Məhkəmə qərarları › İş №2-2(103)-1142/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1142/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1142/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Qanuni nümayəndə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-260/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə: H004KK19-H00816 nömrəli kredit sazişi üzrə 32.931 manat əsas, 10.243,68 manat faiz, 1.451,19 manat cərimə olmaqla, cəmi 44.625,87 manat, H022KX18-H00816 nömrəli kredit sazişi üzrə isə 10.000 manat əsas, 3.313,33 manat faiz, 10.150 manat cərimə olmaqla, cəmi 23.463,33 manat, hər iki saziş üzrə isə ümumi borc məbləği 68.089.2 manat məbləğində borcların və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat və ipoteka tutma bildirişinin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, borcun ödənilməsini təmin etmək məqsədilə tələbin 16.03.2016-cı il tarixli 3M-90 nömrəli İpoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 79 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın (ipoteka predmeti) açıq hərracda satılması və əldə olunan vəsaitin birgə cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə ona olan borclarının ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə H004KK19-H00816 nömrəli kredit sazişi üzrə 32.919,81 manat əsas, 10.243,68 manat faiz, 329 manat cərimə olmaqla, cəmi 43.492,49 manatın, H022KX18-H00816 nömrəli kredit sazişi üzrə 10.000 manat əsas, 228,14 manat faiz, 1.000 manat cərimə olmaqla, cəmi 11.228,14 manatın, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30,4 manatın və ipoteka tutma bildirişinin qeydiyyatı üçün ödənilmiş 10 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 79 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın (ipoteka predmeti) açıq hərracda satılması və əldə olunan vəsaitin birgə cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə iddiaçıya olan borclarının ödənilməsinə yönəldilməsi, mənzilin satışından əldə edilmiş vəsaitin hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh2 verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 79 nömrəli mənzilin ilk satış qiymətinin 90.000 manat müəyyən olunması, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə 100 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri 200 manat məbləğdə pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh2 ondan apellyasiya şikayəti verərək, onun cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə H004KK19-H00816 nömrəli kredit sazişi üzrə hesablanmış 10.243,68 manat faiz borcunun tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə görə, H022KX18-H00816 nömrəli kredit sazişi üzrə ümumi borc borc məbləği 10.000 manat, faiz borcu üzrə 228,14 manat olduğu halda H004KK19-H00816 nömrəli kredit sazişi üzrə 32.919,81 manat, faiz borcu üzrə 10.172,86 manat hesablanması ağlabatan deyil. Faiz borcu olaraq hesablanan məbləğ əslində cərimə məbləği olmaqla, faiz olaraq təqdim olunmuşdur. Bu səbəbdən qətnamə ilə sözügedən hissədə razılaşmır və daha obyektiv araşdırılmalı olduğunu hesab edir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin H004KK19-H00816 nömrəli kredit sazişi üzrə hesablanmış 10.243,68 manat faiz borcunun tutulması hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə rədd olunması xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə 10.243,68 manat faiz borcundan başqa hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız mübahisəli faiz borcunun tutulmasına dair iddia təmin olunan hissədə apellyasiya şikayətinin dəlilləri həddə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işin mübahisəsiz hallarına görə, İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (kredit alan) arasında bağlanmış 16 mart 2016-cı il tarixli H00816 nömrəli kredit limitinin ayrılması müqaviləsinə görə, bank kredit alana 300.000 manat məbləğdə 84 ay müddətə illik maksimum 30% dərəcəsi ilə kredit limiti ayırır, kredit alan bu müqavilə və kreditin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri limitindən istifadə etməyi və götürülmüş krediti kredit sazişinin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən qaytarmağı öhdəsinə götürür. 16 mart 2016-cı il tarixli H00816 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişinin H004KK19-H00816 nömrəli kreditin və ona hesablanmış fazilərin ödəniş cədvəlinə əsasən 38.000 manat kredit məbləği Cavabdeh1 MMC-yə 24 ay müddətinə 24% illik faiz dərəcəsi olmaqla 24.01.2019-cu il tarixində verilmişdir. 19 aprel 2018-ci il tarixli H00816 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində H022KX18-H00816 nömrəli kredit sazişinə əsasən 10.000 manat kredit məbləği 12 ay müddətə illik 21 faiz (faktiki illik faiz dərəcəsi 23.3%) olmaqla H097KK17- H00816 nömrəli kredit müqaviləsi üzrə 2018-ci ilin mart, aprel və may aylarına güzəşt müddəti şərti ilə verilmişdir. Qeyd olunan kredit sazişi H00816 nömrəli16 mart 2016-cı il tarixli kredit limitinin ayrılması haqqında müqavilə əsasında imzalanmışdır. 24 yanvar 2019-cu il tarixli H00816 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində H004KK19-H00816 nömrəli kredit sazişinə əsasən 38.000 manat kredit məbləği 24 ay müddətinə illik 24 faiz (faktiki illik faiz dərəcəsi 25.1% ) olmaqla H047KR18- H00816 nömrəli kredit sazişinin tam bağlanılması məqsədilə verilmişdir. Qeyd olunan kredit sazişi H00816 nömrəli 16 mart 2016-cı il tarixli kredit limitinin ayrılması haqqında müqavilə əsasında imzalanmışdır. 16 mart 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan (Cavabdeh2) öz mülkiyyətində olan və bu müqavilənin 2-ci bəndində təsvir olunan əmlakı kredit alanın bank qarşısında olan və bu müqavilənin 1.2-ci bəndində təsvir olunan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bankın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndə əsasən ipoteka predmeti Cavabdeh2 məxsus olan ünvan 2 ünvanda yerləşən 79 nömrəli mənzil (3 otaq; 46 kv.m. yaşayış sahəsi, 21.5 kv.m. yardımçı sahə, 67.5 kv.m. ümumi sahədən ibarət). Cavabdeh2 və Cavabdeh1 MMC-yə ünvanlanmış 17.08.2020-ci il tarixli HD-83/20 nömrəli bildirişdə kredit alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, tutmanın ünvan 2 ünvanda yerləşən 79 nömrəli mənzilə yönəldilməsinə başladılması bildirilmişdir. "xxxx" MMC-nin 29.01.2021-ci il tarixli ƏEM/D 73-073/21 nömrəli ekspert rəyinə görə, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 79 nömrəli mənzilin 29 yanvar 2021-ci il tarixə likvid dəyəri 90.000 manat, bazar dəyəri 85.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2021-ci il tarixli 9/2153 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 mart 2016-cı il tarixli H00816 nömrəli kreditin ayrılması haqqında müqavilə daxilində 24.01.2019-cu il tarixli H004KK19-H00816 nömrəli və 19.03.2018-ci il tarixli H022KX18- H00816 nömrəli kredit sazişlərinin şərtlərinə əsasən suallar üzrə Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan borcu hər saziş üzrə ayrı-ayrılıqda aşağıdakı kimi müəyyən edilir: 24.01.2019-cu il tarixli H004KK19-H00816 nömrəli kredit sazişi üzrə 17 sentyabr 2020-ci il tarixə əsas borc üzrə 32.919,81 manat, faiz borcu üzrə 10.172,86 manat. 24 yanvar 2021ci il tarixə əsas borc üzrə 32.919,81 manat, faiz borcu üzrə 12.960,08 manat; 19.03.2018ci il tarixli H022KX18-H00816 nömrəli kredit sazişi üzrə 19 mart 2019-cu il tarixə əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 228,14 manat, 17 sentyabr 2021ci il tarixə əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 3.366,48 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslıdır. Belə ki, kredit müqaviləsinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə lazımınca icra etməyən, onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdehlər müqavilə üzrə iddiaçıya olan faiz borcunu da ödəməlidirlər. İşdən görünür ki, iddia ilə cavabdehlərdən H004KK19-H00816 nömrəli kredit sazişi üzrə 10.243,68 manat məbləğdə faiz borcunun tutulması xahiş edilmiş, 07.06.2021-ci il tarixli 9/2153 nömrəli ekspert rəyi ilə 24.01.2021-ci il tarixə faiz borcu 12.960,08 manat məbləğdə müəyyən edilmişdir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin daha çox olan faiz borcu məbləğini iddia tələbi həddində təmin etməsi qanuni olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-260/2021 nömrəli iş üzrə 06 iyul 2021ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar