu, habelə 100 manat məbləğində mediasiya xərclərinin və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində İddiaçı MMC (icarəyə verən) və Cavabdeh MMC (icarəçi) arasında bağlanan 202139 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsinə əsasən icarəyə verən icarəçiyə binanın 22-ci mərtəbəsində yerləşən 150 m2 sahəni icarəyə verir, icarəçi isə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3450 manat+18% ƏDV olmaqla toplam 41.400 manat+18% ƏDV 12 aylıq avans icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.2-ci maddəsinin (a) bəndinə əsasən, icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin 5.1-ci maddəsinə əsasən, “icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizini ödəməlidir. Müqavilənin 9-cu maddəsinə əsasən, icarə haqqı icarəyə verən tərəfindən hesab-faturanın icarəçiyə göndərildiyi gündən 10 gün ərzində ödənilməlidir. İddiaçı MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib ofis sahəsini icarəyə verməsinə baxmayaraq Cavabdeh MMC üzərinə düşən öhdəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2021-ci il tarixli 202139 saylı müqavilə üzrə 8.142 manat ödənilməmiş borcu yaranmışdır. Bu barədə Cavabdeh MMC-yə dəfələrlə məlumat verməyinə baxmayaraq icarəçinin hələ də müqavilə üzrə 8.142 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 800 manat olmaqla, cəmi 8.942 manat borcu qalmışdır. Elektron qaimələrin siyahısından və bank hesabından çıxarışlardan görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri mövcud olmuşdur və cavabdeh - 569544 və 569545 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimələr üzrə cavabdeh tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üçün 41.400 manat+18% ƏDV olmaqla cəmi 48.852 manat icarə haqqı ödənilmişdir; - 455301 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2022-ci il iyun ayı üçün 3.450 manat+18% ƏDV olmaqla cəmi 4.071 manat icarə haqqı ödənilmişdir. Ümumilikdə cavabdeh tərəfindən 61.065 manat icarə haqqı ödənilməli olduğu halda cəmi 52.923 manat məbləğində icarə haqqı ödənilmiş və cavabdehin ödənilməmiş 8.142 manat icarə haqqı borcu qalmışdır. 442593 saylı, xx.xx.2022-ci il tarixli iyul-avqust ayları üçün elektron qaimə üzrə isə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Hazırki müqavilə üzrə elektron qaimələr və hesab kartından göründüyü kimi Cavabdeh MMC-nin 2022-ci ilin iyul, avqust ayları olmaqla 2 ay üçün (iyul – 3.450 manat əsas borc+ 621 manat ƏDV= 4.071 manat, avqust – 3.450 manat əsas borc+ 621 manat ƏDV = 4.071 manat) cəmi 6.900 manat əsas borc, 1.242 manat ƏDV borcu, ümumilikdə 6.900+1.242= 8.142 manat icarə haqqı borcu mövcuddur. Əlavə olaraq, hazırkı müqavilənin 5.1-ci maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizini ödəməlidir. Belə ki, Cavabdeh MMCnin icarə haqqını gecikdirməyə görə 800 manat cərimə borcu vardır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşləri, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmayıb. Əlavə olaraq bildirmək istəyirlər ki, cavabdehlə icarə münasibətləri 2022-ci ilin sentyabr ayından sonlandırılmış, qeyd olunan tarixdən cavabdeh ofis sahəsini tərk etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3007/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsi iddia icraatına keçirilmişdir.

4. Cavabdeh MMC iddiaya etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında icarə müqaviləsi xx.xx.2021-ci il tarixində bağlanmışdır. Həmin müqavilə xx.xx.2022-ci il tarixinə qədər faktiki icra olunmuş, 2022-ci ilin may ayının sonunda şirkətləri icarə obyektini tərk etmişdir. Bu səbəbdən də müqavilənin müddətinin uzadılması ilə əlaqədar tərəflərindən heç bir addım atılmamış, buna zərurət olmamışdır. Cavabdeh tərəfindən rəsmi bildirirş və ya məktub verilməməsi səbəbilə müqavilənin müddətinin uzadılmasına dair iddiaçının mülahizəsi əsassızdır. Belə ki, sentyabr ayından ofisdən başqa icarəçi stifadə edir. Müqavilə uzadılsa idi sentyabrda başqa müştəri ilə icarə müqaviləsi bağlanmazdı. Son əşyalarını 2022-ci ilin iyun ayının əvvəllərində icarə obyektindən çıxarıldığından iddiaçı tərəfindən onlara güzəşt edilməmiş, 2022-ci ilin iyun ayı üzrə də icarə haqqı tələb edilmişdir. Onlar da xoş məram göstərib mübahisənin yaranmasını istəmədiklərinə görə həmin xx.xx.2022-ci il tarixli 455301 saylı elektron qaimə üzrə 3.450 manat pul vəsaitini ödəmişlər. Şirkətlərinin işçiləri 2022-ci ilin iyun ayının 5-indən etibarən icarə obyektinə daxil olmamışlar. 2022-ci ilin iyul və avqust aylarında nə şirkətlərinin direktoru Qanuni nümayəndə, nə də digər işçiləri ümumiyyətlə daxil olmamışdır. Bunun müəyyən etmək üçün iddiaçı giriş-çıxışların qeydiyyat sistemindən çıxarış təqdim etməklə təsdiq edə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı hər ayın ilk günləri icarə haqqının ödənilməsi üçün elektor-qaimələr kəsmişdir. Beləliklə, şirkətləri müqavilənin ilk günü və son günü kəsilmiş elektorn qaimələri ödəmiş, müqavilə üzrə iddiaçıya borclu qalmamışdır. Lakin iddiaçı vicdanlılıq prinsipini pozaraq müqavilənin icra müddəti bitdikdən sonrakı dövrün iki ayı üzrə 6 ay keçdikdən sonra yeni elektron qaimə kəsmişdir. Şirkətlərinin belə bir öhdəliyi mövcud olmamışdır, ola da bilməzdi. Belə ki, icarə müqaviləsinin uzadılması barədə tərəflərin iradə ifadəsi mövcud olmamışdır. Göründüyü kimi icarə müddəti müəyyənləşdirilib və müddət bitdikdən sonra icarə münasibətləri də bitib. Sonrakı aylara görə icarə haqqı tələb etmək qanunsuz və əsassızdır. Beləliklə, şirkətin iddiaçıya heç bir borcu yoxdur.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3007/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən ƏDV daxil 8142 manat məbləğində icarə haqqı borcu, 400 manat məbləğində dəbbə pulu, cəmi 8542 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 95 manat, dövlət rüsumunun əvəzi olaraq 2 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilədən göründüyü kimi o, notariat qaydasında təsdiqlənməmişdir. Halbuki, maddi Hüquq norması daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməsini imperativ qaydada tələb edir. Beləliklə, icarə müqaviləsi etibarsızdır. Birinci instansiya məhkəməsi bu məsələyə diqqət etməmişdir. birinci instansiya məhkəməsi icarə müqaviləsinin etibarlı olub-olmamasını aydınlaşdırmamışdır. İşdən göründüyü kimi icarə müqaviləsi etibarlı olmamışdır. Müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmamışdır. Belə olsaydı, cavabdeh iddiaçıdan 06, 07 və 08-ci ayların icarə haqqını deyil, “yeni icarə ili”nin digər aylarına görə icarə haqqını da tələb edərdi. Göründüyü kimi iddiaçı bunu etməmiş, hətta həmin icarə sahəsinin başqa şəxsə icarəyə verdiyini də etiraf edir. Halbuki, iş materiallarında iddiaçı ilə cavabdeh arasında qeyrinotarial bağlanmış icarə müqaviləsinin xitamı barədə razılaşma yoxdur. Bu fakt onu göstərir ki, icarə münasibətləri müqavilənin müddəti bitdikdən sonra uzadılmamışdır. Birinci instansiya məhkəməsi bu maddi hüquq normasını tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi öz növbəsində, icarə müqaviləsinin uzadılmasını da qətnamədə göstərməmişdir. Maddi hüquq normasının dispozisiya şərtinə görə, icarə müqaviləsi hərəkətsizliklə də uzadıla bilər. Uzanmış icarə müqaviləsi növbəti icarə ilinin sonuna qədər uzadılmış hesab olunur. Lakin hazırki işin hallarından icarə müqasinbətlərinin konkret hansı tarixə qədər uzanması müəyyən olunmur. İş materiallarında olan elektron qaimlərdən də görünür ki, 2022-ci ilin iyul və avqust ayları üzrə elektron qaimələr 2022-ci ilin dekabr ayında kəsilmişdir. Halbuki, bütün digər e-qaimələri iddiaçı çox qısa müddətə təqdim edib və bu iş materialları ilə təsdiq olunur. Beləliklə, icarə müqaviləsi notarial formada bağlanmadığına görə etibarsız olmuş, cavabdeh icarə müqaviləsinin uzadılmasına təşəbbüs göstərməmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normasını tətbiq etməmişdir. Buna görə də hesab edirik ki, qətnamə ləğv olunmalıdır. Belə ki, icarə müqaviləsi bağlanan zaman onun qanunvericiliklə məcburi hesab olunan forma şərtinə əməl olunması məsələsinə münasibət bildirməmişdir. Bir halda ki, birinci instansiya məhkəməsi icarə müqaviləsini etibarlı saymış, onun icra müddətinin susmaqla 01 iyun 2022-ci il tarixindən 31 may 2023-cü il tarixinə qədər uzadılması fikri ilə razılaşmışdır. Əks halda iddia tələbi təmin oluna bilməzdi. Belə olan halda birinci instansiya məhkəməsi “2-ci icarə ili”nin hansı səbəbdən cəmi 3 ay olması halını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh 2022-ci ilin iyul və avqust ayları üzrə icarə haqqı ödəmək öhdəliyi daşımışdır. Bunu sübut etmək üçün ortada etibarlı icarə müqaviləsi və müqavilə müddətindən kənar müddətə aid aylarda cavabdehin həqiqətən də icarə sahəsində qalması sübut olunmalı idi. İş materiallarından görünür ki, belə sübutlar mövcud deyil. Əksinə, məhkəmə baxışında dindirilmiş şahidin ifadələrindən müəyyən olunmuşdur ki, cavabdeh icarə sahəsini məhz icarə müqaviləsinin sonunda tərk etmişdir. İcarə müqaviləsinin etibarsız olması onu göstərir ki, sözü gedən hal qeyri-mötəbər sübutlar əsasında müəyyən olunmuşdur. Bundan savayı sübut növlərindən biri olan şahid ifadəsinin hansı səbəbdən qeyri-mötəbər hesab olunması da qətnamədə açıqlanmamışdır. Birinci instansiya məhkəməsi icarə müqaviləsinin notarial formada bağlanmamasını, etibarlı hesab etdiyi icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixində susma əsasında uzadılması, cavabdehin icarə sahəsində 2022-ci ilin iyul və avqust aylarında qalması barədə gəldiyi nəticə işin hallarına uyğun deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

17. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

21. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində əsaslıdır.

24. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 202139 nömrəli ofis sahəsinə dair icarə müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1025, Xocalı prospekti 37, ünvanında yerləşən “Demirçi Tower”-də əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında icarəçiyə verir.

25. Həmin müqavilənin 4.2-ci (a) bəndinə əsasən icarəçi əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir.

26. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 (bir) faizini ödəməlidir.

27. Həmin müqavilənin 8.1-ci bəndinə görə müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilədək qüvvədədir.

28. Həmin müqavilənin 8.2-ci bəndinə görə tərəflərdən biri, digərinə icarə müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidirlər. Əks halda müqavilənin müddəti 1 (bir) il daha uzadılmış hesab olunur.

29. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən icarəçi əalvə 1-də göstərilən məbləği icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. 9.2-ci bəndinə əsasən icarə haqqı, icarəyə verən tərəfindən hesab-fakturanın icarəçiyə göndərildiyi gündən 10 (on) gün ərzində ödənilməlidir.

30. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

31. xx.xx.2021-ci il tarixli 202139 nömrəli ofis sahəsinə dair icarə müqaviləsinin 1 nömrəli əlavəsinin 1.1-ci bəndinə əsasən icarəyə verən, binanın 22-ci mərtəbəsində yerləşən 150 m2 sahəni icarəçiyə icarəyə verir.

32. Əlavənin 2.1-ci bəndinə əssən icarəçi xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 3.450 manat+18%ƏDV olmaqla toplam 41.400 manat+18%ƏDV 12 aylıq avans icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Ödəniş hesab faktura təqdim olunan gündən 10 gün ərzində nəğd və ya köçürmə yolu ilə ödənilməlidir.

33. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

34. xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixləri arası dövrlərdə aparılmış “whatsapp” yazışmalarından görünür ki, həmin dövrlərdə “Tahir” (cavabdehin qanuni təmsilçi Tahir Daqdaşov) adlı şəxs “Nigar” (iddiaçının işçisi) adlı şəxsə bildirmişdir ki, mühasiblə danışmış, iyun ayını bu gün ən geci sabah günortaya qədər ödəyəcəyini, amma yerdə qalanı məbləğin ödənilməsinin 2-3 gün çəkəcəyini, mühasib hesaba mədaxil etməli olmasını və onun üçün 4-cü gün banka gedəcəyini bildirmişdir. Həmçinin yazışmalardan o da görünür ki, “Tahir” adlı şəxs “Nigar” adlı şəxsə digər 2 ayın ödənişi ilə bağlı məlumatın verilməsinə cavab olaraq bildirmişdir ki, mühasiblə danışmış və qalan ödənişləri növbəti həftənin 1-ci yarısı hamısını bağlanacağını söz vermişdir. xx.xx.2022-ci il tarixdə isə “Tahir” adlı şəxs “Nigar” adlı şəxsə növbəti ödənişin həll olunacağını, xx.xx.2022-ci il tarixdə isə “Nigar” adlı şəxs “Tahir” adlı şəxsə ödənişin daxil olmadığını bildirmişdir.

35. İddiaçı MMC-nin Cavabdeh MMC arasında olan xx.xx.2018-xx.xx.2023-cü il tarixli dövrü əhatə edən hesabdan çıxarış (карточка счета) məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2021-ci ilin iyun ayından etibarən 2022-ci ilin iyun ayı daxil ödənişlər edilsə də 2022-ci ilin iyul-avqust aylarının icarə haqqısı olan 8.142 manat vəsait Cavabdeh MMC tərəfindən tərəfindən İddiaçı MMC-nin hesabına köçürülməyib.

36. X1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də mühasib vəzifəsində çalışırdı. Həmin vaxt ofis Dəmirçi Plazada yerləşirdi. İyun ayının əvvəli və may ayının sonu onlar obyektdən çıxdılar. İ.Babayev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, iyun ayından noyabr ayınadək o mühasib kimi iddiaçıya ödəniş etmirdi. Daha sonra şirkətin direktoru iyun ayında 1-2 gün ofisdən istifadə etdikləri üçün həmin ay üçün ödəniş etməyini tapşırdı. İddiaçı ilə əlaqə olmadığı və həmin vaxt artıq şirkət fəaliyyət göstərmədiyi üçün elektron kabineti yoxlamırdı. Həmin vaxt üçün elektron qaimə gözləmirdi. Bu səbəblə iddiaçının göndərdiyi elektron qaiməni görməmiş və o sistem tərəfindən təsdiqlənmişdir. Bütün işçilər iyun ayının əvvəli ofisdən çıxdı.

37. Hazırkı işdən müəyyən olunur ki, İddiaçı MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib ofis sahəsini icarəyə verməsinə baxmayaraq Cavabdeh MMC üzərinə düşən öhdəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2021-ci il tarixli 202139 saylı müqavilə üzrə 8.142 manat ödənilməmiş borcu yaranmışdır.

38. xx.xx.2021-ci il tarixli 202139 nömrəli ofis sahəsinə dair icarə müqaviləsinin müddəti ilə bağlı qeyd edilməlidir ki, tərəflərin hər hansı biri qarşı tərəfə müqavilə münasibətlərinə xitam verilməsi barədə bildiriş göndərmədiyindən müqavilə müddəti müqavilənin 8.2-ci bəndinə əsasən avtomatik olaraq uzadılmışdır.

39. Cavabdeh sözügedən icarə sahəsinin 2022-ci ilin iyun ayının 5-indən etibarən boşaldılmasını bildirsə də, həmin halı təsdiq edən sübutları (təhvil-təslim aktı və s.) məhkəməyə təqdim etməmişdir.

40. Şahid ifadəsi ilə bağlı qeyd edilməldir ki, digər sübutlarla yanaşı yoxlanılması və qiymətləndirilməsi nəticəsində həmin ifadənin cavabdehin sözügedən icarə sahəsini 2022ci ilin iyun ayının əvvəlində tərk etməsini müəyyən etmək üçün yetərli olmadığı qənaəti yaranmışdır. Eləcə də, şahid cavabdeh şirkətlə əməkdaşlıq etmiş şəxs olmaqla işin nəticəsində maraqlı olduğundan, onun verdiyi ifadələr digər sübutlarla ziddiyyət təşkil etmişdir.

41. Kollegiya qeyd edir ki, elektron qaimələr faktiki olaraq cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir (düzəliş edilməmiş və ya ləğv edilməmişdir).

42. 2022-ci ilin iyul və avqust ayları üçün elektron qaimənin noyabr ayında göndərilməsi barədə cavabdehin dəlilinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, birincisi, qaimənin bir neçə ay gec göndərilməsi həmin qaimənin barəsində tərtib edildiyi xidmətlərin həqiqətdə göstərilməməsinə dəlalət etmir və cavabdehi həmin qaimədə göstərilən məbləği ödəmək öhdəliyindən azad etmir. İkincisi, o qeyd edilməlidir ki, həmin qaimənin göndərilməsindən keçən müddət ərzində cavabdeh tərəfindən onun üçün vergi öhdəliyi yaradan həmin qaimənin əsassız göndərilməsi ilə bağlı iddiaçıya və ya vergi orqanına etiraz ünvanlanmamışdır. Göstərilən hal da qaimədə göstərilmiş icarə haqqı borcunun həqiqətən də mövcud olmasını təsdiqləyir.

43. Bundan başqa, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2021-ci il tarixli 202139 nömrəli ofis sahəsinə dair icarə müqaviləsi üzrə 2021-ci ilin iyun ayından etibarən 2022-ci ilin iyun ayı daxil icarə haqqı ödənişlər edilmişdir.

44. İş materiallarında olan xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixləri arası dövrlərdə aparılmış “whatsapp” yazışmalarından görünür ki, həmin yazışmalarında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddiaçının işçisinə mühasiblə danışdığını qeyd etmiş və iyun ayının ödənişinin həmin gün, qalan məbləğin isə 2-3 günə ödəniləcəyini vəd etmiş, növbəti yazışmalarda ödənişlərin növbəti həftə icra ediləcəyini bildirmişdir. Qanuni nümayəndə “whatsapp” yazışmalarının həqiqiliyini mübahisələndirməmişdir.

45. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli 202139 nömrəli ofis sahəsinə dair icarə müqaviləsi üzrə 2022-ci ilin iyul-avqust ayları üzrə 8.142 manat icarə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir.

46. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində öz əksini tapmışdır.

47. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

48. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

49. Kollegiya həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq əsas borc məbləğinə münasibətdə 400 manat manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.

50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

51. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

52. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3007/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar